banner
banner

Sİyasət

Fəzail Ağamalı: “Hakimiyyətin siyasi və radikal dini müxalifətdən çəkinəcək yeri yoxdur”

| Xəbər 886 dəfə oxunub
Fəzail Ağamalı: “Hakimiyyətin siyasi və radikal dini müxalifətdən çəkinəcək yeri yoxdur”

Azərbaycan hakimiyyətinin son illərdə siyasi müxalifətdən daha çox dini müxalifətdən ehtiyat etdiyi göz önündədir. Bunu daha çox siyasi düşərgəyə nisbətən dini camiənin son illərdə fəallaşması, müəyyən dərəcədə güclənməsi ilə izah edirlər. Hakimiyyətin demokratik düşərgənin  onun üçün təhlükəli olmamasından arxayınlaşdığı qeyd olunur. Dini müxalifətin siyasi müxalifətdən fərqli mübarizə üsullarına üstünlük verməsi sirr deyil. Gəncədəki son hadisələri misal çəkmək olar.

Bütün bunlardan əlavə, dini və siyasi müxalifətin bağlı olduqları xarici dairələrin də burada mühüm rol oynadığı qaçılmazdır. Belə ki, siyasi müxalifət ən çox Avropa ölkələri ilə əlaqələr qurur, maliyyə mənbələri də oradadır. Lakin radikal dini müxalifət Yaxın Şərqin bəzi  dövlətlərindən pul vəsaitləri alır.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı iddialarla razılaşmır. O hesab edir ki, ölkə iqtidarı nə siyasi, nə də dini müxalifətdən çəkinmir: “Hakimiyyətin siyasi və radikal dini müxalifətdən çəkinəcək yeri yoxdur. Çünki Azərbaycan dövləti kifayət qədər güclüdür. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar üçün normal imkanlar yaradılıb. Siyasi müxalifət də öz imkanları daxilində Azərbaycanda fəaliyyətini qurmaqdadır. Bu gün ölkəmizin siyasi müxalifəti çoxqütblüdür. Partiyaların bir hissəsi parlamentdə təmsil olunur. Başqa bir hissəsi radikal mövqedə dayanaraq, Qərbdən maliyyə alaraq özünü ayaqda saxlamağa çalışır. Lakin onların çağırışları, tutmuş olduqları radikal mövqe xalqımız tərəfindən dəstəklənmədiyinə görə getdikcə Azərbaycanda sosial dayaqlarını itirirlər. Bu bir reallıqdır.  Dindarlara gəlincə, bəllidir ki, Azərbaycan Konstitusiyasında din dövlətdən ayrıdır. Dini görüşlərlə dindar olan şəxslər siyasətlə məşğul ola bilməzlər. Bu, Azərbaycan qanunvericiliyi ilə yasaq edilib. Azərbaycan dünyəvi, hüquqi dövlətdir. Birmənalı şəkildə din dövlətdən ayrı olmalıdır. Milli-mənəvi dəyərlərə söykənərək, İslam dininin qoymuş olduğu ənənələrə, Qurani-Kərimin göstərmiş olduğu yola uyğun olaraq fəaliyyət qurulmalıdır. Bununla əlaqədar Azərbaycanda xüsusi bir dövlət qurumu var. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi var ki, buna da çox hörmətli Şeyximiz Allahşükür Paşazadə rəhbərlik edir. Öz fəaliyyətini də kifayət qədər uğurla qura bilib. Azərbaycan dindarları, eləcə də Qafqazda, dünya müsəlmanları arasında böyük hörmətə malikdir, yüksək hörmətlə qəbul edilir. Azərbaycandakı iki dini qurum dini münasibətləri uyğun istiqamətlərə yönləndirə bilir. Amma təəssüf ki, ölkəmizdə radikal xarakterli dindarlar da var. Onlar əsasən xaricdə Azərbaycanı istəməyən bir sıra dairələrin təsirləri altındadırlar. Bunlar Azərbaycanda öz fəaliyyətlərini qururlar və daha çox radikal mövqedə dayanaraq dünyəvi, hüquqi dövlətin İslam dövləti ilə əvəz olunmasına çağırışlar edirlər. Dövlətimiz bu cür çağırışların qarşısını almalıdır. Radikal xarakterli dini qrupların zorakılığa söykənərək Azərbaycanda hakimiyyəti ələ almağa çalışan və bununla bağlı çağırışlar edənlərə qarşı qanunla sərt münasibət göstərilməlidir. Bu sərt münasibət çox normaldır. Lakin bu münasibət hakimiyyətin qeyd etdiyiniz dini müxalifətdən çəkinməsi anlamına gəlməməlidir. Bu Azərbaycan dövlətinin cəmiyyət, insanların təhlükəsizliyi üçün təhlükə yaradan hər bir hala qarşı mübarizəsinin bir elementidir. Bu mübarizə də qanunlarımıza söykənir. Hüquq-mühafizə orqanları Azərbaycan dövlətinin, xalqının təhlükəsizliyini təmin etməyə borcludur. Bu onun konstitusion borcudur. Ona görə də bunların atmış olduğu addımlar tamamilə düzgündür. Belə addımlar heç bir halda dövlətimizin həmin radikal qruplardan çəkinməsi kimi izah edilməli deyil”.

Deputat dini müxalifətin fərqli mübarizə üsulu olması barədə fikirlərlə razıdır: “Bu cür yanaşmalar doğrudur. Mənə elə gəlir ki, siyasi müxalifət daha sivil mövqe nümayiş etdirir. Hətta ən kəskin ifadələrində, qərəzli yanaşmalarında belə siyasi müxalifət zorakılığı inkar edir. Bu gün Azərbaycanda elə bir siyasi müxalifət tanımıram ki, o, hakimiyyətin zorakı yollarla ələ alınmasını açıq şəkildə ifadə etsin. Ola bilsin ki, bunu mitinqlər, əhalinin itaətsizliyi vasitəsilə həyata keçirməyə çalışsınlar. Deyərdim ki, bu da doğru yol deyil. Çünki hakimiyyətə gəlməyin yeganə və düzgün yolu seçkilərdən keçir. Mitinqlər, təzyiqlər vasitəsilə hakimiyyətə gəlməyin özü də müəyyən dərəcədə zorakılığa əsaslanır. Lakin burada zorakılıq nisbətən yumşaq xarakter daşıyır. Yəni silahlanma, ölüm çağırışları yoxdur. Sadəcə olaraq, hakimiyyətə gəlmək istəyirlər. Lakin dini qanad Azərbaycanın konstitusion quruluşunu dəyişməyə qədər olan çağırışlara gedir. Mənə elə gəlir ki, onların bu cür çağırışları daha çox qaragüruhçuluqdur. Sivil dünyagörüşə deyil, daha çox qapalı formada olan mübarizəyə üstünlük verirlər. İstənilən halda istər siyasi, istərsə də dini müxalifət olsun, radikal mövqe, çağırışlar heç bir dövlətə, xalqa heç zaman uğur gətirməyib. Biz bunun acı təcrübəsini qısa zaman kəsiyində müasir tariximizdə, dünyada gedən müxtəlif proseslərdə görmüşük. Bu baxımdan onların hərəkətə keçməsinə, bununla bağlı addımlar atmasına, Azərbaycanın xaotik bir ölkəyə çevrilməsinə imkan verilməli deyil”.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi