banner
banner

İqtİsadİyyat

İranlılar Bakıya axışır və ev alırlar

| Xəbər 647 dəfə oxunub
İranlılar Bakıya axışır və ev alırlar

İranda yaranmış sosial vəziyyətlə bağlı son aylar Azərbaycana axın var. Məlumatlara görə,  ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar, eləcə də noyabr ayında gözlənilən ciddi problemlər fonunda iranlı iş adamları Azərbaycana sərmayə yatırmağa maraq göstərir. Statistik məlumata görə, 2018-ci ilin iyul-avqust aylarında ölkədə 216 yeni şirkət təsis edilib ki, onların da 19-u xarici vətəndaşlara məxsusdur.

Həmin 19  nəfərdən 5-i İran vətəndaşıdır. İranlılar təkcə ölkəmizdə sərmayə yatırmağa maraqlı deyil, həm də burada daşınmaz əmlak alaraq daimi yaşamağa çalışırlar. Çünki İran vətəndaşları ölkəmizə viza ilə gəlir və bu vizanın müddəti sadəcə 30 gündən ibarətdir. Bəzi ekspertlər qeyd edir ki, son zamanlar daşınmaz əmlak bazarında hökm sürən stabilliyin səbəblərindən biri iranlıların Bakının müxtəlif yerlərində daşınmaz əmlak almasıdır.

Картинки по запросу Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının rəyini öyrənməyə çalışdıq. Ekspert də son zamanlar paytaxtda daşınmaz əmlak sahibi olan iranlıların sayının artdığını vurğuladı: “Son zamanlar nə qədər əcnəbi vətəndaşın ölkəmizdə daşınmaz əmlak sahibi olduğu barədə statistik məlumat yoxdur. Lakin son aylarda İran vətəndaşlarının Azərbaycanın daşınmaz əmlak bazarına marağı daha da artıb. Vaxtaşırı iranlıların ölkəmizdə kommersiya obyektlərinə, tikinti sahələrinə marağı olub və iranlı iş adamları burada fəaliyyət göstəriblər. Lakin sonradan hansısa müəyyən problemlər ortaya çıxıb və bu prosesin qarşısını alıb”.

Ekspert qeyd etdi ki, iranlıların paytaxt Bakıda mülkiyyət sahibi olması daşınmaz əmlak bazarına hələlik ciddi təsir göstərməyib: “Düşünmürəm ki, iranlı vətəndaşların şəhərimizdə daşınmaz əmlak alması ev bazarındakı vəziyyətə təsir etsin, dinamikanı dəyişə bilsin. Yəni bu çox cüzi faizlərlə ölçülür və hələlik bu sahədə dəyişikliyə səbəb olmayıb. Əgər qarşıda bir dəyişiklik olarsa, yəqin ki, bununla bağlı araşdırmalar aparılacaq, açıqlamalarımız olacaq”.

Ramil Osmanlı sualımıza cavab olaraq onu da bildirdi ki, Azərbaycan  qanununvericiliyi əcnəbi vətəndaşların ölkəmizdə daşınmaz əmlak sahibi olmasına icazə verir:

“İstisna yalnız torpaq sahələri ilə bağlıdır. Yəni əcnəbi vətəndaş ölkəmizdə torpaq sahəsini mülkiyyətinə keçirə bilməz. Ən yaxşı halda bir il müddətində icarəyə götürə bilər. Lakin  burada da müəyyən istisnalar var, bu istisnalar da ondan ibarətdir ki, əcnəbi vətəndaş Azərbaycanda sahibkarlıqla məşğuldursa, əldə etdiyi mənfəət hesabına torpaq sahəsi ala bilər. Əks halda bu mümkün deyil”.

İqtisadçı ekspert Natiq Cəfərli isə mövzuya bu cür şərh bildirdi: “İranın həm sosial-iqtisadi vəziyyəti gərginləşdikcə, həm də hərbi əməliyyatların olması ehtimalı yüksəldikcə yüz minlərlə İran vətəndaşının Azərbaycana köçməsi və yaxud qaçması gündəmə gələ bilər. Bu isə Azərbaycanda həm sosial vəziyyəti, həm də siyasi vəziyyətinin gərginləşməsinə səbəb ola bilər.

Hələlik iranlıların axını böyük deyil. Hazırda əsasən orta səviyyədə yaşayan və varlı vətəndaşlar ölkəmizə gəlir. Onlar da əllərindəki olan vəsaiti Azərbaycana köçürülməsi və yaxud hansısa daşınmaz əmlaka yatırılması ilə məşğuldurlar. İlkin olaraq bu Azərbaycan üçün pozitiv bir faktdır. Çünki ölkəmizə kənardan valyuta gəlir və daşınmaz əmlak bazarında da müəyyən canlanmaya səbəb olur. Lakin qeyd etdiyim kimi, hələlik bu say hələ ki böyük həcmdə deyil. Əgər gələcəkdə böyük həcmlərdən söz düşəcəksə, bu Azərbaycan üçün təhlükəyə çevrilə, ölkəmizdə sosial gərginləşmədə əsas faktor ola bilər".

Onu da əlavə edək ki, məlum sanksiya məsələsindən sonra İrandan Türkiyəyə də kütləvi şəkildə köç başlayıb. İranlılar daha çox qonşu Türkiyədə mülk sahibi olmağa çalışır. Məlumata görə, cari ilin ilk 6 ayında iranlıların Türkiyədə aldığı mülklərin sayı 950-yə yaxındır. Axar.az “Middle East Eye”yə istinadla xəbər verir ki, son illər xüsusilə gənc iranlılar, ailələrinin bütün səylərinə rəğmən, Türkiyəyə ömürlük köçmək istəyirlər.

“Uzun illər ərzində çalışaraq pul toplayan iranlılar arasında da Türkiyəyə köçmək istəyənlərin sayı kifayət qədər çoxdur. İranda İslam İnqilabından (1979-cu il) bu yana təxminən 2 milyon insan Türkiyəyə qaçıb. Hazırkı iqtisadi, dini və sosial səbəblər isə köçün daha da artmasına şərait yaradır.

İranlılar Türkiyəyə daha çox oxumağa, yeni iş qurmağa və ya daşınmaz əmlaka yatırım etməyə gedirlər. Son iqtisadi böhran köç dalğasını daha da sürətləndirib. Türkiyə Statistika İnstitutunun məlumatına görə, iranlılar tərəfindən Türkiyədə satın alınan mülk sayı 2017-də 792 idisə, cari ilin ilk altı ayında 944-ə çatıb", - məqalədə bildirilib.

“Yeni Müsavat”

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi