banner
banner

İqtİsadİyyat

Neftin bahalaşması tikinti sektorunu canlandıra bilər

Neftin bahalaşması tikinti sektorunu canlandıra bilər

Dünya bazarında neftin bahalaşması tendensiyası davam edir. Paralel olaraq Azərbaycanın dünya bazarına çıxardığı “Azeri Light” markalı xam neftin 1 barelinin qiyməti 1,16 dollar və yaxud 1,35% bahalaraq, 87,10 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Lakin ölkəmizdə dolların manata qarşı dəyər ifadəsinin yüksəldiyini və 1 dolların 1.70 manata bərabər olduğunu nəzərə alsaq, manat ifadəsində ölkəmizə hər zaman olduğundan daha böyük həcmdə vəsait axır.

Azərbaycan iqtisadiyyatı üçün xarakterik olan xüsusiyyətlərdən biri də böyük həcmdə vəsaitlərin iri investisiya layihələri və tikinti sektoru vasitəsilə bazara yönləndirilməsi və iqtisadi mühitin canlandırılmasıdır. Bəs görəsən, bu dəfə də hökumət artan neft pullarını o qədər də rentabelli olmayan tikinti sektoruna yönəldəcəkmi? Tikinti sektorunun qarşıdakı dövrdə canlanmasını müşahidə edəcəyikmi? Yoxsa son 3 ildə baş verən iqtisadi proseslərdən dərs çıxaran hökumət bu dəfə neft pullarını daha çox qeyri-neft sektorunun, kənd təsərrüfatının köklü inkişafına yönələn layihələrin həyata keçirilməsinə xərcləyəcək?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert,  İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov 2010-2014-cü illərdəki tikinti bumunun yaşanmayacağını bildirsə də, inşaat sektorunda canlanmanın olacağını istisna etmədi: “Neftin dünya bazarındakı qiyməti Azərbaycana daxil olan valyutanın həcminə birbaşa təsir göstərən faktordur. Azərbaycanın gün ərzində 641 min barel neft ixrac etdiyini nəzərə alsaq, neftin qiymətinin 10 dollar qalxması qara qızıl ixracatımızın dəyər ifadəsində 6 milyon 410 min dollar çoxalması deməkdir. Həmin vəsaitdən ixrac edilən neftin xərci çıxılır, sonra qalan mənfəət 75-25 prinsipi ilə Azərbaycan hökuməti ilə konsorsium arasında bölüşdürülür. Bu baxımdan neftin bahalaşması Azərbaycan üçün vacib faktorlardan biridir. Çünki ixracatımızın 90 faizi neft və neft məhsullarıdır. Neftin dünyada bazar qiymətinin artması ölkəmizdə inşaat sektoruna yönələn vəsaitlərin də artmasına səbəb ola bilər. Ancaq mən hesab etmirəm ki, tikinti sektorunda yenidən 2010-2014-cü illərdə müşahidə edilən tikinti bumu yaşanacaq. Həmin dövrdə formalaşan tikinti bumu həm də neft bumu nəticəsində yaranmışdı. Çünki qısa zamanda təklifin artması müşahidə olunurdu. Bu cür  köpük effekti olaraq yaranan bumların olmasına ehtiyac yoxdur. İnşaat sektorundakı canlanma birbaşa dövlət büdcəsindən bu istiqamətdə ayrılan vəsaitin həcmindən asılı olacaq”.

V.Bayramov qeyd etdi ki, əgər neftin bahalaşması növbəti dövrdə büdcə xərcləmələrinə təsir göstərəcəksə, istehlakı artıracaqsa, o zaman inşaat sektorunda canlanma müşahidə olunacaq.

İqtisadçının sözlərinə görə, neftin qiymətinin artması fonunda qeyri-neft sektoruna daha çox investisiyanın yönəldilməsi də məqsədəuyğun olardı:  “Təbii ki, əvvəlki dövrlərdə infrastrukturla bağlı ayırmalar həyata keçirilib. Daha məqsədəuyğun olar ki, dövlət qeyri-neft sektorunda konkret  layihələrin maliyyələşdirilməsini həyata keçirsin. Xüsusən istehsal sahələrinə yönəlik layihələrin maliyyələşdirilməsinə ehtiyac var ki, qara qızılın bahalaşması həm də qeyri-neft sektorunda istehsalın genişlənməsinə gətirib çıxarsın. Neftin hazırkı qiyməti hökumət üçün qeyri-neft sektoruna yönələn investisiyanın formalaşdırılması baxımından bir baza rolunu oynaya bilər. Hökumət birmənalı şəkildə artan neft gəlirlərindən qeyri-neft sektorunda istehsalın artırılması üçün sərmayə etməyə çalışmalıdır”.

Öncəki illərdə büdcədə  vəsait çatışmazlığı səbəbindən təxirə salınan iri infrastruktur layihələrinin yenidən gündəmə gələcəyi məsələsinə toxunan ekspert bu barədə qərarın Maliyyə Nazirliyi tərəfindən veriləcəyini qeyd etdi:  “Azərbaycanda yeni fiskal qaydalar tətbiq olunacaq və buna əsasən öncəki illərdə büdcədə  vəsait çatışmazlığı səbəbindən təxirə salınan layihələrin yenidən gündəmə gəlməsi ilə bağlı qərarı Maliyyə Nazirliyi verəcək. Neftin qiyməti yüksək qalsa belə, çox böyük layihələrin maliyyələşdirilməsi arzuolunan deyil. Daha yaxşı olar ki, birbaşa sərmayə qoyuluşları, yeni iş yerləri yaradacaq layihələr həyata keçirilsin. Çünki nəticə etibarilə qeyri-neft sektorunun inkişafı üçün bu əsasdır. Fiskal qaydalara əsasən nisbətən xərcli layihələrin maliyyələşdirilməsi həyata keçirilməyə bilər. Amma təbii ki, bununla bağlı son qərar Maliyyə Nazirliyi tərəfindən veriləcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.