banner
banner

Gündəm

İraqdakı azərbaycanlı uşaqların taleyi yenidən gündəmdə

İraqdakı azərbaycanlı uşaqların taleyi yenidən gündəmdə

İraqda sığınacaqlarda və anaları ilə birgə həbslərdə olan azərbaycanlı uşaqlarla bağlı məsələ bu günlərdə yenidən gündəmə gəlib. Oktyabrın 3-də Milli Məclisdə İnsan hüquqları komitəsinin iclasında qurumun sədri Bahar Muradova  bildirib ki, İraqda olan azərbaycanlı uşaqların ölkəyə qaytarılması o qədər də asan iş deyil:

“Azərbaycan dövləti öz vətəndaşlarının nəzarətdən kənar zonalarda bu şəkildə əzab-əziyyətə düçar olması ilə barışa bilməz. Ölkəmiz öz imkanları çərçivəsində nəticəyə hesablanan fəaliyyət aparır və arzu edək ki, bu fəaliyyət səmərəsini versin”.

Xatırladaq ki, ötən ilin sentyabrında İraqın İŞİD-dən azad olan ərazilərindəki sığınacaqlarda Azərbaycan əsilli uşaqların olması üzə çıxmışdı. Mətbuatda həmin uşaqlarla bağlı məlumat və videogörüntülər yayıldıqdan sonra dövlət rəsmiləri də məsələyə reaksiya verərək, müvafiq dövlət qurumlarının tez bir zamanda həmin uşaqların Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görüldüyünü bəyan etmişdilər. O cümlədən xarici işlər naziri Elmar Məmmədyarov da bildirmişdi ki, İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla rəhbərlik etdiyi qurumla bərabər müvafiq rəsmi təşkilatlar da məşğuldur. Daha sonra deputat  Qənirə Paşayeva həmin uşaqların yerləşdiyi sığınacaqlarda olmuşdu. O, qeyd etmişdi ki, uşaqların Azərbaycana göndərilməsi üçün bütün sənədləri hazırdır, onların Bakıya göndərilməsi üçün maddi vəsait ayrılan kimi prosesi gerçəkləşdirəcək. Lazım olan vəsait isə uşaqların Azərbaycana gətirilməsi üçün yol pulu və təxminən hər uşaq üçün 400 dollar həcmində cərimədir. Gözlənilirdi ki, Azərbaycan hökuməti 20 uşaq üçün lazım olan məbləği ödəyib, uşaqları ölkəyə gətirəcək. Lakin nədənsə məsələnin tam həlli bu günə qədər yubanır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu günlərdə mətbuata açıqlama verərək bildirdi ki, bu günə qədər yalnız 9 uşaq ölkəyə gətirilib. Komitə sədri hələ ki İraqda çox sayda azərbaycanlı uşaq olduğunu və onların əsas probleminin sənədlərlə və vəsiqələrinin olmaması ilə bağlı olduğunu deyib: “Hazırda onların üzərində iş gedir. Gətirilənlər və gətiriləcək uşaqların sağlam şəkildə ailələrinə verilməsi üçün bütün qurumlar səfərbər olunub”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də “Yeni Müsavat”a bildirdi ki, azərbaycanlı uşaqların ölkəyə gətirilməsi prosesi əslində çox ağır və çətindir: “Bu günə qədər hələ 30-a yaxın uşağın İraqdakı sığınacaqlarda qaldığı barədə məlumatlar var. Bununla bağlı bizim təşkilat Xarici İşlər Nazirliyinə məktubla müraciət etdi. Bildirdik ki, ola bilər ki, həmin uşaqlar hansısa qruplaşmaların əlində olsun və onlara qarşı zorakılıq faktları da ola bilər. Həmin uşaqlar ailələrə verilmədən öncə onlarla reabilitasiya işləri aparılmalı, durumları normal hala gətirilməlidir. Məktubla müraciətimizdən sonra məsələ ilə bağlı nazirliyin əməkdaşı ilə görüşdük. Bildirdilər ki, əgər doğrudan da uşaqlara qarşı zorakılıq faktları olarsa, Ailə Qadın və Uşaq Komitəsi bu işlə məşğul olacaq. Eyni zamanda uşaqların ölkəmizdə olan nənə-babaları, yaxınları ilə də görüşlərimiz oldu. Yəni ən azından təşkilatımız məsələyə öz münasibətini bildirib.

Həmin uşaqların geri qaytarılması üçün bu gün kifayət qədər işlər aparılır. Uşaqlar valideynləri ilə birgə həbsdə olsalar da onlar Azərbaycan vətəndaşlarıdır. Bildiyim qədər onların ölkəmizə gətirilməsi çox ağır və çətin bir prosesdir, sənədləşmə üçün uzun müddət lazım gəlir. Düşünürəm ki, bu proses nə qədər çətin olsa da, dövlət tərəfindən kifayət qədər addımlar atılacaq ki, uşaqlar ölkəmizə gətirilsin. QHT sədri kimi hər zaman bəyan etmişəm ki, həmin uşaqların reabilitasiyası və digər məsələlərlə bağlı hər hansı dəstəyimiz lazım gələrsə, buna hazırıq".

Ä°lgili resim

Deputat Zahid Oruc “Yeni Müsavat”a danışıb: “Təəssüf ki, Azərbaycandan da son illərdə İraqa, Yaxın Şərq məkanına gedən çoxlu sayda ailələr var idi. İnternet resursları vasitəsilə oradakı olan azərbaycanlıların bir qisminin taleyini müşahidə edirdik və bunun da nəticədə necə acınacaqlı vəziyyətə gələ biləcəyini görürdük. Bildiyiniz kimi, uşaqlar bu müharibənin qurbanlarıdır, ələxsus da valideynlərinin cinayətkar qərarlarının nəticəsində onların taleyi bu cür qeyri-müəyyən çətinə düşüb. Digər tərəfdən, həmin uşaqların düşüncələri bir  qədər zəhərlənib və ya zədələnib. Uşaqları hətta qatil olmağa, silah atmağa, döyüşməyə hazırlayan kursların da mövcud olduğunu bilirik. Hamımız fərqindəyik ki, onlar bizim sıralarımızdan gediblər. Təkcə əhalimizin sayını azaltmayıblar, eyni zamanda Azərbaycanın milli mənafelərinə zərbə vurublar. Qarabağ kimi torpaq problemi olan məmləkətdən onların getməsi doğru deyildi. Bu hal bizim üçün ikiqat itkidir, çünki hazırda vətəndaş itirən vaxtımız deyil”.

Deputat dedi ki, məsələnin həlli üçün müxtəlif qurumlar birlikdə fəaliyyət göstərməlidir: “Bu məsələni yalnız bir strukturun üzərinə qoyub, tez bir zamanda uğurlu nəticə tələb etmək o qədər də asan deyil. Mümkündür ki, konkret olaraq müxtəlif qurumlara tapşırıq verilsin, vəsait ayrılsın, eyni zamanda Türkiyənin müvafiq qurumları ilə də yaxın əlaqə qurulsun, hansı ki, həmin qurumların müxtəlif ölkələr ilə lazımi səviyyədə əlaqə qurmağa qadirdilər, bundan sonra istədiyimiz nəticəni əldə etmək olar”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.