banner
banner

Mədənİyyət

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən kurs və dərnəklərin təqdimatı olub

| Xəbər 547 dəfə oxunub
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən kurs və dərnəklərin təqdimatı olub

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) artıq 5 ilə yaxındır ki, mədəniyyətin müxtəlif sahələri ilə bağlı fəaliyyət göstərən kurs və dərnəklərin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanın uşaq və gənclər təşkilatlarının nümayəndələri, təhsil sahəsində çalışan mütəxəssislər, Daşkənddəki orta məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Qeyd edək ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.

Əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər və “Azərbaycan Mədəniyyət Mərkəzinin beş ili” adlı foto, kitab və əl işlərinin sərgiləri nümayiş etdirilib. Sərgidə Mədəniyyət Mərkəzinin rəsm, əl işləri dərnəyinin şagirdlərinin çəkdikləri rəsmlər və milli mədəniyyətimizə dair hazırladıqları suvenirlər təqdim olunub. Mədəniyyətin müxtəlif sahələrinə dair ustad dərsləri nümayiş etdirilib.

Məktəblilər mərkəzdəki Heydər Əliyev muzeyi və yenidənqurmadan sonra açılmış Azərbaycan Dövlətçiliyi Tarixi Muzeyi ilə tanış olub, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı, habelə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti barədə məlumat əldə ediblər.

AMM-in direktoru Samir Abbasov rəhbərlik etdiyi müəssisənin milli mədəniyyətimizin təbliği ilə bağlı həyata keçirdiyi layihələrdən danışıb, mərkəzin əsas məqsədinin iki dövlət arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, habelə mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin qardaş Özbəkistanda təbliği olduğunu qeyd edib. O, mərkəzdə yaradılmış kurs və dərnəklər haqqında danışıb, ötən müddət ərzində bu istiqamətdə uğurlu nəticələrin əldə edildiyini söyləyib. Direktor Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uşaq, yeniyetmələr, gənclər üçün hər bir şəraitin yaradıldığını, Azərbaycanda dünya standartlarına cavab verən çoxsaylı təhsil, mədəniyyət müəssisələrinin açıldığını qeyd edib, gələcəyin intellektlərinin yetişdirilməsi üçün dövlətimizin, habelə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışıb.

Daha sonra Samir Abbasov Mədəniyyət Mərkəzinin dərnək və kurslarının fəal müəllim və tələbələrinə mükafatlar təqdim edib.

Tədbirdə çıxış edən Daşkənd şəhəri təhsil, təlim üzrə departamentinin nümayəndəsi Firuza Xakimova, 102 saylı məktəbin direktoru Manzura Saidazimova mərkəzdə təşkil olunan Azərbaycan dili, kompüter kursları, rəsm, rəqs, əli işləri və naxıştikmə dərnəklərinin nəinki Özbəkistandakı azərbaycanlılar, yerli özbəklər üçün də böyük imkanlar açdığını, Özbəkistanda keçirilən beynəlxalq tədbirlərdə Mərkəzin yetirmələrinin yüksək nəticələr əldə etdiklərini bildiriblər.

Tədbirdə Mədəniyyət Mərkəzinin kurs və dərnəklərinin hazırladıqları proqram təqdim olunub. Təqdimat mərasimində mərkəzin Azərbaycan dili kursunun yetirmələri ana dilimizdə şeirlər və dialoqlar səsləndirib, kompüter kurslarının şagirdləri tariximizə və milli mədəniyyətimizə aid slayd-şoular nümayiş etdiriblər. Mərkəzdəki rəsm və əl işləri dərnəyinin istedadlı uşaqlarının çəkdikləri rəsmlər və bacarıqlı əllərin hazırladıqları maraqlı suvenir, eksponat, geyimlər iştirakçıların böyük marağına səbəb olub.

Daha sonra Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs ansamblı yeni hazırladığı milli rəqslərimizi təqdim edib.

Qeyd edək ki, hazırda AMM-də yüzlərlə uşaq və yeniyetmə kurs və dərnəklərin fəaliyyətindən yararlanır və hər il onlarla müdavim mərkəzin kurs və dərnəklərini başa vuraraq xüsusi sertifikatlarla təltif olunur. Onlar cəmiyyətin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.

Sonda Mədəniyyət Mərkəzinin ziyafət salonunda Daşkənd şəhərində fəaliyyət göstərən internat məktəblərinin fiziki qüsurlu uşaqları Azərbaycan milli mətbəxinə və şirniyyatlara qonaq ediliblər



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi