banner
banner

Sİyasət

ABŞ diplomatından Qarabağa gələcək “sülhməramlılar” anonsu

| Xəbər 961 dəfə oxunub
ABŞ diplomatından Qarabağa gələcək “sülhməramlılar” anonsu

Son zamanlar ABŞ diplomatlarının Qarabağla bağlı davamlı açıqlamalar verməsi diqqəti cəlb edir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kentin Azərbaycana səfəri zamanı BMT qətnamələrini xatırlatması, Vaşinqtonun Ermənistandakı elçisi Riçard Millsin İrəvana torpaqları azad etmək zərurəti barədə mesaj verməsinin ardınca digər amerikalı diplomatın dedikləri də böyük marağa səbəb olub.

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Atlantik Şura analitik mərkəzinin “Dondurulmuş münaqişələr və Kremlin gündəmi” mövzusunda keçirilən müzakirələrdə ilginc fikirlər söyləyib. Diplomat Qarabağda sülh prosesinin son mərhələlərində yerləşdirilməsi ehtimal edilən gələcək sülhməramlı qüvvələrin mümkün tərkibinə işıq salıb.

Keçmiş həmsədr qeyd edib ki, indiyədək heç bir rəsmi sənəddə əks olunmamış, lakin Minsk Qrupu həmsədrləri arasında vaxtilə əldə edilmiş “centlmen razılığının” şərtlərinə əsasən, gələcəkdə Dağlıq Qarabağda beynəlxalq sülhməramlı qüvvələr yerləşdiriləcəksə, onların tərkibində “nə danışıqlarda iştirak edən ATƏT-in Minsk Qrupu ölkələrinin, nə də qonşu ölkələrin sülhməramlıları olmalıdır”. Diplomat ardınca davam edib: “Bu isə o deməkdir ki, Rusiya sülhməramlıları istisna edilir, eləcə də o deməkdir ki, ABŞ, Fransa və digər ölkələrin sülhməramlıları istisna edilir”.

Uorlikin dediklərindən məntiqlə belə nəticəyə gəlmək olar ki, Rusiya, ABŞ, Fransa ilə yanaşı, həmin sülhməramlı qüvvələrdə, əgər nə vaxtsa belə qüvvələr təşkil edilərsə, Türkiyə, İran və Gürcüstanın da iştirakı istisna olunur.

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədrinin sözlərinə görə, Dağlıq Qarabağ üçün sülhməramlı qüvvələrin tərkibinin necə ola biləcəyi ilə bağlı məsələlər sonuncu dəfə 10 il bundan əvvəl müzakirə olunub. “O zamandan bəri 10 il keçib, amma bu məsələyə indiyədək qayıdılmayıb. Düşünürəm ki, bu məsələ müzakirə olunmalı mövzulardan biridir” - diplomat qeyd edib.

Düzdür, əvvəlki illərdə buna bənzər açıqlamalar olmuşdu. Bir sıra ekspertlər də hesab edirdilər ki, işğal zonasındakı Ermənistan hərbi qüvvələri çıxarılandan sonra oraya neytral dövlətlərin sülhməramlılarının yerləşdirilməsi daha optimal variant olardı. Lakin özünü “Qarabağın açarı” statusunda təqdim edən Rusiyanın buna razı olacağı inandırıcı görünmür. Mövzunun Uorlik dediyi kimi, 10 illik fasilədən sonra məhz indi gündəmə gətirilməsinin səbəbləri də maraqlıdır.

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında  amerikalı diplomatın dediklərini “maraqlı açıqlama adlandırdı və deyilənlərin məntiqi əsası olduğunu söylədi: ”Çünki sülhməramlıların tərkibində bölgə ölkələrinin təmsil olunması münaqişə tərəfləri arasında yeni mübahisənin əsasını qoya bilər. Məsələn, Ermənistan Türkiyənin sülhməramlı missiyada təmsil olunmasına qarşıdır, bu durumda Azərbaycan deyə bilər ki, biz Türkiyənin iştirak etməyəcəyi sülhməramlı əməliyyata razılıq verə bilmərik. Yaxud Azərbaycan ictimaiyyəti də  - müxalifət, QHT sektoru - öz növbəsində Rusiyanın iştirakına qarşı çıxa bilər, çünki ölkəmizdə şimal qonşumuza güvən aşağı səviyyədədir. Həmsədr ölkələrin özünü götürək. Bu məsələ onların öz arasında da fikir ayrılığına, rəqabətə səbəb ola bilər. Əgər bu üç dövlət əməliyyatda iştirak etməli olsa, böyük ehtimalla, missiyaya bərabər sayda əsgər verəcəklər. Nəticədə iki müttəfiq - ABŞ və Fransanın əsgərləri Rusiya əsgərlərinin sayından çox olacaq. Digər bölgə ölkələrindən Türkiyə NATO-nun üzvüdür, Gürcüstan isə NATO-ya namizəddir. Yəni sülhməramlı kontingentin həmsədr və region ölkələrinin qüvvələrindən ibarət formalaşdırılması o deməkdir ki, balans Rusiya əleyhinə açıq-aşkar pozulur və o, azlıqda qalır".

şahin cəfərli ile ilgili görsel sonucu

Ş.Cəfərli qeyd etdi ki, tərkibin bu şəkildə formalaşması Rusiyaya sərfəli deyil: “Ona görə də hesab edirəm ki, Rusiyanın Ceyms Uorlik tərəfindən açıqlanan formula razılıq verməsi mümkündür. Əlbəttə, Moskva çox istərdi ki, sülhməramlılar yalnız onun hərbçilərindən ibarət olsun, lakin bu variant alınmayacaqsa, tam neytral və bölgədə hər hansı marağı olmayan ölkələrin əsgərlərindən ibarət missiya Rusiya üçün qaneedici sayıla bilər. Hansı variantın Azərbaycan üçün daha əlverişli olmasına gəldikdə isə, bizi sülhməramlıların tərkibindən əvvəl ədalətli sülh maraqlandırır. Sülhməramlılar o vaxt gələcək ki, tərəflər arasında sülh müqaviləsi imzalansın və onlar da bu müqavilənin pozulmamasına nəzarət etsinlər, təhlükəsizliyə təminat versinlər. Ədalətli sülhdən sonra kontingentin həmsədr və bölgə ölkələrinin, yaxud tərəfsiz dövlətlərin əsgərlərindən ibarət formalaşdırılması bizim üçün çox da önəmli deyil, yetər ki, missiyada Rusiyanın aşkar dominantlığı olmasın”.

Qeyd edək ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan oktyabrın 21-i Livanda yerli erməni icması ilə görüşüb və bu dəfə də sülh prosesini pozan mövqe nümayiş etdirib. Novator.az-ın məlumatına görə, o, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib ki, Ermənistanda heç bir hökumət bu məsələni bağlı qapılar arxasında həll edə bilməz: “Hərdən belə bir yanlış təsəvvür yaranır ki, guya Ermənistanda Dağlıq Qarabağ münaqişəsini bağlı qapılar arasında həll edəcək hökumət ola bilər. 20 ildir gedən bu söhbətə son qoymaq lazımdır, çünki Ermənistanda hətta ən pis hökumət də Qarabağ məsələsində xalqdan gizli heç bir addım ata bilməz”.

Hökumət başçısı əlavə edib ki, hakimiyyətə məqbul görünən həll variantı xalqın müzakirəsinə təqdim olunacaq:“Məsələni həmin cür həll etməyin mümkün olub-olmadığına xalq qərar verəcək”. Paşinyan deyib ki, münaqişənin həllində ən vacib məsələ Dağlıq Qarabağın təhlükəsizliyi və onun statusunun dəqiqləşməsidir: “Ermənistan və diaspor münaqişənin hər hansı həll variantına razılaşsa, ancaq Dağlıq Qarabağ buna yox desə, deməli, məsələ həll olunmayacaq. Dağlıq Qarabağ ”xalqı"nın və hakimiyyətinin mövqeyi həlledicidir".

N.Paşinyanın bu mövqeyi parlament seçkisi ərəfəsində daxili auditoriyaya və erməni diasporuna ünvanlanmış mesaj da sayıla bilər. Lakin bu da məlumdur ki, hakimiyyətə gəldiyi ilk gündən Paşinyan Dağlıq Qarabağ ermənilərini “tərəf” kimi sırımağa çalışır, bu da danışıqların formatına ziddir. Belə davranışlarla erməni hökuməti status-kvonun uzanmasına cəhd göstərir. Deməli, seçkilərdən sonra ərazilərin azadlığına sülh yolu ilə nail olunması, yaxud sülhməramlıların yerləşdirilməsi də sadəcə söz olaraq qalacaq.

Politoloq Ş.Cəfərli Ermənistandakı seçkilərdən sonrakı gözləntilərini də bölüşdü: “Seçkilərdən sonra sülh prosesində intensivləşmə baş verəcək və İlham Əliyev - Paşinyan görüşü təşkil olunacaq. Artıq iki liderin ayaqüstü görüşləri və ehtimal ki, müəyyən gizli kommunikasiyalar vasitəsilə bu görüş üçün münbit zəmin yaradılıb. Şübhəsiz ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azı müəyyən hissəsi boşaldılmadan heç bir sülhdən söhbət gedə bilməz. Əgər həmsədr ölkələr öz aralarında anlaşarsa, Paşinyana bu istiqamətdə təzyiqlər olacaq. O da bunu anladığı üçün çalışır ki, işğal altındakı rayonları geri vermək məsələsini ”DQR"in boynuna qoysun".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi