banner
banner

Cəmİyyət

Azərbaycanlıların İrana səfər rekordu - üç səbəb

| Xəbər 1599 dəfə oxunub
Azərbaycanlıların İrana səfər rekordu - üç səbəb

Dövlət Statistika Komitəsinin bildirdiyinə görə, cari ilin ilk 9 ayında İrana səfər edən Azərbaycan vətəndaşlarının  sayı 1 milyon 68 min nəfərə çatıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 53.2% daha çoxdur.

Ekspertlərin bəzisi  saydakı artımı İranın milli valyutasının digər valyutalar qarşısında dəyər itirməsi və Azərbaycanın milli valyutası olan manatın alıcılıq qabiliyyətinin artması ilə əlaqələndirir.

Azərbaycan vətəndaşlarının İrana daha çox səfər etməsinə səbəb olan amillərdən biri də İranın birtərəfli qaydada Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etməsi göstərilir.

Digər ekspertlər isə bildirir ki, azərbaycanlıların İrana səfəri əsasən səhiyyə ilə bağlı olur.  Müalicə üçün gedənlər əsasən Təbrizi  seçir. Hətta ötən il İran parlamentində Təbrizdə xəstələr üçün xüsusi şəhərciklərin salınması ilə bağlı təkliflər bildirilmişdi.

Araşdırmalardan o da məlum olub ki, Azərbaycandan daha çox xərçəng xəstəliyinə tutulanlar İrana üz tutur. Bəs səbəb nədir?

Niyə vətəndaşlarımız yerli səhiyyəyə deyil, İran, Türkiyə  digər ölkələrin səhiyyəsinə daha çox güvənir? 

Məsələn, Milli Məclisin deputatı Fəzail Ağamalı bir müddət bundan əvvəl sağlamlığında yaranmış problemlərlə bağlı Türkiyə səhiyyəsinə üz tutmuşdu. Deputat son müsahibəsində bu məsələ ilə bağlı Azərbaycan səhiyyəsinin son durumunu dəyərləndirərkən qeyd edib: “Təbii ki, Azərbaycan həkimləri böyük ənənələrə söykənirlər. Sovet dövründə həkimlərin aldığı təhsil, onlara tələb, münasibət fərqli idi. Həmin zaman kəsiyində Azərbaycan həkimləri kifayət qədər nüfuzlu, güclü idilər. O məktəb artıq bitib. Yəni 30 ilə yaxındır ki, o məktəb Azərbaycanda yoxdur. Həkimə münasibət məsələsində iki mühüm amil var: texnologiya və avadanlıqların, texnologiyanın göstəricilərinə uyğun olaraq çıxarılan nəticə, diaqnoz, tətbiq edilən müalicə. Bu, xarici ölkələrdə daha güclüdür”.

Deputat onu da vurğulayıb ki, Azərbaycanda əvvəlki nəsil həkimlər savadlıdırlar, lakin müasir texnologiyadan anlayışları zəifdir: “Hazırkı nəsil həkimlərin texnologiyadan anlayışları güclüdür, amma əvvəlki nəsil həkimlərə nisbətən diaqnoz qoymaq, düzgün nəticə çıxarmaq imkanları zəifdir. Köhnə həkimlər bir xəstəliyi iki-üç dərmanla müalicə edə bilirdilərsə, burada özlərinə əminlik də var idisə, hazırkı həkimlər isə daha çox dərman yazmaqla məşğuldurlar. Yəni ”Bu dərman kömək etməzsə, digəri kömək edəcək. O da etməzsə, başqa birisi kömək edəcək" prinsipi ilə hərəkət edirlər. Bu da təbii ki, müəyyən çətinliklər yaradır. Amma bunu da qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda peşəkar həkimlər yetişməkdədir. Azərbaycanda təhsil alaraq sonra Türkiyənin nüfuzlu universitetlərində təhsillərini təkmilləşdirən həkimlərimiz var. Azərbaycan həkimləri də bir neçə ildən sonra arzuladığımız səviyyədə olacaqlar. Bu da təxminən 10-15 il vaxt aparacaq“.

Tibb elmləri doktoru Adil Qeybulla  isə məsələ ilə bağlı “Yeni Müsavat”a bunları bildirdi: “Azərbaycan səhiyyəsində müəyyən problemlər öz həllini tapmasa, gələcəkdə bəzi məsələlər ortaya çıxacaq. Doğrudur, başqa xarici ölkələrdə tibbi təhsil almış peşəkar həkimlərimiz var. Lakin hələ də tibbi təchizat və bu kimi məsələlərin yoxluğu problemi qalmaqdadır.

Məlum olduğu kimi, hələ ölkəmizdə icbari tibbi sığorta tam təmin olunmayıb. Bu da insanların sosial  müdafiəsində çox böyük bir elementdir. Ümumiyyətlə, icbari tibbi sığorta olmayan yerdə həmişə problemlər var. Vətəndaşlar bəzi dərmanları, tibbi ləvazimatları qarşılaya bilmirlər, bu səbəbdən düşünürlər ki, İranda müalicə daha ucuza başa gəlir. Beləliklə, insanlarımızın İran səhiyyəsinə axışmasının səbəblərindən biri budur.  Yəni səbəb təkcə buradakı səhiyyənin səviyyəsi deyil, həm də nisbətən qiymətlərin ucuz olması ilə bağlıdır.  Çünki bizim insanlar Tehranda və digər şəhərlərdəki böyük klinikalara deyil, nisbətən ucuz klinikalara üz tuturlar. Orada da bir çox hallarda yanlışlıqlar, səhvlər görürük.  Bildiyiniz kimi, İran səhiyyəsi Türkiyə səhiyyəsindən xeyli geri qalır. Daha imkanlı şəxslər heç də müalicə üçün Irana üz tutmur, əsasən Türkiyə və Avropa ölkələrinə gedirlər. Həmin məmurlara sual vermək lazımdır ki - özünüz bu səhiyyəni qurmusuz və buna etibar etmirsiz, adi insanlar  necə güvənə bilər? Bu da təbii ki, ictimaiyyətdə bir rəy yaradır və insanlar İrana və digər ölkələrə axışırlar. Lakin bir daha qeyd edim ki, bizim tibb mütəxəssislərimiz heç də İran mütəxəssislərindən geri qalmır. Bəlkə də 20 il bundan əvvəl bu sözü demək çətin olardı, amma indi əminliklə deyə bilərik".

Adil Qeybulla qeyd  etdi ki, azərbaycanlılar müalicə üçün təkcə İrana deyil, həm də Gürcüstana axışır: “Gürcüstana axın daha çoxdur. Çünki Gürcüstandakı həkimlər daha güvənlidir, onlar əsasən Avropada təhsil alıb, təcrübələr keçib, bizimkilərlə müqayisədə daha peşəkardırlar. Hətta sovet dövründə yaşamış insanlar da təsdiqləyər ki, həmin vaxt Moskva səhiyyəsində ən önəmli yerləri gürcü həkimləri tuturdu”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi