banner
banner

Sİyasət

Gürcüstanın deputatı Mahir Dərziyev: “Arxayın idik ki, birinci turda qalib gələcəyik”

| Xəbər 1579 dəfə oxunub
Gürcüstanın deputatı Mahir Dərziyev: “Arxayın idik ki, birinci turda qalib gələcəyik”

Gürcüstanda 28 oktyabrda keçirilmiş prezident seçkiləri başa çatıb. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK)  məlumatına görə, hakimiyyətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili ilə keçmiş prezident Mixail Saakaşvilinin dəstəklədiyi müxalifətdən olan namizəd Qriqol Vaşadze rəqiblərindən daha çox səs toplayıb. Salome Zurabişvili səslərin 38,66 faizini, Qriqol Vaşadze 37,7 faizini toplayıb. David Bakradze isə 11%-ə yaxın səs toplayıb. Qalan 12 faizə yaxın seçici səsi digər 22 namizəd arasında bölünüb. Bu, prezident seçkilərində səslərin 99,57 faizi hesablanandan sonrakı nəticələridir.

Beləliklə, Gürcüstanda prezidenti seçkisində II tur keçiriləcək. Mübarizə Salome Zurabişvili və Qriqol Vaşadze arasında gedəcək.

Gürcüstan parlamentinin deputatı, hakim Gürcü Arzusu Demokratik Gürcüstan Partiyasının üzvü Mahir Dərziyev seçkilərin nəticələri ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Mahir bəy, prezident seçkiləri necə keçdi?

- Böyük məmnuniyyət hissi ilə qeyd edim ki, Gürcüstanda çox sakit, demokratik seçkilər oldu. Ona görə də bu seçkiyə nə yerli, nə də çoxsaylı  xarici müşahidəçilər, siyasi qüvvələr mənfi rəy verdilər. Bu seçkilər Gürcüstanda demokratiyanın bərqərar olduğunu bir daha əyani şəkildə sübut etdi. Bu cür seçkilər ölkəmizin böyük nailiyyətidir. Fəxr edirəm ki, bu nailiyyətdə mənim və təmsil olunduğum iqtidarın da qatqısı var.

- İkinci tur olacağı hakim partiya üçün gözlənilən idi, yoxsa..?

- Bizim partiyada gözləntilərimiz fərqli idi. Əvvəlcədən də Salome Zurabişvilinin namizədliyinin dəstəklənməsi ilə bağlı partiyamızda fikir ayrılıqları var idi. Gürcü Arzusu sonda onu dəstəklədi. Salome xanımın deputat kimi fəaliyyətini, şəxsiyyətini, bacarığını heç kim şübhə altına qoymurdu. Sadəcə olaraq, belə fikirlər var idi ki, iqtidarda olan Gürcü Arzusu kimi partiya rəsmi şəkildə öz namizədini irəli sürməlidir. Bu gün Gürcü Arzusu parlamentdə çoxluğa malikdir, hökumətdədir, yerli özünü idarəetmədə bir-iki istisna olmaqla üstünlük bizim partiyadadır. Özü də bu üstünlükləri bizim partiya seçkilər vasitəsilə əldə edib. Belə bir vəziyyətdə təbii ki, biz arxayın və iddialı idik ki, prezident seçkisinin birinci turunda Gürcü Arzusunun namizədi qalib gələcək. Xanın Zurabişvilinin ölkə daxilində və xaricində yüksək nüfuzu da buna bizə əsas verirdi. Amma nəticələr bizim ümid etdiyimiz və gözlədiyimiz kimi olmadı. Seçim xalqındır, biz xalqın iradəsinə hörmət edirik. Əgər Gürcüstan xalqı bu cür qərar verdisə, bizim də bu qərarı qəbul etməyimiz lazımdır.

- Hakim partiyanın öz içərisindən bir şəxsi rəsmi olaraq namizəd verməməsinin birinci turda qələbənin əldə edilməməsində rolu oldumu?

- Bu faktorun da təsiri oldu. Hakimiyyətdəki partiyanın içindən bir nəfərin namizəd irəli sürülməməsi və müstəqil namizədi müdafiə etməsi bir xeyli seçicilər üçün anlaşılmaz oldu. Bir çox insanlar bunu anlaya bilmədilər. Seçicinin bir hissəsi kənardan namizədi müdafiə etməyi qəbul etmədi. Nəticələrə bu məqam da təsir etdi. Bu seçkilər 2012-ci ildən indiyə qədər ölkədə keçirilən ən aktiv, ən qaynar seçkilər oldu. 2016-cı ildə yerli özünüidarəetməyə, o cümlədən Tiflis merliyinə seçkiləri Gürcü Arzusu inamlı qələbə ilə başa vurmuşdu. İki il keçdikdən sonra prezident seçkilərində indiki nəticələrin meydana çıxması təbii ki, gözlənilməz idi və burada dediyiniz faktorun da rolu, hər halda, var. Amma seçkinin bu cür nəticələnməsində bir ayrı mühüm məqam da var. Müxalifət seçkidə çox böyük fəallıq göstərdi. Həm insan, maddi resurslar baxımından müxalifət çox aktiv oldu. Bunu da bir neçə amillə izah eləmək olar. Müxalifət bu seçkiləri həm də 2020-ci ildə keçiriləcək parlament seçkilərinə məşq kimi görürdü və hazırlıqlarını buna uyğun aparırdı. Bəllidir ki, ölkədə hakimiyyətin taleyini parlament seçkiləri həll edir. Parlament seçkilərində qalib gələn partiya iqtidara gəlir. Prezident seçkilərinin nəticələri hakimiyyətin dəyişməsi sayılmır. Müxalifət bu prezident seçkilərinə növbəti parlament seçkilərinin məşqi olaraq görürdü. Ciddi hazırlıqları bununla əlaqədar idi. Nəticələrə bu amilə də təsir göstərdi. Digər məqam isə müxalifətin əsas namizədləri Qriqol Vaşadze və David Bakradzenin seçki kampaniyasında verdikləri vədlər idi. Onlar bəyan etmişdilər ki, seçiləcəkləri halda keçmiş prezident Mixail Saakaşvilinin üzərindəki cinayət işi ləğv olunacaq və onun Gürcüstan vətəndaşlığı bərpa ediləcək. Bu vədlər də seçkinin nəticələrinə təsir elədi.

 “Qriqol Vaşadzenin vədlərinə pensiyaçıların xeyli hissəsi aldandı”

- Hakim partiya seçkinin bu cür nəticələnməsinin səbəbləri və bundan sonrakı addımlarla bağlı müzakirə aparacaqmı?

- Əlbəttə, ciddi söhbət olacaq. Komandanın daxilində məsələ ciddi müzakirə olunacaq. Hesab edirəm ki, hər halda, bizim seçki kampaniyamızda müəyyən çatışmazlıqlar oldu. Bəlkə də yetərincə fəallığımız, mübariz əhval-ruhiyyəmiz olmadı. Yəni bir bizim partiyada sanki bir arxayınçılıq oldu. Gürcü Arzusu Partiyası arxayınçılığa qapıldı. Nəticələri isə bu cür oldu.

- Prezident seçkisinin nəticələri növbəti parlament seçkilərinin nəticələrinə təsir edəcəkmi? İkinci turla bağlı proqnozlarınız necədir?

- Bizim partiya bundan sonra çox ciddi müzakirələr aparacaq və ciddi fəallaşma olacaq ki, 28 oktyabr seçkisindəki nəticələr özünü nə ikinci turda, nə də parlament seçkilərində göstərsin. Qriqol Vaşadze seçki kampaniyasında vəd verirdi ki, seçilərsə pensiyalar 400 lariyə qədər artırılacaq, müəllimlərə 1000 lari maaş veriləcək. Halbuki Gürcüstanın yeni Konstitusiyasına görə, bu cür məsələlər prezidentin deyil, hökumətin səlahiyyətindədir. İqtisadi xarakterli vədləri yerinə yetirmək üçün prezidentin yox, hökumətin, baş nazirin səlahiyyətləri, imkanları var. Lakin Qriqol Vaşadzenin həmin vədlərinə pensiyaçıların xeyli hissəsi aldandı. Ölkədə pensiyaçılar az qüvvə deyil. Əhalinin digər təbəqələri üçün də prezidentin imkanları xaricində olan vədlər verildi və müəyyən seçicilər fərqinə varmadan bu vədlərə inandılar. Gürcü Arzusu Partiyası növbəti seçkidə insanlara bu kimi məsələləri çatdıracaq. Yəqin ki, seçicilərə bu məsələlər izah olunacaq və seçkinin nəticələri bizim xeyrimizə dəyişəcək. Əminəm ki, Salome Zurabişvili ikinci turda qələbə qazanacaq. Biz azərbaycanlı seçicilərin əksəriyyətinin Salome Zurabişviliyə səs verəcəyini düşünürdük, amma Salome xanım haqqında azərbaycanlılar arasında çaşqınlıq yaradıldı. İkinci turda seçki kampaniyasında azərbaycanlı seçicilər arasında məlumatladırma, təbliğat işləri də bu çaşqınlığın aradan qalxmasına nail olacaq səviyyədə aparılacaq. Seçkinin nəticələrinə mənfi təsir etmiş bütün ayrı-ayrı məqamlar nəzərə alınacaq və seçki kampaniyasını tamamilə yeni bir şəkildə quracağıq. İkinci turda bizim partiyanın dəstəklədiyi Salome Zurabişvilinin qələbəsinə nail olacağıq.

- Seçki kampaniyası dövründə belə məlumatlar yayılırdı ki, Salome Zurabişvili ermənilərə simpatiya göstərir, azərbaycanlılara pis münasibəti var...

- Mən parlamentdə Salome Zurabişvili ilə eyni komitədə çalışıram. Çox yüksək mədəniyyətli, demokratik dəyərlərə sadiq, həm Avropada doğulmuş, həm Avropa mədəniyyəti ilə, Avropa dəyərləri ilə yaşayan bir insandır. Müxalifətin deputatları bir layihə təqdim etmişdilər ki, etnik gürcü anlayışı qanunla təsbit olunsun. Burada məqsəd gələcəkdə vətəndaşlıq verilməsində, bir sıra başqa hallarda gürcülər üçün imtiyazlı vəziyyət yaratmaq idi. Bu cür qanun layihəsinə qarşı birinci olaraq parlamentdə Salome Zurabişvili çıxdı və onu alt-üst elədi, qəbulunun qarşısı alındı. Gürcüstan qanunlarına görə, başqa ölkənin vətəndaşlığını qəbul eləyən vətəndaşlıqdan məhrum olunur. O cümlədən işləmək üçün başqa ölkəyə gedib oranın vətəndaşlığını qəbul eləyən bizim soydaşlarımız Gürcüstan vətəndaşlığından məhrum olunurdu. Salome xanım konstitusiyada belə bir tələbin yazılmasının qarşısını almağa nail oldu. Belə bir adamın azərbaycanlılara qarşı münasibətinin guya pis olduğu barədə insanları aldadan təbliğat aparılırdı.  Müxalifət Salome xanımı hətta pis gürcü olmaqda ittiham edirdi. Salome Zurabişvilinin babaları 1918-ci ildə qurulmuş Gürcüstan Demokratik Respublikasının tanınmış dövlət xadimləri olublar, sovet hakimiyyətinin gəlişindən sonra Fransaya mühacirət ediblər. Salome xanım da Fransada doğulub. Salome xanım gürcü xalqına, Gürcüstana o qədər sevgi ilə yanaşıb ki, hələ SSRİ dağılmazdan öncə sərhədlərin bağlı olduğu dövrdə gürcü dilini, gürcü mədəniyyətini öyrənib, Fransada Gürcüstanın tanınması üçün çox işlər görüb. Bu gün Avropada Gürcüstanın müsbət imici xeyli dərəcədə Salome Zurabişvilinin adı ilə bağlıdır. Belə bir insanın gah “yaxşı gürcü deyil”, gah “ksenefobdur” ittihamı ilə barəsində “qara piar” apardılar.      

- Azərbaycanlıların kompakt yaşadıqları bölgələrdə seçkinin nəticələri necə oldu? Soydaşlarımız daha çox hansı namizədə dəstək verdilər?

- Əvvəllər həmişə bizim icmanın səsi iqtidarın torbasından çıxırdı. Mixail Saakaşvili seçiləndə azərbaycanlılar yaşadığı bölgədə elə məntəqələr olurdu ki, seçicilərin 98 faizi guya səsverməyə gəlmişdilər və 99 faizi Saakaşviliyə səs vermişdi. Bu rəqəmin şişirdildiyi bəlli idi. Lakin indi seçkinin nəticələrinə diqqət edəndə görünür ki, əsl demokratik seçki nəticələridir. Mərkəzi Seçki Komissiyası səsvermənin başa çatmasına az qalmış məlumat yaymışdı ki, ölkə ərazisində ən aşağı seçici fəallığı Marneulidə qeydə alınıb. Seçkiyə gələnlərin faiz etibarilə daha çox, Salome Zurabişviliyə səs veriblər. Amma müxalifət də yetərincə səs alıb. Təbii ki, mən təmsil elədiyim iqtidar üçün azərbaycanlı seçicilərdən daha böyük səs gözləyirdim və gözləyirəm.  

- Bəzi ekspertlər prosesin hazırda xaricdə yaşayan eks-prezident Mixail Saakaşvilinin Gürcüstana qayıdışına, yeni inqilaba doğru getdiyini düşünürlər. Bu mümkündürmü?

- Mixail Saakaşvilinin yolunu açmaq istəyirlər. Lakin hər şey qanun çərçivəsində olmalıdır. Heç kimin haqqı və əsası yoxdur ki, Gürcüstanda inqilab ssenarisini tətbiq eləsin. Kim bunu deyirsə, tamamilə yanlışlığa yol verir. Gürcüstanı Mixail Saakaşvilidən istifadə edib inqilaba,  qarşıdurmalara sürükləmək müxalifətin planlarındadır. Lakin buna heç bir əsas yoxdur. Ölkədə tamamilə demokratik, müxalifətin özünün də demokratikliyinə şübhə etmədiyi seçkilər keçirilib. Belə olduğu halda inqilabdan danışmaq əsassızdır. Seçkilərin ən yüksək səviyyədə demokratik keçirilməsi əslində müxalifətin əlindən bəhanələri almış oldu.

YM



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi