banner
banner

Sİyasət

"Sanksiyalardan sonra əlimizi-qolumuzu sallayıb, oturub baxmayacağıq”

| Xəbər 1003 dəfə oxunub
"Sanksiyalardan sonra əlimizi-qolumuzu sallayıb, oturub baxmayacağıq”

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə müsahibə təşəbbüsümüz ötən ildən olsa da, hər dəfə bir səbəbdən təxirə düşürdü. Ancaq bu dəfə səfirliyin yeni mətbuat katibi Seyid Əli Musəvinin cəhdləri nəticə verdi. Müsahibəmiz, necə deyərlər, xüsusi bir təqvimə təsadüf edirdi, ABŞ-ın İrana qarşı növbəti, amerikalıların təbirincə, “misli-bərabəri” olmayan sanksiyalarının qüvvəyə minməsindən bir gün sonra İranın Azərbaycandakı səfiri ilə görüşdük. Təbii ki, suallarımız sanksiyalar, onun İrana, eləcə də Azərbaycana və regiona mümkün təsiri barədə oldu.

- Müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm. Bu həftənin əvvəlindən başlayaraq ABŞ İrana qarşı yeni, Vaşinqtonun dediyi kimi, “tayı-bərabəri” olmayan sanksiyaların tətbiqinə başlayıb. Bilmək istərdik, İran dövləti Amerika sanksiyalarına necə hazırlaşıb, hansı cavab addımları olacaq?

- Çox sağ olun. Mən əvvəlcə bütün xalqlara, cümlədən İran və Azərbaycan xalqlarına xoşbəxtlik və səadət arzulayıram. Təbii ki, biz bu sanksiyalara çoxdan hazırlaşırdıq və bu sanksiyaları gözləyirdik. Amerika bizim xalqla uzun illərdir mübarizə aparır. Ümumiyyətlə, ABŞ hansısa ölkənin müstəqil olmasını istəmir, onu özündən asılı etməyə çalışır. Və bizimlə mübarizəsinin tarixi yeni deyil, 60 il əvvələ gedib çıxır. 1950-ci illərdə bizim qanuni şəkildə, xalq tərəfindən seçilmiş baş nazirimiz vardı, doktor Məhəmməd Müsəddiq. O zaman ABŞ hökuməti qanuni, millətin və Milli Məclisin iradəsi ilə seçilmiş hökuməti devirdi, onun yerinə yenidən şahın mütləqiyyət rejimini gətirdilər. Bundan da kifayətlənmədilər. İnqilaba qədər İranda yüzlərlə müşavir adı ilə adamlarını saxlayıb ölkəni idarə edirdilər. İstər hərbi, istər iqtisadi və siyasi sahədə söz sahibi amerikalı müşavirlər idi. İnqilabdan sonra isə İrana təzyiqlər etməyə başladılar, bizim pullarımıza həbs qoydular. Eləcə də İraqla müharibə zamanı İraqa dəstək verdilər, silah-sursat, hətta hərbi təyyarələr verdilər.

İndi isə bildiyiniz kimi, İranın nüvə proqramı ilə bağlı 6 ölkə - Rusiya, Çin, Almaniya, Britaniya, Fransa, ABŞ ilə iki il danışıqlar aparıldı. Nəticədə 2015-ci ildə bir müqavilə imzalandı. Və bu müqaviləni BMT də təsdiqlədi. Ancaq ABŞ-da yeni prezident gələn kimi bunun hamısını yerə vurdu və müqavilədən imtina etdi. Amma biz bunu gözləyirdik. Çünki dediyim kimi, ABŞ-ın bizə qarşı münasibətini 60 ildən çoxdur bilirdik və özümüzü hazırlamışdıq. Biz bu hadisəyə siyasi hadisə kimi deyil, bir müharibə kimi baxırıq. Bu embarqolar İrana qarşı elan olunmuş müharibədir. Onlar istəyirlər ki, bizim neft satmağımıza mane olsunlar, İran xalqı dərman vasitələrindən məhrum olsun, kənd təsərrüfatımız zərər görsün, ölkə ağır zərbə alsın. Amma bu mümkün deyil. İranın minlərlə zavod-fabriki var, 80 milyondan çox əhalisi, 5 milyona yaxın tələbəsi var, böyük universitetləri, elmi-tədqiqat mərkəzləri var. Biz çalışacağıq ki, həm öz imkanlarımız, həm də dost ölkələrin yardımı ilə bu sanksiyaları zəiflədək. Rusiya, Türkiyə və bəzi qonşu ölkələr bizə yardım edir. Daha əvvəl də ediblər. Planlarımız var, onların bəzisini açıqlamaaq istəmirik. Çünki Amerika dövləti o ölkələrə təzyiq edir, sıxıntı yaşadır. Biz isə bizə görə dostlarımızın əziyyət çəkməsini istəmirik.

Əlbəttə ki, neft satışımız da davam edəcək. Yeni neft müştəriləri də tapmışıq. Bundan sonra Avropa Birliyi ilə də yaxından əməkdaşlıq edəcəyik, nüvə anlaşmasının davam etməsinə nail olacağıq.

- Qonşu ölkələrlə bağlı gözlənti nədir? Azərbaycan və Rusiyadan necə davranış gözləyir? Türkiyə ilə bundan əvvəlki sanksiyalar zamanı ciddi əməkdaşlıq oldu, bu dəfə necə, olacaqmı?

- Qeyd etdiyim kimi, biz bu vəziyyətə hazırlıqlıyıq. Eyni zamanda qonşularımızla yaxından əməkdaşlığı davam etdirəcəyik. Ancaq qonşularımızın sıxıntı yaşamasını istəmirik. Artıq bir sıra qonşu ölkələr də mövqeyini açıqlayıb, media vasitəsilə bəyan ediblər ki, bəzi sanksiyalara əməl etməyəcəklər. Təbii ki, biz onların vəziyyətini nəzərə alırıq. İstəmirik dostlarımız çətin vəziyyətə düşsünlər, lakin bunu deyirik ki, bu çətin günlərdə dostlarımızdan gözləntilərimiz çoxdur.

- İran və Azərbaycan arasında bir sıra müştərək iqtisadi layihələr var. O cümlədən Azərbaycanın 500 milyon dollar ayırdığı “Cənub dəhlizi” dəmir yolu tikintisi var. Bu layihələrin taleyi necə olacaq? Bu mövzuda Bakı ilə məsləhətləşmələr olur?

- Danışıqlarımız, müzakirələr olur. Məsələn, son olaraq Astarada stansiyanın tikintisi ilə bağlı danışıqlar aparılıb. Hazırda o stansiyanın tikintisi tam sürətlə davam edir. Digər istiqamətlərdə də işlər davam edir. Bu, çox böyük bir layihədir, danışıqlar, müzakirələr, qarşılıqlı razılaşdırmalar olur. Ona görə də proses özü zaman alır. Amma dayanmaqdan söhbət gedə bilməz.

- Yəni layihələrin hamısı qüvvəsindədir?

- Bəli, bütün layihələr davam edir.

- Embarqolar İran-Ermənsitan əlaqələrinə necə təsir edəcək?

- O barədə mənim dəqiq məlumatım yoxdur. Mənim iş yerim Azərbaycandır. Bildiyiniz kimi, keçən həftə Türkiyədə xarici işlər nazirlərinin toplantısı oldu. Bu toplantı zamanı həm cənab Elmar Məmmədyarov, həm də Mövlud Çavuşoğlu İranla həmrəyliklərini ifadə etdilər. Bəyan etdilər ki, İran və “altılıq” ölkələri arasında imzalanmış və BMT-nin təsdiq etdiyi müqaviləni dəstəkləyirlər. Azərbaycan XİN bu gün də sanksiyalarla bağlı öz mövqeyini bəyan edib. Mən bu mövqeyə görə, Azərbaycan rəhbərliyinə, xarici işlər nazirinə minnətdarlığımı bildirirəm.

- Bu sualı ona görə verdim ki, ABŞ prezidentinin xarici siyasət və milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ötən həftə Cənubi Qafqaza səfər etdi. Boltonun Bakı və İrəvanda apardığı danışıqlarda əsas mövzulardan biri də İrana qarşı ABŞ embarqoları idi. Bundan sonra həm baş nazir Paşinyan, həm də erməni mediası İranla Ermənistan sərhədlərinin bağlana biləcəyindən yazır. Bu məsələ ilə bağlı rəsmi Tehranın mövqeyi necədir? Sərhədlərin bağlanması məsələsi gündəmə gələrsə, İran Ermənistanla qaz satışı və digər layihələri dayandıra bilərmi?

- Biz buna ciddi baxmırıq. Ancaq bu səfərin Azərbaycan hissəsinə münasibətimi bildirə bilərəm. Boltonun regiona səfəri çox da uğurlu olmadı. Üstəlik, Bolton öz çıxışında da bildirdi ki, bu prosesdən müttəfiq ölkələrin zərər görməsini istəmir. Bu səbəbdən də Amerika region ölkələrinə qarşı ciddi təzyiq etməyəcək İran mövzusunda. Eyni zamanda İran da öz qonşuları ilə əlaqələrinin zədələnməməsini, xətər görməməsini istəyir. İran bütün qonşu ölkələrlə normal münasibətlərin qurulmasında, eləcə də özgələrin bu əlaqələrə təsir etməməsində maraqlıdır. Xüsusən də Azərbaycanla əlaqələrin qorunub saxlanması, zədələnməməsini istəyir. Bizim Azərbaycanla həm prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində səmimi, dostluq münasibətlərinə dayanan əlaqələr var. Ümid edirik ki, kənardan səfərə gələnlər bu əlaqələrə təsir edə bilməyəcək.

- Yuxarıda da qeyd etdiniz, İstanbul sammitində İran bir daha Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Təbii ki, sanksiyaların başlaması bütövlükdə regionumuz üçün yeni bir hərbi-siyasi vəziyyətin yaranması mənasına gəlir. Bizi isə hər zaman Qarabağ münaqişəsinin taleyi maraqlandırır. Necə düşünürsünüz, Qarabağ münaqişəsi ilə bağlı Tehranın siyasətində hər hansı bir dəyişiklik ola bilərmi?

- İranın xarici işlər naziri Qarabağ münaqişəsi ilə bağlı mövqeyini qəti şəkildə ortaya qoydu. Bizim XİN rəhbəri bildirdi ki, İran Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Eyni zamanda münaqişənin sülh yolu ilə həll olunmasında üzərimizə düşəni etməyə hazırıq. Beynəlxalq hüquq və normalar çərçivəsində. Əlbəttə, biz müharibə görmüş, onun acılarını yaşamış bir xalqıq. Bölgəmizdə, qonşuluğumuzda yenidən müharibənin başlamasını istəmirik.

- Sanksiyaların İrana nə qədər zərər vuracağını təxmin edirsiniz?

- Dəqiq hesablamamışıq, amma təbii ki, zərərləri olacaq. Lakin müstəqil olmağın bir “cəzası” var və biz bu cəzanı çəkməyə hazırlaşmışıq. Bu gün regionumuza baxaq, ölkələr nə vəziyyətdədir. İraqda milli hakimiyyət devrildi, ölkənin nefti, sərvətləri istismar olundu. Bu gün Yəmən qana boyanıb, hər gün nə qədər insan aclıqdan, dərman çatışmazlığından ölür. Əfqanıstanda işğaldan sonra ölkədə nə qədər insan ölüb, yaralanıb və yurd-yuvasından məhrum olub. Bütün bunlar Amerikanın “əl işləridir”. Özləri birbaşa olmasa da, kənardan barmaqları olan işlərin nəticəsidir.

İndi Amerikanın sanksiyalarına yalnız İran yox, Çin, Rusiya, Türkiyə və başqa daha neçə ölkələr də məruz qalıb. Əlbəttə, çətindir, bizə də xoş deyil. Amma düşünürük ki, müstəqilliyin də bir bədəli olmalıdır və biz indi o bədəli ödəyirik. Müstəqillik elə də ucuz nemət deyil... Əlbəttə, çalışırıq və çalışacağıq ki, zərər az olsun. Lakin bu ilk deyil, biz tarix boyu bir neçə dəfə amerikalıların zərərini görmüşük. Acı da olsa biz ona hazırıq.

Bildiyiniz kimi, hazırda ABŞ hakimiyyəti özü ölkənin cənub sərhədinə ordu, polis göndərir ki, Latın Amerikasından gələn qaçqınların qarşısını kəssin. Yeni qanun qəbul edirlər, anaları uşaqlarından ayıracaqlar. Bu, Amerika siyasətinin mahiyyətidir. Baxın, dünyanın aparıcı ölkələrinin və BMT-nin iştirakı ilə nüvə anlaşması imzalanıb, ancaq yeni prezident gəldi və bu anlaşmadan imtina etdi. Halbuki hər kəsə aydın idi ki, bu müqavilə yalnız prezidentlərin imzaladığı bir kağız deyil, dövlətlərin arasında imzalanmış sənəddir. ABŞ dövləti Trampdan ibarət deyil.

- Yeri gəlmişkən, Tramp nədən İrana qarşı bu qədər qəzəblidir? Prezident seçilən kimi İranla nüvə anlaşmasından çıxdı...

- Açığı, bu barədə xüsusi bir araşdırmamız yoxdur. Ancaq düşünürəm ki, bu məsələdə Trampın çox yaxınında olan yəhudi lobbisinin böyük təsiri var. Çünki İrana qarşı sanksiya amerikalıların marağına uyğun deyil. İran dövləti bir neçə dəfə ən yüksək səviyyədə rəsmən bəyan edib ki, bizim nüvə silahı əldə etmək məqsədimiz yoxdur. Bunu dəfələrlə sübut etmişik. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də İranın nüvə sazişinə sadiq olduğunu rəsmən təsdiqləyib. Ancaq buna baxmayaraq, heç bir əsas olmadan İrana qarşı sanksiya qərarları qəbul olunub. Bu onu göstərir ki, amerikalılara etimad göstərmək olmaz. İndi deyək ki, biz bu dəfə Trampla anlaşdıq, yeni bri müqavilə imzaladıq. Bəs sonra nə olacaq? Yeni prezident gələndə bu müqaviləyə sadiq olacaqmı? Bunun heç bir təminatı yoxdur. Bunlar beynəlxalq qanunları da saya salmırlar.

- Tramp elan etmişdi ki, sanksiyaların əsas məqsədlərindən biri İranın Yaxın Şərqdəki fəallığını azaltmaqdır. Sanksiyalar Tehranın Yaxın Şərqdə, Suriya, Fələstin, Livan və digər ölkələrdəki müqavimət qruplarına dəstəyinə təsir edəcəkmi?

- Təbii ki, biz sanksiyalardan sonra əlimizi-qolumuzu sallayıb, oturub baxmayacağıq. Biz dəqiq bilirik ki, İŞİD-in regiondakı əsas hədəfi İraq, Suriya deyildi, həm də İran idi. Biz öz ölkəmizə çəkilib oturub İŞİD-in nə zaman Tehrana hücum edəcəyini gözləmək fikrində deyilik. Digər tərəfdən, əzilən, məhv edilən insanlara yardım etmək bizim dini-insani vəzifəmizdir. Bunu dövlət marağı üçün etmirik. Bizim Yəməndə hansı marağımız, qazancımız ola bilər? Biz, sadəcə, oradakı insanlara yardım etmək istəyirik. Orada insanlar acından ölür, dərman çatışmır, yoluxucu xəstəliklər yayılıb.

- İndi Yəmənə yardım etmək mümkündürmü?

- Birbaşa yardım edə bilmirik, Yəmən mühasirədədir. Ancaq siyasi sahədə dəstəyimiz davam edir. Yəmən məsələsini dünyanın diqqətinə çatdırmağa çalışırıq. Məzlumlara yardım etmək İran İslam İnqilabının əsas məqsədlərindən biridir.

- 12 il əvvəl İrana qarşı Amerikanın embarqoları vardı. O zaman həm də İrana hərbi müdaxilədən söz edirdilər. İndi də İran müdafiə sistemlərini gücləndirir, həqiqətən müharibə təhlükəsi varmı? Trampın İrana qarşı hərbi əməliyyatlara əmr verməsini Tehranda ehtimal edirlərmi?

- Belə bir hadisənin olacağını gözləmirik. ABŞ prezidenti daha çox ərəb ölkələrindən pul qoparmaq - İran təhlükəsi ilə ərəbləri qorxudub onlardan daha çox pul, silah və texnika sifarişi almaq istəyir. Bunlar siyasi səhnədə açıq görünür, heç Tramp özü də bunu gizlətmir. Açıq deyir ki, ərəb ölkələrini sağmaq istəyirəm, sizi qoruyuram, buna görə pul verməlisiniz...

Biz öz yolumuzla gedirik. Qonşularımız üçün sülh və sabitliyin tərəfdarıyıq. İran hökuməti hər zaman bəyan edib ki, Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Eyni zamanda biz Türkiyənin də əmin-amanlığına dəstək veririk. Türkiyədə hərbi çevriliş zamanı İran açıq şəkildə hökuməti dəstəklədi.

Regionda əmin-amanlıq bizim üçün böyük əhəmiyyət kəsb edir. Xüsusən də Azərbaycanda. Azərbaycan bizim üçün qonşudan daha irəli, qohum kimidir. Burada olan sabitlik bizim üçün çox mühümdür. Yaxşı əlaqələrimiz var hazırda, bu ilin 10 ayında 1 milyondan çox azərbaycanlı İrana səfər edib. İranda da azərbaycanlılara isti münasibət var, çünki yaxın qohumluq əlaqaləri mövcuddur. Ümid edirəm ki, bu münasibətlərə kənar ölkələr təsir edə bilməyəcək.

YM



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi