banner
banner

Cəmİyyət

Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir

| Xəbər 1594 dəfə oxunub
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir

Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən istilik sistemləri işə salınmalı, qazın təzyiqi artırılmalıdır. Hazırda sosial şəbəkələrdə Bakıda və ətraf rayonlarda yaşayan sakinlər qazın təzyiqinin zəif olmasından, istilik sisteminin işə salınmamasından şikayətlənirlər. Sakinlər bildirirlər ki, xüsusilə də havaların soyuq keçdiyi ötən günlər ərzində xeyli əziyyət çəkiblər. Bəs qış aylarında vəziyyət necə olaraq? Aidiyyəti qurumlar qışa hazırdır?

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Yeni Müsavat”a bildirib ki, abonentlərin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq, tələbat tamamilə ödəniləcək: “Əsas missiya 24 saat ərzində hər bir abonentin keyfiyyətli elektrik enerjisi ilə təchizatıdır. 2018-2019-cu ilin payız-qış mövsümü əvvəlki illərdən yaxşı mənada fərqlənəcək. Son illərdə apardığımız yenidənqurma, əsaslı təmir-tikinti işləri bunu deməyə əsas verir. Xüsusilə də dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar əlavə mal-materiallarımız, avadanlıqlarımız, maşın-mexanizmlərimiz var. Hazırda bütün yarımstansiyalarımızda cari təmir işləri başa çatdırılır. Elektrik şəbəkələri hava şəraitinin şıltaqlığı nəticəsində hər hansı qəza baş verərsə, həmin qəzaların operativ aradan qaldırılmasına tam hazırdır. 24 saat çağrı mərkəzi fəaliyyət göstərir və abonentlər 199 nömrəsinə zəng edərək problemlərini rahat şəkildə çatdıra bilərlər”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev  söyləyib ki, havalar soyuduğu zaman istehlakçıların təbii qaza olan tələbatı artırsa, verilən qazın həcmini artırırlar:

  “Bunun üçün hansısa tarixi gözləmirik.  Birlikdə istər payız-qış mövsümündə, istərsə də digər aylarda abonentlərin tələbata uyğun qazla təmin edilməsi üçün gündəlik iş aparılır. Onu da qeyd edim ki, 2018-ci ilin yanvar-sentyabr ayı ərzində görülmüş məqsədyönlü işlər nəticəsində respublika ərazisində 2385 .5 kilometr müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib. Eyni zamanda 182.6 kilometr qaz kəməri əsaslı təmir edilib. Regionlar üzrə 71 qəsəbə, kənd və ya yeni salınmış yaşayış massivləri qazlaşdırılaraq, təbii qazla təmin olunub. ”Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2018-2019-cu illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi, təbii qazdan təhlükəsiz istifadə olunması və qaz təsərrüfatının ahəngdar fəaliyyətini təmin etmək məqsədilə birlik tərəfindən Tədbirlər Proqramı işlənib hazırlanıb.  Bu tədbirlər planına uyğun olaraq qaz kəməri üzərində 531 ədəd qaztənzimləyici quraşdırılıb. 259 ədəd isə siyirtmə yenisi ilə əvəz olunub. Təmir olunmuş qaz xətləri isə dayaqlar üzərinə qaldırılıb. Hazırda da tərəfimizdən işlər davam etdirilir. Təqdimat planımay-oktyabr aylarını əhatə edir. Bütün bu görülən işlər istehlakçıların dayanıqlı, təhlükəsiz təbii qazdan istifadə etmələri üçün həyata keçirilir".

“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev də bildirib ki, onlar tam olaraq qışa hazırdırlar və istilik mövsümünə noyabrın 1-dən dağlıq və dağətəyi rayonlarda start verilib.

“Bakı şəhərində qazanxanalar qoşulmaqdadır. Yəni mövsümə tam hazırıq. Qrafikə uyğun qazanxanalar işə salınır, noyabrın 15-də işləyəcək. 2800-ə yaxın yaşayış binasının hamısına istilik veriləcək. Sumqayıt şəhərində 18-ci mikrorayonda keçən ildən əlavə bir qazanxananın istifadəyə verilməsi nəzərdə tutulub. Həmin qazanxana vasitəsilə əlavə olaraq 24 yaşayış binası, iki uşaq bağçası istiliklə təmin olunacaq”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qeyd edib ki, həm kanalizasiya nasos stansiyaları, həm əsas daşıyıcı kollektorlar, şəbəkə xətləri və digər hidrotexniki qurğular tam işlək vəziyyətdədir.

“Qış aylarında yağışlı, qarlı vaxtlarda həm su təchizatı, həm də kanalizasiya infrastrukturu ilə bağlı heç bir problem gözləmirik. Mütəmadi olaraq işlərimiz davam edir. Hər hansı xəttin yenidən qurulması, yenidən çəkilməsi, xətlərin şəbəkəyə birləşdirilməsi, kanalizasiya xətlərinin təmizlənməsi, yağış barmaqlarının təmizlənməsi və digər işlərimiz mütəmadi davam edir”.

YM



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi