banner
banner

İqtİsadİyyat

Mənzil bazarında son durum: kirayə evlər bahalaşıb

Mənzil bazarında son durum:

Son zamanlar Bakıda xeyli sayda yeni binalar tikilir. Bu tikintilərin bir qismi pilot layihələr əsasında həyata keçirilir.  Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, Bakıda yararsız vəziyyətdə olan, köhnə tikililər sökülüb, yerində hündürmərtəbəli, yeni yaşayış binaları ucaldılır.

Hazırda Nizami rayonu ərazisində, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında bu cür pilot layihələr həyata keçirilməkdədir. Tikinti işləri müxtəlif şirkətlərə həvalə edilir. Köhnə binanı sökən şirkət, həmin binanın sakinlərini müvəqqəti olaraq kirayə mənzillərdə yerləşdirir. Bina hazır olduqdan sonra isə şirkət sakinləri evlə təmin edir. Bu evlərin sahəsi isə sakinlərin əvvəlki mənzillərinin kvadratından 10 faiz artıq olur.

Şirkət sakinləri evlə təmin etdikdən sonra binanın yerdə qalan mənzillərini satışa çıxarır. Bu sistemə görə sakinlər pilot layihələrin inşasına maneə yaratmırlar və şirkətlə qısa zamanda razılaşıb, kirayə mənzillərə çıxırlar. Yuxarıda da qeyd etdiyimiz kimi sakinlər üçün kirayə mənzilləri, tikintini aparan şirkət təşkil edir və bina hazır olana qədər, hər ay sakinlərin tutduqları kirayə mənzillərin pulunu ödəyir.

Ekspertlər bildirirlər ki, bu hal kirayə mənzil bazarında müəyyən aktivliyə səbəb olub ki, nəticədə bazarda qiymət artımı müşahidə edilir.

“Yeni Müsavat”ın əməkdaşı  mənzil alqı-satqısı ilə məşğul olanların toplaşdığı “maklerlər bağı”nda olub   mövcud durumla maraqlandıq. Öyrəndik ki, hazırda Bakı ərazisində yeni mənzilləri almağa maraq göstərənlər azdır. İnsanlar daha çox köhnə binalardan ikinci əl evləri alırlar. Eyni zamanda paradoks olaraq, artıq köhnə binalarda da mənzil satanlar azalıb. Dəllallar bunu belə əsaslandırdılar ki, köhnə mənzil sahibləri düşünürlər ki, onların da binaları pilot layihəyə düşə bilər. Ona görə də mənzillərini satmaq niyyətində olanlar da, son zamanlar bundan imtina edib...

Uzun zamandır ev alqı-satqısı ilə məşğul olduğunu söyləyən Akif Həsənov söylədi ki, hazırda kirayə mənzillərin qiymətlərində əvvəlki illərlə müqayisədə bir qədər artım var: “Yeni il öncəsi hər il kirayə mənzil axtaranların sayında artım olur.  Əsas aktivlik isə avqust ayında olur. Hazırda pilot layihələrlə bağlı, kirayə mənzillərdə qalanların sayı çoxdur. Pulu tikinti aparan şirkətlər verdiyi üçün də çox zaman heç qiymət öldürməyə çalışmırlar. Bazardakı qiymət artımına bu halın da müəyyən təsiri var. Hazırda metro çıxışına yaxın ərazidə 2 otaqlı, bütün əşyalarla dolu evin kirayə haqqı yerindən asılı olaraq 350-500 manat arasında dəyişir. Həmçinin iri kvadratlı evlər də var ki, onların kirayəsi daha da bahadır. Yuxarıda dediyim şərtlərə uyğun gələn 1 otaqlı mənzil isə 220-300 manata kirayə verilir.  Əgər mənzilin içərisində əşyalar yoxdursa, təmir yerində deyilsə, qiymət 100 manat və daha da artıq olmaqla, aşağı olur. Şəxsən mən uzun müddətdir ki, təzə binadan ev sata bilmirəm. Əlimdə bir neçə ev var. Maraqlanan olur, alan yoxdur. Bu dəqiqə tikilən binaların əksəriyyəti boşdur, satılmır. İnsanlar daha çox torpaq almağa meylləniblər. Bakı ətrafı kəndlərdə torpaqların qiyməti sotuna görə keçən illə müqayisədə müəyyən qədər bahalaşıb. Əksər torpaqların sənədi bələdiyyə sənədidir. Çıxarışı (kupça) olan torpaqlar isə daha  da  bahadır. Deyərdim ki, hazırda Bakı ətrafı ərazilərdə çıxarışlı torpaqlar da çox deyil. Bunun özü də qiymətlərin artmasına səbəb olacaq və artıq olub”.

Söhbət etdiyimiz əksər dəllallar bildirdilər ki, kirayə mənzillər yalnız ailələrə verilir: “Ev sahibləri mənzillərini adətən ailələrə verilər. Bizə də tapşırırlar ki, ailə olmasa kirayə verməyə razı olmayacaqlar. Ona görə də biz də qabaqcadan şərtimizi kəsib, tələbimizi qoyuruq”.

Yeni il bayramı ilə əlaqədar turistlərin Bakıya gəlməsini nəzərə alan ev alqı-satqısı obyektləri, günlük icarələrə də başlayıblar. 2 otaqlı mənzillərin günlük icarəsi isə 50 manatdan başlayır. Lakin hər ev alqı-satqısı ilə məşğul olan obyektdə günlük mənzillər tapmaq asan deyil. İnsanlar mənzillərini daha çox aylıq kirayə verirlər. 

YM



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda siqaretin qiyməti bahalaşacaq?

Mən bir vətəndaş kimi siqaret və alkoqollu içkilərin qiymətinin artmasının tərəfdarıyam. Çünki bu məhsulların istifadəsi bilavasitə insanların səhhəti üçün zərərlidir.

Rubl görün neçəyə oldu - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.