banner
banner

Gündəm

Nüsrət Qasımov: “Gəncədəki partlayış təxribat ola bilməz”

Nüsrət Qasımov: “Gəncədəki partlayış təxribat ola bilməz”

İki gün öncə Gəncədə baş verən qaz partlayışı, ardınca paytaxtda baş verən qaz partlayışları və dəm qazı zəhərlənmələri ciddi təlaş doğurub. Qışın gəlişi ilə bu sahədə xeyli neqativ hallar da artmaqdadır. Bunun qarşısını hansı formada almaq olar? Çıxış yolları nələrdir?

Azad İstehlakçılar Birliyinin kommunal təsərrüfat üzrə mütəxəssisi, “Azəriqaz” İstehsalat Birliyinin eks şöbə rəisi Nüsrət Qasımov “Yeni Müsavat”a müsahibəsində bu suallara aydınlıq gətirib. Müsahibimizdən öncə Gəncədəki məlum partlayışla bağlı rəy almaq istədik.

- Gəncədəki hadisə barədə şərh vermək istəmirəm. Dövlət komissiyası işləyir. Bu şərh dövlət komissiyasına müdaxilə etmək kimi qiymətləndirilə bilər. Ancaq öz mülahizələrimi deyə bilərəm. Orada heç bir təxribatdan söhbət gedə bilməz. Adi yaşayış binasıdır. Bu təxribatların qarşısını almaq üçün baş vermiş olay komissiya tərəfindən araşdırılmalıdır və əhaliyə müfəssəl xəbər verilməlidir. Yəni aydınlıq gətirilməlidir ki, insanlar nigaranlıqda qalmasınlar. Təəssüf ki, bu zamana qədər baş verən hadisələrlə bağlı komissiya tərəfindən heç bir açıqlama verilməyib. Kimin təqsiridir, nə baş verib? Bu haqda böyük müzakirələr aparılmalıdır. Ən əsası da ona görə ki, orada insan ölümü var. Bir insanı həyata qaytarmaq üçün milyardlar da ödənsə, faydası olmaz. Bir adam bir adamı bıçaqlayanda onun söhbəti nə qədər müddət gedir.

Gəncədəki qaz partlayışı ilə bağlı araşdırma bitsin, komissiya öz rəyini versin. Ondan sonra təhlil etmək olar.

- Düzdür, siz araşdırma nəticələri elan edilmədən bu barədə rəy vermək istəmədiniz. Amma adəti üzrə bu cür böyük qəzaların baş verməsinə səbəb nə olur?

- Mənim mülahizəmə görə, ikinci mərtəbədəki sakin qazı yanılı qoyub, yatıb. Gecə də müəyyən səbəbdən, ya külək, ya da qazın üstündə qazan olub, çay olub. Daşıb söndürüb onu. Dolub otağa. Biz işlətdiyimiz qaz məişət qazıdır və o, otağa, mətbəxə 4.5 faiz yığılarsa, partlayış üçün hazırdır. 15 faizdən yuxarı partlayış yox, yanğın olur. Çünki qazın konsentrasiyası yuxarı olur. Hər hansı bir qığılcımdan, hətta soyuducu relesi açılıb-bağlananda kontakt edir, qığılcım çıxır. Ya da işığı yandırıb-söndürəndə qığılcım əmələ gəlir. Bu da partlayış törədir. Əgər səhərə yaxın olubsa, bunlar ayılıblar, ya çay qoymaq istəyiblər, ya da səhər yeməyi hazırlamaq istəyiblər. Bu zaman da partlayış baş verib. Partlayış olanda partlayışın zərbə qüvvəsi hər kvadrat metrə 400 tona bərabər olur. Çox güclü partlayışdır. Metan yox, propan qazıdırsa, onların partlayış həddi daha aşağı qatdadır.

- Yəni bunu təkcə insan məsuliyyətsizliyi faktoru ilə izah etmək olmaz. Ortada həm də texniki nasazlıq məsələsi var...

- Təkcə insan məsuliyyətsizliyi deyil. Amma əksər halda insan məsuliyyətsizliyidir. Nəzarət profilaktik işlər zəifdir, maarifləndirmə işləri yetərincə deyil. İnsanlar da öz həyatlarına laqeyddirlər. Belə bir söz var ki, özünü qoruyanı Allah da qoruyur. Sən özünü qorumalısan ki, Allah da səni qorusun. Sən çayniki qazın üstünə qoyub gedib seriala baxırsansa, qazanı qazın üstündə qoyub rəfiqələrinlə saatlarla söhbət edirsənsə, qazın da dili-ağzı yox. Daşır tökülür qazın üstünə. Qaz sönür, dolur otağa. Sovet vaxtı mən nəzarətçi işləmişəm. Ayda bir dəfə gündə 60 mənzili yoxlayırdım. Abonentlərlə kontaktımız çox ciddi idi. İnsanlar gözləyirdi ki, nəzarətçi gələcək, nəsə bir problem olsa, məni tənbeh edə bilər. Ya da başqa bir cəza növü tətbiq edə bilər. Ciddi məsuliyyət vardı. İndi 6 aydan bir bu müdaxilə olur. Hərə bir cür müdaxilə edir, öz işini də görür. Qazın təhlükəsini görmür. Hamı bilir ki, elektrik naqilinə əlini vursa, cərəyan adamı öldürə bilər. Amma qazı nəzarətsiz qoysan, özünə də, ətrafına da xətər vura bilər. İnsanlara bu barədə xəbərdarlıq edilməlidir. Elə insanlar var ki, dağ yerindən gəlib və bu barədə məlumatları yoxdur. Onları məlumatlandırmaq, xəbərdarlıq etmək lazımdır ki, qaz cihazlarından necə istifadə etsinlər. Gəncədə rəhmətə gedənlər də yerli əhali deyildi, kirayə yaşayırdılar orada. Bəlkə də qazla tanışlıqları olmayıb. Amma bizim mətbuatda xeyli çıxışlarımız, maarifləndirici mövqelərimiz olub ki, bunun da faydası rəqəmlərdə yer alır. Əgər 2016-cı ildə 470 nəfər qazdan zəhərlənmə ilə bağlı Toksikologiya Mərkəzinə müraciət etmişdisə, 2017-ci ildə 250 nəfər müraciət edib. Yarıbayarı azalma özünü göstərib.

- Bakı şəhərinin əhalisi dayanmadan artır. Amma qaz təchizatı sistemi tələbata uyğunlaşdırılmayıb. Bu borular yenilənməli olduğu halda, bu sahədə axsamalar var. Belə sayaq qəzalara həm də köhnə təchizat səbəb ola bilərmi? 

- Ola bilər. Bakı şəhərinin qazlaşdırılması 30-cu illərin əvvəllərinə təsadüf edir. Bəzi yerlərdə 90 yaşı var qaz xətlərinin. Elə xətlər var ki, qalın asfalt xəttinin yanındadır. Onun yanından kanalizasiya, su, elektrik kabeli, cürbəcür kommunikasiyalar keçir. Onu tərpətmək qeyri-mümkündür. Bir çox küçələri qazmaq olmaz. Qaz kəməri keçən yerlərdə, zirzəmilərdə detektorlar quraşdırılmalıdır. Ola bilər qaz borusu korroziyaya uğrasın, deşilsin, oradan sızma əmələ gəlsin. Kanalizasiya xətti ilə getsin çıxsın zirzəmiyə dolsun. Detektor olsa, bunu dərhal xəbər verəcək.

- Qazın təzyiqini artırmaq üçün bəzən ona əlavə maddələr də vururlar. Bu maddələrin də zəhərlənmələrə səbəb olması ilə bağlı versiyalar var.

- Əvvəllər əhalinin 60 faizi kənd yerlərində yaşayırdı. Amma indi əhalinin 51 faizi Bakıya köçüb, 49 faiz kənddə qalıb. Kəndli toyuq-cücə saxlamağın məsuliyyətindən qaçır, özlərinə şəhər həyatı qururlar. Amma bu, balanslaşdırılmalıdır, Bakı qapalı şəhər olmalıdır. Ona görə də hadisələr çoxalıb. İnsan çox olduqca hadisə də çox olacaq.

O ki qaldı qazın tərkibinə nəsə qatılmasına, qazın tərkibinə etil merkaptan qatılır. Onu da qışda hər min kubmetrə 16 qram qatılır, yayda 8 qram qatılır. Yumurta iyi verən maddədir. Bu da ona görədir ki, mətbəxə, evə daxil olanda onun iyini hiss edəsən. Biz hər zaman tövsiyə edirdik ki, evə gələndə zəngi basmaq olmaz. İçəri girən kimi işığı yandırmaq olmaz. Evə girən kimi havanı dəyişdirib, sonra işığı yandırmaq lazımdır. Zəhərli maddə qatırlar deyirlər. Niyə? Düşmənçilikdir? 2.5 milyon “Azəriqaz” abonenti var. Niyə onların 100-200 mini zəhərlənmir? Tərkibdə zəhərli maddə olsa hamı zəhərlənərdi də. Ana-bacılarımız bütün gün mətbəxdə yemək bişirirlər. Onlar niyə zəhərlənmir? Niyə tək-tük adamlar zəhərlənib dünyasını dəyişirlər? Bu cür zəhərli qaz söhbətini ancaq bu ölkəni sevməyən adamlar ortaya ata bilər.

- Dəm qazından zəhərlənmə halları əsasən hamamda baş verir. O halda nə etmək lazımdır?

- Hamamda yanan su qızdırıcılarının qaz sərfiyyatı bir saatda 3 kubmetrə çatır. 1 kubmetr qazın yanması üçün 9.5 kubmetr hava lazımdır. 3 kubmetrin yanması üçün 28 kubmetr hava lazımdır. Qapının altında deşiklər olmalıdır ki, təmiz hava girsin. Hava çatışmayanda yanma prosesi pozulur. Karbon monoksid  yaranır ki, bu da zəhərlidir. İnsan bədəninə daxil olur, beyin toxumalarını zədələyir, insan huşunu itirir, dodaqları göyərir. Bu, 7 dəqiqə ilə yarım saat ərzində insanı öldürür.

- Havalandırma sistemi olmayan hamamlarda bu hal daha çox yaşanır?

- Bu, daha çox fərdi evlərdə baş verir. Hamamı harda gəldi quraşdırırlar, küncdə. Hava çatmır, təbii işıq mənbəyi, ventilyasiya kanalı olmur, tüstü bacası quraşdırılmır. Ventilyasiya kanalı elə olmalıdır ki, bir saatda 3 dəfə havanı təmizləsin. Hamamın qapısı bayıra açılmalıdır. Çünki huşunu itirən adamı xilas etmək istəyəndə bayırdan qapını açmaq lazımdır. Çox adam havalandırma kanalını bağlayır ki, qonşudan cücü, tarakan gəlir. Bura nəzarət edən qurumları da təqsirləndirirəm. Onlar gəlib 6 aydan bir nəzarət etməlidir.

- Evlərdə detektorların quraşdırılması da qaz zəhərlənmələrinin qarşısını ala bilərmi?

- Təzə MTK-larda dövlət komissiyası detektorlar olmayan evləri qəbul etmir. Köhnə evlər qalıb Allah ümidinə. Onlar xəsislik edib, 35-40 manat verib, o qurğunu almırlar. Xarici ölkələrdə insanların evində detektorlar var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.