banner
banner

Sİyasət

Parlament qanunlara düzəlişlər etdi

| Xəbər 1610 dəfə oxunub
Parlament qanunlara düzəlişlər etdi

Əmək və əhalinin sosial müdafiəsi naziri  Sahil Babayev: “Gələn il 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq”

Noyabrın 27-də Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi.

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi başladı. İclasda Nazirlər Kabinetinin üzvləri, maliyyə naziri Samir Kazımov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, vergilər naziri Mikayıl Cabbarov və digər hökumət üzvləri iştirak edirdi.

Komitə sədri Ziyad Səmədzadə dövlət büdcəsini müsbət xarakterizə etdi və yüksək səviyyədə müzakirələrin təşkilinə şərait yaratdığı üçün parlament rəhbərliyinə təşəkkürünü bildirdi.

Bundan sonra büdcə layihəsi əsas kimi səsə qoyuldu və 103 deputat lehinə, 1 deputat əleyhinə olmaqla qəbul edildi.

Sahibə Qafarova büdcə layihəsindən danışarkən təhsil xərclərinin cari illə müqayisədə 11,3 faiz artırılmasını təqdir etdi.

Cavanşir Paşazadə çayçılığın inkişafı ilə bağlı təkliflərini səsləndirdi. Qeyd etdi ki, prezidentin çayçılığın inkişafı ilə bağlı imzaladığı proqrama əməl edilməsi istiqamətində zəruri addımlar atılmayıb. Deputat dedi ki, Lənkəran bölgəsində çayçılığın inkişafı nəticəsində ölkəmizin çaya olan tələbatını ödəmək imkanımız olduğu halda, biz hələ də xaricdən çay idxal etməyə məcburuq. Bu da əlavə xərclər deməkdir.

Novruz Aslanov büdcədəki Prezidentin Ehtiyat Fondu ilə bağlı bölümə diqqət yetirilməsini təklif etdi. Dedi ki, ölkədə bir sıra vacib layihələrin həyata keçirilməsində məhz Prezidentin Ehtiyat Fondunun mühüm yeri var.

Maliyyə naziri Samir Şərifov çıxışında bildirdi ki, 2019-cu ilin dövlət büdcəsində məcburi köçkünlərin mənzil-məişət məsələlərini həll etməkdən ötrü Neft Fondunun büdcəsindən əlavə olaraq 200 milyon vəsaitin ayrılması nəzərdə tutulub.

Bundan əlavə, ölkədə məşğulluq tədbirlərinin keçirilməsi üçün 80 milyon, ölkə üzrə dövlət sifarişi ilə ali təhsil alanların xüsusi çəkisinin artırılması üçün 11 milyon, Gənclər Fondunun xərcləri əlavə olaraq 2,7 milyon manat, AMEA-nın xərclərinin 800 min manat, səhiyyə xərcləri əlavə olaraq 4 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Həmçinin ölkədə yeni yaradılmış bir sıra təşkilatlara 5,5 milyon manat əlavə vəsait ayrılacaq. Milli Məclisin saxlanma xərcləri 10,1 milyon manat artırılıb. Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulmuşdu.

Nazir bildirdi ki, yeni əkin sahələri, suvarılma işləri ilə əlaqədar kənd təsərrüfatına əlavə 40 milyon manat ayrılacaq. 256 milyon manatlıq vəsait isə islahatların həyata keçirilməsinə yönəldiləcək. Bələdiyyələrə verilən dotasiya isə 500 min manat azaldılacaq.

S.Şərifov deputatların səsləndirdiyi ayrı-ayrı sahələrlə bağlı təkliflərdən də bəhs etdi. Dedi ki, bu təkliflər hökumət tərəfindən təhlil ediləcək. Nazirin sözlərinə görə, bunlarla bağlı hesablanma daha çox vaxt tələb etdiyinə görə gələn illərdə onlara baxılacaq. “Bu təkliflərin reallaşdırılması üçün 7 milyard manat əlavə vəsait tələb olunur. Təbii ki, bu həcmdə vəsaitin ayrılması qeyri-realdır”. Nazir dedi ki, sadalanan təkliflər qəbul olunduğu təqdirdə onların maliyyə təminatı üçün əlavə mənbələr yaradılacaq. Gömrük Komitəsinin xətti ilə əlavə daxilolmaların hesabına nəzərdə tutulan bir sıra proqnozların icrası nəzərdə tutulur.

Nazir bildirdi ki, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri isə 25 milyard 190 milyon manat təşkil edəcək. Onun sözlərinə görə, xərclərin ÜDM-də xüsusi çəkisi 30,7 faiz təşkil edəcək. Dövlət büdcəsinin kəsiri isə 159 milyon manat artaraq, ümumilikdə 2 milyard 22 milyon manat təşkil edəcək. Bunun isə ÜDM-ə nisbəti 2,2 faizdir.

Maliyyə naziri deputatları büdcə zərfinə səs verməyə çağırdı.

2019-cu il dövlət büdcəsi zərfi ikinci oxunuşda səsə qoyuldu və 92 nəfər lehinə, 2 əleyhinə, 2 bitərəf olmaqla qəbul edildi. Üçüncü oxunuş 30 noyabrda olacaq.

Bundan sonra “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri  ikinci oxunuşda müzakirə edildi.

Komitə sədri Hadı Rəcəbli dedi ki, ehtiyac meyarı 143 manat təşkil edəcək ki, bu da əvvəlki ildən 13 manat artıqdır. Bu, həm də əlavə vətəndaşların ünvanlı sosial yardım almasına imkan verəcək. Hesab edirəm ki, 143 manat normal rəqəmdir. Yaşayış minimumu isə 173 manatdan 180 manata qaldırılıb.

Spiker O.Əsədov maliyyə nazirinə müraciət etdi: “Samir müəllim, gələn il yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanuna baxmaq lazımdır. Hər il eyni məsələləri təkrar edirik”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dedi ki, gələn il Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır. Nazir bildirdi ki, bu vəsaitin 97 faizi əhaliyə yönəldiləcək: “Nəticədə ödəniləcək əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq. Proqnoza əsasən, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək. Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən siyasətin əsas məqsədidir”. S.Babayev bildirdi ki, İşsizlikdən Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində proqnozlaşdırılır. “Bu qiymətləndirmə cari ilin göstəricilərindən 4.7 faiz artıq olacaq. Xərclərin də strukturunda önəmli istiqamət özünəməşğulluq tədbirlərinə yönəldilib. Bu, həyata keçirilən genişmiqyaslı proqramdır və cari ildə 7 min ailəyədək əhalini əhatə edib. Nəticədə Azərbaycanda kiçik ailə təsərrüfatının yaradılmasına stimul verəcək. Gələn ilin büdcəsində 50 faiz artım məhz özünəməşğulluq tədbirlərinə yönəldilib”.

S.Babayev deyib ki, 2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri əhatə etməsi gözlənilir: “Sosial müdafiə, sosial təminat tədbirlərinin 2,1 min nəfəri əhatə etməsi gözlənilir. Gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alanların sayı isə 571 min nəfər olaraq proqnozlaşdırılır. Ümumilikdə, ölkə əhalisinin 21 faizi sosial təminat vasitəsilə əhatə olunacaq”.

“Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əməkqabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilir. Qeyd edək ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əməkqabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat məbləğində müəyyən edilib.

Hər iki qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olundu.

 İclasda İnzibati Xətalar Məcəlləsinin maddələrindən birinin ləğv edilməsi məsələsi müzakirə olundu. Bu, məcəllənin 450-ci (Aksiz markasilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı) maddəsidir. Maddəyə əsasən, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə, fiziki şəxslər 150 manatdan 250 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir. Pərakəndə satış istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması görə 100 manat məbləğində cərimə tətbiq olunur.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Deputat Zahid Oruc dedi ki, hər nazir dəyişəndə pensiya sistemində köklü dəyişikliklər baş verir: “Amma burada sabit vəziyyət olmalıdır. Qanunun vəzifəsi odur ki, vətəndaşın durumunu ağırlaşdırmasın. Ona görə də mən sabit pensiya modelinin, nəhayət, Azərbaycanda da tətbiq olunmasını istəyirəm. Almaniya, yaxud başqa ölkədəki pensiya sistemi bizdə çalışmaya bilər, çünki hər ölkənin özəllikləri var”.

Əmək və əhalinin sosial müdafiəsi naziri  Sahil Babayev dedi ki, növbəti ildən etibarən pensiyaya çıxan insanlara 25 illik stajın verilməsi prosesinə başlanacaq. Nazir dedi ki, gələn il 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq: “73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək”. “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik müzakirəsi zamanı S.Babayev dedi ki, gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48 faiz artacaq: “Gələn ildən başlayaraq Azərbaycan vətəndaşlarına pensiya təminatı avtomatlaşdırılmış qaydada aparılacaq”.

Komitə sədri Əli Hüseynli dedi ki, bu dəyişikliklər deputatların imicinə müsbət təsir göstərəcək. Dedi ki, layihə ilə bağlı beynəlxalq təşkilatın nümayəndələrinin, həmçinin Milli Məclis Aparatının və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin nümayəndələrinin iştirakı ilə qapalı müzakirə həyata keçirilib. Komitə sədri yekun layihəni təqdim etdi və üçüncü oxunuşda “çıxışdan çəkinməyə”, hamını səs verməyə çağırdı.

Bundan sonra Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik edilməsi, Milli Məclisin deputatının statusu haqqında qanun layihəsi və Milli Məclisin deputatının etik davranış qaydaları haqqında layihə səsə qoyuldu və 95 lehinə, 2 əleyhinə olmaqla hər üçü qəbul olundu.

İclasda parlamentin Daxili Nizamnaməsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılaraq qəbul edildi. Dəyişiklik layihəsində Azərbaycan Hesablama Palatasının üzvlərinin sayının azaldılması təklif olunub. Nizamnamənin 44-cü (Milli Məclisin Hesablama Palatası) maddəsinə əsasən, Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Dəyişikliklə isə auditorların sayı 7-dən 5-ə endirilib. Bundan sonra Hesablama Palatası sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində 5 il iş təcrübəsinə malik olan ali təhsilli şəxslərdən ibarət olacaq. Hazırkı qanunvericilikdə iş təcrübəsi müddəti nəzərdə tutulmur.

Digər dəyişiklik təklifi isə parlamentin İntizam komissiyasının üzvlərinin sayının artırılması ilə bağlıdır. Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilib. Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilib. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılıb. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi