banner
banner

Gündəm

ABŞ-ın keçmiş səfirinin Azərbaycana təhlükə ilə bağlı sensasion araşdırması

ABŞ-ın keçmiş səfirinin Azərbaycana təhlükə ilə bağlı sensasion araşdırması

Amerikanın analitik mərkəzləri Böyük Xəzər regionunda (Mərkəzi Asiya və üç Cənubi Qafqaz respublikaları nəzərdə tutulur) kritik əhəmiyyətli infrastrukturun mühafizə olunması üçün zəruri tədbirlər barədə məsələni araşdırır. Virtualaz.org xəbər verir ki, bu barədə Amerikadakı Xəzər Siyasi Mərkəzinin (Caspian Policy Center) saytında dərc edilmiş və “Böyük Xəzər regionunda kritik mühüm infrastrukturun mühafizəsi-tələbatlar və imkanlar” adlı araşdırmada deyilir. Araşdırmanın müəllifi isə ABŞ-ın Bakıdakı keçmiş səfiri Robert Sekutadır.

R.Sekuta qeyd edir ki, bu mərkəz regionda kritik infrastrukturun vəziyyətinin mühüm aspektlərini araşdırıb. Hökumətlər və özəl sektor tərəfindən mövcud və formalaşmaqa olan kritik infrastrukturun mühafizəsi üçün fəal tədbirlərin görülməsinin zəruri olduğu qənaətinə gəlib. Mərkəz dörd əsas sektor müəyyən edib. Bura elektrik şəbəkələri, İT və telekommunikasiya sistemləri, neft və qaz kəmərləri, habelə yeni dəmir yol, bərə və digər yerüstü nəqliyyat şəbəkələri daxildir.

Keçmiş səfir bildirir ki, mühüm infrastrukturun mühafizəsi region ölkələrinin təhlükəsizliyi, iqtisadi inkişafı və əhalisinin rifahı üçün böyük əhəmiyyətə malikdir. Kritik infrastrukturun qorunması onun yaradılması qədər vacib məsələdir, amma bu infrastruktur sistemlərinin mühafizə olunması və bərpa edilməsi işləri yetərincə deyil. Nəticədə ən müxtəlif fəsadlar ortaya çıxa bilər-müvəqqəti narahatlıqlardan tutmuş kütləvi insan ölümlərinə, cəmiyyətin ciddi narazılığından siyasi çaxnaşmalara qədər.

R.Sekuta yazır ki, son hadisələr göstərir ki, regionda kritik infrastruktur Birləşmiş Ştatların və Qərbi Avropa ölkələrinin qarşılaşdığı problemlərdən sığortalanmayıb: “Məsələn, regionun elektrik şəbəkələrinn kökü sovet dövrünə gedib çıxır və köhnəlir ölkələrin artan iqtisadiyyatına və əhalisinin tələbatına cavab verə bilmir. İyulun 3-də Azərbaycanda elektrik enerjisinin bütün ölkə boyu kəsilməsi nasazlıqların hansı nəticələrə gətirib çıxara biləcəyini əyani göstərir”.

 

Robert Sekuta yazır ki, İT və telekommunikasiya sistemlərində belə çatışmazlıqlar mövcuddur: “Belə ki, Çin yeni Trans-Avrasiya şəbəkəsinin qurulmasında mühüm rol oynayıb, habelə Rusiya ilə optik lifli kabellər şəbəkəsinin və digər sistemlərin qurulması üzərində birgə işləyib. Narahatlıq və təhlükə var ki, Çin və Rusiya hökumətləri bu sistemlər üzərindən ötürülən bitləri və baytları izləyir, onları öz serverlərində yerləşdirir və saxlayır. Ona görə də region hökumətləri informasiyaların ötürülməsi üzərində nəzarətlərini itirə və verilənlərin lokallaşdırılması üçün Pekinin artan təzyiqləri ilə qarşılaşa bilərlər. Nəticədə isə bütün vətəndaşlar, özəl sektor və hökumətlər zərər çəkər”.

Sabiq səfir sonda bu məsələlərdə ABŞ və Avropa ölkələrinin dəstəyini də dolayısı ilə təklif edib: “Bu məsələdə ABŞ və Avropa ölkələri ilə əməkdaşlıq hamıya fayda gətirərdi. Çünki həmin ölkələr İpək Yolunun inkişafında və uğurlarında maraqlıdır”.

Qeyd edək ki, R.Sekuta bu ilin aprelin əvvəlində səfir vəzifəsini başa vurub. Onun yerinə hələ ki yeni səfir göndərilməyib. 

ABŞ-ın keçmiş səfirinin yazdıqlarının Azərbaycana gəlmək istəyən şirkətlərə lobbiçilik etmək istəyinin göstəricisi, yoxsa narahatlıqdan irəli gələn yazı olduğu sualı yaranır.

Sülhəddin Əkbər ile ilgili görsel sonucu

Bu barədə “Yeni Müsavat”a şərhində Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, keçmiş səfirin dediklərinin arxasında, şübhəsiz, ABŞ-ın kəşfiyyat məlumatları var. Yazılanlar geopolitik qarşıdurmanın həm qlobal miqyasda, həm də regional miqyasda həlledici mərhələyə daxil olduğunun daha bir nümayişidir:“Xatırlayırsınızsa, Mingəçevirdə məlum hadisə, ardınca da Gəncədə terror hadisəsi baş verəndə mən bir geniş məqalə yazmışdım, baş verənlərin arxasında Rusiyanın durduğunu və nə məqsədlə durduğunu qeyd etmişdim. Bunu mənim dediklərimi Robert Sekuta indi təsdiq edir deyə yada salmıram. Sadəcə olaraq, bunun yeni bir şey olmadığını demək istəyirəm. Mən hər dəfə jurnalist dostlara müsahibə verəndə bir fikri təkrar eləməkdən çəkinmirəm. Çünki bu fikrin Azərbaycan cəmiyyətində oturuşmasını istəyirəm ki, geopolitik qarşıdurma həm qlobal miqyasda, həm də regional miqyasda həlledici mərhələyə daxil olub. Artıq tərəflər-ABŞ və onun müttəfiqləri, digər tərəfdə isə Rusiya və İran artıq hər bir ölkədən tərəf seçməsini istəyir. İlk növbədə də ABŞ və Rusiya bunu istəyir. Yəni hər bir region dövləti artıq öz strateji seçimini etməlidir. Əgər söhbət bütövlükdə Cənubi Qafqaza gəlirsə, Gürcüstan artıq strateji seçimini edib, Avropa İttifaqı və NATO-ya üzvlük yolunu tutub. Bu il Ermənistanda baş verən siyasi dəyişikliklər, məxməri inqilab, hakimiyyətin dəyişməsi baş verdi və qarşıda parlament seçkiləri gəlir.

Bu seçkilərdə də qərbmeylli qüvvələrin qalib gələcəyi gözlənilir. Ermənistan da artıq Qərbə doğru yön almağa başlayır. Beləliklə, qalır bircə Azərbaycan. Burada bir məsələ region dövlətlərinin, o cümlədən Azərbaycanın geopolitik seçim etməyi ilə bağlıdır. Digər tərəfdən transregional layihələrlə bağlıdır. Əslində hər iki məsələ geopolitik, geostrateji məsələdir. Amma detallarına ensək biri region ölkələrinin öz geopolitik, geostrateji seçimlərini etmələri ilə, biri də bütövlükdə ümumi regional inkişafla bağlıdır. 1994-cü ildə ”Əsrin müqaviləsi" imzalanmamışdan öncə hələ həmin ilin may ayında Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olundu. Bunun arxasında Rusiya ilə ABŞ-ın gizli razılaşması dururdu. Ondan sonra sentyabrda müqavilələr imzalandı. Yəni həmin dövrdən başlayaraq ABŞ ilə Rusiya arasında böyük bir razılaşma əldə olundu. O vaxt bu razılaşmaya əsasən kobud desək, geoekonomik baxımdan Azərbaycan ABŞ və Qərbə bağlandı, geopolitik və və geostrateji baxımdan isə Rusiyanın təsir zonasında qaldı. 1998-ci ildə isə Pentaqon bütövlükdə Xəzər regionunu öz məsuliyyət sahəsinə daxil etdiyini bildirdi. Yəni 1994-cü ildən olan razılaşma bu günə qədər qüvvədə qalıb. Amma regionda baş verən son iki böyük geopolitik dəyişiklik-bir tərəfdən QBŞ və Qərbin postsovet məkanında regional maraqlarının inkişafı, yəni buraya daxildir Moldova, Ukrayna, Gürcüstan və Ermənistanda gedən proseslər, eyni zamanda Qara dənizdə və Azov dənizində bu gün baş verənlər, digər tərəfdən İran məsələsinin gündəmə gəlməsi. Bu iki məsələ artıq geopolitik inkişafı yeni bir mərhələyə çıxarıb".

S.Əkbərin fikrincə, bu proses həlledici mərhələdir. Burada Azərbaycan da öz strateji seçimini etməlidir. Digər tərəfdən, burada üçüncü bir məsələ də var. O da Çinin bir qurşaq və bir yol strategiyasını ortaya atması, inkişaf etdirməsidir: “ABŞ-da bizim regiona Cənubi Qafqaz və Mərkəzi Asiya regionu deyirlər. İndi isə təzə bir termin ortaya atıblar-Geniş Mərkəzi Asiya regionu deyirlər. Bütün Cənubi Qafqazı, Xəzəri və Mərkəzi Asiyanı nəzərdə tuturlar. İndi məlum olur ki, Çin Xəzər və Cənubi Qafqaz regionunda həyata keçirilən makroekonomik layihələrinə-Enerji və nəqliyyat layihələrinə öz strategiyasının tərkib hissəsi kimi baxmağa başlayıb və bu ölkələrə maliyyə dəstəyi vəd edir. Yəni artıq Çin də geopolitik qarşıdurmaya qoşulub və üçüncü tərəf olub. Artıq bizim regionda geopolitik qarşıdurma əvvəlki kimi ancaq Qərblə Rusiya arasında getmir, üçüncü oyunçu-Çin də var. Ona görə də artıq həlledici mərhələdir və bizim regionda bütün dövlətlər, o cümlədən Azərbaycan öz strateji seçimini etməlidir. Robert Sekutanın yazdıqlarını da bu kontekstdə dəyərləndirmək lazımdır. Bir tərəfdən  keçmiş səfirin dediklərində həqiqət var, onun dediklərinin arxasında şübhəsiz ki, ABŞ-ın kəşfiyyat məlumatları var. Digər tərəfdən də bu yaxınlarda ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfərində verdiyi təklifləri xatırlasaq mənzərə bir qədər də aydınlaşar. Bolton iki istiqamətdə əsasən təklif vermişdi-Qarabağ məsələsinin həlli ilə bağlı tərəflərə faydalı razılaşma vəd edirdi, eyni zamanda tərəflərə ölkəsinin silah satmağa hazır olduğunu bəyan edirdi. İndi Sekutanın yazısının sonunda isə ABŞ-ın dolayısı ilə üçüncü təklifi verilir. Yəni ABŞ Azərbaycan da daxil olmaqla, regionun həssas infrastrukturunu qorumağa hazır olduğunu bildirir. Yeri gəlmişkən, bu hazırlığın elanı Amerika tərəfdən yeni də deyil. Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilişi gündəmə gələndə bu günə qədər dəfələrlə bu tipli təklif olub. Xatırlayırsınızsa, Türkiyə, Azərbaycan və Gürcüstan Türkiyədə komanda qərargah təlimi keçdilər. İlk dəfə idi ki, bu təlimlərə Türkiyənin, Azərbaycanın və Gürcüstanın silahlı qüvvələrinin bölmələri də qatıldılar. Onların başlıca məqsədi də bu həssas infrastrukturun müdafiəsinin öyrənilməsi idi. Yəni ssenari həssas infrastrukturun mühafizəsi ilə bağlı idi. Görünən odur ki, artıq bizim regionda da geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. Azərbaycan artıq bunun fərqindədir”.

Həmsöhbətimiz onu da dedi ki, sabiq səfirin araşdırmasından  həm də bu nəticəyə gəlmək olar ki, Azərbaycana indi də infrastruktura müdaxilə etməklə Azərbaycanda sabitliyin pozulması təhdidinin olduğu ortaya çıxır: “Yəni əgər bardağın dolu tərəfindən baxsaq, ABŞ bu infrastrukturun qorunması üçün öz xidmətini təklif edir və bununla da regiona müdaxilə etmək, təhlükəsizliyi təmin edən beynəlxalq qüvvələrin yeridilməsini istəyir. Bunu Amerika təkbaşına da edə bilər, müttəfiqləri ilə birgə də eləyə bilər. Bardağın boş tərəfindən baxdıqda isə ABŞ dolayısı ilə ona işarə vurur ki, Azərbaycan öz strateji seçimində tərəddüd edərsə, ona deyil, qarşı tərəfə-Rusiyaya meyllənərsə, onun həssas infrastrukturuna da həssas müdaxilələr ola bilər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.