banner
banner

Sİyasət

Hüseynbala Mirələmov: “Belə çıxır ki, mənim nəslimdən bir adam bizneslə məşğul ola bilməz...”

| Xəbər 2115 dəfə oxunub
Hüseynbala Mirələmov: “Belə çıxır ki, mənim nəslimdən bir adam bizneslə məşğul ola bilməz...”

 

Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmov “Yeni Müsavat”a geniş müsahibə verib. Həmsöhbətimiz parlament fəaliyyətindən tutmuş, yaradıcılıq işlərinə qədər ona ünvanlanan sualları cavablandırıb. Həmçinin zaman-zaman barəsində yazılan tənqidi yazılara, qalmaqallarda adının hallanmasına da özünəməxsus şəkildə münasibət bildirib.    

- Hüseynbala müəllim, Milli Məclisdəki büdcə müzakirələrində cəmi bircə dəfə çıxış etdiniz. Ümumiyyətlə, iclaslarda az danışan deputatlardansınız. Bu “ehtiyatlılığınızın” səbəbini bilmək olarmı?

- Yox, bu, ehtiyatlılıq deyil. Məndə belə bir xasiyyət var: demək istədiyimi - hətta çıxışa hazırlaşsam da - məndən qabaq deputatlardan kimsə deyibsə, artıq çıxış etmirəm. Çünki mən sevmirəm kiminsə sözünü təkrar edim.

- Büdcə müzakirələrində sizin demək istədiklərinizi həmkarlarınız dedilərmi?

- Mədəniyyət abidələrinin qorunması ilə bağlı çıxış etdim. Məndən sonra çox həmkarım o barədə sözünü dedi. Amma şəxsən mən hesab edirəm ki, bir dəfə çıxış etmək bəsdir. Mən çıxış naminə çıxış etmək istəmirəm.

- Xətai rayonundan, 33 saylı dairədən deputat seçilmisiniz. Seçicilərinizlə vaxtaşırı görüşürsünüzmü?

- Vaxtaşırı deyəndə ki... Mənim qəbul günlərim var. Seçicilərim həmin günlər qəbuluma gəlirlərsə, imkan daxilində onların arzu-istəklərini... Məsələn, elə vaxt olur heç nə edə bilmirik. Çünki torpaq, ev istəyirlər. Təbii ki, biz bu məsələləri həll edə bilmirik. Amma elə məsələlər var ki, ən azı nazirliklərə, müəssisələrə məktub yazırıq, xahiş edirik.

- Bəs nazirlər sizin xahişlərinizi eşidirlərmi? Həmkarlarınızın bir çoxu rəsmi qurumlardan şikayətçidir. Siz necə?..

- Bilmirəm kimlərdən söhbət gedir. Amma nazirlər mənim bütün zənglərimə həmişə cavab veriblər, onlardan heç bir narazılığım yoxdur. İmkan olmayanda da deyiblər nəyə görə mümkün deyil. Şəxsən mənim şikayətim yoxdur. Əlbəttə, mən çalışıram ki, az narahat edim. Elə məsələ var ki, bir telefon zəngi ilə onu həll etmək olar. Yəni real məsələlərlə bağlı zəng edirəm.

- Bəs bəzi əsərləriniz tamaşaya qoyulanda siz həmin nazirləri premyeraya dəvət edirsinizmi?

- Düzünü deyim, mən heç vaxt onları tamaşalarıma dəvət eləmirəm. Amma çox vaxt özləri gəlirlər. Məsələn, Milli Dram Teatrında mənim “Vəsiyyət” əsərimin tamaşası gedirdi-Milli Məclisin deputatı, bizim dostumuz Rövnəq Abdullayev, mənim xəbərim belə olmadan... Bir də axşam teatrın direktoru mənə zəng vurdu ki, bəs, sən haradasan? Dedim nə var, xeyir ola? Dedi Rövnəq müəllimin tapşırığı ilə bütün Neft Şirkətinin rəhbər işçiləri, idarə müdirləri, struktur bölmənin rəhbərləri bütün zalı götürüblər, bilet alıblar və gəliblər tamaşaya baxmağa. Çox da razı qalıblar, alqışlarla qarşılayıblar. Hətta Rövnəq müəllim orada məni soruşub ki, “sağ ol” desin, amma çox təəssüf ki, gec bildiyimə görə teatra gedə bilmədim. Öz arzu-istəkləri ilə tamaşaya gedən nazirlərimiz, idarə rəislərimiz, Milli Məclisin deputatları var. Məsələn, Ziyafət Əsgərov nəinki mənim tamaşalarıma, demək olar ki, Milli Dram Teatrında gedən bütün tamaşalara baxır. Mən onu Dram Teatrında həmişə görmüşəm, ən aktiv tamaşaçıdır. Əbülfəz Qarayev dəfələrlə tamaşalarıma gəlib. Neft və Sənaye Universitetinin rektoru öz kollektivi ilə dəfələrlə “Xəcalər”, “Vəsiyyət” tamaşalarına baxıb.

“Deyirəm düşünmə ki, sən gedib cinayət edəcəksən və mən sənin dalınca gələcəyəm”

- Bilet alır, ya dəvətnamə ilə?

- Bəli, bilet alır. Həm də ən aktiv oxucudur. Bir dəfə gecə saat 3-də telefon zəng çaldı, Ziyafət müəllim də xaricdəydi. Mənim təzə povestimi oxuyub bitirmişdi orada. Zəng edib mənə təşəkkürünü bildirdi ki, oxudum, çox xoşuma gəldi, sənə “sağ ol” demək üçün zəng etdim. Belə oxucular var.

- İndi hansı əsər üzərində işləyirsiniz?

- Hazırda çox mühüm trilogiya üzərində işləyirəm. Onu çoxdan başlamışam. Belə adlanır: “İki şah, iki sultan”. Söhbət 13-16-cı əsrlərdən gedir. Şahlarımız Uzun Həsən və Şah İsmayıl Xətai, sultanlarımız da İkinci Mehmet və Sultan Səlim Yavuzdur.

13-cü əsrdə ilk Azərbaycan dövlətinin bünövrəsini qoyan hökmdarımız Qazi Bürhanəddin olub. Onun əsl adı Əhməddir. O dövrdən başlamışam. Birinci kitab belə adlanır: “Qazi Bürhanəddin səltənətinin süqutu”. Romanın ilk hissəsi artıq “Azərbaycan” jurnalında çap olunub. İkinci hissə İkinci Mehmetlə Uzun Həsənin arasındakı müharibədən bəhs edir. Uzun Həsənin vaxtında müstəqil Azərbaycan dövlətinin ərazisi 3 milyon kvadrat kilometrə yaxın idi. Sonra da Şah İsmayılla Sultan Səlim arasındakı müharibələrdən bəhs olunur. Bilirsiniz ki, Çaldıran döyüşündə bizim Səfəvilər dövləti məğlub oldu. Mən niyə bu mövzuya müraciət etmişəm? Çünki həm Türkiyə, həm Azərbaycanda, ümumiyyətlə, Türk dünyasında bu iki müharibəyə baxışlar çox müxtəlifdir. Bəzən subyektiv, bəzən əqidədən, bəzən təriqətdən gələn münasibətə görə bu hadisələrə işıq salırlar. Mən bununla razı deyiləm. Çalışmışam ki, heç bir təriqəti əsas kimi götürmədən, sünni-şiə məsələsini bir kənara qoyub əsl obyektiv səbəbi göstərim. Nə üçün bu müharibələr baş verdi? Nə üçün bizim Ağqoyunlu dövləti, Səfəvilər dövləti məğlub oldu və bunun səbəbkarları kim idi? Əlbəttə, mən bir neçə cümlə ilə bunu deyə bilərəm ki, Roma papaları başda olmaqla, bütün Avropa bu iki türk dövlətindən qorxurdu. 1501-ci ildə Şah İsmayıl bütün Azərbaycanı, bütün İranı, Türkiyənin, Əfqanıstanın və Orta Asiyanın bir hissəsini özündə birləşdirən, paytaxtı Təbriz olan böyük bir müstəqil Azərbaycan dövləti yaratdı. O zaman Azərbaycan dövlətinin ərazisi 3,5 milyon kvadrat kilometr idi. Bəzi qaynaqlarda 2,8 milyon qeyd olunur. Amma mən bunları deyərkən AMEA-nın Tarix İnstitutunun məlumatlarına istinad edirəm. O zaman Azərbaycan dili dövlət dili elan olundu, Azərbaycan ədəbiyyatı yeni inkişaf yoluna qədəm qoydu. İki nəhəng türk imperiyası digər qüvvələri qorxudurdu. Ona görə də həmin qüvvələr hər iki türk imperiyasını bir-birindən xəbərsiz bir-birinin üzərinə qızışdırırdılar. Təsəvvür edin, o zaman 3,5 milyonluq ərazisi olan dövlətimizin bu gün 86,6 min kv.km. ərazisi var, onun da beşdə biri işğalda. Bu, bütöv Türk dünyasının faciəsidir. Ona görə də mən istəyirəm bu əsəri tam obyektiv, vicdanla işləyib təqdim edim. Bu roman həftədə bir dəfə “Kredo” qəzetində çap olunur. Qalıb üçüncü hissə, o da demək olar ki, beynimdə hazırdır. Allah sağlıq versə, 2019-cu ilin sonlarında bu trilogiyanı başa vurub üç kitab şəklində çap etdirəcəyəm.

- Hüseynbala müəllim, sizin adınızın bəzi hallarda qalmaqallı hadisələrdə hallanması yəqin ki, oxucularınızı da narahat edir. “Min bir gecə” restoranından tutmuş digərlərinə qədər.

- Vallah belə çıxır ki, mənim nəslimdən olan bir adam da bizneslə məşğul ola bilməz? (gülür). Nə olar ki, mən Milli Məclisin deputatıyam, yazıçıyam. Bu, o deməkdirmi ki, mənim qardaşım oğlunun, bacım oğlunun, hətta oğlumun biznesi olmasın? Niyə olmasın? Bir də görürsən qardaşım oğlu, ya bacımın oğlu haradasa qələt eləyib, yazırlar ki, deputat Hüseynbala Mirələmovun qardaşı oğlu... Ay qardaş, gözlərim aydın. Qardaşım oğlu günah etdi, cinayət elədi, cəzasını da aldı, çıxdı getdi. Yaxşı, mən neyləməliyəm?

- Belə hallar olanda qohum-qardaşa demirsiniz ki, mənə yaxın gəlməyin?

- Yox, demirəm. Amma qalmaqal dediniz e... İnanın, bu hadisələri şişirdənlər də başqa məqsəd güdür.

- Gərək çevrənizdəki insanlar, sizin qohum-əqrəbanız da elə davransınlar ki, sizin adınıza xələl gəlməsin. Elə deyilmi?

- Doğrudur. Mən sizinlə tamamilə razıyam. Əks təqdirdə, heç birinə yiyə durmuram. Heç birinin dalınca getmirəm, heç maraqlanmıram da. Deyirəm qardaş, təhsil almaq istəyirsənsə, nə qədər istəyirsən verim. Lap gəl, son qəpiyimi də verim, get, ingilis dilini, alman dilini öyrən. Get, kompüter öyrən. Deyirəm düşünmə ki, sən gedib cinayət edəcəksən və mən sənin dalınca gələcəyəm, elə söhbət yoxdur. Amma nə edəsən ki, cəmiyyətdə belə adamlar da olur.

Pashasoy2.jpg (166 KB)

- Sizin fikirləriniz də bir sıra hallarda geniş müzakirələrə səbəb olur. Xüsusilə də az yeməklə bağlı...

- Sizə səmimi deyim. Bir dəfə iki qız müxbir mənə yaxınlaşdı ki, Hüseynbala müəllim, biz istəyirik sizdən intervü götürək. Dedim buyurun. Əvvəlcə dedilər ki, hələ səmimi söhbət edirik, intervü deyil. Söhbət qənaətdən düşdü, mən də qeyri-rəsmi söhbətlər danışdım, dedim hələ dost söhbəti edirik, intervü üçün deyil. Sən demə, yazırmışlar. Sonra mən intervüyə başladım, fikirlərimi dedim. İnanın, mənim rəsmi intervümdən bir cümlə verməmişdilər. Ancaq hansı ki, onlarla səmimi söhbət etmişdik, onları yazmışdılar. Mən orada demişdim ki, bəli, indi camaat hamısı, istər kişi, istər qadın istəyirlər az yesinlər. Onlar istəyirlər ki, öz formalarını saxlasınlar. Belə bir səmimi söhbətdən sonra həmin müxbirlər götürüb başqa cür yazmışdılar. Guya mən demişəm insanlar az desinlər. İnanın, belə saxta, qeyri-səmimi yanaşma adamı təəssüfləndirir. Sonra o qıza dedim ki, mən hələ Politexnik İnstitutunda oxuyanda “Azərbaycan pioneri” qəzetində işləyirdim. Bəlkə də o dövrdə yanıma gələnlərə xəbər, oçerk yazmağı öyrədirdim. Mən beş il “Azərbaycan pioneri” qəzetinin ədəbiyyat şöbəsində baş ədəbi işçi işləmişəm. Dedim sən mənə danışmağı öyrədəcəksən, yoxsa yazmağı?! Vallah, bilirsiniz məndən nə qədər yazırlar, heç çoxuna cavab vermirəm. Heç kəsi məhkəməyə də verməmişəm. (Ani pauzadan sonra) Yox, bir dəfə oldu. Mənim övladlarımın üçü də dövlət işində işləyir. Biri diplomatdır, ikisi də hüquqşünas. Bir dəfə oxudum ki, bəs deputat Hüseynbala Mirələmovun oğlu gündüz saat 11-də Əhmədlidə supermarketdən çıxanda adam vurub. Dedim, qardaş, bu saatda mənim oğlanlarım işdədir, ciddi qurumlarda çalışırlar. Gördüm o yazır, bu yazır, bir-birindən götürürlər. Mən də vəkil tutdum, onları verdim Binəqədi Rayon Məhkəməsinə. Əlbəttə, axıra qədər getmədim, vəkil gəldi yanıma ki, onlar üzr istəyirlər, təkzib veriblər. Dedim mən onları bağışlayıram, amma onlar başa düşməlidirlər ki, nəyə görə yalan yazırlar, niyə mənim uşaqlarımın adını ləkələməyə çalışırlar, mənə hörmətsizlik edirlər? Beləcə onları bağışladım. Amma dedim ki, belə etmək olmaz. Heç olmasa obyektiv ol, nə var, onu yaz! Əsl jurnalist odur ki, gördüyünü yazsın. Mənim jurnalistika təhsilim yoxdur, ixtisasca mühəndisəm, amma dediyim kimi, 5 il qəzetdə işləmişəm. Səbəbi də o idi ki, 3-cü sinifdən o qəzetdə çıxış edirdim. 8-də oxuyanda hekayələrim çap olunurdu. İnstituta girəndə redaksiyaya getdim. Allah rəhmət eləsin, baş redaktor Əmrah Əmrahova özümü təqdim edəndə bütün işçiləri yığdı, dedi bizim fəal yazarımızdır. Elə oradaca məndən soruşdu ki, işləmək istəyirsən? Dedim mən gündüz oxuyuram. Dedi, eybi yoxdur, Hikmət Ziya bizdə şöbə müdiridir, o, xəstədir. Ona görə də nahar fasiləsinə qədər işləyir. Sən dərsdən çıxarsan, gəlib işləyərsən. Elə də oldu, 5 il işlədim. Hətta o qəzetin maketini tuturdum. Bilmirəm o qəzet yadındadır, ya yox?

- Hüseynbala müəllim, feysbukda səhifənizi gördüm. Sosial şəbəkədə xüsusi səhifə yaratmaq ideyası haradan yarandı?

- Bu təşəbbüs özümə məxsusdur. Ancaq vaxtım olmadığı üçün səhifəni köməkçim idarə edir. İllər idi ki, mənim heç bir əsərim feysbukda yox idi. Buna görə çox dostlarım mənə irad tutdu ki, bu qədər əsərlərin var, niyə feysbikda səhifə açmırsan? Mən də bu işi köməkçimə tapşırdım. Görürəm ki, yaxşı rezonans verib.

- Özünüz feysbukda kimlərin statuslarını bəyənirsiniz?

- (Gülür). Əlbəttə ki, mənim ünvanıma xoş sözlər olur, onları bəyənirəm. Bir də obyektiv olaraq tənqid edənlər xoşuma gəlir. Bədii ədəbiyyat belədir ki, çayxanada oturub demək olmaz ki, “o, nə yazıdır”. Gərək deyəsən ki, filankəsin filan əsərində filan məqamlar doğru deyil. Yəni əsaslandırasan. Yoxsa oturub çayxanada ki, “o, nə yazıdır e”, ya da filan əsər pisdir. Mənim əleyhimə danışan birindən soruşublar ki, sən onun əsərlərini oxumusan? Deyib yox. Deyib bəs niyə əleyhinə danışırsan? Qayıdıb ki, hamı danışır, mən də deyirəm. Həmin adam da qayıdıb ki, ayıbdır, adam kitabı oxuyar, sonra tənqid edər.

- Xalq yazıçısı almaq arzusu ürəyinizdən keçmir ki?

- Əlbəttə, bu, xoş bir stimuldur. Olsa, əlbəttə, çox minnətdar olaram. Amma olmasa da, deməli, belə məsləhətdir. (Gülür).



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi