banner
banner

Gündəm

Vahid Əhmədov: “Azərbaycan indi 90-cı illərin Azərbaycanı deyil”

| Xəbər 1858 dəfə oxunub
Vahid Əhmədov: “Azərbaycan indi 90-cı illərin Azərbaycanı deyil”

Milli Məclisin plenar iclaslarında 2019-cu ilin dövlət büdcəsi haqqında qanunun müzakirələri bu il ilk dəfə üç oxunuşda müzakirəyə çıxarıldı. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədovla müsahibəmizdə öncə büdcə zərfini dəyərləndirməyə çalışdıq. Həmsöhbətimiz digər məsələlərlə bağlı da kifayət qədər maraqlı fikirlər söylədi.

- Vahid bəy, üç oxunuşda müzakirə olunan büdcə haqqında qanunu necə dəyərləndirirsiniz? Budəfəki büdcə 2018-ci ilin büdcəsindən nə ilə fərqləndi?

- Büdcə müzakirələri bu il ilk dəfə üç oxunuşda keçirildi. Bu, çox böyük əhəmiyyət kəsb edir. Çünki üç oxunuşda danışmaq üçün plenar iclasda geniş imkan yaranır və bir yox, bir neçə dəfə danışmaq mümkün  olur. 2019-cu ilin dövlət büdcəsini qəbul etdik, yəqin ki, bir neçə gün ərzində cənab prezident təsdiqləyəcək və qüvvəyə minəcək. Bu büdcə 2018-ci ilin dövlət büdcəsindən fərlənir. Fikir verdinizsə, elə müzakirələrin yekunu zamanı da büdcəyə 410 milyon vəsait əlavə edildi. Bu da əsasən qaçqınlar və məcburi köçkünlərlə əlaqədardır. Bizi narahat edən məsələlərdən biri təhsillə bağlı idi. Bu sahəyə 11 milyon manat ayrıldı. Maliyyə naziri, cənab Samir Şərifov qeyd etdi ki, 2019-cu ildə ödənişsiz təhsil alanların sayı 20 faiz artırılacaq. Bu, bizimçün çox önəmlidir. Çünki biz Təhsil kreditləri haqqında qanun layihəsi təqdim etmişik.

- Səhv etmirəmsə, həmkarınız Əli Məsimli  ilə birgə...

- Bəli, bir yerdə hazırlamışıq. Bu qanun hələlik qəbul olunmayıb. Düzdür, komitədə müzakirəsi olub, amma banklar tərəfindən müəyyən maneələr olduğu üçün qəbulu gecikir. Lakin biz belə hesab edirik ki, bu qanun mütləq qəbul olunmalıdır. Çünki insanlar təhsillə bağlı çox böyük əziyyət çəkirlər. Bu gün elə universitet var ki, orada təhsil haqqı müəyyən fakültələrdə 4 min manatı da keçib. Gənclərimiz bu vəsaiti ödəyə bilmədiklərindən məcbur olurlar təhsili yarımçıq buraxıb getsinlər. Ona görə də təhsil krediti haqqında qanunun qəbulu vacibdir. Beynəlxalq təcrübədə də belə bir qanunlar var. Amma istənilən halda dövlət büdcəsinin 410 milyon manat əlavə vəsaitin artırılması çox önəmli məsələdir.

“Heç kim deyə bilməz ki, 10-20 gündən sonra neftin qiyməti necə olacaq”

- Sizi başqa hansı məsələlər narahat edirdi? Hökumət təkliflərinizi nəzərə aldımı?

- Əlbəttə, vergi sistemi ilə əlaqədar məsələ bizi çox narahat edirdi və bu sistemdə aparılan islahatlar tərəfimizdən müsbət qarşılandı. Biz İqtisadi siyasət komitəsi olaraq ayrıca vergilər naziri, cənab Mikayıl Cabbarovla 3 saat yarımlıq görüş keçirdik. O görüşdə maddə-maddə Vergi Məcəlləsinə olan dəyişiklikləri müzakirə etdik. Müəyyən fikirayrılığı da oldu, amma ümumi razılığa gəldik.

- Buradan sahibkarlara nə deyə bilərsiniz? Bu dəyişikliklər onlar üçün nə vəd edir?

- Birincisi, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə ən diqqətçəkən məqam gəlir vergisi ilə əlaqədardır. Yəni qeyri-neft sektorunda, qeyri-dövlət sektorunda işləyənlər 8 min manata qədər maaş alırlarsa, onlar gəlir vergisindən azaddır. Bu dəyişikliklər 7 illik qəbul olunub.  Hansı ki, bu vaxta qədər həmin insanlar sahibkarla birgə 22 faiz, üstəgəl 3 faiz, üstəgəl 14 faiz, üstəgəl 1 faiz işsizliyə görə, ümumilikdə 40 faiz vergi ödəyirdilər. Amma bundan sonra 26 faiz vergi ödəyəcəklər, 14 faizi ödəməyəcəklər. Bu, nədən ötrü lazım idi? Çünki həmin sahədə ikili mühasibat “uçot”u var idi. Həmçinin vergidən yayınma halları çox geniş idi. Məsələn, min manat maaş alan insana 200 manat yazırdılar, 200-ün vergisini ödəyirdilər, 800 manatı nağd verirdilər, vergisini ödəmirdilər. Amma indi sahibkar da, fəhlə də məcburdur ki, bunu açıq şəkildə etsin. Yəni “kölgə iqtisadiyyatı” aradan qaldırılır. Həm də işləyən vətəndaş üçün əhəmiyyətlidir, çünki sabah pensiyaya çıxanda onun əmək haqqı tamamilə hesablanacaq və pensiyasına əlavə artım olacaq.

- Bu minvalla 2019-cu ildə “kölgə iqtisadiyyatı”ndan büdcəyə nə qədər vəsait gələ bilər?

- Biz onu hesablamamışıq. Bu dəqiqə onun üzərində işləyirik. Mən komitədə də bir sualla çıxış etdim ki, bu dəyişikliklər əlavə olaraq dövlət büdcəsinə nə verəcək? Bilirəm ki, kifayət qədər böyük rəqəmdən söhbət gedir. Əsas odur ki, burada şəffaflıq təmin ediləcək. Ola bilər ki, buradan gələn vəsait 2020-ci ildə Neft Fondundan transfertlərin həcmini azaltsın. Digər ciddi məsələ sadələşmiş vergi ilə əlaqədar idi. Bizdə müəyyən bölgələrdə sadələşmiş vergi 2, ya 4 faiz idi. Amma indi ölkə ərazisində 2 faiz oldu. Sahibkarın ayda 200 min manata qədər dövriyyəsi varsa, o, sadələşmiş vergi prinsipi ilə işləyə bilər. Bu da böyük əhəmiyyət kəsb edir. Ən ciddi məsələlərdən biri-düzdür, burada bizim aramızda müəyyən fikirayrılıqları oldu, amma cənab nazir qeyd etdi ki, bunun üzərində işləyirlər - Əlavə Dəyər Vergisi (ƏDV) ilə bağlı məsələdir. ƏDV-nin qaytarılması prinsipi mexanizmi yəqin işlənib hazırlanacaq. Yanvarın 1-dən qanun qüvvəyə minməlidir. Bəzi ticarət obyektlərindən ki, mal alırsan, o malın üstünə əlavə 18 faiz gəlir, həmin 18 faizin müəyyən hissəsi qaytarılacaq. Bu da böyük əhəmiyyət kəsb edir və birbaşa alıcının maliyyə durumuna təsir edən amillərdəndir. Eyni zamanda nağd hesablaşmalarla bağlı məsələlər də bizimçün əhəmiyyətlidir. Nağd hesablaşmalar çox ciddi məsələdir. Bir vaxtlar ölkəmizdə bunun səviyyəsi 75 faizə gəlib çıxmışdı, nağdsız hesablaşmalar çox az idi. Amma indi yavaş-yavaş bu prinsip düzəlir, artıq hardasa 50 faizi keçib. İnsanlar kartlardan, köçürmədən istifadə edirlər.

- Vahid bəy, ƏDV ilə bağlı sizin illərdir səsləndirdiyiniz təklif var, diferensiallaşma ilə bağlı...

- Bəli, bu müzakirə bir neçə ildir gedir. Hətta Hesablama Palatasının sədri cənab Vüqar Gülməmmədov da bu barədə bir neçə dəfə danışıb, Palatanın rəyində də yazmışdı. Biz istəyirik ki, ƏDV diferensiallaşdırılsın. Yəni prestij mallar var, o mallar ki, insana 10 ildə 15 ildə bir dəfə lazım olur, ona 30, 40, 50 faiz vergi qoyulsun, problem yoxdur. Amma gündəlik ərzaq məhsulları, geyim mallarının ƏDV-sini aşağı salsınlar, 4,5 faiz eləsinlər. Məsələn, Almaniyanın, digər ölkələrin təcrübəsi var, götürüb baxsınlar.

- Belə olan halda ölkədə qiymətlər də aşağı düşəcək, eləmi?

- Elə əsas söhbət  qiymətlərdən gedir. Bu halda gündəlik tələbat mallarının qiymətləri müəyyən qədər aşağı düşəcək. Cənab nazir bizimlə razılaşdı, dedi icazə verin biz bunun üzərində işləyək və gələcəkdə bunu yavaş-yavaş həyata keçirək. ƏDV-nin qaytarılması mexanizmi Azərbaycanda yox idi. Bu, ilk dəfə həyata keçirilir və tədricən genişləndiriləcək. Bu da bizimçün çox mühüm məsələlərdən biridir.  

- Amma parlament son iclasda bir sıra sahələrdə cəzaların sərtləşdirilməsinə də “hə” dedi...

- Cəzaların sərtləşdirilməsi deyəndə ki... Burada vergi sistemində bir neçə sahədir. Birincisi, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, şəffaflığın təmin edilməsi. İkincisi, vergitutma bazasının genişləndirilməsi. Üçüncüsü, vergi inzibatçılığının sərtləşdirilməsi. Dördüncüsü, sahibkarlara hüquqi yardım göstərilməsi. Bunlar hamısı məhz bu Vergi Məcəlləsində öz əksini tapıb. Biz bu məsələni də qoymuşduq. Məsələn, 2018-ci ildə sanksiyalardan gələn cərimələrin miqdarı hardasa 270 milyon manat idi. Amma 2019-cu ildə bu rəqəm 470 milyon olmalıdır.

- Burada sui-istifadələr ola bilərmi?

- Yox. Bu dəqiqə vergi sistemində də şəffaflıq təmin olunmağa başlayıb. Əvvəllər ayın axırında vergidən gəlib sahibkara deyirdilər ki, filan qədər köçürməlisən, vergi yığılmır və s. Amma indi o prinsiplər yoxdur, aradan götürülüb.

- Yəni sahibkara güzəşt edilməklə yanaşı, həm də qanunu pozanlara qarşı sərt cəzalar olacaq?

- Tamamilə doğrudur. Vergi Məcəlləsi var, bu məcəllə ilə işləməlisən. Vaxtlı-vaxtında qaimələrini, hesabatını verməlisən. Orada ən ciddi məsələlərdən biri - mən cənab nazirlə də təklikdə danışdım, bunu müzakirə etdik - sənədləşdirmə prosesidir. Məsələn, sahibkar gedib hardansa mal alır, ona mütləq sənəd verilməlidir, amma çox yerlərdə o sənədi vermirlər. Ona görə mən cənab nazirdən xahiş etdim ki, bu sahəyə diqqət yetirsin və 2019-cu ildə həmin yerlərdə sənədləşmə prosesi həllini tapsın, sahibkarlar üçün problem yaranmasın. 

- Avtomobillərin rüsumlarının kəskin artırılması qiymətlərə təsir edəcək, eləmi?

- Bu barədə çox deyirlər. Azərbaycanda kifayət qədər avtomobil var. Sizə açığını deyim, 1992-ci ildə mən baş nazirin 1-ci müavini işləyəndə Azərbaycanda 80 min avtomobil var idi, indi 1 milyon 300 mini keçib, milyon yarıma yaxınlaşıb. Biz demirik ki, avtomobil gəlməsin. Gəlsin, amma avtomobil prestijsdir, sən onu gündə almırsan ki, 10-15 ildə bir dəfə alırsan. Ona görə də bunun rüsumları artırılıb və bu da təbii ki, avtomobil bazarına təsir edəcək.

- Vahid bəy, neftin qiymətinin “oynaması” nə dərəcədə ciddi narahatlıq yaradır?

- Əlbəttə, bu narahatlıq var. Düzdür, biz Büdcə sistemi haqqında qanuna dəyişiklik etmişik, büdcənin xərclərinin neftdən asılılığını 60 dollardan götürmüşük, ondan aşağı da düşsə, orda problem olan deyil. Çünki icazə verdik ki, istənilən vaxt Neft Fondundan transfert olsun və problem olmasın. Amma ümumi götürəndə neftin qiymətinin aşağı olması ölkəmizin gəlirlərinə təsir edir. Biz beynəlxalq layihələrə, qaçqınlarla əlaqədar vəsait xərcləyirik. Ona görə də neftin qiymətinin “oynaması” çox ciddi problemdir. Əvvəllər neftin qiyməti birjalarda müəyyən edilirdi, amma bir neçə ildir artıq siyasi kabinetlərdə müəyyən edirlər. Ona görə bu gün neftin qiymətini proqnozlaşdırmaq çox çətindir. Heç kim deyə bilməz ki, 10-20 gündən sonra neftin qiyməti necə olacaq. Aşağı da ola bilər, yuxarı da. Fikir verin, Tramp öz Tvitter səhifəsində yazdı ki, mən neftin qiymətini aşağı saldım, mənə minnətdar olmalısınız. Yəni lazım olanda qaldıracaqlar, lazım olanda aşağı salacaqlar.   

- Gürcüstandakı prezident seçkilərinin nəticələri Azərbaycanla münasibətlərə nə vəd edir?

- Gürcüstan bizim strateji müttəfiqimizdir. Bizim bütün neft-qaz kəmərlərimiz, Bakı-Qars dəmir yolu oradan keçir. Əsas valyuta gətirən mənbələrdir. İkincisi də Gürcüstanla Azərbaycanda arasındakı münasibətlər prezidentin kimliyindən asılı olmayaraq pozula bilməz. Gürcüstan Azərbaycanın hesabına kifayət qədər vəsait əldə edir. Onlar məcburdurlar ki, bizimlə münasibətləri yüksək səviyyədə olsun. Prezident seçilən xanım dedi ki, biz hələ Rusiya ilə münasibətlərimizi müəyyənləşdirməmişik, daha çox Qərblə münasibətlərə üstünlük verəcəyik. Burda faktiki olaraq İvanişvili çox böyük rol oynadı. Seçkiqabağı əhalinin borcları silindi və s. Mənim məlumatıma görə, İvanişvilinin Qərbdə kifayət qədər əmlakı var. Ola bilər ki, o, xaricdəki əmlakını qorumaq üçün gediş edib. Fikrimcə, Gürcüstan artıq Qərbin əsas siyasət mərkəzinə çevrilib və Qərb orda öz işini görür, görməkdə davam edir.

- Rusiya-Ukrayna münasibətlərindəki gərginlik hara qədər davam edəcək? Savaş ola bilər?

- Ukrayna faktiki olaraq Qərbin nəzarəti altındadır? Böyük savaşın olacağına inanmıram. Ola bilər Poroşenko da seçkiqabağı bundan istifadə etsin. Yaxud mümkündür ki, Putin də Ukraynaya təzyiq üçün istifadə etmək istəsin. Böyük savaşa getsələr, bu, artıq Üçüncü dünya müharibəsinin vüsət almasına səbəb ola bilər. Faktiki olaraq, Üçüncü dünya müharibəsi orda-burda lokal şəkildə gedir. Ukrayna artıq Avropanın bir hissəsinə çevrilməkdədir, onun dəyərlərini özündə əks etdirən addımlar atır. Düzdür, iqtisadi vəziyyəti müəyyən qədər ağırdır, yardımlar alır. Amma Ukrayna balaca dövlət deyil, güclü dövlətdir.

- Bu məsələdə Azərbaycanın mövqeyi necə olmalıdır?

- Azərbaycanla Ukrayna arasında münasbətlər həmişə yaxşı olub. Hələ rəhmətlik Heydər Əliyevin vaxtında Azərbaycan Ukraynaya, Ukrayna Azərbaycana hərtərəfli kömək edib. Azərbaycan hər iki ölkə ilə müttəfiqdir, yaxşı əlaqələri var. Onların müdafiəyə də ehtiyacı yoxdur, iki dövlət arasındakı sərhəddə yaşanan gərginlikdir, yəqin özləri məsələləri həll edəcəklər. Rusiya da bizim strateji müttəfiqimizdir. Azərbaycan dövlətinin başçısı ilə Rusiya prezidenti arasında münasibətlər yüksək səviyyədədir. Amma digər tərəfdən, Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərini qəbul edir. Mən bunu bizə qarşı təxribat hesab edirəm. Azərbaycan XİN-i Rusiyanın bu davranışına qarşı gözəl bir bəyanat verdi, mən onu alqışlayıram. Bizə qarşı belə hərəkətlər olmamalıdır. Azərbaycan Rusiya üçün önəmli dövlətdir. Strateji müttəfiqik, ticarət dövriyyəmiz 2 milyardı keçib. Azərbaycan 90-cı illərin Azərbaycanı deyil, kifayət qədər oturuşmuş, müstəqil dövlətdir. Düzdür, ABŞ kimi 240 ildir müstəqil deyilik, cəmi 27 ildir müstəqilik. Bu müddətdə ağır, çətin də olsa, müəyyən uğurlara nail olmuşuq. Ona görə də Rusiya belə hərəkətlərə yol verməməlidir. Onlar da başa düşməlidir ki, belə olmaz!



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi