banner
banner

Gündəm

QHT Şurası üzvündən qrantlarla bağlı şok açıqlamalar

| Xəbər 1500 dəfə oxunub
QHT Şurası üzvündən qrantlarla bağlı şok açıqlamalar

Beynəlxalq qurumlardan əldə olunan qrantlar hər zaman müzakirə mövzusudur. Son günlərdə bu məsələ bir daha gündəmə gəlib. Buna səbəb də Avropadakı bəzi azərbaycanlı mühacirlərin müxtəlif yollarla qrantlar almaq üçün dəridən-qabıqdan çıxmalarıdır.

Azərbaycan daxilində də qrantlar alan QHT-lərin bunu necə əldə etdikləri, şəffaflığı qorumaq üçün nələr etməli olduqları barədə müxalif müzakirələr gedir. Qrant alan QHT rəhbərinin əldə etdiyi məbləğdən necə istifadə etməli olduğu, bu barədə hesabat verməyinin vacibliyi haqqında da ciddi müzakirələr açılıb. 2013-cü ildən etibarən ölkəyə daxil olan qanunsuz qrantların qarşısının alınmasına baxmayaraq, hələ də bu cür halların baş verməsi də gedən müzakirələr sırasındadır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, qrant kimi təqdim olunan pulların heç də hamısı qrant deyil: “Məsələn, gizli məqsədlər üçün əldə olunan məbləğlərin adını nə qoyursansa qoy, onlar qrant deyil. Qrant verən təşkilatları əsasən iki qrupa bölmək olar. Əgər xarici donor mənbələrini göstərsək, onlar ya dövlət, ya da fərdi donorlar olur. Bəzən görürsən ki, özəl donorların adı özəldir, aldıqları vəsaitlərin hamısı dövlət vəsaitləridir. Amerikada belə özəl donorların sayı kifayət qədərdir. Onlar bütün vəsaitləri ABŞ Dövlət Departamentindən alırlar. Donorlar da iki qrupa ayrılır. Dövlətin içərisindəki proseslərə legitim yolla müdaxilə edənlər, bir də qeyri-legitim yollarla müdaxilə edənlər. İkinciləri ABŞ timsalında göstərsək, Amerikanın Beynəlxalq İnkişaf Agentliyinin adını qeyd etmək olar. Onlar adətən legitim yollarla, leqal fəaliyyət göstərməklə, ölkələrdə diplomatik ofislər açmaqla ölkədaxili proseslərə ABŞ maraqlarını legitim yollarla sırıyırlar. Qeyri-legitim yollarla ölkələrdə gedən proseslərə də müdaxilələr edilir. Bunlardan heç birinə aid olmayan beynəlxalq kassalar da var. Bu kassaları hökumət formalaşdırır. Müxtəlif ölkələrin xüsusi xidmət orqanları bu kassaları formalaşdıra bilər. Gizli qüvvələr də formalaşdırılır. Məsələn, ermənilərin uzun illərdir belə qeyri-gizli kassaları var.

Erməni maraqlarının dünyada irəli sürülməsi üçün fəaliyyət aparırlar. Türkiyə və müstəqillikdən sonra Azərbaycan əleyhinə təbliğat maşınını saxlamaq üçün də həmin kassalardan istifadə olunur. Avropada bəzi mühacirlərin əldə etdikləri vəsaitlər qrant adlandırıla bilməz. Onlar ya qrant vəsaitindən qeyri-qanuni yolla nağdlaşdırılmış pullar alırlar, ya da çirkli pullar. Bunları qrant adlandırmaq mümkün deyil. Əgər qrant olsaydı, onlar layihələrində həmin qrantları verən təşkilatların loqolarını yerləşdirərdilər. Hazırda Avropada ölkəmiz əleyhinə söyüş kampaniyası aparan şəxslər var. İnternet kanalları açıblar. Görmüsünüzmü ki, orada hər hansı bir loqo yerləşdirsinlər və desinlər ki, bizim bu söyüş kampaniyamızı filan təşkilat maliyyələşdirir. Amma hər kəs bilir ki, onlar maliyyələşdirilir. Legitim yollarla əldə olunan qrantlarda istənilən donorun əsas tələblərindən biri də məlumatların yerləşdirilməsidir. Əslində bizim qrant adlandırdıqlarımızın çoxu heç qrant da deyil.

Məsələn, Azərbaycan əleyhinə fəaliyyət göstərən şəxslərdən ibarət Avropa legionu adlandıraq. Onların maliyyə qaynaqları haradandır? Bu sırada Leyla Yunusun adını qeyd edə bilərik. Amerikada olduğu kimi, Avropanın başqa yerində də yarımgizli layihələri maliyyələşdirən qurumlar var. Leyla Yunus oradan da layihə alıb. Onun ən çox fəallıq göstərdiyi iki məsələ var, ermənilərin hüquqlarının müdafiə olunması ilə bağlı. Biri 1991-ci ildə Çaykəndindən köçürülən ermənilərin mülkiyyət hüquqları ilə bağlı. Biri də xəyanətə cəlb olunmuş mülkü və hərbçi azərbaycanlılarla bağlı müdafiəni həyata keçirir. Bunun qaynaqları hər kəsə bəllidir. Maliyyə vəsaitlərini ya ermənilər verirlər, ya da onlara yaxın qurumlar. 2013-cü ilə qədər bəzi pullar nağdlaşdırılıb, təzədən Avropaya daşınırdı. İndi bunların qarşısı alınıb. Amma Azərbaycana xeyli vəsait yönəlir. Təxmini hesablamalara görə, bu, 30-40 milyon dollar arasındadır. Bunların əhəmiyyətli hissəsi Azərbaycana gəlmir. Gürcüstan və digər yerlərdə keçirilən tədbirlərə sərf olunur. Bunların bir hissəsi ölkəmizə gizli daşınır. Buradakı fəaliyyətlərin maliyyələşdirilməsinə sərf olunur. Vəsaitlərin bir hissəsi də üçüncü ölkələrdə nağdlaşdırılır və yenidən Avropaya daşınır, bəlli qrupların maliyyələşdirilməsi üçün”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi