banner
banner

Sİyasət

Millət vəkilindən Aslan İsmayılova ağır sözlər: “Bu, hüququn və insanlığın ən aşağı nöqtəsidir”

| Xəbər 1444 dəfə oxunub
Millət vəkilindən Aslan İsmayılova ağır sözlər:

Azərbaycanda böyük işlər görülür, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkənin sənaye inkişafı, sosial problemlərin həlli üçün müxtəlif proqramlar reallaşdırırlar. Yeni müəssisələr tikilir, qeyri-neft sektoruna diqqət ayrılır, vergi sistemində və kənd təsərrüfatında yenilikləri də görməmək mümkün deyil. Milli Məclisin bu il qəbul etdiyi büdcə də sosial yönümlüdür. Bakı şəhərinin yeni meri Eldar Əzizov da işə ciddi girişib, şəhərdə köklü problemlərin həlli ilə məşğuldur. Yəni bütün ölkə üzrə çalışmalar var gücü ilə davam edir, əyir-əskiklər müəyyənləşdirilir və aradan qaldırılır.

Ən böyük nemətlərimizdən biri ölkəmizdə olan sabitlikdir. Ancaq ölkəmizi qarışdırmaq istəyən qüvvələr hələ də var, həm xaricdə, həm də təəssüf ki, xaricdə. Ancaq belələri nəticə əldə edə bilmirlər və bilməyəcəklər də. Bu günlərdə sərhəddə silahlı insident baş verdi. Qəhrəman sərhədçilərimiz qanunsuz keçidin qarşısını aldılar. Elə özünü radikal müxalifət adlandıran qüvvələr də aranı qarışdırmaq istəyirlər. Ancaq onlar da nəticə əldə edə bilməyəcəklər. Çünki vətəndaşlarımıza xaos və anarxiya yox, sabitlik və inkişafın davamı lazımdır.

Biri də var, bilmirsən onu nə adlandırasan, özünə vəkil deyir, ancaq nəyə və kimə vəkillik etdiyi anlaşılmır. Aslan İsmayılov uzun fasilədən sonra yenə mənim ünvanıma böhtan atıb. Ümumiyyətlə, bir azdan bu şəxsin böhtan atmadığı, şərləməyə çalışmadığı həmvətənlimiz qalmayacaq. 1 saatlıq açıqlamada ən azı 30-40 nəfərin adını çəkib və hamısının ünvanına ağlına gələni danışıb. Yəni bu açıqlamada onun böhtanları ilə bağlı ən azı 3-4 məhkəmə işi açmaq olar. Bu adam hüquq təhsilini necə alıb, məhkəmədə necə vəkillik edib, adam məəttəl qalır. Hüququn “a” hərfi ondan başlayır ki, sübutun, faktın yoxdursa, başqasına qarşı ittiham irəli sürməzlər, əks halda səni böhtançı, yalançı, şərçi adlandırırlar. Ona görə elə adı üstündədir.

Məsələn, o açıqlamasında deyir ki, guya məktəb direktoru ilə idmançı arasındakı qovğada mən ikincini dəstəkləyirəm və həmin idmançı guya mənim təlimatımla hərəkət edir. Yəni bu “hüquqşünasın” məntiqi belədir ki, ölkədə bütün idmançılara və onların cəmiyyətdə özlərini necə aparmalarına mən cavabdehəm. Birincisi, bəli, həmin idmançını tanıyıram, görüşəndə salamlaşırıq, birgə şəkillərimiz də var. Mən millət vəkiliyəm, minlərlə insanla şəkil çəkdirib, salamlaşıram. Ancaq bu salamlaşma mənim həmin adamların nə etdiklərinə və nə edəcəklərinə məsuliyyət daşımağım anlamına gəlmir. Bunu hüququ biliyi olmayan azyaşı uşaq da anlayar, bircə üzdəniraq məlum hüquqşünasdan başqa. Məktəb direktoru ilə idmançı arasındakı olay barədə mətbuatdan oxumuşam, kimin haqlı, kimin haqsız olduğunu da bilmirəm. İkincisi, ay “hüquqşünas”, parlament seçkisi arxada qalıb, sən mənə 3 dəfə məğlub olmusan, bunu bizim dairədə və ölkədə bilməyən yoxdur; sən isə məktəb direktoru ilə idmançı arasındakı qovğanı da gətirib ikimizin arasındakı seçki yarışına dürtürsən. Bir gün 11 sentyabrı – terrorçuların Amerikaya hücumunu da mənimlə əlaqələndirib seçki yarışında məğlubuiyyətinə dürtməyə çalışsan, bundan təəccüblənmərəm. Çünki, sənin təbiətin belədir. İnsanları şərləməyin azmış kimi, bölücülüklə məşğul olmağa başlamısan. Həmin video-müraciətində insanlara əməllərinə görə deyil, hansı regiona bağlı olduqlarına görə qiymət verirsən. Bu da hüququn və insanlığın ən aşağı nöqtəsidir. Biz azərbaycanlıyıq və hər kəs əməlinə, dediyi sözə görə cavab verir və verməlidir. Həmin idmançı və ya məktəb direktoru da həmçinin.

Sənə baş qoşmaq istəmirəm, bilirəm ki, tanınmış insanları şərləməkdə, böhtan atmaqda məqsədin var, istəyirsən cavab reaksiyası alasan və bununla polemikanı genişləndirməklə gündəmdəki “ağırlığını” qoruyasan. Əslində daha vacib işlərim var, ancaq mənə aid böhtanlarını da cavabsız qoymaq fikrində deyiləm. Səhv etmirəmsə, kiməsə böhtan atdığına görə bu yaxınlarda məhkəmə səni islah işlərinə məhkum edib, ancaq səni heç nə islah edə bilmir, bu dövlət, bu millət səndən xeyir görən deyil, bir cəzadan qurtulmadan, bir başqasına iddia edirsən. Görünür, sənin həyat kredon budur.

Adil Əliyev, millət vəkili

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi