banner
banner

Gündəm

Gürcüstanda marixuana çəkib Azərbaycana qayıdanların taleyi...

Gürcüstanda marixuana çəkib Azərbaycana qayıdanların taleyi...

Gürcüstan parlamenti 3-cü oxunuşdan sonra marixuana barədə qanun qəbul edib. Belə ki, narkotik vasitənin istifadəsinə yalnız evdə icazə veriləcək. İctimai yerlərdə, təhsil müəssisəsi, nəqliyyatda istifadəyə görə 800-2000 lari cəza nəzərdə tutulub.Qanuna əsasən, xidməti vəzifələrini yerinə yetirən zaman müəyyən peşə sahibləri - müəllim, həkim, dövlət məmuruna və s. marixuanadan istifadə qadağan olunub.

Nəqliyyat vasitələrini marixuananın təsiri altında idarə edən şəxslərə qarşı cərimə və ya 1 ilədək həbs cəzası nəzərdə tutulur. Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs yol-nəqliyyat hadisəsi törədərsə, 4 ildən 6 ilədək, qəza zamanı insan ölümünə səbəb olarsa, 6 ildən 9 ilədək, iki və ya daha çox insanın ölümünə səbəb olduğu halda isə 8 ildən 12 ilədək həbs cəzasına məhkum olunacaq. 

Azərbaycanda da uzun müddətdir ki,  Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinin dekriminallaşdırılması ilə bağlı müzakirələr aparılır. Hazırda Azərbaycanda qanunvericiliyə görə, bütün növ narkotik vasitələrin istifadəsi qadağandır və qanunla cəzalandırılır.

Gürcüstan qonşu dövlət olaraq Azərbaycanla sıx əlaqələrə sahibdir. Azərbaycanlılar Gürcüstanda istirahəti xoşlayırlar və orada qadağan olunmayan marixuanadan istifadə imkanları da olacaq. Belə bir halda sual yaranır - Gürcüstanda marixuanadan yararlanan Azərbaycan vətəndaşlarını ölkəyə qayıdarkən cəza gözləyirmi?

“Azərbaycan vətəndaşı anlamalıdır ki, onun Gürcüstanda marixuanadan istifadəsi...”

Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, Azərbaycanda da narkotiklərlə əlaqəli qanunları tədricən dekriminallaşdırmaq gərəkdir: “Gürcüstanda narkotiklərlə bağlı qanunun qəbulundan sonra  Azərbaycan vətəndaşlarının bilməsi vacib olan məqamlar var. Məsələn, Azərbaycan vətəndaşı Gürcüstanda yaxın qohumunun, dostunun evinə qonaq gedərkən orada narkotik istifadəsindən çəkinməlidir. Çünki geri qayıtdıqda adi narkotestdən keçirilərsə, qanında narkotik nümunələri aşkar ediləcək. Buna görə də Azərbaycan qanunlarına görə cavab verməli olacaq. Azərbaycan vətəndaşı anlamalıdır ki, onun Gürcüstanda marixuanadan istifadəsi qanunsuz olmasa da, buna görə Azərbaycanda cəza ala bilər”.

“... Düşün ki, geri, narkotikdən istifadənin qadağan edildiyi Azərbaycana qayıdacaqsan”

Mahmud Hacıyev deyir ki, marixuana çətənə bitkisinin qurudulmuş çiçəkli baş qismindən və yarpaqlarından əldə edilən, tütünə bənzəyən, yaşımtıl və ya qəhvəyi bir maddədir. Toz marixuana isə kənaf bitkisinin çiçəkli baş qisminin qara və ya qəhvəyi ifrazatının toza çevrilmiş və ya qəlib halıdır: “Gürcüstanda qonaq getdiyi yerdə də Azərbaycan vətəndaşına deyilməlidir ki, gəlmisən, düzdür, biz narkotikdən istifadə edirik, bizim ölkədə marixuanadan evdə istifadə qadağan deyil, leqallaşıb. Amma düşün ki, geri, narkotikdən istifadənin qadağan edildiyi Azərbaycana qayıdacaqsan. Ola bilər ki, Azərbaycan vətəndaşı qanundan xəbərsizdir və qonaq getdiyi ünvanda da bunu bilmirlər. Bu halda anlaşılmazlıq əmələ gələcək. Gürcüstanda qəbul olunan qanunda marixuanadan ev şəraitində istifadəyə icazə verilir. Yəni plantasiya əkib-becərmək, daşımaqla bağlı qanunlar qüvvəsindədir. Kimsə düşünməsin ki, marixuanadan istifadəyə icazə verilibsə, daşımağa da, satmağa da, külli miqdarda əkib becərməyə də icazə verilib. Belə deyil. Azərbaycanda da gələcəkdə qanunları qəbul edəndə belə məqamlar nəzərə alınmalıdır. Azərbaycanda narkotikdən istifadə, daşıma, əkib-becərmə cinayət tərkibli əməldir. Gürcüstanda yeni qəbul olunmuş qanunda artıq marixuanadan istifadə cinayət tərkibli əməl deyil, inzibati xətadır”.

“Hərə bir ”Kazbek" doldurub qoyacaq damağına, çıxacaq “Tarqovı”ya"

Mahmud Hacıyev  dedi ki, Gürcüstanda marixuananın leqallaşdırılması qonşu dövlət kimi Azərbaycan üçün müəyyən çətinliklər yarada bilər: “Azərbaycanda da müəyyən qadağalarla, müəyyən tələblər qoymaqla leqallaşma istiqamətində addımlar atılmalıdır. Əlbəttə ki, Hollandiyadakı narkotiklərlə əlaqəli qanunu birdən-birə Azərbaycanda tətbiq etmək olmaz. Etsələr, hərə bir ”Kazbek" doldurub qoyacaq damağına, çıxacaq “Torqovı”ya. Yəni Gürcüstanda qəbul olunan qanun Azərbaycan üçün də keçərli ola bilər".

“Bəlkə də bu, ağır narkotik maddələrin istifadəsinin qarşısını almaq üçün effektli vasitə ola bilər”

Mahmud Hacıyev deyir ki, icazəsinə istifadə verilən marixuana yabanı halda bitir və otaq şəraitində də toxumdan yetişdirilə bilər: “Marixuana bitkidir, toxumunu əldə edib əkəcəklər. Botaniki xüsusiyyətlərini öyrənib əkib-becərəcəklər. Çox vaxt Azərbaycanın çöllərində, Gürcüstanda da yabanı halda yetişir. Kim istəsə bağında, həyətində yetişdirə bilər. Görünür, Gürcüstan da bu təcrübədən istifadə etmək istəyir. Çünki təkcə Hollandiya deyil, bir çox ölkələrdə marixuananın məhz qapalı yerlərdə istifadəsinə imkan verilir. Ümumi yanaşma belədir ki, digər ağır narkotik maddələrdən fərqli olaraq marixuana insanları, sadəcə olaraq, əyləndirir. Ola bilər ki, hansısa səviyyədə ölkəmizdə də yüngül narkotik maddənin istifadəsinə icazə verilsin. Burada bir məsələ də var ki, Gürcüstanda və Avropa ölkələrində insanların qapalı  mühitdən istifadəsi geniş yayılıb. Bizdə isə bu, çox da geniş yayılmayıb. Daha çox məişətdə istifadə edirlər. Ola bilər ki, Azərbaycanda bu üsula mərhələ-mərhələ keçilsin. Yəni qapalı mühitdə icazə verilsin və bunun tədqiqatı aparılsın. Bəlkə də bu, ağır narkotik maddələrin istifadəsinin qarşısını almaq üçün effektli vasitə ola bilər”.

“Öz milli-mənəvi dəyərlərimizi qorumalıyıq”

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni isə Azərbaycanda narkotiklərin leqallaşmasına qarşıdır. Deyir ki, bu məsələ müzakirə mövzusu deyil: “Azərbaycanda heç bir leqallaşmadan söhbət gedə bilməz! İnanıram ki, 2018-2020-ci illər üçün qəbul ediləcək Dövlət Proqramında narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kəskin mübarizə xətti əsas götürüləcək. 2019-cu ilin aprelində Azərbaycanda Narkomaniyaya qarşı 36-cı Beynəlxalq Konfransı keçiriləcək. Bütün dünyanın diqqət mərkəzində olan bu konfransın keçirilməsi ilə bağlı artıq dövlət başçısının sərəncamı da var. Təşkilat  Komitəsi də fəaliyyətə başlayıb. Azərbaycan ətrafında baş verən prosesləri diqqətlə izləməklə yanaşı, öz milli-mənəvi dəyərlərimizi qorumalıyıq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.