banner
banner

Təhsİl

Məktəblərdə verilən medal qızıla dönür-imtahansız tələbə ol...

| Xəbər 1532 dəfə oxunub
Məktəblərdə verilən medal qızıla dönür-imtahansız tələbə ol...

Xəbər verdiyimiz kimi, Azərbaycanda təhsilini qızıl medalla başa vuran məzunlar ali məktəblərə qəbul imtahanından azad olunacaq. Bu  barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 13-cü (Ümumi təhsilin təşkili) maddəsində bildirilir ki, təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olacaqlar. Yeni qanun layihəsinin müzakirələrdən sonra Milli Məclisin plenar iclasına təqdim edilməsi nəzərdə tutulur.

“Yeni Müsavat” bu məsələnin qəbul imtahanlarına necə təsir göstərəcəyi ilə bağlı fikirləri öyrənib.

Kamran Əsədov: “Direktora yaxın olmayan şəxslər bu prosesdən kənarda qalacaq”

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75% əla qiymətlərlə bitirməlidir. Müsahibimizin sözlərinə görə, onun tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75% “əla” olmalı, fənlərdən illik qiymət olaraq “əla” almalıdır: “Şagirdin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar verilir. Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlərin fərdi siyahısı hər il mayın 20-dən gec olmayaraq yerli təhsil idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir. Qızıl medala attestata yazılan yekun qiymətləri yalnız ”əla" olanlar, attestata yazılan yekun qiymətlərdən ən çox ikisi - “Tədris dili” və “Riyaziyyat” istisna edilməklə, yaxşı olanlar isə gümüş medala layiq görülürlər. Etiraf edək ki, bu prosedurların keçilməsi bir çox hallarda şəffaf olmur. Belə ki, məktəb direktorunun bu məsələyə yaxından müdaxiləsi, şəxsi marağı qaçılmaz olur. Direktora bu və ya digər formada yaxın olan şəxslər bu adı almaq üçün təqdim olunur, amma istedadlı, bacarıqlı, lakin direktora yaxın olmayan şagirdlər bu mükafatlardan kənarda qalır.

Kamran Əsədov ile ilgili görsel sonucu

“Şəffaflığın təmin olunması...”

K.Əsədov dedi ki, qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) “Orta təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunma hüququnun verilməsi təhsil şöbələrinə, məktəb direktorlarına yeni rüşvət alma yolu açmış olacaq” yazılıb: “Burada şəffaflığın təmin olunması çətin olacaq. Çünki hazırda 4500 orta məktəbdə baş verən hadisələrə müvafiq təhsil idarə edən qurumun müdaxiləsi, təsiri yox səviyyəsindədir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə bir neçə qanuni yolla qəbul olub tələbə adını qazanmaq olar: a) DİM-in keçirdiyi I-II-III-IV-V ixtisas qruplarından iştirak edib keçid balı toplamaqla; b) Beynəlxalq imtahan - İELTS, SAT, GMAT nəticələri ilə; c) Respublika fənn və beynəlxalq olimpiadaların qalibi olmaqla; d) Beynəlxalq turnirlərin, yarışların, müsabiqələrin, çempionatların qalibi olmaqla. Siyahıya baxanda qəbulun əlçatımlılığının şahidi oluruq. Yəni ali məktəbə qəbul olmaq üçün kifayət qədər yol, üsul var. Nəzərə alsaq ki, qeyd olunanlar kifayət qədər çətin müsabiqələrdir, o zaman buna müsbət baxa bilərik. Amma orta məktəbi qızıl medalla başa vuranların birbaşa ali məktəblərə qəbul olunması doğru deyil”.

Müsahibimiz fikrini əsaslandırmaq üçün dedi ki, bu fikri qızıl medal alanların ali məktəblərə keçirilən imtahanlardakı nəticələri də təsdiq edir. Onun sözlərinə görə, əgər respublika və beynəlxalq olimpiadaların qaliblərinin nəticələrinə baxsaq, daha fərqli mənzərə görərik. Onların qəbul imtahanlarında nəticələri daha yüksəkdir: “Amma qızıl medal alanların yox. Misal üçün, 2012-2013-cü tədris ilində 248 medalçıdan 3 nəfəri (1%) 700 bal,145 nəfəri (58%) 600-699 bal,49 nəfəri (20%) 500-599 bal,22 nəfəri (9%) 400-499 bal,12 nəfəri (5%) 200-399 bal,1 nəfəri 140 bal toplayıb.16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb. Göründüyü kimi, 248 medalçıdan yalnız 3-ü - 700 bal toplayanlar qızıl medala tam layiqdir. 685-700 arası bal yığanları da qızıl medala layiq saymaq olar, çünki ola bilər, 1 və ya 2 suala mexaniki səhv üzündən dürüst cavab verməyiblər. Ancaq 600-dən aşağı bal toplayanlara heç vəchlə qızıl medal vermək olmazdı. Onlara heç gümüş medal da düşmür. 650-700 bal toplayan yüzlərlə abituriyent var ki, onların attestatında aşağı qiymətlər də var. 200-300 bal toplayan ”qızıl medal"lılar isə açıq-aşkar həmin medalı korrupsiya yolu ilə əldə ediblər. 140 bal toplayan medallı abituriyentin sinifdə qalmalı, attestat almamalı olduğu halda qızıl medala layiq görülməsi sırf cinayətdir. 2012-2016-cı illərdə qızıl və gümüş medal alan şagirdlərin sayına diqqət etsək, azalma olduğunu müşahidə edərik. Belə ki, 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlərdən 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla, 2013-2014-cü dərs ilinin yekununda 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub".

Qızıl və gümüş medalların rekord ili...

K.Əsədov dedi ki, qızıl və gümüş medalla təltif olunmağa görə rekord göstərici 2012-2013-cü tədris ilində olub. Belə ki, həmin dərs ilində orta məktəbin 11-ci sinfini 238 şagird qızıl, 10 şagird isə gümüş medalla bitirib. Ondan əvvəlki il isə medal alanların sayı az olub. 2011-2012-ci tədris ilində 138 nəfər orta məktəbi xüsusi nailiyyətlərlə başa vurub. Onların 118-i qızıl, 20-si gümüş medal alıb. Ən az rəqəm isə 2011-ci ildə olub: “Həmin il Azərbaycanda şagirdlərdən 37-si qızıl, 16-sı gümüş medala layiq görülüb. Beləliklə, indiyə kimi ümumilikdə 960 şagird orta məktəbi medalla başa vurub. Onlardan 839-u qızıl, 121-i isə gümüş medal alıb. 2018-ci ildə 185 məzun qızıl, 38 məzun isə gümüş medala layiq görülüb. Təəssüf ki, bu qədər qızıl medal alanlar arasında kifayət qədər aşağı bal toplayanlar var. Bu onu göstərir ki, qızıl medalların verilməsi zamanı ciddi qanun pozuntuları, neqativ hallar var”.

Təhsil eksperti dedi ki, 2013-cü ildə qəbul edilmiş təhsilin inkişafı üzrə dövlət strategiyasına görə təhsilin əhatə dairəsi genişlənməli, əlçatımlılıq təmin olunmalıdır. Həqiqətən də Azərbaycanda ali təhsilli əhalinin sayı az olduğuna görə bu, vacibdir: “Hazırda ölkə vətəndaşımızın yalnız 17 faizi ali təhsillidir. Amma bu o demək deyil ki, biz bütün üsulları tətbiq etməklə insanları ali təhsilə cəlb etməliyik. Bu zaman keyfiyyət ciddi şəkildə aşağı düşəcək”.

Etibar Əliyev: “İndiyə qədər hər hansı fənn üzrə keçirilən olimpiadada pozuntuya rast gəlinməyib”

21-ci əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə bildirdi ki, mövcud “Təhsil haqqında” Qanunda orta məktəbi qızıl medalla bitirən şəxslərin ali məktəbə imtahansız qəbulu nəzərdə tutulmur. Müsahibimiz Milli Məclisdə “Ümumtəhsuil məktəbləri haqda” qanun layihəsinin müzakirəsində iştirak etdiyini xatırlatdı: “O qanuna əsasən, orta məktəbi qızıl medalla bitirən şəxsə ali məktəbə imtahansız qəbul olunmaq hüququ verilmir. Layihə yerli və xarici olimpiadalarda yer tutan istedadlı uşaqların ali məktəblərə imtahansız qəbulunu nəzərdə tutur. Amma qızıl medal bu kateqoriyaya daxil deyil. Qızıl medalla orta məktəbi bitirənlər imtahanlardan azad olunmurlar. Beynəlxalq və fənn olimpiadalarında hər hansı yeri tutan şagirdlər imtahansız seçdikləri ali məktəbə daxil olurlar. Yerli fənn olimpiadalarının qalibləri hansı fəndən qalib olursa, o fənn üzrə imtahandan azad olunurlar. Beynəlxalq olimpiadalarda qızıl, gümüş, bürünc medal qazananlar üçün imtahandan azad olunmaq keçərlidir”.

E.Əliyev dedi ki, əgər orta məktəbi qızıl medalla bitirənlər üçün imtahandan azad olunma məsələsi gündəmə gəlsə, bu, qiymət şişirtmələrinə gətirib çıxara bilər. Onun sözlərinə görə, bu, orta məktəblərdə də özünü göstərir: “Dövlət İmtahan Mərkəzinin statistikalarından görünür ki, şişirtmələrə yol verilə bilir. Ancaq olimpiadalar çox ciddi şəkildə keçirilir. Hələ indiyə qədər hər hansı fənn üzrə keçirilən olimpiadada pozuntuya rast gəlinməyib. Kiminsə biliyinə verilən qiymət saxtalaşdırılmayıb. Bu, düzgün qərardır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi