banner
banner

Gündəm

Televiziya və radioda ədəbi dil normalarına riayət edilməsi üzrə monitorinqlərin nəticələrinə həsr olunmuş konfrans keçirilib

| Xəbər 1283 dəfə oxunub
Televiziya və radioda ədəbi dil normalarına riayət edilməsi üzrə monitorinqlərin nəticələrinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasının mütəxəssisləri tərəfindən ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Bakı Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasının mütəxəssisləri, dilçi alimlər, teleradio yayımçılarının nümayəndələri iştirak ediblər.

Ölkəmizdə Azərbaycan dilinin saflığının qorunmasına və inkişafına xüsusi diqqət yetirilir.

Tədbirdə çıxış edən N.Məhərrəmli bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün qurumlar, o cümlədən kütləvi informasiya vasitələri Azərbaycan dilinə diqqət və qayğı ilə yanaşmalıdırlar: “Çox təəssüf ki, televiziya və radio məkanında Azərbaycan ədəbi dili ilə bağlı problemlər qalmaqdadır. Monitorinqin nəticələri göstərir ki, vəziyyət ürəkaçan olmasa da, müəyyən irəliləyiş var, əvvəlki illərə nisbətən Azərbaycan ədəbi dilinə müəyyən dərəcədə riayət olunur. Şou xarakterli verilişlərdə ədəbi dilin pozulması, jarqon ifadələrdən istifadə edilməsi baş alıb gedir, bu məsələni daim diqqətdə saxlamaq lazımdır”.

Sonra Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək deyib ki, hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərməlidir: “Azərbaycan dili əsas dövlət atributlarımızdan biridir. Ana dilimiz azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun siyasi və sosial-mədəni dayağıdır".

Prezident köməkçisi vurğulayıb ki, ölkə başçısı dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsi və saflığının qorunmasını hazırda Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir: “Müasir dövrdə geniş vüsət alan qloballaşma prosesinin dövlət dilinin istifadə sahəsindən də yan keçmədiyini, fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemlərinin, texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsinin, maneəsiz informasiya mübadiləsi imkanlarının artmasının dövlət dilini zənginləşdirməklə yanaşı, mənfi təsirlərə də məruz qoyur. Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Artıq müəyyən monitorinq aparılıb və düşünürəm ki, mütəxəssislərin iştirakı ilə monitorinqin nəticələri peşəkarcasına təhlil edilərək lazımi nəticələr çıxarılacaq”.

Sonra çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan dili bizim mənəvi sərvətimizdir, dövlət atributlarımızdan biridir. Azərbaycan dili qədim və zəngin dildir: "Azərbaycan Mətbuat Şurası yarandığı gündən dilimizin qorunması məsələsinə xüsusi diqqət yetirir, mətbuatda dil ilə bağlı mütəmadi monitorinq keçirir".

Onun sözlərinə görə, mətbuatda da dil ilə bağlı nöqsanlar var: “Burada daha çox qrammatik pozuntular qeydə alınır. Qüsurlardan biri də əcnəbi sözlərdən yerli-yersiz istifadədir. Bu nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir".

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu isə qeyd edib ki, dil xalqın sərvətidir, dövlət atributlarından biridir: "Azərbaycan dili dünyanın ən zəngin, səlis dillərindən biridir. Hər kəs dilə məsuliyyətlə yanaşmalıdır. Dili insana uşaqlıqdan sevdirmək lazımdır. Belə olan halda Azərbaycan ədəbi dilinin pozulması hallarına rast gəlmərik”.

M.Nağısoylu bildirib ki, son zamanlar cəmiyyətdə rus dilindəki “uje” sözündən istifadə halları artıb: “Şadlıq evlərinin adlarının yanına ingilis dilindəki “palace” sözünün yazılması nə məqsəd daşıyır? Bu bizim dilimizdə saray deməkdir, bəs onda niyə saray deyil, “palace” yazırlar? Bizim dilimiz zəngindir, istənilən fikri ifadə etmək üçün kifayət qədər söz ehtiyatımız var”.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, teleradio məkanında Azərbaycan ədəbi dilinin normaları xeyli pozulur:

"Bu gün radiolara qulaq asmaq olmur. Elə jarqonlardan istifadə edirlər ki, bunların efirdə işlədilməsi düzgün deyil. KİVDF mediada ədəbi dil ilə bağlı monitorinqlər aparılmasına dəstək olur və növbəti illərdə də bu layihələr davam edəcək".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi