banner
banner

Mədənİyyət

Xalq artisti Gülxar Həsənovanın xatirəsi yad olunub

| Xəbər 1235 dəfə oxunub
Xalq artisti Gülxar Həsənovanın xatirəsi yad olunub

Dekabrın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Görkəmli sənətkarın 100 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısının müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planı çərçivəsində təşkil olunan tədbirdə müğənninin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş edilib.

Tədbirin aparıcısı, muzeyin şöbə müdiri Təranə Zeynalova sənətkarın həyat və yaradıcılığlndan söz açıb. Qeyd edilib ki, G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlayıb. O, Üzeyir Hacıbəylinin məsləhəti ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına işə qəbul olub. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olub. O, burada parlaq, koloritli qadın obrazları yaradıb. 1980-ci ildən teatrın məşqçi pedaqoqu olub.

Vurğulanıb ki, onun ifasında bir sıra partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. G.Həsənovanın yaradıcılığının zirvəsi Müslüm Maqomayevin “Şah İsmayıl” operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədib. Onun sənət fəaliyyəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Xalq artisti Səkinə İsmayılova, yazıçı-publisist Mustafa Çəmənli çıxış edərək sənətkarın yaradıcılığından, onun keçdiyi ömür yolundan danışıblar.

Sonra Gülxar Həsənovanın ifalarından ibarət videomaterial nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi