banner
banner

Gündəm

Bakıda aqrar sektorla bağlı beynəlxalq forum başladı

Bakıda aqrar sektorla bağlı beynəlxalq forum başladı

Dekabrın 10-da Bakıda aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forum işə başlayıb. Azərbaycan Diplomatiya Akademiyasında keçirilən forumda 16 xarici ölkədən olan 35 nüfuzlu ekspert iştirak edir.

Tədbirin təşkilatçıları Kənd Təsərrüfatı və Energetika nazirlikləri, həmçinin ADA-dır.

Forumun açılış mərasimində çıxış edən ADA-nın rektoru Hafiz Paşayev qonaqları salamlayıb, tədbirə verdiyi dəstəyə görə FAO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib. H.Paşayevin sözlərinə görə, müasir dünyada yaşıl enerjidən istifadə sahəsində böyük nailiyyətlərə əldə edilib, Azərbaycan da bu istiqamətdə addımlar atmaqdadır. Rektor bildirib ki, rəhbərlik etdiyi akademiyanın tələbə şəhərciyində binalar alternativ enerji ilə təchiz olunub. Yaxın vaxtlarda tikintisi başa çatacaq daha iki bina da analoji enerji ilə təchiz olunacaq.

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, dünyada ərzaq məhsulları ilə təchizat sahəsində bir sıra çağırışlar formalaşıb. Bunlardan biri demoqrafik vəziyyətdir: “FAO-nun son proqnozlarına görə, 2050-ci ildə dünya əhalisinin sayı 9,3 milyard nəfərə çatacaq. Bu isə o deməkdir ki, biz öz ərzaq təminatımızı təxminən 70 faiz artırmalıyıq.  Digər çağırışlar olan qlobal iqlim dəyişikliyi, qlobal istiləşmə, quraqlıq faktorları kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını daha da çətinləşdirir”.

Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir ile ilgili görsel sonucu

Azərbaycanda aqrar sahənin iqtisadiyyatın əsas prioritetlərindən biri olduğunu deyən nazir bu ilin 9 ayında bu sahədə 4,3 faiz artım qeydə alındığını vurğulayıb: “Bu sahənin inkişafı istiqamətində dövlət tərəfindən böyük tədbirlər həyata keçirilir. Amma Azərbaycan  da aqrar sahənin inkişafı qarşısında duran çağırışları nəzərə almalıdır. Azərbaycanın əkinəyararlı torpaqları, suvarma imkanları məhduddur, iqlimi monoton deyildir. Cənab prezident aqrar sahənin inkişafı sahəsində qarşımıza bir sıra vəzifələr qoyub. Bunlar mövcud resurslardan səmərəli istifadə etmək, məhsuldarlığı artırmaqdır”.

İ.Kərimov bildirib ki, bu gün müasir innovasiyaların tətbiqi nəticəsində aqrar istehsala çəkilən xərclər 20-30 faiz azalır. İnnovasiyaların tətbiqi sayəsində 2020-ci ildə dünyada kənd təsərrüfatından əlavə 52 milyard dollar gəlir götürmək mümkündür.

Türkiyənin kənd təsərrüfat naziri Bəkir Pakdəmirli bildirib ki, müasir dünyada ölkələr üçün kənd təsərrüfatı müdafiədən daha vacib sahəyə çevrilib: “Hazırda dünya ərzaq təchizatı sahəsində ciddi problemlərlə üz-üzədir: əhali artımı, iqlim dəyişikliyi, səhralaşma və sair. Bundan əlavə, şəhərləşmə sürətlə artır. Bu gün dünya əhalisinin 55 faizi şəhərlərdə yaşayırsa, 20 ildən sonra bunun 70 faizə çatacağı gözlənilir. Hazırda dünyada 1 milyard insan ifrat yoxsulluq həddində yaşayır, 800 milyon insan aclıq keçirir, 1 trilyon dollar yanlış qidalanmaya sərf olunur. Belə gedərsə, yaxın gələcəkdə insanlar su, ərzaq üstündə müharibələr edəcəklər.  Buna görə də innovasiyalardan bəhrələnməklə ərzaq istehsalını artan tələbata, çətinləşən şərtlərə uyğunlaşdırmaq lazımdır”.

B.Pakdəmirli onu da qeyd edib ki, kənd təsərrüfatında əsas məsələlərdən biri planlamadır: “Cənab prezident İlham Əliyevlə görüşümüzdə o da vurğuladı ki, planlama sahəsində Azərbaycanda müəyyən çətinliklər var. Bu sahədə Türkiyə öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”. Nazir qardaş ölkənin alternativ və bərpa olunan enerji istehsalı sahəsində əldə etdiyi nailiyyətləri də xüsusi qeyd edib.

Ölkə prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi Azər Əmiraslanov bildirib ki, dövlət başçısının tapşırığı ilə aqrar sektorda innovativ texnologiyaların tətbiqinə başlanılıb: “Əsas məqsəd əhalinin təhlükəsiz və davamlı ərzaq təminatına nail olmaqdır. Kənd təsərrüfatı təbiət hadisələrindən ən çox asılı olan sahələrdən biridir. Bu sahəni inkişaf etdirərkən bu amili nəzərə almaq çox vacibdir”.

A.Əmiraslanov qeyd edib ki, son yarım əsrdə dünyada kənd təsərrüfatı çox ciddi texnoloji yeniləşmə prosesi keçib. Onun sözlərinə görə, hazırda aqrar sektor daha çox inkişaf etmiş ölkələrdə formalaşıb: “Təsadüfi deyil ki, bu gün dünyada ərzaq məhsullarının əsas ixracatçıları qismində məhz inkişaf etmiş ölkələr çıxış edir.  Ötən əsrin 60-70-ci illərində beynəlxalq leksikona ”Yaşıl inqilab" anlayışı daxil oldu. Onun əsas komponentləri yeni bitki növlərinin yaradılması, aqrar sektorda mütərəqqi sistemlərdən istifadə, bu sahənin sənayeləşdirilməsi hesab edilir. Qeyd edilən istiqamətlər üzrə Azərbaycanda ciddi addımlar atılsa da, kənd təsərrüfatı ilə bağlı görəcəyimiz işlər hələ çoxdur".

Prezidentin köməkçisi həmçinin rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqinin vacibliyini vurğulayıb.

Energetika naziri Pərviz Şahbazov çıxışında qeyd edib ki, Azərbaycanda istehsal olunan enerjinin 18 faizi alternativ və bərpa olunan enerji mənbələrindən(su elektrik stansiyaları da daxil olmaqla) əldə edilib: “Enerji resursları dünyada qeyri-bərabər paylanıb. Bu resurslar vaxtaşırı siyasi proseslərin alətinə çevrilir. Son illərdə neftin qiymət dəyişikliyi ilə bağlı proseslərdə geosiyasi amillərin rolu da təsdiqləyir ki, təkcə enerjiyə çıxışı olmayan ölkələr deyil, neft ölkələri də alternativ həllər axtarmalıdır. Bu baxımdan, bərpa olunan enerji hər bir ölkənin enerji təhlükəsizliyini təmin edən universal həlldir. Karbohidrogenlərdən fərqli olaraq bərpa olunan enerjini hər bir ölkə əldə edə bilər. Proqnozlara görə, 2027-ci ilədək dünyada enerji sahəsinə qoyulan investisiyaların üçdə ikisi bərpa olunan enerjinin payına düşəcək”.

P.Şahbazovun sözlərinə görə, Azərbaycanın bərpa olunan enerji istehsalı sahəsində böyük potensialı var: “Bərpa olunan enerji mənbələri sənayesini inkişaf etdirmək, bazarını yaratmaq, rəqabət qabiliyyətini artırmaq üçün beynəlxalq ekspertlərin dəstəyi ilə ”Bərpa olunan enerji mənbələri haqqında" qanun layihəsi hazırlanır. Eyni zamanda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası və şəbəkənin gücləndirilməsi layihəsinin icrasına başlanıb. Bərpa olunan enerji sahəsində özəl sektorun iştirakı üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində addımlar atılır. Bu sahədə ixtisaslaşmış şirkətlərlə məsləhətləşmələr aparılır. Asiya İnkişaf Bankının dəstəyi ilə Böyük Şor gölündə üzən günəş paneli uğurla həyata keçirilir".

Nazir onu da bildirib ki, Azərbaycanda Dünya Bankı ilə birlikdə enerji səmərəliliyi sahəsində milli fəaliyyət planının hazırlanması və pilot layihələrin həyata keçirilməsi üçün müzakirələr aparılır.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə kənd təsərrüfatında yüksək texnologiyaların tətbiqinin çox vacib amil olduğunu bildirib.

Daha sonra forum müxtəlif mövzular üzrə müzakirələrlə davam etdirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.