banner
banner

Maraqlı

Özümüzü ölümcül zəhərlənmədən belə qoruya bilərik

Özümüzü ölümcül zəhərlənmədən belə qoruya bilərik

KİV-lərdə demək olar hər gün dəm qazından zəhərlənmə ilə bağlı bədbəxt hadisələr haqqında məlumat verilir. Əfsuslar olsun ki, bəzən bu hadisələr bütöv ailənin ölümü ilə də nəticələnə bilir. Səhiyyə və Fövqəladə Hallar Nazirliklərinin və digər qurumların profilaktik və izahetmə tədbirlərinin keçirilməsinə baxmayaraq, bu sahədə vəziyyət çox ciddi olaraq qalır.

Bu ağır zəhərlənmədən özünü necə qorumalı,  intoksikasiya baş verdikdə onun ilkin əlamətləri və təxirəsalınmaz yardım barədə ətraflı məlumat üçün Azərbaycan Tibb Universitetinin dosenti, həkim-toksikoloq İsmayıl Əfəndiyevə müraciət etdik.

-Azərbaycanda dəm qazı ilə zəhərlənmə hallarının rast gəlinməsi hansı səviyyədədir?  

Son illər Azərbaycanda dəm qazı və yanma məhsullarından zəhərlənmə hallarında artma tendensiyası qeyd olunub. Əgər 2007-ci ildə toksikologiya mərkəzində bu cür hospitalizasiyaların sayı 173 nəfər idisə, 2017-ci ildə bu rəqəm 4 dəfə artıb. Lakin bu vəziyyətin təkcə Azərbaycan üçün səciyyəvi olduğunu düşünmək səhvdir. Belə ki, ABŞ-da hər il dəm qazı ilə 10 mindən çox zəhərlənmə hadisəsi baş verir. Avropa ölkələrində isə dəm qazı ilə intoksikasiya alkohol və onun surroqatları ilə zəhərlənmələrdən sonra stabil ikinci yeri tutur.

Dəm qazı ilə zəhərlənmənin əlamətləri necə olur?

Karboksihemoqlobinin qanda səviyyəsi təxminən 15%-ə çatdıqda dəm qazı ilə zəhərlənmənin simptomları özünü biruzə verir. Zəhərlənmənin üç dərəcəsi ayırd edilir:

1. Yüngül dərəcə (karboksihemoqlobinin qanda səviyyəsi 15-30% təşkil edir). Ümumi toksiki simptomlar (baş ağrısı, qulaqlarda küy, başgicəllənmə, ürəkbulanma), təngnəfəslik, boğazda acışma, quru öskürək, ürək nahiyyəsində xoşagəlməz hisslər əmələ gəlir. Bayılma (huşun itirilməsi) adətən müşahidə olunmur.

2. Orta dərəcə (karboksihemoqlobinin qanda səviyyəsi 30-40% təşkil edir). Yorğunluq, artan zəiflik (xüsusən aşağı ətraflarda), görmə və eşitmənin qavranmasında pozulmalar, şüur dolaşıqlığı, ürək ritminin pozulması və döşdə ağrılar (miokardın işemiyası), qıcolmalar. Dəm qazı ilə orta dərəcəli intoksikasiyanın fərqləndirici cəhəti qısa müddətliyinə huşun itirilməsidir. Dərsliklərdə təsvir olunan və qanda karboksihemoqlobinin olması ilə bağlı yaranan dəri və dodaqların albalı-qırmızı rəngə boyanması nadir hallarda təsadüf edilir.

3. Ağır dərəcə (karboksihemoqlobinin qanda səviyyəsi 40-50% təşkil edir). Koma, beyin ödemi, tənəffüsün ciddi pozulmaları inkişaf edir. Ağciyərlərin toksiki ödemi, trofik pozulmalar, kəskin böyrək çatışmazlığı və huşsuz vəziyyət nəticəsində "pozision travma" səbəbindən rabdomioliz yaranması mümkündür.

Bu cür zəhərlənmənin hansı fəsadları ola bilər?

Dəm qazı ilə yüngül dərəcəli zəhərlənmədə belə toksiki ensefalopatiyanın baş ağrıları və digər simptomları bir qədər sonra yeni qüvvə ilə təkrar olunur.

Bundan başqa bəzi xəstələrdə hətta müalicə və yaxşılaşma fonunda, zəhərlənmədən iki həftə sonra gecikmiş nevroloji fəsadlar yaranır: düşüncə qabiliyyətinin enməsi, yaddaşın zəifləməsi, baş ağrıları, əzələlərin zəifliyi və əsməsilə özünü biruzə verən dəm qazı ilə induksiyalanmış təxirəsalınmış neyropsixi sindrom müşahidə olunur.

Bəziləri isə güman edir ki, karbon monooksid (dəm qazı) spesifik iyə malikdir, lakin əfsuslar olsun ki, bu belə deyildir. Onun heç bir iyi, rəngi və dadı yoxdur. Məhz buna görə, ona "dinməz qatil" deyirlər.

 

Zəhərlənmə zamanı zərərçəkmişə göstərilən tibbi yardım necə olmalıdır?

Belə hallarda vaxt amili böyük rol oynayır. Xəstələr tez-tez deyirlər ki, dəm qazının onları tutduğunu hissedirlərmiş, amma buna baxmayaraq, hamamdan çıxmadım ki, çimib qurtarım. Yaxud, başları ağrısa, ürəkbulanma olsa da, buna əhəmiyyət vermirlr. Yadda saxlamaq lazımdır ki, zəhərlənmənin birinci simptomlarını hiss edən andan huşun itirlməsinə qədər olan dövr çox qısadır, bəzən bu, bir dəqiqədən də az çəkir. Ona görə də, bu simptomları hiss edən kimi həmin yeri tərk etmək lazımdır.

Zəhərlənmə zamanı ilkin yardım kimi xəstəni dəm qazının çox yığıldığı yerdən təmiz havaya çıxartmaq və ağız boşluğunu təmizləyərək tənəffüs yollarının keçiriciliyini bərpa etmək lazımdır. Komatoz vəziyyət zamanı isə ağız boşluğuna hava ötürən borunun yerləşdirilməsi məqsədəuyğun sayılır. Təkrar qusmaların profilaktikası məqsədilə əlavə olaraq vena daxilinə 10 mq metoklopromid (serukal) yeritmək olar.

Dəm qazı zəhərlənmələrin spesifik antidotu varmı?

Dəm qazı ilə zəhərlənmələr zamanı antidot kimi 100%-li oksigen (üzə kip bağlanılmış maska vasitəsilə 10-15 l/dəq) tətbiq olunur. Huşu itmiş xəstələrdə intubasiya aparılmalı və 100%-li oksigenlə ağciyərlərin süni ventilyasiyası həyata keçirilməlidir. Bundan başqa, qeyd etmək lazımdır ki, dəm qazı ilə zəhərlənmələr zamanı pulsoksimetr faydasızdır və dəqiq olmayan göstəricilər verir.

Hiperbarik oksigenasiyanın tətbiqi sahəsində aparılmış son elmi tədqiqatlar göstərib ki, hiperbarik oksigenasiya arzu edilməyən nevroloji fəsadların qarşısını almır və normobarik oksigenasiya ilə müqayisədə böyük effektivliyə malik deyil. Ona görə də, dəm qazı ilə zəhərlənmələr zamanı hiperbarik oksigenasiya ilə bağlı standart yardım mütəxəssisin rəyindən asılıdır və seçim terapiyası hesab olunur.

Əlavə müalicə üsulları kimi infuzion, vitamin, kəhraba turşusu və simptomatik terapiya tətbiq edilir. Bundan başqa, həkim arterial hipotenziyanın və ürək ritminin dəyişmələrinin korreksiyasına, qıcolmaların aradan qaldırılmasına yönəlmiş terapiyanın aparılmasına hazır olmalıdır. Bir çox xəstələrə isə həkim  nevropatoloqun məsləhəti tələb olunur.

Dəm qazı ilə zəhərlənmələrdən özünü necə qorumaq lazımdır?

Əfsuslar olsun ki, Azərbaycanda dəm qazı ilə zəhərlənmələrin böyük əksəriyyəti ilk növbədə əhali tərəfindən sertifikasiyadan keçməmiş qızdırıcı cihaz və sistemlərdən istifadə etdikdə, habelə onların quraşdırılma və işlədilməsi zamanı təhlükəsizlik texnikasının qaydalarının pozulması nəticəsində baş verir. Praktikamızda vətəndaşların bilərəkdən qaz sobasının çıxış dəliyini kömürlə tıxadığını (belə düşünürlər ki, bu yolla əmələ gələn dəm qazını kömür udacaq) və ya bacanın büzməli borusunu su ilə dolu vedrəyə salmasını, qaz filtirinin çıxarılmasının şahidi olmuşuq. Dəm qazı ilə zəhərlənmələrin profilaktikası üçün "pyatiminutka" adlanan qaz kolonkaları yerləşdirilmiş vanna otaqlarında mütləq ventilyasiya pəncərələri olmalı, bacaların hava çəkməsi mütəmadi olaraq yoxlanılmalıdır. Belə olur ki, küləkli günlərdə yanma məhsulları bacadan geriyə ötürülərək insanların zəhərlənməsinə gətirib çıxarır.

İşlədilən qaz cihazları təyinatı üzrə istismar qaydaları nəzərə alınmaqla işlədilməlidir. Binaları isitmək üçün təhlükəsizlik standartlarına cavab verməyən sobalar və plitələrdən istifadə olunmamalıdır. Daşına bilən qaz plitələri ancaq küçə şəraitində istismar oluna bilər. Benzin və ya dizel yanacağı ilə işləyən elektrik generatorlarından qapalı otaqlarda istifadə etmək olmaz.

Qaz cihazları olan otaqlarda dəm qazının səviyyəsini müəyyən edən analizatorların quraşdırılması çox yaxşı olardı. Bu çox baha olmayan və etibarlı cihazlar dəm qazının təhlükəli konsentrasiyasını aşkar etdikdə uca səs siqnalı verir ki, bu da qazı bağlamağa və həmin yeri vaxtında tərk etməyə imkan verir.

Beləliklə, təhlükəsizlik texnikasının çox da mürəkkəb olmayan qaydalarına riayət etməklə özünüzü və yaxınlarınızı bu ağır, bəzən ölümcül zəhərlənmədən qoruya bilərsiniz.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlinizin uğurlu və xoşbəxt keçməsi üçün 1 yanvarda nə etməlisiniz?

Yeni ili bir çoxları yeni, daha xoşbəxt və uğurlu həyatın başlanğıc nöqtəsi hesab edir. Ancaq həyatınızı yaxşılığa doğru tez və asanlıqla dəyişdirmək üçün müəyyən ritualları yerinə yetirməlisiniz. Dərhal rezervasiya edək - bu sehrli deyil, bu rituallar sizi uyğun əhval-ruhiyyəyə salmaq və sizi fəaliyyətə həvəsləndirmək üçün nəzərdə tutulub.

Kosmosdan qəribə siqnallar AŞKAR EDİLDİ

Kosmosun ən uzaq nöqtələrindən yayılan sirli sürətli radio partlayışları (FRB) alimlər üçün intriqa obyekti olmaqda davam edir. Yeni kəşf edilmiş siqnal hətta təcrübəli tədqiqatçıları da çaşdırıb və onları açmaq üçün yeni sirlər buraxıb.

2023-cü ilin ən maraqlı vəhşi təbiət FOTOLARI

2023-cü ilin ən maraqlı vəhşi təbiət fotoları yayımlanıb. Musavat.com xəbər verir ki, bu barədə “Naked-Science” məlumat yayıb. Belə ki, “Nature's Best Photography” (NBP) nüfuzlu beynəlxalq mükafatının münsiflər heyəti 2023-cü ilin nəticələrinə yekun vurub. Siyahıya 11 fotoşəkil daxildir:

2024-cü illə bağlı proqnoz: Ciddi dəyişikliklər... - FOTO

Yeni il artıq yaxınlaşır. Bütün astroloqların proqnozlarına görə, ulduzlar bizə 2024-cü ilin qeyri-müəyyən olacağını vəd edir. Birincisi, sıçrayış ilidir. İkincisi, ilin bütün rəqəmlərini toplasanız, 8-i alırsınız. Hər rəqəmin öz mənası var: doqquz bir dövrün sonunu göstərirsə, səkkiz sınaq və gərginliyi ifadə edir.