banner
banner

Mədənİyyət

“Hər yer ədəbiyyat” hərəkatı baş tutmadı - qalmaqal

| Xəbər 1921 dəfə oxunub
“Hər yer ədəbiyyat” hərəkatı baş tutmadı - qalmaqal

Bir müddət əvvəl sosial şəbəkələrdə “Hər yer ədəbiyyat” şüarı ilə kampaniya başlamışdı. Gənc yazarlar, yazıçı-şairlər, ictimai fəallar bu virtual aksiyaya dəstək verirdilər.

Onların niyyəti ədəbiyyata həvəs oyatmaq, öləziməkdə olan oxu, mütaliə vərdişini stimullaşdırmaq idi. Bununla həm yeni yazarların mətnləri daha çox diqqət cəlb edəcəkdi, həm də oxucu ordusu, təzə dalğa gətirmək mümkün olacaqdı.

Amma bu kampaniyaya start verənləri tənqid edənlər oldu, yaxşı mətn ortaya qoymaqla hər yerin ədəbiyyat olacağı fikrini irəli sürənlər var idi.

Bu qınaqlarla yanaşı, kampaniya üzvlərinin da arasında fikir ayrılıqları meydana çıxdı və tədricən feysbukda başlanan virtual trend hərəkata çevrilə bilmədi.

Mövzu barədə danışan yazar-şairə Rəbiqə Nazimqızı “Yeni Müsavat”a bildirdi ki, hələ də bu həştəqlə paylaşımlar gedir:“Ümumiyyətlə, həştəq hamı üçün açılmışdı, kifayət qədər də yayıldı, hətta bizdən ilhamlanıb başqa sənət sahələri ilə bağlı da həştəqlər yaratdılar. Yəni həştəq özünü doğrultdu, kifayət qədər də yayıldı. İndi istifadə edənlərin sayı azala bilər, sabaha dayana da bilər. Zatən heç nə əbədi deyil.

İntəhası, ümumilikdə hər yer ədəbiyyat hərəkatının özünü doğrultmadığına təəssüf edirəm. Görünür, əvvəldən nizamlanmaq, təşkilatlanmaq, bir yerdə iş gördüyün adamları, onların xarakterlərini, dayanıqlılıq qabiliyyətlərini nəzərə almaq lazım idi.

Bu mənada səhvlər oldu. İntəhası, müəyyən təcrübə oldu mənim üçün. Bundan sonra yenə də bu tip kampaniyalara dəstək verməyə hazıram. Amma aktiv iştirak olmayacaq. Yorur".

R.Nazimqızı kampaniyanı tənqid edənlərlə, “yazarlar yaxşı mətn ortaya qoysunlar, hər yer ədəbiyyat olacaq” deyənlərlə razılaşmır:

“Bu hissə ilə razı deyiləm. Bu kampaniyanı əslində adi bir oxucu da başlaya bilərdi. Yəni biz, sadəcə, kitaba və mətnə diqqət istəyirdik. O bəyənməyənlərə sualım var: bəyəndikləri, oxuduqları varmı, ən son nə oxuyublar?

Onlara heç kəs şərt qoymurdu ki, bizi bəyənin, bizi oxuyun, bəyəndiklərini təbliğ edəydilər. Bu, tək-tək müəlliflər üçün kampaniya deyildi. Ümumilikdə ədəbiyyat adına idi. Əminəm ki, bəyənməyənlər heç oxumayıblar da. Onlara oxumaq yox, mız qoymaq, qulp qoymaq lazımdır, son vaxtlar sosial şəbəkələrdə bu adamlar yaman fəallıq edirlər. Bir növ trollamaq dəb olub yəni. Mahiyyətə varmadan hər şeyə ağız büzürlər.

Bu məsələnin bir tərəfidir. İkinci tərəfə gəlincə, hərə öz mətninə cavabdehdir və bu mənada mən yalnız özümlə bağlı ittihamları cavablandıra bilərəm: əminəm ki, heç bir ciddi ədəbiyyat adamı məni mətnsizlikdə ittiham edə bilməz".

Gənc şair Hikmət Orhunun sözlərinə görə, kampaniya uğursuzluğa düçar oldu:  “Gözlədiyimiz nəticəni vermədi. Səbəb çox sadədir: ”hər yer ədəbiyyatçılar"ı arasında anlaşılmazlıqlar yarandı, qrup dağıldı. Üstəlik, cəmiyyət də məsələyə etinasız yanaşdı.

Bu da normaldır, çünki üzvlərimiz başda qarşıya qoyduğumuz məqsədləri bir kənara itələyib, efir dalınca, AYB-də görüş dalınca qaçdılar".

H.Orhun təsdiqləyir ki, bu qrupu yaradanları çox adam tənqid edirdi: “Amma tənqid edənlər nə istədiklərini özləri də bilmirdilər. Bizdən yaxşı mətn gözləyənlər bilməlidir ki, ədəbiyyatı təbliğ etmək üçün tək mətn yazmaq vacib deyil, bəlkə birinin istedadı yoxdur, sadəcə, oxucudur? İkincisi, qrup üzvləri gedib orada-burada müsahibə verdilər. Bu da cəmiyyətdə qıcıq doğurdu. Halbuki məqsədimiz o idi ki, ədəbiyyatı təbliğ edək, fləş-moblar, kitab aksiyaları keçirək. Hətta ədəbi jurnal çap etmək fikrimiz var idi. Amma dağıldılar. Yeni fikir gətirmək istəyirdilər, yenə köhnənin ətəyində oturub qocalara qulaq asdılar. Efirdə müsahibə verməklə bağlı qrupda mübahisələr yaranırdı, filankəs getdi, mən niyə getmədim. Bax belə problemlər, davalar yaranırdı. Elə saytlara müsahibə verirdilər ki, həmin portallar sonra əleyhimizə qaralama yazılar dərc edirdi.

Mən başdan demişdim ki, efirə çıxmağı, müsahibələr verməyi yığışdırmaq lazımdır. Belə çıxırdı ki, bu hərəkatı yaratmaq niyyəti yalnız öz dərdimizi danışmaq, müsahibələr vermək üçündür".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Paris Notr-Dam kilsəsi” nümayiş olunacaq

Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında yeni tamaşa hazırlayacaq.

Litvada Azərbaycan muğam triosunun konserti olacaq

Martın 20-də Litvanın Klaypeda şəhərində Novruz bayramı münasibətilə Muğam Televiziya Müsabiqəsinin laureatı Könül Məmmədlinin tar və kamançanın müşayiəti ilə konserti olacaq.