banner
banner

İqtİsadİyyat

Pensiyalarda artım fevralda olacaq

| Xəbər 2108 dəfə oxunub
Pensiyalarda artım fevralda olacaq

Hər ilin sonu, yeni ilin əvvəlində Azərbaycanda pensiya alan yüz minlərlə insan həyəcanla aldıqları məbləğin nə qədər artacağını gözləyirlər. Belə ki, ölkədə 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tuturdu.

Bu zaman indeksləşmə istehlak qiymətləri indeksinin səviyyəsinə uyğun aparılırdı. Lakin 2018-ci ildən bütün pensiya məbləği indeksləşdirilir,  amma bu zaman əsas kimi inflyasiya səviyyəsi deyil, ölkə üzrə orta aylıq nominal əmək haqqının artım səviyyəsi götürülür. Məsələn, ötən il prezidentin imzaladığı sərəncama əsasən əmək pensiyalarının ümumi məbləği 2017-ci ildə ölkədə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 5,7 faiz artırılıb. Sərəncam pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunub.

Bu il pensiya məbləğlərində gözlənilən artım fevral ayından baş tutacaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin verdiyi açıqlamaya görə, Dövlət Statistika Komitəsi müvafiq rəqəmləri təqdim etdikdən sonra artım aparılacaq. Pensiyalarda gözlənilən indeksasiya ilə bağlı iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu maraqlı bir hesablama aparıb. Onun sözlərinə görə, hesablamalar göstərir ki, aylıq artımla pensiyaçılar 1 ay ərzində 300-500 qram yerli mal əti və ya 200-300 qram xarici Zelandiya mənşəli kərə yağı ala biləcəklər: “Dövlət Statistika Komitəsindən gözlənilən rəqəm nominal əmək haqqının orta illik artım tempi göstəricisidir. Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında nominal əmək haqqının orta illik artım tempi 2,8 faiz olub.

Çox böyük ehtimalla, ilin sonuna bu rəqəm 3 faizi ötməyəcək. Belə olan halda da əmək pensiyaları ötənilki nominal əmək haqqının orta artım tempinə uyğun indeksləşdiriləcək. Yəni səxavətli hakimiyyətin sosial qayğısı ilə aylıq pensiyası 130 manat olanlar üçün artım 3 manat 90 qəpik,150 manat olanlar üçün artım 4 manat 50 qəpik, 180 manat olanlar üçün artım 5 manat 40 qəpik, 200 manat olanlar üçün artım 6 manat, 220 manat olanlar üçün artım 6 manat 60 qəpik, 250 manat olanlar üçün artım 7 manat 50 qəpik olacaq”. İqtisadçı-alim deyir ki, hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq nominal əmək haqqındakı artım faizini - yəni 3 faizi əlavə edərək bu aydan alacağı pensiyanın yeni məbləğini hesablaya bilər: “Məlumat üçün qeyd edim ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir. Müqayisə üçün bildirim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması təmin ediləcək: “Belə ki, ”Əmək pensiyaları haqqında" Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yanvar ayı ərzində təqdim olunacaq rəsmi məlumatda 2018-ci il üzrə ölkəmizdə orta aylıq nominal əmək haqqının artım tempi göstəricisi əsas götürülməklə həyata keçiriləcək. Pensiyaların 2019-cu ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq".

Nazirlikdən onu da bildiriblər ki, ilkin məlumata əsasən, 2019-cu ilin 1 yanvar tarixinə ölkədə pensiyaçıların sayı 1,3 milyon nəfər təşkil edir ki, indeksləşdirmə əsasında pensiyalarda artım onlardan təxminən 94 faizinə şamil olunacaq: “Qalan pensiyaçılara isə ”Əmək pensiyaları haqqında" qanunun 20-ci maddəsindəki qruplar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s. aiddir ki, onların pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçirilir.  “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq, bu ay ərzində pensiyalarla birgə, sığortaolunanların fərdi hesablarındakı pensiya kapitallarının da ötən il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılması gözlənilir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər