banner
banner

Mədənİyyət

Ofeliya Aslanın 80 illik yubileyi qeyd olunacaq

Ofeliya Aslanın 80 illik yubileyi qeyd olunacaq

Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” iki hissəli operettasının növbəti nümayişi görkəmli kino və teatr artisti, mərhum Ofeliya Aslanın 80 illik yubileyinə həsr ediləcək.

Teatrdan Axşam.az-a verilən məlumata görə, səhnə əsəri yanvarın 25-i saat 19:00-da təqdim olunacaq.

Səhnə əsərində rolları əməkdar artistlər Əzizağa Əzizov, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Ruslan Mürsəlov oynayacaqlar.

Tamaşadan öncə tanınmış jurnalist, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı istedadlı aktrisanın yaradıcılıq yolu barədə çıxış edəcək.

Özünəməxsus ifası ilə hər zaman tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanan, sevilən aktrisa vaxtı ilə bu tamaşada həyat yoldaşı – böyük gülüş ustası Səyavuş Aslanla (Vəli) tərəf-müqabili olub, Telli rolunu ifa edib.

Qeyd edək ki, Ofeliya Aslan 1939-cu il yanvarın 27-də Bakıda, sənətkar ailəsində dünyaya göz açıb. Atası xalq artisti Rza Əfqanlı görkəmli aktyor, anası xalq rəssamı Bədurə Əfqanlı ilk azərbaycanlı qadın teatr rəssamı olub. Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa kimi işləyən O.Aslanın 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Mədəniyyət və İncəsənət Universitetinin) “Musiqili Komediya aktyoru” fakültəsini bitirəndən sonra Musiqili Teatrdakı ilk rolu “Durna” komediyasında Lalə olub. Bundan sonra “Beş manatlıq gəlin” (Gülnaz), “Arşın mal alan” (Telli), “Hicran” (Çarliston), “Axırı yaxşı olar” (Dilbər), “Bankir adaxlı” (Səmayə) və digər tamaşalarda, həmçinin, “Yol əhvalatı”, “Aktrisanın təbəssümü”, “Xoşbəxtlik qayğıları”, “Adı sənin, dadı mənim”, “Evləri köndələn yar” kimi filmlərdə və teletamaşalarda yaddaqalan obrazlar yaradıb. “Mozalan” satirik kinojurnalının onlarca nömrəsində çəkilib. O, teatrın truppası ilə birlikdə SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub, Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş SSRI-nin xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin “Ana mən evlənirəm” əsərində Bibixanım rolunda oynayıb.

2010-cu ilin may ayının 10-da 71 yaşında vəfat edib.

 





Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər