banner
banner

İqtİsadİyyat

“Halal” qidaların 80 faizinin istehsalçıları qeyri-müsəlmandır...

“Halal” qidaların 80 faizinin istehsalçıları qeyri-müsəlmandır...

Hər hansı ət  və ət məhsulu alarkən, gözümüz ilk növbədə onun üzərində “Halal” etiketini axtarır. Ancaq indi malın üzərinə bu etiketin vurulması da yetərli deyil. Çünki onun hansı şərtlərlə verilməsi ilə bağlı da müəmmalar çoxdur. Halal qida təkcə tərkibində İslam dinində haram buyurulan məhsulların qatılmaması  deyil, həm də təmiz şəraitdə hazırlanması, düzgün kəsim qaydasına riayət olunmasıdır.

Bəs görəsən, dünyada “Halal” sertifikatı ilə istehsal olunmuş məhsullar varmı, onlara tələbat nə qədərdir?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Vüsalə Əhmədova deyir ki, “Halal qida” sertifikatına malik məhsullar qlobal iqtisadiyyatda 2 trilyon dollarlıq bazar payına malikdir: “Qanuni, etibarlı mənasını daşıyan ərəb mənşəli ”halal" sözü çoxlarımıza məlumdur. Müsəlman dinində bəzi istisnalarla demək olar ki, bütün saf və təmiz qidalar halal sayılır. Məsələn, donuz əti və donuz məhsulları, ət yeyən heyvanların, sürünənlərin, kəsimdən əvvəl ölmüş və ya islami qaydalara müvafiq kəsilməmiş heyvanların əti, yırtıcı quşlar, həşəratlar, şərab, etil spirti və digər spirtli içkilər İslam dinində haram buyurulur. Sözün fəlsəfəsinə varsaq, insan sağlamlığının zərər görməməsi və ya zəhərlənməmə üçün dinin tövsiyəsi kimi də ifadə edə bilərik.

Ä°lgili resim

Halal sertifikatlaşdırmaya gəlincə, mötəbər, səlahiyyətli və qərəzsiz bir qurum tərəfindən istehsalın təftiş olunması, halal standartına uyğun istehsalın həyata keçirildiyinin təsdiqi və buna müvafiq də rəsmi sertifikatın verilməsi prosesidir. Onu qeyd edim ki, qidalarda halal şərti ilə yanaşı və hətta daha önəmlisi gigiyenik tələblərə uyğunluq və təmizlik olmalıdır".

İqtisadçının sözlərinə görə, halal sertifikatlı qidaların 80%-nin istehsalçıları müsəlmanlar deyil: “Hərdən sual olunur ki, ”Halal" sertifikatına ehtiyac varmı? Dünyada yaşayan 1,5 milyard müsəlmanın əksəriyyəti və ya halal qida istehlak etmək istəyən bir qisim insanlar halal standartına malik qida məhsullarına üstünlük verirlər. Bəzi mənbələrdə halal məhsullara olan tələbin dünyada 200 milyard ABŞ dollarını keçdiyi qeyd edilir. Dünyada getdikcə artan “Halal qida” sertifikatına malik məhsullar qlobal iqtisadiyyatda 2 trilyon dollarlıq bazar payına malikdir. Avropada isə “Halal qida” bazarı 67 milyon avro təşkil edir. Hansı müəssisə bu bazardan pay almaq istəməz ki. Amerikadan Çinə, İsveçrədən Cənubi Afrikayadək bir çox ölkələrdə halal sertifikat verən qurumların olduğu, bir sıra dünyaca məhşur qida markalarının da (xüsusilə də fast-food şəbəkələrinin) “Halal” sertifikatı aldıqları məlumdur. Müsəlman istehlakçılara xitab edən halal sertifikatlı qidaların 80%-nin istehsalçılarının müsəlmanlar olmadığını bilirdinizmi? Bir sıra müsəlman ölkələri “Halal” sertifikatı olmayan məhsulların ölkələrinə idxalına qadağa qoyduqları üçün dünyada, xüsusilə də ixracatçı ölkələrdə bu sertifikata marağı artırmaqdadır. Yəni göründüyü kimi, halal sertifikatlaşdırılmış məhsullar üçün bazar kifayət qədər böyükdür".

Ekspertin sözlərinə görə, dünyada bir sıra qida sertifikatları “Halal” sertifikatı ilə qismən üst-üstə düşür: “Məsələn, HACCP sənaye qida məhsulları üçün əhəmiyyətli keyfiyyətə nəzarət sistemi olmaqla, halal standartına qismən uyğundur. İSO 9000 standartı da halal standartı ilə qismən üst-üstə düşən keyfiyyətə nəzarət sistemidir. Halal sertifikatlaşdırma qurumları HACCP və İSO 9000 şərtləri ilə halal olma şərtlərini birgə tətbiq edirlər. Bundan əlavə, halal sertifikatlı məhsulların istehsalında halal sertifikatlı qatqı maddələrinin istifadəsi mütləqdir. Ümumiyyətlə, bir məhsulun həqiqi mənada halal sayılması üçün həmin məhsulların və qatqı maddələrinin hazırlanması və emal metodları, təmizlik və gigiyenik şərtlər sərt qaydalara müvafiq tərəfsiz ekspertlər tərəfindən icra olunmalıdır. HACCP, İSO və digər keyfiyyətə nəzarət standartlarını, yeni texnologiyaları və yeni qatqı maddələrinə adaptasiyanı mükəmməl bilən, halal standartı ilə bağlı müvafiq təhsil almış personal tərəfindən təftiş həyata keçirilməlidir.

“Halal” sertifikatı ilk olaraq müsəlmanlarla qeyri dinlərdən olan insanların birgə yaşadıqları coğrafiyalarda (məsələn: Tayland, Cənubi Afrika, Çin və s.) qidaların halallıq baxımından bir-birilərindən fərqləndirilməsi üçün ortaya atılmış üsul idi. Əfsuslar olsun ki, yaxşı niyyətlə yaradılmış bu standartın hazırda gəldiyi nöqtə acınacaqlıdır. Müsəlmanların istər azlıq və istərsə də çoxluq təşkil etdiyi bir çox ölkələrdə sözdə “halal sertifikat” verən yüzlərlə müəssisələr təsis edilmiş, hansı ki, bu qurumlar 3-5 min dollara “halal sertifikat” adı altında kağız parçası paylamaqla və etiketin üzərinə bir tək “halal” sözünü yazmaqla məşğuldurlar. Hər necə olsa da “halal standartı xəstəliyinə tutulmuş” bir müsəlmanın məsələnin dərinliyinə varmaq və istehlak etdiyi məhsulların mənşəyi ilə maraqlanmaq kimi bir istəyi zatən yoxdur".

V.Əhmədova vurğuladı ki, fürsətçilərin tək dərdi 2 trilyon dollarlıq bazardan daha çox pay almaqdır: “Dünyada isə hakim qlobal güclər bu bazarı əllərinə keçirmək üzrədirlər. Məsələn, ABŞ-da bir sertifikatlaşdırma qurumunun dünyanın ikinci böyük likörlu şokolad istehsalçısına ”halal sertifikat" verdiyi də məlumdur. Azərbaycanda da vəziyyət analojidir. Öncə onu deyim ki, ölkəmizdə “halal qida” dedikdə ağla ilk gələn tərkibində donuz əti olmayan kolbasadır. Ümumiyyətlə, yerli müəssisələrdəki istehsalın halal olub-olmadığını necə müəyyən etmək olar? Məsələn, istehlakçıların həmin müəssisələrə sərbəst ekskursiya etməsi və ya istehsal prosesinin online izlənməsi təmin oluna bilər. Hazırda demək olar ki, vəziyyət bu müəssisələrdə işləyənlərin mərhəmətinə və vicdanına qalıb. Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş “AzeSERT-HALAL” MMC adlı qurum məhsullara “halal sertifikat” verməkdədir. Qeyd olunan qurumun sertifikatları müəssisələrə pulla satmadığına kim zəmanət verir? Buna görə də ölkəmizdə “Halal” mal nişanı ilə istehsal olunan məhsullarla bağlı qeyri-müəyyənlik hələ də qalmaqdadır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.