banner
banner

Gündəm

Elçin Şıxlı: “Yerli telekanallara baxmıram, çünki...”

| Xəbər 2094 dəfə oxunub
Elçin Şıxlı: “Yerli telekanallara baxmıram, çünki...”

AzTV-də artıq Arif Alışanovsuz bir dövr başlanıb. İndi nəzərlər gənc telejurnalist Rövşən Məmmədliyə dikilib. Onun televiziya sədrliyi postuna təyinatı rəsmi şəkildə təsdiqlənməsə də, indidən komandasını yığmaqdadır.

Telekanalın maliyyə şefi vəzifəsindən gedən Şahrza Əliyev də R.Məmmədlinin yeni heyət topladığını açıqlamışdı. Ona görə R.Məmmədlinin necə işləyəcəyi, dövlət televiziyası mühitinə fərqli nələr gətirəcəyi maraqla gözlənilir.

Söhbət bir məktəbə çevrilmiş, vahid mərkəzdən idarə olunan və  nəzarət edilən bir efir məkanından gedir. AzTV qol-budaq atmış, iri gövdəsi olan bir strukturdur. Belə azman yükü R.Məmmədlinin necə daşıyacağı da ayrı mövzudur. Bəziləri isə hesab edirlər ki, gənc bir kadrın belə bir mühüm posta gətirilməsi AzTV-də reformalara, vizual dəyişikliklərə hesablanıb.

Necə ki, İctimai Televiziyaya baş direktor Balakişi Qasımovun seçilməsi müəyyən fərqlilik yaradıb. Müşahidəçilərin fikrincə, istərsə filmlərin səviyyəsi, istərsə hazırlanan proqramların müasirliyi baxımdan İTV əvvəlkindən fərqlənir.

Dövlət televiziyası isə sovet dövründən bu yana dəyişməz olaraq eyni dəsti-xətlə fəaliyyət göstərir. Bu da tamaşaçıların, xüsusən yeni nəslin diqqətini çəkmir.

Özəlliklə, sosial şəbəkə əsrində AzTV-yə maraq qalmayıb. İndiki yeni nəsli AzTV-nin verilişləri maraqlandırmır. Belə olan halda telekanalın gənc rəhbərliyinin hansı dəyişiklikləri edəcəyi əhəmiyyətlidir.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ilə bu mövzuda söhbətləşmişik və “Yeni Müsavat”ın suallarını cavablandırıb: “Açığını deyim ki, mən yerli  telekanallara baxmıram. AzTV-də sədr dəyişikliyindən sonra xüsusi fərqlənmə olacağına da inanmıram. Əgər yeni gələn rəhbərlik hər hansı yeniliklər etməyə çalışacaqsa, biz ona uğurlar arzulaya bilərik. Sadəcə, ölkənin yeni informasiya siyasəti aparılmalıdır. Yeni trendlər olmadan informasiya məkanında heç nəyə nail olmaq mümkün deyil. İlk növbədə yanaşmada, baxışlarda dəyişiklik vacibdir”.

- İndiki dövrdə AzTV-nin ictimai rəyə nə kimi təsiri var?

- Mənim statistik göstəricilərim yoxdur ki, konkret bir söz deyim. Bunun üçün konkret faktlar lazımdır. Amma dövlət televiziyası saxlanmalıdır. Şəxsən mənim rəyimə heç bir televiziya təsir edə bilməz.

- Azərbaycan Avropa Şurasına üzv olanda belə bir öhdəlik varıydı ki, AzTV ictimai yayıma keçsin. Bu mümkündürmü?

-   Avropa Şurasının tələbi başqadır. Bizim ora çatmağımıza hələ çox var. Biz Qərbə inteqrasiya etmək istəyiriksə, tələblərə hörmətlə yanaşmalıyıq. Məsələn, Almaniyada ARB ictimai yayımdır. Hər televiziya istifadəçisi aylıq ödəniş edir. Büdcəsi də abunədən formalaşır. Bizdə heç kim telekanala abunəyə üzv olmayacaq. Əvvəla, sovet vaxtından müftəyə öyrəşmişik. İkincisi, abunəçi kimi pul verirəmsə, televiziyada istədiyimi görməyi tələb edəcəyəm. Onda da televiziya məhv olar. Bizdə keçid dövrüdür və ictimai yayım mərhələsinə çox qalmışıq. Şəxsən mən bizim telekanalların heç birinə abunə olmaram. Amma Almaniyada özəl telekanallar var. Onlarda abunə yoxdur, çünki reklamı çoxdur. Biz ictimai yayıma klassik mənada keçməməliyik. O zaman türk və rus kanalları televiziyanı tutacaq, necə ki, tutur da.

Ruslar beynimizi dolduracaqlar, dünyaya onların gözü ilə baxacağıq. Qardaş ölkə də olsaq, Türkiyə də elədir, onların öz maraqları var. Bizdə yerli televiziyaların keyfiyyətsiz olması ucbatından ictimai rəyi rusun və türkün öhdəsinə buraxmışıq.

- İndiki halda və reallıqda nə etmək lazımdır?

- Kütləvi informasiya vasitələrinə yenidən baxılmalıdır. Biz hələ sovet klişelərindən çıxa bilməmişik, həqiqəti deməkdən qorxuruq.  Azərbaycanda KİV-lə işləməyə üstünlük verirlər. Əslində informasiya ilə işləmək lazımdır. Bu gün sosial şəbəkə var və ictimai rəyi formalaşdıran mühit də oradır. 

KİV nəzarətdə saxlanmaqla informasiya yuxarıdan aşağı ötürülür. Lakin sosial şəbəkədə informasiya üfüqi ötürülür və yayılma arealı geniş olur. Ona görə ki, insanlar üfüqi yayılan informasiyaya inanırlar, yuxarıdan aşağı ötürülənə deyil.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi