banner
banner

İqtİsadİyyat

Azərbaycan korrupsiya reytinqində niyə gerilədi?

Azərbaycan korrupsiya reytinqində niyə gerilədi?

Beynəlxalq Şəffaflıq Təşkilatı 2018-ci il üzrə korrupsiyanı qavrama indeksini açıqlayıb. Təşkilatın hesablamalarına görə, Azərbaycan korrupsiyalaşma səviyyəsinə görə 180 ölkə arasında 152-ci yerdə qərarlaşıb. Bu, ölkənin ötən ilki nəticədən 30 pillə aşağı yer tutması deməkdir. Təşkilatın yaydığı açıqlamadan aydın olur ki, son 5 ildə Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində dinamika müsbət olub. Lakin ötən il Avropa strukturlarına Azərbaycandan rüşvət verilməsinə dair faktların aşkarlanması və digər amillər ölkənin korrupsiya reytinqində mövqeyinin aşağı düşməsinə gətirib çıxarıb. Xatırladaq ki, ötən il Azərbaycan 31 balla 122-ci yerdə idi, hətta bir il öncəkindən bir pillə irəliləmişdi.

Qeyd edək ki, qonşularımızdan Gürcüstan indeksdə 41-ci, Ermənistan 105-ci, Rusiya və İran isə 138-ci yeri tutublar.  Danimarka və Yeni Zelandiya 88 və 87 balla ilk yerlərdədir. Somali, Sudan və Suriya isə 10, 13 və 13 balla indeksin dibində qərar tutublar. Ən yüksək bal yığan region Qərbi Avropa və Avropa Birliyidir, burada ortalama bal 66-dır. Ən aşağı bal isə Saharaaltı Afrika (32) və Şərqi Avropa və Orta Asiya üzrə (35) qeydə alınıb.

Qubad İbadoğlu ile ilgili görsel sonucu

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirir ki, korrupsiyaya dair hesabata görə əslində Azərbaycan 180 ölkə arasında 152-ci yerdə qərarlaşmayıb, Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla birlikdə və eyni balla 152-156-cı yerləri bölüşdürür: “Bu o deməkdir ki, Azərbaycan əvvəlki mövqeyindən 30-34 pillə geriləyib və dünyada korrupsiyanın artım sürətinə görə "çempion" olub. Azərbaycanda korrupsiyanın sürəti o qədər yüksək olub ki, əvvəlki siyahıda bizimlə yanaşı olan Qazaxıstanı və Cibutini ən azı 28 pillə, bizdən pis mövqedə olan Rusiyanı və İranı 14 pillə, Nigeriyanı  8, Uqandanı isə 3 pillə qabaqlayıb. Bu sürət davam edərsə, Azərbaycan gələn il nəinki Zimbabveni, İraqı və Venesuelanı ötər, hətta Şimali Koreyaya, Sudana və Suriyaya da çata, Somalinin əlindən "birinciliyi" də ala bilər. Azərbaycanda baş verən hətta adını çəkdiyim ölkələrdə baş versəydi, hökümət istefaya gedərdi. Odur ki, dövlətin nüfuzunu qorumaq üçün ən azından Nazirlər Kabineti ya özünü buraxmalı,ya da istefaya göndərilməlidir. Çünki korrupsiya ilə mübarizə milli təhlükəsizlyin təminatı qədər önəmlidir”.

İqtisadçı-alimin fikrincə, indeksdə ölkənin mövqeyinin müəyyən qədər pisləşəcəyi gözlənilən: “Amma bu qədər olacağını gözləmirdim. Hesabatın özündə qeyd edildiyinə görə, bu nəticədə “Azərbaycan pulyuyan maşını” adlı hesabatın rolu olub. Hesab edirəm ki, azad mətbuatın boğulması, müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətinin kəskin məhdudlaşdırılması və sair amillər də burada rol oynayıb. Azərbaycanda korrupsiyaya qarşı real mübarizə deyil, imitiasiya gedir. Hətta monitorinq hesabatları da açıqlanır ki, guya bu mübarizədə hansısa nəticələr əldə olunub. Halbuki reallıqda korrupsiyaya qarşı mübarizə getdikcə səngiyir. Çox güman ki, Beynəlxalq Bank işinin də bu nəticədə rolu olub”.

Q.İbadoğlunun sözlərinə görə, bu fakt investisiya mühitinə təsirsiz ötüşməyəcək: “Yeni sərmayələr gəlməyəcək, qoyulan sərmayələrin də geri çəkilməsi prosesi gedəcək. Bu indeksdəki pisləşmə digər hesabatlarda da Azərbaycanın yerinə təsir göstərəcək. Dünya Bankının hesabatlarında, Büdcə Şəffaflığı Hesabatı və digər hesabatlarda ölkənin mövqeyi pisləşəcək. Bundan əlavə, ölkənin kredit reytinqlərinə də mənfi təsir göstərəcək”.

Müsahibimiz deyir ki, korrupsiya iki cür olur; məişət və siyasi korrupsiya: “Azərbaycanda siyasi korrupsiya daha geniş yayılıb, ona görə də real və effektiv mübarizə baş tutmur. Bunun üçün ilk növbədə dövlət məmurlarının gəlirlərinin və əmlaklarının bəyan edilməsi mexanizmi işə salınmalıdır. Daha sonra məmurların maraq toqquşmalarının qarşı alınmalı, Rəqabət Məcəlləsi qəbul olunmalıdır, korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi haqqında qanun qəbul edilməli, azad mətbuat və müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətinə şərait yaradılmalıdır”.

Şəffaflıq Azərbaycan Təşkilatının yeni icraçı direktoru Əliməmməd Nuriyev ile ilgili görsel sonucu

Şəffaflıq Azərbaycan Təşkilatının yeni icraçı direktoru Əliməmməd Nuriyevin “Yeni Müsavat”a verdiyi məlumata görə, builki indeksdə Azərbaycanın mövqeyindəki kəskin pisləşmə texniki amillərlə bağlıdır: “Azərbaycanda korrupsiyanın azaldılması istiqamətində mühüm işlər görülür. Həm qanunverilik təkmilləşdirilir, həm kadr, həm də struktur islahatları aparılır. Bundan əlavə, biznes mühitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülür. Təsadüfi deyil ki, “Doing Business” hesabatında Azərbaycan dünya üzrə 25-ci yerdə qərarlaşıb. Ölkədə dövlət təşkilatlarının vətəndaşlara təqdim etdiyi xidmətlərin böyük əksəriyyəti tam şəffaf qurum olan ASAN Xidmətə verilib. Hansı ki, ölkənin demək olar ki, bütün ərazisi ASAN Xidmətlə əhatə olunmaqdadır. Daha sonra vergi və gömrük orqanlarında şəffaflaşma istiqamətində böyük addımlar atılır. Bütün bunların qarşılığında bizim üçün də çox maraqlı oldu ki, niyə Azərbaycanın indeksdəki balı 7 bal aşağı qiymətləndirilib. Bunu aydınlaşdırmaq üçün Beynəlxalq Şəffaflıq Təşkilatının mərkəzi ofisi ilə əlaqə yaratdıq. Oradan verilən məlumatdan aydın oldu ki, Azərbaycanın balı hesablanarkən ənənəvi olaraq 7 deyil, 6 hesabatın nəticələri nəzərə alınıb. Bildiyiniz kimi, indeks hesablanarkən Beynəlxalq Şəffaflıq Təşkilatının özü tədqiqat aparmır, digər təşkilatların tədqiqatlarının nəticələri əsasında hesablama həyata keçirilir. Azərbaycanın balı hesablanarkən 7 təşkilatın tədqiqatı nəzərə alınırdı, lakin bu il Beynəlxalq İqtisadi Forumun hesabatı nəzərə alınmayıb. Bu da texniki prosedurla bağlı olub – Beynəlxalq İqtisadi Forumun hesabatı hazır olmayıb. Ötən il Forumun tədqiqatına əsasən Azərbaycana 52 bal verilmişdi. Bu il onun olmaması ümumi bala təsir edib. Digər 6 tədqiqat üzrə verilən bal, demək olar ki, dəyişməz qalıb”.

Ə.Nuriyev bildirir ki, Beynəlxalq Şəffaflıq Təşkilatının açıqladığı indeks, adətən, ekspert dəyərləndirmələrinə əsaslanır:“Bu zaman ekspertlərin adları açıqlanmır. Hətta bu metodu yaradanm qraf Lambcdorfun özü də ondan imtina edib. Çünki burada hansısa müstəqil tədqiqat aparılmır, digər hesabatlara əsasən orta bal hesablanır. Eyni zamanda indeks hesablanarkən siyasi qiymətləndirmə də aparılır. Bu il siyasi qiymətləndirmə üzrə də Azərbaycanın balı demək olar ki, dəyişməyib. Bilirsiniz, korrupsiya olan yerdə iqtisadi inkişaf olmaz, sərmayələr oradan qaçar. Azərbaycanda iqtisadi inkişaf gedir, ölkəyə sərmayə qoyuluşu yetərincədir. Yəni adları açıqlanmayan ekspertlərin hesablamaları real vəziyyəti əks etdirə bilməz. Mənbə açıq deyilsə, onunla bağlı məlumat verilmirsə, gəlinən nəticə həmişə şübhə doğurur. Beynəlxalq Şəffaflıq Təşkilatı ölkələrdə keçirilmiş sorğular əsasında korrupsiya barometrini də açıqlayır. Bu, real vəziyyəti daha yaxşı əks etdirir. Ötən il Azərbaycanda respondentlərin 68 faizi korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu nəticələr əldə olunduğunu açıqlamışdı. Gözləyək, görək burada hansı nəticə olacaq”.

Təşkilat rəhbəri qeyd edir ki, Azərbaycanda korrupsiya ilə bağlı problemlərin olmadığını iddia etmir: “Əlbəttə ki, problemlər var. Lakin onların aradan qaldırılması, eyni zamanda önlənməsi üçün tədbirlər də görülür. Buna görə də biz obyektiv qiymətləndirmənin aparılmasını istəyirik”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.

Dollarla bağlı mühüm qərar - Manatı nə gözləyir?

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini "ehtiyatla” azaltmaq niyyətindədir.