banner
banner

Gündəm

Mübariz Mənsimovun Elçibəy sevgisi... - niyə indi???

| Xəbər 1197 dəfə oxunub
Mübariz Mənsimovun Elçibəy sevgisi... - niyə indi???

 

Azərbaycan doğumlu iş adamı, "Palmali" şirkətlər qrupunun sahibi Mübariz Mənsimov gəmilərindən birinə eks-prezident Əbülfəz Elçibəyin adını verəcək. Musavat.com xəbər verir ki, bu barədə məlumatı iş adamının özü ictimailəşdirib. Facebookdakı səhifəsində bu barədə ideoloji bir mətn yayan Mənsimov bu qərarı barədə belə yazıb:


"Bir liderin böyüklüyü inancının dərinliyi, hədəflərinin yüksəkliyi, dünya görüşünün genişliyi və sevgisinin məsafəsi ilə ölçülür. Uca Allah sadəcə 20-ci əsrdə üç böyük lider qismət etdi: Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev və Əbülfəz Elçibəy. Bəzi cahillər bunların müqayisəsini aparırlar. Halbuki bu üç şəxsiyyətin missiyaları başqa olsa da, hər üçü müasir Azərbaycan dövlətinin təməlini atan kişilərdir. Məhəmməd Əmin Rəsulzadə üç rəngli bayraqla şərqdə ilk respublikanın təməlini ataraq, içimizdə bir azadlıq məşəli yandırdı. 70 il Sovet zülmü repressiyalara rəğmən bu məşəli söndürə bilmədi və əsrin sonlarına yaxın Əbülfəz Elçibəy çıxdı və bir kərə yüksələn bayrağı əbədiyyətə qədər göylərdə dalğalandırmaq qərarını verdi. Milli Azadlıq Hərəkatı məhz onun liderliyi ilə Azərbaycanın qolundakı buxovları qırdı. Bu günə qədər digər postsovet ölkələrində qalan rus qoşunlarını ölkəmizdən çıxararaq, həqiqi suverenliyimizə qovuşdurdu. Test islahatı keçirərək, varlı balaları ilə yanaşı kasıbların da üzünə ali məktəbləri açıq elan etdi. Bütün bu uğurların bir bədəli olacaqdı? Məhz o bədəli milləti deyil, özü çəksin deyə, Azərbaycanı Heydər Əliyevə əmanət edərək, getdi. Çünki bu axının qarşısında kimin duruş gətirəcəyini bilirdi. Yəni, bu üç şəxsiyyəti bir-birindən ayırmaq olmaz. Çünki hər üçü bir-birini tamamlayır. Yetər ki, bəsirət gözünlə görəsən. Biz də Cümhuriyyətimizin 100 illiyi ilə bağlı yeni gəmimizin adının Məhəmməd Əmin Rəsulzadə qoyduğumuzu bildirmişdik. Eyni zamanda 2004-cü ildən etibarən “Heydər Əliyev” gəmimiz dünya sularında üzməkdədir. Hər üç şəxsiyyət bizim üçün əziz olduğundan Əbülfəz Elçibəyi də unutmamağa və unutdurmamağa qərar verdik. Bu ilin aprel ayında, gəmilərimizdən biri bu böyük şəxsiyyətin - Əbülfəz Elçibəyin adını daşıyacaq. Beləliklə, 20-ci əsrdə yaşamış hər üç şəxsiyyətin adını daşıyan gəmilərimiz dünya sularında üzəcəklər..."


Musavat.com bildirir ki, son zamanlar M. Mənsimov hazırki hakimiyyətin siyasi kursuna qarşı mətnlərlə çıxış edir. Onun bu çıxışları hər dəfə Azərbaycan müxalifəti tərəfindən böyük həyəcanla qarşılanır və onlar ruh yüksəkliyi ilə bu mətnləri yayırlar. Öz liderlərindən heç bir nəticə görməyən müxalifət elektoratı hər mövsümdə özünə keçici bütlər axtarır, tapır və daha bir az da oyalanır.

Görünən budur ki, indi onlar zəngin iş adamı Mübariz Mənsimovun timsalında yeni bütə yerikləyirlər. Lakin bu dəfə də məyus olacaqları ehtimalı yüksəkdir.

Manevrlər ustası olan Mənsimovun prezident Əliyevə qarşı qətiyyətlə çıxacağı, üsyan bayrağı açacağı mümkünsüz görünür. Zətən onun özü də hər fürsətdə Azərbaycan prezidentini tənqidlərin üstündə tutur. Tutmasa, daha kəskin davransa, prezident İlham Əliyevin yaxın dostu və 1 saylı müttəfiqi olan Tayyib Ərdoğanın məmləkətində yaşaması və iş görməsi qeyri-mümkün olardı. Azərbaycan Ərdoğanın ölkəmizdəki rəqib və düşmənlərini təmizləyərkən, onları tutub, Ankaraya təhvil verərkən Bakıya qarşı müxalifət davranışı sərgiləyən hər hansı birinin Türkiyədə fəaliyyət göstərməsi qeyri-mümkündür. Belə bir iddiaya düşən günün birində özünü başında torba, əlində qandal, Heydər Əliyev Hava limanında bular...

Bəlkə Mənsimov, hər ehtimal, özünü bu varianta hazırlayır? Hələlik, dəqiq görünən budur ki, Mübariz bəy hansısa səbəbdən, Azərbaycanda özünə ictimai dayaqlar yaradır - onun Rəsulzadə və Elçibəy sevgisinin qəflətən baş qaldırmasının əsas səbəbi də budur. Onun bu iki öndərə sevgi göstərməsi və adlarını əbədiləşdirməsi fürsəti illərdir ki, vardı. 2004-cü ildə "Heydər Əliyev" adına gəmi inşa edən birisi 14 il sonra Rəsulzadəni, bir az sonra da Elçibəyi xatırladı... Bu qədər məsafə normal görünmür. Mənsimov illərdi unutduğu öndərlərimizi o zaman xatırladı ki, artıq Azərbaycandan para qazana bilmir, buna imkan vermirlər; üstəlik, ondan, 1 milyard dollara yaxın ödənc tələb edirlər - "atdığı" paraları. Gəmiləri bir - bir müsadirə olunur; iddialara görə artıq 30 gəmisi Azərbaycan dövlətinin nəfinə müsadirə olunub.... O da vəziyyətdən çıxış edərək, gəmiləri "batdığı" bir zamanda şəxsini və ismini siyasiləşdirir. Rəsulzadə və Elçibəy tərəfdarları artıq ona simpatiya bəsləyirlər; borclandılar: Mehman Hüseynov məsələsində də çox usta davrandı: mağdur gənci açıq mətnlə dəstəklədi və ictimai rəydə, müxalif və sosial şəbəkələrdə yüksək təqdir qazandı, ulduza çevrildi.

İndi isə ehtiyatla manevrlər edir, tərəfdarlar toplayır, "qara gün"ə hazırlıqlar görür.

O, məlumatlı adamdır. Deməli, məsələsi o dərəcədə ciddidir ki, ard-arda siyasi tərkibli mətnlər, bəyanatlar yayır.

Fikrimizcə, Mənsimov lazımlı iş adamıdır, Azərbaycan və azərbaycanlılar üçün faydalıdır, hələ də faydalı ola bilər. Yüzlərlə tələbəyə, gəncə, möhtaca qanad gərib, hər hansı yolla qazandığı paralardan zəkat qismində ayrıntılar yapıb və xeyir işlər görüb. Onun kimi birisinin iş uğurlarının davamı daha faydalıdır. "Mənsimova azadlıq" başlıqlı şüar və məqalələrin, sosial şəbəkə aksiyalarının ortaya çıxması təkcə onun üçün pis olmazdı...



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi