banner
banner

Gündəm

QTA rəhbəri açıqladı: “Yediyimiz toyuqları buzladırlar ki...”

| Xəbər 1201 dəfə oxunub
QTA rəhbəri açıqladı: “Yediyimiz toyuqları buzladırlar ki...”

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. 

Musavat.com xəbər verir ki, mətbuat konfransında hesabat nitqi ilə çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, agentlik fəaliyyətə başladıqdan sonra ilk 6 ay ərzində qanununvericilik sahəsində, maddi texniki bazanın və kadrların müəyyənləşməsi işi həyata keçirilib:

“Daha sonra isə agentlik öz funksiyalarını reallaşdırmağa başlayıb. Qanuni fəaliyyətin tənzimlənməsi ilə bağlı ölkə başçısı tərəfindən müvafiq sərəncamlar imzalanıb. Bir sıra qanunlarda müvafiq dəyişiklik edilib. Eyni zamanda Nazirlər Kabinetinin bu sahədə qayda və sərəncamları olub. Qida Təhlükəsizliyi Agentliyinin aparatı və regional bölmələri olmaqla 800 ştat vahidi var. Onlardan 665 isə regionların strukturuna daxildir. İyulun 1-i 2018-ci ildən isə Qida Təhlükəsizliyi Agentliyi hüquqi şəxs kimi fəaliyyətə başlayıb. Tabeliyində həm Bakıda, həm də regionlarda olmaqla, 21 mərkəzi sınaq laboratoriyaları fəaliyyətə başlayıb. QTA bu dövr ərzində ölkə ərazisində qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin həyata keçirilməsi, baytarlıq və fitosanitar, idxal və ixrac zamanı məhsullar üzərində dövlət nəzarətinin reallaşması, qida zəhərlənmələrin araşdırılması, qida təhlükəsizliyi sahəsində risklərin tənzimlənməsi, istehlakçıların hüquqlarının müdafiəçisi, eyni zamanda Azərbaycanın beynəlxalq qurumlarda təmsil olunması üçün beynəlxalq sertifikatların verilməsini həyata keçirib. Əməkdaşlarımız tərəfindən bu dövr ərzində müvafiq monitorinqlər keçirilib. Təhlil aparılan laboratoriyanın sayı təxmini 150-yə yaxındır. Onlar arasında beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalar da mövcuddur”.

Sədr istehsalçıların qanunsuz əməlləri barəsində də danışıb. O bildirib ki, ölkədə quşçuluq sahəsi ilə məşğul olan sahibkarlar bəzən süni şəkildə toyuğun çəkisini artırırlar:“Dondurulmuş quş ətinin nəmlik faizi 4 olmalıdır. Lakin bəzi işbazlar nəmlik faizini 22-24-ə qaldırırlar. Bu da öz növbəsində istehlakçının aldadılmasına gətirib çıxardır. Hazırda AQTA bu sahəyə ciddi nəzarət edir. Ötən ilin iyul-dekabr ayları ərzində qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində plandankənar 148 yoxlama keçirilib. 6 ay ərzində sanitar-gigiyena ekspertizası zamanı 93 inzibati tənbeh qərarı qəbul edilib. 25 zərərsizləşdirmə tədbirlərinə qərar verilib. Həmçinin qida zəhərlənməsi ilə bağlı 168 müraciət qeydə alınıb. Bunun da 77-si öz təsdiqini tapıb. Nəticədə 187 nəfər zəhərlənməyə məruz qalıb. Botulizm  zəhərlənməsi hadisəsi 14 olub ki, 1 nəfər dünyasını dəyişib”.

AQTA sədri qeyd edib ki, qida təhlükəsizliyi sahəsində verilmiş icazə sənədlərinin sayı 5586 təşkil edib: “Həmin müddət ərzində idxal üçün 5186, ixrac üçün isə 400 sertifikat verilib”.

AQTA sədri bildirib ki, ötən il Ukraynadan Azərbaycana gətirilən 34 ton mal əti at əti ilə qarışdırıldığı üçün geri qaytarılıb.

O, həmçinin qeyd edib ki, ötən ilin iyul-dekabr ayları ərzində baytarlıq sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində 1315 infeksion və invazion xəstəliklər aşkarlanıb: “İlk olaraq deyim ki, ölkədə ”quş qripi" virusu aşkarlanmayıb. Baytarlıq sanitariya ekspertizası zamanı 30 ton bal dövriyyədən çıxarılıb, 2036 xəbərdarlıq edilib, 29 məhvetmə ilə bağlı icrası məcburi olan qərar verilib, 34.2 ton məhsul ixracatçı ölkəyə geri qaytarılıb".

AQTA rəhbəri enerji içkilərinin insan orqanizminə yan təsirləri barədə aşağıdakıları bildirib: “Enerji içkilərinin insan orqanizminə mənfi təsiri onun tərkibindəki kofeinin miqdarından və onun orqanizmə nə qədər sürətlə daxil olmasından asılıdır. Sual oluna bilər ki çayın da, qəhvənin də tərkibində kofein var. Bəs nə üçün onlara qarşı həmin məhdudlaşdırıcı tədbirlər barəsində hansısa məlumat yayılmır? Deyim ki, çay və qəhvə isti içəcəkdir. Ona görə də onların mədədə sürətli sovrulması anı baş vermir. Enerji içkilərinin tərkibində isə yuxarı kofein göstəricisi var. Onlar bir anda bədənə sovrulur. Bu isə bədəndə yanlış olaraq oyanış hissi yaradır. Belə olan halda ürəyin beyinə qanı ötürməsi sürətlənir. Bu, süni sürətlənmədir. İnsanlara elə gəlir ki, onlar gümrahlaşırlar. Ancaq əslində isə bu, bədənin daxili enerji ehtiyatlarının süni şəkildə ortaya qoyulmasıdır ki, bu da orqanizm üçün təhdiddir. Özəlliklə də azyaşlı uşaqların, əhalinin həssas təbəqəsinin, yaşlı şəxslərin, idmanla məşğul olanların enerji içkisi qəbul etməsi zərərlidir.Soyuq çaylar da bədənə soyuq şəkildə daxil olur. Ancaq onlarda kofeinin miqdarı aşağıdır”.

Təhməzli söyləyib ki, Agentlik olaraq əhaliyə bu içkilərin qəbulunu tövsiyə etmirlər. “18 yaşına qədər olan əhalinin bu içkiləri qəbul etməsi məhdudlaşdırılmalıdır. Mütləq enerji içkilərinin markalanması zamanı kofeinin miqdarı göstərilməlidir. Səhiyyə Nazirliyinin xəbərdarlığı da bankaların üzərində qeyd olunmalıdır”, - deyə o bildirib.

Təhməzli həmçinin ictimai-iaşə müəssisələri sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib. O bildirib ki, qeyri-qanuni məşğulluq məsələsi əsas problemdir: “Həmin yerlərdə çalışan insanların tibbi müayinədən keçirilməsi bizim məqsədimizdir. Bir çox hallarda insanlar arasında xəstəliyin yayılması həmin ictimai-iaşə obyektlərində çalışanların tibbi müayinədən keçmədən qida məhsullarını hazırlaması nəticəsində meydana çıxır”.

AQTA sədri deyib ki, bu istiqamətdə mövcud olan problemlərin aradan qaldırılması üçün müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilir: “Bir çox hallarda təsadüfi şəxslər şadlıq evlərində xidmətçi (ofisiant) qismində qeyri-qanuni şəkildə işə götürülür və bu da insanların sağlamlığı üçün ciddi təhlükədir. Ona görə də həmin şəxslər mütləq şəkildə tibbi müayinədən keçməlidirlər. Araşdırmalarımız nəticəsində həm də kustar şəkildə hazırlanan spirtli içkilərin bahalı şüşələrə yığılıb istehlakçı şirkətə baha qiymətə satıldığı məlum olur. Həmin içkilər də ictimai-iaşə müəssisələrinə satılaraq insanların sağlamlığına zərər vurur”.

Təhməzli bildirib ki, ötən il Agentliyin birbaşa təşkilatçılığı ilə 15, birgə təşkilatçılığı ilə isə 4 tədbir həyata keçirilib:

“Həmin tədbirlərdə müxtəlif sahələr üzrə 1600-dək sahibkar iştirak edib.  Onu da qeyd etmək istərdim ki, gələcəkdə Agentliyin digər dövlət qurumlarının, beynəlxalq təşkilatların və sahibkarlıq subyektlərinin iştirakı ilə əməkdaşlıq platformalarının yaradılması gözlənilir.

Yerli sahibkarlarla yanaşı, xarici sahibkarlarla da əməkdaşlıq əlaqələri qurulub. Dünyanın nəhəng qənnadı məmulatları istehsalçısı olan “Ferrero Rocher” şirkəti ilə Gürcüstandan ixrac edilməsi nəzərdə tutulan fındıq və fındıq məhsullarının məhz Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında ekspertizadan keçirilməsi ilə bağlı razılıq əldə edilib.

Agentlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”na uyğun olaraq 25 qərar qəbul edilib. Həmin qərarlara əsasən,  2000 kq konserv məhsulları, 2300 kq bitki mənşəli qida məhsulu, 3098 kq süd məhsulu, 3620 litr spirtsiz içki məhv edilmiş, 31 ton kişmiş və 64 ton günəbaxan tumu zərərsizləşdirilib və 1500 ton taxılın geri qaytarılması haqqında qərar qəbul edilib.

Agentliyin fəaliyyət göstərdiyi 6 ay ərzində ixrac zamanı aparılan nəzarət tədbirləri hesabına məhsulların idxalçı ölkələr tərəfindən imtina halları əhəmiyyətli dərəcədə azalıb, fındıq məhsullarının Avropa İttifaqı tərəfindən yalnız 1 dəfə idxaldan imtina halı müşahidə edilib. 2017-ci ilin yanvar ayından Agentliyin fəaliyyətə başladığı tarixədək olan müddətdə isə Avropa İttifaqı tərəfindən bu cür imtina hallarının sayı 36 olub.

Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrinin bufetlərində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət olunması vəziyyətinin qiymətləndirilməsi məqsədilə təsdiq olunmuş monitorinq planına əsasən 50 ümumtəhsil müəssisəsinin bufetinə baxış keçirilib.”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi