banner
banner

Sİyasət

“Qarabağ məsələsi İsrail-Fələstin münaqişəsi kimi uzana bilməz, çünki...” - tanınmış politoloq

“Qarabağ məsələsi İsrail-Fələstin münaqişəsi kimi uzana bilməz, çünki...” - tanınmış politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya səfəri çərçivəsində alman kansler Angela Merkel ilə görüşüb. Görüşdən sonra kanslerin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dedikləri Azərbaycan tərəfdə diqqət çəkib. A.Merkel bildirib ki, münaqişənin həlli üçün zaman lazımdır. Sanki Qarabağ probleminin həlli üçün 26 illik danışıqlar azdır. 

Merkelin dedikləri Qarabağ münaqişəsinin də İsrail-Fələstin münaqişəsi kimi uzanıb-uzanmayacağı yönündə suallar yaradıb. Doğrudur, ekspertlərin məsələyə baxışları nikbindir. Tezliklə Dağlıq Qarabağ düyünün çözüləcəyinə ümidlər var. Amma bununla belə, Avropanın ən güclü dövlətlərindən sayılan Almaniya kanslerinin münaqişənin həlli üçün hələ zamanın yetişmədiyini ifadə etməsi müzakirələrə yol açmaya bilməz.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”da Merkelin dediklərinə bu cür şərh verdi: “Almaniya kanslerinin Paşinyanla görüşdən sonra səsləndirdiyi fikirlər onun ötən ilin avqustunda Bakıda və İrəvanda verdiyi bəyanatdan bir qədər fərqlənir. Ötən ilin avqustunda Angela Merkel ölkəsinin Qarabağ münaqişəsinin həllinə dəstək olmaq niyyətində olduğunu və prosesin intensivləşməsinin vacibliyini vurğulamışdı. Eyni fikirlər xanım kanslerin ötən ilin noyabrında postsovet məkanında mövcud olan münaqişələrin həlli ilə bağlı açıqlamasında yenidən və daha qətiyyətlə təkrarlandı. Almaniya kanslerinin danışıqlar prosesində müsbət dinamikanın yaranmasından sonra problemin həlli üçün uzun müddət vaxt tələb olduğunu söyləməsi isə çox güman ki, Paşinyanla görüşdən sonra formalaşmış, yaxud Almaniya və müttəfiqlərinin Ermənistanla bağlı hansısa ortaq mövqeyi ilə bağlı olan bir yanaşmadır.

Ola bilsin ki, Merkellə görüşdə Nikol Paşinyan təmsil etdiyi hakimiyyətin sülhə hazır olduğunu, lakin Ermənistandakı mövcud iqtisadi-siyasi reallıqların kompramislərə getməyə imkan vermədiyini, ictimai rəyin dəyişdirilməsi, hakimiyyətinin möhkəmləndirilməsi, sosial-iqtisadi problemlərin həlli üçün uzun müddətli bir prosesə ehtiyac duyulduğunu bildirib. Mümkündür ki, danışıqlar prosesi ilə bağlı Ermənistanın keçmiş hakimiyyət nümayəndələrinin, bəzi digər siyasi qrupların, daşnakların, separatçıların son aqressiv bəyanatları da elə buna xidmət edir. Ermənistandakı siyasi qrupların, diasporun Qarabağ məsələsində bir-birinə kritik vəziyyətlərdə ”ötürmə" etmələri yeni hadisə deyil. Başqa bir məqam isə, çox güman ki, bəzi Avropa dövlətlərinin, o cümlədən Almaniyanın Ermənistanla bağlı ortaq strategiyası ilə də əlaqədar ola bilər.

Onlar Ermənistanda Paşinyanın və öz mövqelərinin möhkəmləndirilməsi üçün münaqişənin həllinin mümkün qədər uzadılmasına, paralel olaraq Azərbaycanın mövqelərinin zəiflədilməsinə cəhd göstərə bilərlər. Avropa Parlamentinin Almaniyadan olan deputatlarının Azərbaycana qarşı təxribatları da belə düşünməyə əsas verir. Ermənistana münasibətdə dini amillər, şübhəsiz ki, müəyyən qədər rol oynayır. Amma bu, Ermənistanla bağlı məsələdə həlledici amil deyil. Almaniya Avropa dövləti olsa da, bir sıra məsələlərdə, xüsusilə də Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə fərqli mövqedən çıxış edir.

Almaniya bir zamanlar Rusiyanın vasitəsi ilə qoca qitənin enerji təminatında oynadığı rolun əldən verilməsindən məmnun deyil. Nabukko layihəsinin iflasa uğraması və Almaniyanın heç bir rol almadığı Cənub Qaz Dəhlizinin reallığa çevrilməsi də Berlini qane etmir. Almaniyanın Azərbaycana qarşı davranışlarında da bu amillər mühüm rol oynayır. İtaliyada Cənub Qaz Dəhlizinə qarşı savaş açan “5 ulduz” partiyalar blokunun arxasından Rusiyanın enerji sektoru ilə bağlı olan müəyyən dairələrin çıxdığı kimi, Almaniyada da üçüncü bir ölkənin Azərbaycanla bağlı məsələlərdə neqativ stimullaşdırıcı rol oynaya biləcəyi ehtimalı həmişə olub və olacaq...".

Politoloq Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmayacağını düşünür: “Qarabağ məsələsi İsrail-Fələstin münaqişəsi kimi uzana bilməz. Əvvəla, bu məsələlərin bir-biri ilə əlaqələndirilməsini doğru saymıram. Digər tərəfdən, Azərbaycan Fələstin deyil, güclü, oturuşmuş bir dövlətdir. Hər halda danışıqlar prosesində irəliləyişin olmayacağı ehtimalı özünün tam təsdiqini taparsa, azərbaycanlılar işğalçı qoşunlara sapand atmayacaqlar. Bizim silah arsenalımızın cüzi bir hissəsi Ermənistanı susdurmaq üçün yetərlidir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.