banner
banner

Gündəm

Etibar Pirverdiyev vəzifədən getdi, “Expressbank”ın da “işığı söndü”

| Xəbər 1307 dəfə oxunub
Etibar Pirverdiyev vəzifədən getdi, “Expressbank”ın da “işığı söndü”

Azərbaycanda fəaliyyət göstərən banklar 2018-ci ilin yekun hesabatlarını açıqlayıblar. Ötən ili ən böyük mənfəətlə - 425 milyon 841 min manatla “Azərbaycan Beynəlxalq Bankı” yekunlaşdırıb, ən böyük zərərlə qapadan isə 250 milyon 478 min manatla “VTB Bank (Azərbaycan)” olub. Bu haqda azpolitika.info xəbər yayıb. Maraqlıdır ki, ən çox zərər edən 2 bank Rusiya banklarının Azərbaycandakı törəmələri olan “VTB Bank (Azərbaycan)” və “Nikoyl Bank”dır. Yerli bankların arasında isə birinci yerdə 23 milyon 755 min manat zərərlə “Expressbank” qərarlaşıb.

Əslində bu bankın ötənilki faiz və qeyri-faiz gəlirlərində, eləcə də ümumi gəlirlərində 6 milyon manata yaxın artım müşahidə olunub və bu göstərici 2017-ci ildəki 38 milyon 719 min manatdan 44 milyon 497 min manata yüksəlib. Bankın faiz gəlirləri kifayət qədər yüksək olsa da, ehtimal olunan kredit itkiləri üçün 24 milyon 988 min manatlıq ehtiyat yaradılması onun 2 milyon 155 min manat faiz zərəri etməsilə nəticələnib. Bu isə ciddi məbləğdə riskli kreditlərin mövcudluğundan xəbər verir. Ancaq ötən il əgər böyük məbləğdə zərər açıqlayan “VTB Bank Azərbaycan” və “Nikoyl Bank”ın bu göstəriciləri əsasən ehtimal olunan kredit itkiləri üçün ehtiyatın yaradılmasına ayrılan iri vəsaitlərlə bağlıdırsa, “Expressbank”ın zərərində inzibati və ümumi xərclərinin 26 milyon 128 min manat təşkil etməsinin xüsusi rolu olub.

Çünki bu xərclərdən öncə bank 2 milyon 373 min xalis gəlir əldə edib ki, burada da “Expressbank”ın 4 milyon 528 min manat qeyri-faiz mənfəəti əldə etməsinin əhəmiyyətli rolu var. Ehtimal olunan kredit itkiləri üçün ehtiyatın yaradılmasına, eləcə də ümumi və inzibati xərclərə böyük məbləğlər ayırması nəticəsində “Expressbank” yerli banklar arasında zərərin miqdarına görə liderə çevrilib. Xatırladaq ki, sözügedən bank 2017-ci ili 2 milyon 26 min manat xalis mənfəətlə tamamlamışdı.

“Expressbank” ile ilgili görsel sonucu

Bankın cari balans kapitalında da azalma müşahidə olunub. Belə ki, 2017-ci ildə 144 milyon 317 min manat cəmi balans kapitalına malik olan bankın bu göstəricisi 119 milyon 348 min manata enib. Lakin bütün bunlarla yanaşı, bankın cəmi aktivləri 26 faizə yaxın artaraq 395 milyon 204 min manata çatıb. Müştərilərə verilən kreditlərin həcmində də 50 milyon manatdan çox artım var. Həmçinin əhalinin bu bankdakı əmanətləri də 19 milyon manat çoxalıb. Digər mühüm göstəricilər olan məcmu kapitalın həcmi və adekvatlığı da kifayət qədər yüksək olub.  Onu da qeyd edək ki,  “Expressbank” “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin bankı kimi tanınır. Elə rəsmən də bankın əsas səhmdarları Priverdiyevə məxsus “AZENCO Group” MMC və Hikmət Xammədovdur. H.Xammədovun isə E.Pirverdiyevin qayını olduğu bildirilir. Bu şəxsə həmçinin “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin 98,5 faizi məxsusdur.

“Yeni Müsavat”a daxil olan məlumata görə “Expressbank” Etibar Pirverdiyev vəzifədə olduğu müddətcə bunca zərərlə işləməyib. O, vəzifədən gedəndən sonra isə bankın zərərinin artması nə ilə izah oluna bilər?

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Hüquqşünas Əkrəm Həsənov deyir ki, “Expressbank” Etibar Pirverdiyevin himayəsində olması kimsəyə sirr deyil:“Vaxtilə ”Atabank" da Fazil Məmmədovun himayəsində idi. “Expressbank” Etibar Pirverdiyevin vaxtında da zərərlə işləyən banklardan idi. Amma Etibar Pirverdiyev vəzifədə olanda bankın, digər şirkətlərinin problemlərini telefonla həll edirdi. İndi isə onun zənginə əvvəlki reaksiya da verilməz. İnanmıram ki, Pirverdiyev vəzifədən gedəndən sonra kiməsə zəng edib bankın problemlərini həll edə bilər. Ona görə də hazırda belə bir vəziyyət yaranıb. Əvvəllər belə idi ki, “Expressbank”ın qaytarılmasında problemlər olan kreditləri ilə bağlı məsələ məhkəmə müstəvisinə gedib çıxanda Etibar Pirverdiyevi eşidirdilər, bankın xeyrinə qərar verilirdi. Bu gün köhnə metodlar keçərli deyil. Təbii ki, bu halda da problemlər əvvəlki kimi həll oluna bilmir və üzə çıxır. Məlum olur ki, “Expressbank”ın xeyli problemli kreditləri var".

Əkrəm Həsənov deyir ki, mümkündür ki, Etibar Pirverdiyev vəzifədə olduğu müddətdə “Expressbank”ın problemli kreditlərini ört-basdır ediblər: “Əvvəllər də zərərlər olub, sadəcə, üzə çıxarmayıblar. Hazırda isə bankın güclü himayədarı yoxdur deyə zəng edib işləri yoluna qoya bilmir. Necə ki, ölkənin enerji sisteminə milyonlarla pul qoyulurdu, hər şeyin qaydasında olması bəyan edilirdi, bankla bağlı da eyni durum olub. Enerji sistemindəki qəza real durumu bütün çılpaqlığı ilə ortaya qoydu. Həmin qəza faktiki olaraq Etibar Pirverdiyevin adına bağlı olan bütün biznes strukturlarında da zəncirvari reaksiyaya səbəb olub. Həmin qəza ilə üzə çıxdı ki, büdcədən xərclənən o boyda pullar illərdir enerji sistemində köklü dəyişikliyə səbəb olmayıb. 1 günün içində bütün ölkə işıqsız qaldı. Etibar Pirverdiyev ölkənin enerji sisteminin böyrü üstə qoyub getdiyi kimi, onun adına bağlı olan biznes strukturları da həmin duruma düşüb”.

Bununla belə, Əkrəm Həsənov deyib ki, “Expressbank”ın kadr potensialı kifayət qədər yüksəkdir, oradakı idarəetmə əksər Azərbaycan banklarında yoxdur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi