banner
banner

Gündəm

Gürcüstan Avakyanın kimliyini araşdırır - separatçıya büst qoyulması ideyası kimdən gəlib

| Xəbər 1851 dəfə oxunub
Gürcüstan Avakyanın kimliyini araşdırır -

“20 Yanvarda – dünya azərbaycanlıları Hüzn Günü keçirən zaman əli yalın insanları qətlə yetirən, mənim mənsub olduğum Azərbaycan xalqının düşməni olan Avakyana Gürcüstanda büst qoyulub. Bu büst nəyə qoyulub, təşəbbüs kimdən gəlir, məqsəd nədir? Ən pisi odur ki, açılışa Gürcüstan parlamentinin deputatları, bələdiyyə sədrləri, şəhər meri, Ermənistanın ölkəmizdəki səfirliyindən heyət qatılıb. Bu, vətəndaşlar arasında böyük narahatlığa səbəb olub, ajiotaj yaranıb. Cənab Kobaxidze, sizin partiyanı təmsil edən deputatlar orada iştirak edib. Mən sizin buna qiymət vermənizi istəyirəm. Bizim xahişimiz odur ki, Gürcüstanın imicinə yaraşmayan o büst oradan götürülsün və Gürcüstan Azərbaycan dostluğuna ziyan vuran bu addımlar ölkəmizdə bir daha təkrarlanmasın”.

Bu sözləri fevralın 5-də Gürüstan parlamentinin sessiyasındakı çıxışında Vahid Milli Hərəkat Partiyasının Marneulidən millət vəkili Azər Süleymanov deyib. Sessiya haqqında Musavat.com- açıqlama verən millət vəkilinin sözlərinə görə, bu düşünülmüş və iki xalq arasında qarışıqlıq yaratmağa hesablanan addımdır. Azər Süleymanov baş verənləri prezident Salome Zurabişvilinin seçkiöncəsi Gürcüstan ermənilərinə verdiyi vədlərin yerinə yetirilməsinə başlanması saydığını bildirir.

28 oktyabr seçkisindən sonra Gürcüstan siyasi həyatında yenilənmələr baş verir. Həm ölkədəki, həm də xaricdəki siyasi ekspertlər prezidentin daxili siyasətə təsirini az olmasını əsas gətirərək seçkinin önəmini azaltmağa çalışsalar da, seçkidən sonrakı durum deyilənlərin tamamilə əksini göstərməkdədir.

Prezident Salome Zurabişvili seçkidən dərhal sonra bir sıra addımları ilə ölkənin siyasi gündəminin əsas fiquruna çevrilib. Öncəki prezident Georgi Marqvelaşvili ilə müqayisədə xanım Zurabişvili xeyli aktivdir. Rəqibləri populizm kimi qəbul etsələr də, o, vəzifəsinin icrasına prezident iqamətgahında oturmaqdan imtina qərarı ilə başladı. Yeni prezident Tiflisin mütəvazi qəsrlərindən birini özü üçün iqamətgaha çevirib. Bir neçə gün öncə isə, o, administrasiyasının ştat sayını 140-dan 60-a endirib. Birdən-birə 80 nəfərin ixtisarı hakim partiya içərisində belə birmənalı qarşılanmasa da Salome Zurabişbiliyə görə, daha yığcam heyət daha məsuliyyətli iş və büdcəyə 4 milyon qənaət demək olduğu üçün faydalıdır.

Yüksək vəzifəli şəxslərin yaxın çevrələrinə önəmli postlar tapşırması Gürcüstan üçün xarakterik olmasa da prezident Zurabişvili deyəsən, bu tendensiyanı da pozacaq. O, keçmiş həyat yoldaşının birinci nigahından olan qızını və daha bir ailə üzvünü administrasiyasında yüksək vəzifəyə təyin edib. Yerli media ilə sıcaq ilişkilər quran xanım prezident jurnalistlərin bu haqda suallarını cavablandırarkən deyib ki, sözügedən şəxsləri professionallıqlarına görə qiymətləndirib.

Zurabişviliyə qarşı Gürcüstan türklərinin səsləndirdikləri iddialara gəlincə, son bir neçə ayda Ermənistanla-Gürcüstan arasında yaxınlaşmanı sübut edən bir sıra faktları sadalamaq olar. Baş nazir Nikol Paşinyanın Gürcüstana qeyri-rəsmi səfəri, büst olayı, hökumətlərarası komissiyaların fəaliyyətlərini genişləndirmələri iddiaları əsaslandırır. İki ölkə arasında son anlaşmalardan biri Gürcüstanın Ermənistandan 70 min qrip vaksini alması ilə bağlıdır. Səhiyyə nazirlikləri artıq bu haqda müqavilə imzalayıb.

Ölkə müxalifəti bu addımı da anlaşılmaz sayır. Çünki, Ermənistan faktiki Rusiyanın dotasiyası ilə yaşayan ölkədir, dış bağlantıları güclü deyil – bunun üçün bircə hava yolları var. Gürcüstan isə artıq Avroməkana inteqrasiya prosesinin bəlli bir mərhələsini keçib. Dərman preparatlarının beynəlxalq standartlara uyğun olması ölkə üçün illərdir prioritetdir. Bu səbəbdən Ermənistan kimi Rusiyanın faktiki əyaləti olan bir ölkədən az qala humanitar yardım kimi vaksin alınması həm preparatların keyfiyyəti, həm də Gürcüstan dövlətinin imici baxımından birmənalı qarşılanmır.

Ä°lgili resim

Azər Süleymanovun fikrincə, bu, Gürcüstanda Ermənistanın önəmini artırmağa yönələn addımdır: ”Türk əhalinin heç bir tələbi yerinə yetirilmir. İdarəetmədən yavaş-yavaş sıxışdırılırıq. Əgər qabaqlar ölkə rəhbərliyi “gürcücə bilən kadrlarınız yoxdur”, deyirdilərsə, bu gün həmin bəhanə də artıq yoxdur. Çünki ildə 2 min gənc azərbaycanlı Gürcüstanın ali məktəblərini bitirir”.

Millət vəkili Cavaxetiyada heykəli açılan Avakyanın Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşduğunu bildirir: “Avakyan Abxaziyada yaşayıb, daxili işlər orqanlarında işləyib və əldə etdiyimiz bilgiyə görə, o, separatçılıqla məşğul olub, məşhur “Baqramyan batalyonu”nda döyüşüb. Gürcülər bunu bilir, biz gürcü dostlarımızla bu məsələni ictimailəşdirmişik və ümid edirəm ki, hökumət ölkənin ərazi bütövlüyünə qarşı vuruşan terrorçunun, qaniçənin büstünü Cavaxetiyadan götürəcək”.

Ä°lgili resim

Hakim “Gürcü Arzusu” blokundan millət vəkili seçilmiş Mahir Dərzili isə ölkədə görülən quruculuq işlərinin yanında bu məsələnin şişirdilməsinə qəti ehtiyac görmədiyini deyir: ”Azərbaycan və Gürcüstan həm siyasi, həm iqtisadi, həm də sosial mənada güclü bağlantıları olan qonşu dövlətlərdir. Sağlam təməllər üzərində qurulan bu münasibətlər yüksələn xətlə inkişaf edir və bu cür məsələlər məqsədi nə olsa belə iki xalqın və iki ölkənin münasibətlərinə kölgə salacaq gücdə deyil”.

Millət vəkili bildirir ki, bu gün hökumətin qarşısında duran ən ciddi məsələ sosial problemlərin çözümüdür və bu yöndə vətəndaşların çoxdan gözlədiyi addımlar atılır: “Bir neçə həftə öncə vətəndaşların banklara olan borcları bağlandı. Bu, artıq vətəndaşlar üçün sosial bəlaya çevrilmişdi və hökumətin bu addımı ilə çox sayda ailə ciddi bir yükün altında çıxmış oldu. Ümid edirəm ki, bu sosial layihələr, vətəndaşların güzəranının yaxşılaşdırılması üzrə addımlar davam edəcək. Prezident Zurabişvilinin bu məsələdə prinsipial mövqeyi hər kəsə bəllidir. O, seçkiöncəsi verdiyi vədləri yerinə yetirməyə başlayıb. İqamətgahdan imtina etməsi, aparatda ciddi ixtisarlar aparması, prezident maaşından imtina etməsi, sözsüz ki, ona olan simpatiyanı artırır. Bu addımları ilə o, eyni zamanda ölkədə gözəl bir ənənə yaradır”.

Salome Zurabişvili seçilməzdən öncə onun Rusiya yönümlü olması ilə bağlı saysız iddialar səsləndirilirdi. Mahir Dərzili deyir ki, bu qara piar kampaniyası nəticəsiz qalıb: “Zurabişvili Qərbin yetişdirdiyi bir siyasətçidir. Prezident seçiləndən sonra da ilk səfəri Brüsselə oldu. Bu, ölkənin Avrointeqrasiya yoluna davam etdiyini bir daha rəqiblərimizə sübut etdi”.

Prezidentin ilk fərmanları sırasında əfv də var. Bu fərman əsasən ağır cəza çəkən çoxuşaqlı qadınlara, yaşlı məhbuslara şamil edilib. Bu fərman cəmiyyətin sağlamlaşdırılmasına xidmət kimi qiymətləndirilsə də, ölkədə kriminogen durumun pisləşməsi vətəndaşları son dərəcə narahat edir. Parlament üzvü Azər Süleymanovun sözlərinə görə, son iki ildə ölkədə cinayətkarlığın faizi 60 faiz artıb: “Vətəndaş cəmiyyəti bu məsələ ilə bağlı hər gün dəfələrlə məsələ qaldırır, müxtəlif səviyyələrdə müzakirələr gedir. Bizim iqtidarın (M. Saakaşvili) dönəmində Gürcüstanın uzun illər əziyyət çəkdiyi kriminal durum tam nəzarətə götürülmüşdü. “Gürcü Arzusu” ilə kriminal aləmin adamlarından siyasi məqsədlər üçün istifadə etdiyindən kriminogen durum sürətlə pisləşir. Türklərin yaşadığı bölgələrdə basqın, qarət, soyğunçuluq, qəsdən bədənə ağır xəsarət yetirmə halları çoxalıb və bu bizi narahat etməyə bilməz”.

Azər Süleymanova opponentlik edən Mahir Dərzili isə bu iddialarla razılaşmır: “Elə bir cəmiyyət yoxdur ki, orada kriminogen durum tam sabit olsun. Müxalifət məqsədli şəkildə bu faktları qabardaraq hökumətin müsbət fəaliyyətinə kölgə salmaq istəyir. Gürcüstan cəmiyyəti siyasiləşmiş cəmiyyətdir. Hər bir vətəndaş demokratik prosesdə iştirakda sərbəstdir, ancaq bu mübarizə sivil çərçivələrdən çıxmamalı, qarayaxma kampaniyasına çevrilməməlidir. “Gürcü Arzusu” sabitliyin stabil inkişaf üçün son dərəcə vacib olduğunu dərk edir və bunun üçün bütün mümkün addımları atır”.

Ölkə gündəminə baxdıqda keçmiş baş nazir, “Gürcü Arzusu”nun lideri Bdzina İvnişvilinin Gürcüstandakı bütün proseslərə tam nəzarət etdiyini aydın görmək olur. Ölkənin ən zəngin adamı kimi o, siyasi hakimiyyəti əlində saxlamaq üçün səxavət kisəsinin də ağzını qapatmır – yaratdığı “Kartu Fondu” vasitəsilə səhiyyə, təhsil, mədəniyyət projelərindən tutmuş, tarixi mədəniyyət abidələrinin bərpasına, yol-nəqliyyat infrastrukturunun yaradılmasına qədər, saysız işlər görür. Elə 600 min vətəndaşın banklara olan 1,5 milyard borcunu da “Karti Fondu” bağlayıb.

2019-cu ilin ilk ayında əmək pensiyaları da orta hesabla 20 lari – 13 manat – artırılıb. Ancaq artan yalnız pensiyalar deyil, qiymətlər də hər keçən gün artır. Seçkidən dərhal sonra bahalaşan çörəyin ardınca bir çox ərzaq məhsullarının qiymətində bahalaşma gedir.

Qayıdaq ölkədəki milli məsələyə. Ermənistanla yaxınlaşma etnik ermənilərin sevincinə səbəb olsa da, 500 mindən çox türk əhali durumdan narazıdır. Hökumət isə narazıların arqumentlərini dinləmək yerinə onları susdurmaq yolunu seçib – fevralın 5-də Tiflis meriyası terrorçuya büst qoyulmasına etiraz edənlərin mitinqinə icazə verməyib. Bu, Gürcüstanda uzun müddətdən sonra keçirilməsinə icazə verilməyən ilk aksiyadır.

Bu məsələyə görə Azərbaycan-Gürcüstan münasibətlərinin haraya qədər gəriləcəyi də sual altındadır. Üzdə ciddi diplomatik qalmaqal yaşanmasa da Azərbaycanın təpkisi çox gecikmədi – SOCAR Gürcüstanda əhali qrupundan başqa digər abunəçilərə satdığı təbii qazın qiymətini mart ayından bahalaşdırmaq qərarını açıqlayıb. Sıra Tiflisdədir...



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi