Fevralın 7-də prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonuna səfər edib. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat veriblər. Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxıb və rayon sakinləri ilə görüşüb. Zəlzələdə ziyan görən evlərə baş çəkən dövlət başçısı kəndlilərə dəstək olub.
* * *
Fevral ayının 5-də gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələnin afterşokları davam edərkən, insanlar da tədricən hadisənin xofundan xilas olmağa çalışırlar. Hadisə baş verən rayonda isə zəlzələnin törətdiyi dağıntılar, dəymiş ziyan dövlət qurumları tərəfindən araşdırılır və müvafiq tədbirlər görülür. Hadisədən sonra fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov əraziyə baş çəkərək müvafiq addımların atılması ilə bağlı göstəriş veriblər.
6 bal gücündə zəlzələ ölkənin yol təsərrüfatına da müəyyən qədər ziyan vurub. Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi açıqlamaya görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-120-ci km-lik hissəsində 1-3 sm enində 5 yerdə çatlar yaranıb, Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb. Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur.
Sözügedən yollarda ciddi problem müşahidə olunmur və avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində hər hansı bir məhdudiyyət yoxdur.
Zəlzələnin təsirindən Şamaxıda 5 nöqtədə qaz xətləri zədələnmişdi. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bununla bağlı Ağsu Regional Qaz İstismarı İdarəsinə məlumat daxil olan kimi Şamaxı rayonunun qaz təchizatı dayandırılıb və əməliyyat qrupunun əməkdaşları zəlzələ nəticəsində zədələnmiş, qırılmış qaz xətlərinə baxış keçiriblər.
Şamaxı rayonunun əhalisinin təbii qaz təchizatında yaranmış fasilənin tez bir zamanda aradan qaldırılması üçün artıq “Azəriqaz” İstehsalat Birliyinin aidiyyəti qurumları tərəfindən səhər saatlarından zədələnmiş qaz kəmərlərində təmir-bərpa işləri aparılıb və işlərin günorta saatlarına kimi başa çatdırılıb.
Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev də “Yeni Müsavat”a danışarkən bildirdi ki, Şamaxı rayonunun qəza yaranan kəndlərində təbii qazın verilişi bərpa edilib. İ,Kərbalayev abonentlərə bu günlərdə təbii qazdan istifadə ilə bağlı təhlükəsizlik qaydalarına riayət etməyi və mənzili tərk edərkən qaz xəttini bağlamağı tövsiyə etdi.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli zəlzələdən sonra aparılan tədqiqatla bağlı “Yeni Müsavat”a danışarkən bildirdi ki, afterşoklar hələ davam edir və edəcək: “Ancaq dünəndən etibarən artıq təkanlar çox zəifləyib və hiss edilmir. Yalnız cihazlar onu qeydə alır və əməkdaşlarımız araşdırırılar. Proses hələ davam edir və edəcək. Araşdırmalarımız isə ondan ibarətdir ki, artan afterşokların hansı istiqamətdə getdiyini müəyyənləşdiririk. Əlavə stansiyalar qurulub, onların da məlumatlarından istifadə edirik. Ocaqda gedən prosesləri daha dəqiq öyrənmək üçün əməkdaşlarımız orada profil üzrə tədqiqat aparırlar. Gərginlik sahələrinin müəyyənləşdirilməsi, gərginliyin hansı səviyyədə olmasının öyrənilməsi işləri aparılır. Əməkdaşlarımız makroseysmik tədqiqatlar aparır, episentrdən dalğa sönənə qədər hansı ərazilərdə qeydə alınıb, buna uyğun izoseys xəritələr hazırlanacaq, 6 baldan 2 bala qədər bütün təkanlar qeydə alınacaq”.
Zəlzələ zamanı nə etməli?
Əsası odur ki, zəlzələ olduğu təqdirdə hamı adi təhlükəsizlik qaydalarına riayət etməlidir. Zəlzələlərin tarixi və təhlili sübut edir ki, bu təbiət hadisəsindən qorunmağın əsas yolu adamların fəlakət baş verdiyi anda özlərini itirməməsidir.
İlk təkanları hiss edən kimi heç bir vahiməyə düşmədən, səs-küy və qışqırtı salmadan, təmkinlə hərəkət etməklə, həm özünüzə, həm də ailə üzvlərinizə bir o qədər kömək göstərə bilərsiniz.
Yeraltı təkanları hiss edən kimi dərhal mənzilin və otağın qapısını açın. Zəlzələ nəticəsində divarların əyilməsindən və bütövlükdə binanın deformasiyasından giriş qapıları əksər halda pərçimlənir ki, bu da sonradan onu açıb otaqdan rahat çıxmağa imkan vermir. Sakitcə gözləyin, başqalarını qorxuya sala biləcək hərəkətlərə yol verməyin.
Zəlzələ zamanı əksər bədbəxt hadisələr ondan yaranır ki, adamlar tələsik otaqdan və ya binadan çıxmağa, yaxud küçədədirlərsə, evə daxil olmağa çalışırlar. Bəziləri isə hətta yuxarı mərtəbələrin pəncərələrindən tullanırlar ki, bu da çox vaxt bədbəxt hadisələrlə nəticələnir. Əgər otaqdasınızsa, təcili olaraq təhlükəsiz yerə keçin. Masanın və ya çarpayının altına girin. Daxili qapı boşluğunda və ya otağın əsas divarına yaxın olan daxili küncündə durun. Yadda saxlayın ki, ən çox binanın xarici divarları uçur. Ona görə də heç vaxt otağın xarici divarına yaxın yerdə, xüsusilə də otağın və ya zalın ortasında durmayın. Pəncərələrdən, yerindən tərpənən və yıxıla bilən ağır əşyalardan, məsələn, soyuducudan, mebeldən və s. uzaq dayanın.
Əgər siz çox da hündür olmayan binanın içindəsinizsə, yaxşı olar ki, oranı tərk edəsiniz. Yuxarıdan düşən daş parçalarından və şüşə qırıntılarından özünüzü qorumaq şərtilə binadan bacardıqca tez və ehtiyatla çıxın. Çoxmərtəbəli binanın içərisindəsinizsə, onda ən yaxşısı elə oradaca qalmaqdır. Pilləkənə çıxmağa və liftə minməyə tələsməyin. Birincisi, əksər hallarda ola bilsin ki, lift işləməsin, ikincisi, pilləkəndə basabas yaransın. Bundan başqa, unutmayın ki, zəlzələ vaxtı ən çox lift və pilləkən sıradan çıxır. Siz liftdə olan zaman zəlzələ baş verdiyini hiss edərsinizsə, bu vaxt hansı mərtəbədə olduğunuzdan asılı olmayaraq çıxış düyməsinə basmalı və olduğunuz mərtəbədə lifti dayandırıb, oranı dərhal tərk etməlisiniz.
Güclü zəlzələdən sonra təkrarlanan təkanlardan qorxmayın. Bu heç də yeni zəlzələ deyildir. Bəzən ilk təkandan sonra təkrar zərbələr zədələnmiş və konstruksiyaları zəifləmiş binaların dağılmasına gətirib çıxarır. Küçədə olduğunuz zaman isə binalardan, divar diblərindən, pəncərələrdən, reklam plakatlarından, uçqun kənarlarından, körpülərin üstündən və altından, elektrik dirəklərindən uzaq dayanmalı, təhlükəsiz və etibarlı bir açıq sahəyə doğru getməlisiniz. Zəlzələ sona çatana qədər orada qalmalısınız. Torpaq sürüşməsi olan sahələrdən, daş və qaya parçalarının düşə biləcəyi dik qayaların yaxınlığından və dik yamacların ətəklərindən uzaqlaşmaq lazımdır. İlk təkan baş verən kimi elektrik enerjisi kəsilərsə, bundan narahat olmayın, çalışın ki, mənzilinizə daxil olan qaz və elektrik enerjisini bağlayasınız. Nəqliyyatdan istifadə edərkən ani olaraq zəlzələ baş verdikdə isə yolu bağlamadan sağa çəkib avtomobili dayandırmalısınız. Körpülərdən, keçidlərdən, binalardan, elektrik dirəklərindən, enerji xətlərindən, tunellərin giriş və çıxışlarından və dəniz kənarlarından uzaq dayanmağınız məsləhətdir.