banner
banner

Sİyasət

10 ay sonra yeni ABŞ səfiri Bakıya gəlir - ləngimənin səbəbi şatdaundur

| Xəbər 1140 dəfə oxunub
10 ay sonra yeni ABŞ səfiri Bakıya gəlir - ləngimənin səbəbi şatdaundur

ABŞ Senatı yanvarın 3-də Erl Litsenberqerin  Azərbaycandakı səfiri postuna namizədliyini təsdiqləsə də, yeni səfir hələ də Bakıya gəlməyib. Yada salaq ki, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta artıq 10 aydır Bakını tərk edib. Səfir Robert Sekuta Azərbaycanda üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra Bakıdakı vəzifəsini mart ayının sonunda bitirməyə və daha sonra diplomatik xidmətini başa vuraraq təqaüdə çıxmağa qərar verib.

İ.Litsenberqer ötən ilin yanvarında Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə Bürosunun baş müşaviri təyin edilib. Həmin vəzifədə Litsenberqer Büronun idarə edilməsinin bütün aspektlərinə rəhbərlik edib. Dövlət katibinin köməkçisinin birinci müavini yerində olmadıqda İrli Litsenberqer onun səlahiyyətlərini icra edib. Litsenberqer uzun müddətdir diplomatik xidmətdə işləyir və Nazir Müşaviri (Minister Counselor) ali diplomatik rütbəsinə malikdir.

Litsenberqer bundan əvvəl ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini (2014-2017) olub, Serbiya, Qırğızıstandakı səfirliklərdə işləyib. NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini (2013-2014) olub. Habelə ABŞ-ın Avropa İttifaqındakı missiyasında, Qazaxıstan, Bolqarıstan və Əlcəzairdəki səfirliklərdə, Fransanın Marsel şəhərindəki ABŞ konsulluğunda işləyib. Dövlət katibinin müavininin Dəftərxanasında, Yaxın Şərq işləri Bürosunda və Hərbi-Siyasi işlər Bürosunda müxtəlif vəzifələr tutub. Fransız, rus, bolqar və serb-xorvat dillərini bilir.

ABŞ səfirliyi ile ilgili görsel sonucu

Litsenberqer bir müddət əvvəl öz çıxışında bəyan edib ki,  Birləşmiş Ştatlar qanunun aliliyi, şəffaflıq və insan hüquqlarının qorunması vasitəsilə Azərbaycanla demokratik və açıq iqtisadi prinsiplərin irəliləməsində sıx əməkdaşlığı davam etdirməlidir. “Bu islahatların həyata keçirilməsi Azərbaycanın marağındadır, çünki bu, uzunmüddətli sabitliyin təminatı, həm də onun vətəndaşlarının potensialı və iqtisadiyyatı üçün vacibdir. Demokratiyalar ancaq o zaman çiçəklənir ki, müstəqil məhkəmə sistemi, qanunun aliliyi, azad atmosfer, enerjili vətəndaş cəmiyyəti, plüralizm, demokratik seçki prosesləri, insan hüquq və azadlıqlarına hörmət edilməsi onları dəstəkləyir. Azərbaycan bu yolla irəlilədikcə ikitərəfli münasibətlər möhkəmlənəcək”, - deyə o qeyd edib.

ABŞ səfirliyi ile ilgili görsel sonucu

Litsenberqer deyib ki, səfir postunda ikitərəfli əməkdaşlığın genişlənməsi üçün Amerika firmalarının mövqeyinin möhkəmlənməsinə çalışacaq. O, həmçinin vəd edib ki, qarşılıqlı hörmət əsasında Azərbaycanla bu məsələlərlə bağlı etibarlı dialoqun inkişafı üçün öz təcrübəsindən istifadə edəcək. O, digər prioritet kimi Qarabağ münaqişəsinin həllini göstərib: “Cənubi Qafqazın təhlükəsizliyi və çiçəklənməsi üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından böyük prioritet yoxdur. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi gücdən və güc ilə bağlı təhdidlərdən istifadə etməmək, ərazi bütövlüyü, xalqların bərabər hüquqları və özünütəyin hüququ da daxil olmaqla, BMT nizamnaməsi və Helsinki Yekun Aktı prinsipləri əsasında münaqişənin nizamlanması üzrə dinc, uzunmüddətli danışıqlara nail olunması üçün tərəflərlə işi davam etdirir. Əgər mənim təyinatım dəstəklənərsə, bu məqsədə çatmaq üçün administrasiyanın öhdəliklərini dəstəkləyəcəm”.

Xatırladırıq ki, indiyə kimi ABŞ hökumətinin Azərbaycanda 10 səfiri olub.

İlk təyin olunmuş səfir Robert Finn 1992-ci ildə bir neçə ay ərzində bu postu tutub. 1992-ci ilin mart ayında ABŞ-ın Bakıda diplomatik missiyasını o açıb və üç il səfirliyə başçılıq edib. Daha sonra Riçard Mayls 1992-ci ildən 1993-cü ilə kimi Amerikanın Azərbaycandakı səfiri olub.

Digər səfirlər - Riçard Kozlariç (1994-1997), Stenli Eskudero (1997-2000), Ross Uilson (2000-2003), Rino Haniş (2003-2006), Enn Dersi (2006-2009), Metyu Brayza (2011-2012), Riçard Morniqstar (2012 -2014), Robert Sekuta (2015-2018) olub.

“Yeni Müsavat”a daxil olan məlumata görə, bugünlərdə yeni səfir Bakıya gəlir. Onun ləngiməsinin səbəblərindən biri də ABŞ-da şatdaun (büdcə olmaması səbəbindən federal müəssisələrin işinin müvəqqəti ixtisarı) olub. Qeyd edək ki, ABŞ hökumətinin bəzi nazirlikləri - Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi, Ədliyyə, Nəqliyyat, Kənd-Təsərrüfatı və digər nazirliklər büdcə çatışmazlığından öz işini dayandırmışdı.

Xatırladaq ki, 2014-cü il iyulun 8-də o zamankı  prezident Barak Obamanın  Azərbaycandakı səfiri vəzifəsinə təyin etdiyi Robert Sekuta Senatda həmin ilin dekabrında təsdiqlənmişdi. Amma o da Bakıya iki ay sonra - fevral ayında  gələ bildi. 

Qeyd edək ki, Erl Litsenberqer  səfir səlahiyyətlərinin icrasına etimadnaməsini Azərbaycan prezidenti İlham Əliyevə təqdim etdikdən sonra başlayacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi