banner
banner

Gündəm

Bu gün Gürcüstanda heykələ etiraz aksiyasıdır

| Xəbər 1149 dəfə oxunub
Bu gün Gürcüstanda heykələ etiraz aksiyasıdır

Bu gün Gürcüstan azərbaycanlıları Tiflisdə parlament binası qarşısında etiraz aksiyası keçirəcəklər. Aksiyanın keçirilməsinə səbəb Axalkalakidə Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büst qoyulmasıdır.

Tiflis meriyası ilə razılaşdırılmış dinc aksiya saat 14:00-a təyin olunub. Aksiya iştirakçıları separatçıya büstün qoyulmasına qəti etirazlarını ifadə etməklə yanaşı, abidənin götürülməsini də tələb edəcəklər.

Aksiyanın tərkibinin daha çox gənclərdən ibarət olacağı gözlənilir. Təşkilatçılar demək olar ki, gənc tələbələrdir.

Aksiyanın təşkilatçlarından olan gənc fəal Sevinc Hümbətova “Yeni Müsavat”a bunları dedi: “Aksiyaya hazırlıqlar qaydasında gedir. Aksiyada iştirak edəcək azərbaycanlıların sayı çox gözlənilir. Nə qədər sayımız çox olsa, o qədər də səsimizi çatdıra bilərik, deyə düşünürük. Biz gənclərə ən böyük dəstək vətəndaşlardan və tələbələrdən gəlir. Məqsədimiz budur ki, hər bir Gürcüstan vətəndaşı olan azərbaycanlı aksiyaya gələrək öz mövqeyini ortaya qoysun. Burada müxalifət və iqtidarda təmsil olunan azərbaycanlılardan heç bir dəstək görmürük. Xüsusilə də bizim deputatlardan. Onlar nədənsə bu işə qarışmırlar. Hər zamankı kimi problemləri səsləndirməkdən çəkinirlər. Əsas şüarlarımız bunlardan ibarətdir:

“Separatçı Mixeyil Avaqyanin büstü götürülsün!”

“Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil!”

“Təxribatçılar, əlinizi Gürcüstan-Azərbaycan dostluğundan çəkin!”

“Separatçılığa və separatçılara yox!”

Aksiyanı ancaq gənclər təşkil edib və burada heç bir siyasi məsələdən söhbət gedə bilməz. Dinc aksiyadır və aksiyanın bu şəkildə də keçəcəyi gözlənilir. Bu aksiyanı istər müxalifətə, istərsə də iqtidara bağlamaqları üçün heç bir səbəb yoxdur. Biz gənclər Gürcüstanın tam hüquqlu vətəndaşları olaraq öz mövqeyimizi sərgiləyəcəyik. Məqsədimiz Mixail Avaqyanın büstünün götürülməsidir. Hansı ki, bu büstün qoyulması biz Gürcüstan azərbaycanlılarına qarşı təxribatdan başqa bir şey deyil".

Hakim “Gürcü Arzusu” Partiyasının azərbaycanlı deputatı Mahir Dərziyev aksiyada iştirak etməyəcək: “Əvvəlcədən məlum məsələ ilə bağlı mövqeyimizi bəyan etmişik. Gürcüstanın özü separatçılıqdan əziyyət çəkən bir ölkədir. Azərbaycan da eyni taleni yaşayır. Belə bir şəraitdə separatçı birinə abidə qoyulması öncəliklə Gürcüstana qarşı bir xəyanətdir. Hətta belə iddialar var ki, bu şəxs Azərbaycan ərazisində və Gürcüstanın Abxaziya bölgəsində dinc əhaliyə qarşı qətllərdə iştirak edib. Bu məsələnin ətrafında ajiotaj yaratmaq istəyən qüvvələr var. Prezident seçkilərində gürcü müxalifəti ciddi məğlubiyyət aldı və hazırda dağılmış vəziyyətdədirlər. Onlar bu vəziyyətdən istifadə etməyə çalışacaqlar. Rusiyada yaşayan Söyün Sadıqov dərhal belə bir bəyanat verdi ki, iki ay müddətinə abidə götürülməsə, Gürcüstandakı azərbaycanlıların muxtariyyəti elan olunacaq. Onu deyim ki, Söyün Sadıqov Rusiya vətəndaşıdır və orada xüsusi xidmət orqanlarının zabitidir, hətta deyirlər ki, polkovnik rütbəsi də alıb. Putinin müşaviri olan bu şəxs daim rus siyasətinə xidmət edib. Belə bir insan nə Azərbaycanın, nə də Gürcüstanın mənafeyini güdə bilməz. Rusiya Gürcüstanda daim milli zəmində qarşıdurma yaratmağa çalışır. Azərbaycan-Gürcüstan münasibətləri daim dostluğa söykənib. Belə hadisələr münasibətlərə xələl gətirə bilməz. Büst məsələsi ortaya çıxan kimi bəyan etdim ki, partiyada və parlamentdə bu məsələ ilə bağlı müzakirə aparacam. Müzakirələr nəticəsində yetkin bir rəy yarandı ki, bu böyük bir anlaşılmazlıqdır. İstənilən halda yolverilməz bir haldır. Çalışmaq lazımdır ki, gələcəkdə bu cür hallar bir daha təkrar olunmasın. Bu aksiyaya gəldikdə isə deyə bilərəm ki, Gürcüstanda insanların sərbəst toplaşmaq hüquqi konstitusiya ilə təsbit olunub.

Ölkə vətəndaşları bu hüquqdan tam şəkildə yararlanırlar. Demək olar parlament və digər dövlət orqanlarının qarşısında aksiyalar keçirilir. Bizim gənclərimiz də belə bir təşəbbüs irəli sürüblər. Tiflis meriyası mitinqə icazə verib və əslində mahiyyət etibarı ilə icazə üçün müraciət lazım deyil. Məlumatlandırmaq kifayət edir. Əminəm ki, aksiya dinc bir şəraitdə keçəcək. Abidənin qoyulmasına qarşı mən də etirazımı bildirirəm. Çox arzu edərdim ki, emosiyalar olmasın. Müdriklik hər zaman olduğu kimi bizim gənclərə hakim olsun. Ajiotaj nə Azərbaycana, nə də Gürcüstana sərf edir. Ümumi düşmənlərimizin işinə yarayır. Eşitdiyim qədəri ilə sosial şəbəkələrdə ünvanımıza umu-küsülər var. Mövqe bildirməyin çoxsaylı yolları var. Onlardan biri də etiraz aksiyasıdır. Biz 2019-cu ildə yaşayırıq. Bir siyasi ədəb və əxlaq məsələsi var. Mənim mənsub olduğum partiyanı, komandanı çıxıb aşkar şəkildə orada tənqid etməyim nə dərəcədə siyasi əxlaqa, mənəviyyata uyğun ola bilər? Qapalı yerlərdə, bağlı qapılar arxasında dediklərimi çıxıb bəyan edəsi deyiləm ki... Açıq deyim ki, siyasi rəqiblərimiz bu işdən yararlandılar. Qaşınmayan yerdən qan çıxdı”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi