banner
banner

Gündəm

Qobustan həbsxanası müəmması çözülür

| Xəbər 1269 dəfə oxunub
Qobustan həbsxanası müəmması çözülür

Qobustan həbsxanası ilə bağlı səslənən iddialar-dustaqlara işgəncə verilməsi ilə bağlı xəbərlərdən sonra insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri sözügedən cəzaçəkmə müəssisəsində olublar.

Başçəkmə çərçivəsində müəssisənin məhkumların saxlandığı rejim korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə və digər obyektlərə baxışlar keçirilib, saxlanılma şəraiti, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Müəssisənin bəzi rejim korpuslarının kameralarında saxlanılma şəraitinin təkmilləşdirilməsinə ehtiyacın olduğu müşahidə edilib.

Müəssisədə çoxsaylı məhkumlar təkbətək qəbul edilib, saxlanılma şəraiti, görüş, telefon danışığı, tibbi yardımla bağlı məsələlər araşdırılıb, habelə bir sıra müraciətlər yerində təmin olunub.

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Səadət Bənəniyarlı “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Biz bu məsələ ilə yaxından maraqlanırıq. Fevralın 6-da iclasımız keçirildi. Penitensiar Xidmətlə əlaqə saxladıq. Onların dediyinə görə, Qobustan həbsxanasında hazırda aclıq aksiyası keçirilmir. Hətta Abbas Hüseynin valideyninin narahatlığını biz çatdıranda dedilər ki, həmin məhbus valideynləri ilə həbsxanada görüşüb. Məsələlərə aydınlıq gətirildiyini bildirdilər. Biz bu məsələləri gündəmdə saxlayırıq. İctimai Komitənin üzvləri üçün Qobustan həbsxanasına baş çəkmək mümkündür. Yəqin ki, bu başçəkmə baş tutacaq”.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov birmənalı şəkildə deyilənləri təkzib etdi: “Həbsxanadan narazılıq bildirənlərin kimlər olduğuna öncəliklə diqqət yetirmək lazımdır. Bu məsələni ictimailəşdirən, gündəmdə saxlamağa çalışanlar bilməlidirlər ki, Qobustan həbsxanasında hansı kontingent saxlanılır. Orada ömürlük həbs cəzasına məhkum edilənlər var. Xüsusilə ağır cinayət törətmiş şəxslər də orada cəza çəkirlər. Digər kateqoriyalı məhbuslar var ki, məhkəmələr tərəfindən xüsusilə ağır cinayətlər törətdiklərinə görə uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Onların cəzalarının ilk 3-5 və ya daha çox ili məhkəmə qərarı ilə həbsxana rejimində keçirilməlidir. Orada cəzaçəkmə müəssisələrində daxili intizam qaydalarını dəfələrlə pozduqlarına, cəzaçəkmə müəssisələrinin fəaliyyətini pozmağa cəhd göstərdiklərinə görə yenə də məhkəmələr tərəfindən Qobustana keçirilmiş şəxslərdir. İndi baxın görün orada necə bir ağır kontingent var...

Bu kontingentlə işləmək üçün kifayət qədər bacarıqlı, peşəkar, təmkinli əməkdaşlar lazımdır. O əməkdaşlar işlərini həyata keçirəndə kimlərinsə xoşuna gəlmir. Fikir verin, eyni şəxslər tərəfindən bu cür şayiələr yayılır. Orada 20 ildən çox cəza çəkənlər də var. Niyə onlardan bir xəbər çıxmır? Aclıq etmək məhkumun hüququdur. Məhbus aclıq etməzdən əvvəl müəssisə rəhbərliyinə müraciət etməlidir. Aksiyanın səbəblərini mütləq qeyd etməlidir. Yəni ”kefim istəyir, aclıq aksiyası keçirirəm" olmaz. Bu, daxili intizam qaydalarının pozulması deməkdir. Qanuni şəkildə aclıq edən məhbus digər məhbuslardan təcrid edilir. Eyni zamanda həkim nəzarətinə həmin məhbus götürülür. Əgər bunlar yoxdursa, hansı aclıq aksiyasından danışmaq olar?"



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi