banner
banner

Təhsİl

Xaricdə təhsil proqramını ləngidən iki səbəb

| Xəbər 960 dəfə oxunub
Xaricdə təhsil proqramını ləngidən iki səbəb

2014-cü ilin sonundan etibarən neftin ucuzlaşması  ilə ölkəyə gəlirlərin kəskin azalması və hökumətin bir çox sahələrdə xərcləri ixtisar etməyə məcbur qalması nəticəsində xaricdə təhsil proqramı da tarixə qovuşdu. O zamandan gənclər dövlətin bu imkanlarından məhrumdurlar.

Son zamanlar ölkədə struktur dəyişikliyi fonunda müşahidə edirik ki, yüksək vəzifələrə də daha çox Qərb təhsili görmüş kadrlar gətirilir. Ekspertlər bildirirlər ki, xüsusilə də yeni strukturların formalaşmasında xaricdə təhsil görmüş kadrlara böyük ehtiyac var. Bəs dəyişikliklər fonunda xaricdə təhsil proqramı bərpa oluna bilərmi?

Onu da qeyd edək ki, 2018-ci ildə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub. Bu proqramla doktorantura mərhələsində xaricdə təhsil almaq istəyənlərə dövlət tərəfindən şərait yaradılacaq.

Bəzi ekspertlərə görə, xaricdə təhsil proqramının dayandırılmasının iqtisadi səbəblərlə yanaşı, siyasi-ideoloji səbəbləri də var. Belə ki, iqtidaryönlü ekspertlərə görə, xaricdə təhsil alan bir qrup gənc sonradan müxtəlif qruplara qoşulub, hökumət üçün potensial rəqiblərə çevrilə bilərlər. Onların fikrincə, məhz bu cür ideoloji səbəblər baxımdan hökumət gənclərin müxtəlif Qərb dövlətlərində təhsil almasını, oradakı fərqli qrupların təsirinə düşməsini istəmir.

Təbii ki, bunu bütün gənclərə şamil etmək olmaz. Bu xüsusda ekspertlər hesab edirlər ki, kadr potensialının formalaşması baxımından xaricdə təhsil proqramının bərpası olduqca  faydalı olar.

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a bildirdi ki, əslində xaricdə təhsil dövlət proqramının əsas məqsədi də elə kadrlarla bağlı olub: “Cənab prezident  tərəfindən 2006-cı ildə xaricdə təhsillə bağlı dövlət proqramı imzalanan zaman da məqsəd bu olub ki, rəqabətədavamlı iqtisadiyyatın formalaşması, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası üçün bu proqram həyata keçirilməlidir. 2007-2015-ci illərdə nəzərdə tutulmuşdu ki, 5 min gənc dövlət vəsaiti hesabına gedib, xaricdə təhsil alsın. Qayıtdıqdan sonra onlar əldə etdikləri bilik və bacarıqları Azərbaycanda həmin sahələrin inkişafına yönəltməli idilər. Məhz proqram çərçivəsində 5 min nəfər nəzərdə tutulsa da, 2500 nəfər dünyanın reytinqli universitetlərində təhsil almağa getdi. Ancaq təəssüf ki, onların çox az hissəsi geri qayıtdı. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfdən, Azərbaycan dövləti özünün Avropa və Amerika iqtisadiyyatı ilə rəqabət aparmasında, səhiyyənin inkişafında maraqlı olub. Bəllidir ki, Azərbaycan ali təhsil müəssisələri əmək bazarına cavab verən kadr hazırlığını həyata keçirmir. Azərbaycanda ali təhsil müəssisələrinin məzunları müasir tələblərə cavab vermirlər. Ona görə də dövlət özünün ehtiyacı olan sahələr üzrə addımlar atır. Bu sahələr ən çox təhsil, səhiyyə və xidmət sektorudur ki, Azərbaycanda dövlət büdcəsindən asılı vəziyyətə düşüblər”.

Ekspert bildirib ki, xaricdə təhsil bundan sonra da dövlətin prioritet məsələsi olacaq: “Lakin bakalavr pilləsində xaricdə təhsilə göndərməkdənsə, yaxşı olar ki, magistratura, doktorantura pillələrində xaricdə təhsil üçün kadr göndərilsin. Bu, həm də dövlətin özünün  gələcəkdə kadrlarını itirməməsinə səbəb olacaq. Çünki onsuz da bakalavr pilləsində o qədər də yüksək kadr hazırlığı həyata keçirilmir. Ancaq magistratura və doktorantura pilləsində konkret spesifik sahələr üzrə mütəxəssis olur. Ona görə də düşünürəm ki, yaxın illərdə Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına yenidən təhsilin yuxarı pillələrində xaricdə təhsil bərpa oluna bilər. Onsuz da dövlətlərarası müqaviləyə görə hər il xeyli sayda azərbaycanlı gənc xarici dövlətlərin vəsaitləri hesabına həmin ölkələrdə təhsil alır. Məsələn, Macarıstanda, Çində, Yaponiyada, Litvada və digər ölkələrdə hazırda təqaüdlər verilir. Azərbaycan isə hazırda heç bir vəsait ödəmir. Mövcud dövlət proqramının sonuncu məzunu 2023-cü ildə olacaq və bununla da proqram tamamilə başa çatacaq. Gözlənilən budur ki, proqram tamamlandıqdan sonra yeni layihə hazırlansın. İndiyə qədər 2007-2015-ci illərdə xaricdə təhsil proqramına 95 milyon manat vəsait sərf edilib. Əslində bu, Azərbaycan büdcəsi üçün kifayət qədər böyük məbləğdir. Həmin kadrlar geri qayıtdıqdan sonra ölkədə müəyyən sahələrdə inkişafa nail olmalıdırlar. Ona görə də əsasən xidmət sektorlarına, rəhbər postlara Avropada, Amerikada təhsil alan şəxslər gətirilir. Həmin şəxslərin bilik və bacarıqları müasir dövrün tələblərinə uyğundur.  Məsələn, kənd təsərrüfatı sahəsi üzrə baxırıq ki, İnam Kərimov olduqca böyük işlər görür. Düşünürəm ki, digər nazirliklərdə, güc strukturlarında da bu tipli islahatlar həyata keçiriləcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər