Qarşıdan gələn iki həftəsonunda Slovakiya hökuməti demək olar ki, ölkənin bütün əhalisini koronavirusa qarşı testdən keçiriləcəyini elan edib.
AZƏRTAC xəbər verir ki, Slovakiyanın Baş Naziri İqor Matoviç bu barədə məlumat verərək deyib: “Ötən həftəsonu test mərhələsi uğurla başa çatdıqdan sonra ölkənin Milli Böhran Qərargahı bununla bağlı planı artıq təsdiqləyib. Oktyabrın 22-dən 24-dək ölkənin Polşa ilə həmsərhəd olan və yoluxmanın geniş yayıldığı dörd rayonunda əhali testdən keçirilib”.
Növbəti mərhələdə isə ümumilikdə dörd gün ərzində, yəni iki həftənin şənbə və bazar günləri ölkədə yaşı 10-dan yuxarı əhalidə sürətli antigen testləri aparılacaqdır. Testlərin şənbə və bazar günlərinə təyin edilməsi mümkün qədər çox tibbi heyət və könüllüləri bu prosesə cəlb etməyə hesablanıb.
Qeyd edilməlidir ki, bu testlərdə 5,5 milyon nəfər əhalinin təxminən 5 milyonu iştirak etməlidir. Baş Nazirin sözlərinə görə, yoluxma ocaqlarını aşkarlamaq və pandemiyaya qarşı mübarizəni daha yaxşı təşkil etməyə xidmət edən bu kütləvi test prosesi bütün Avropa üçün örnək olacaqdır.