banner
banner

Gündəm

Türkiyədə hərbi çevriliş cəhdindən bir ay ötür - qardaş ölkə böhrandan qurtuldumu?

Türkiyədə hərbi çevriliş cəhdindən bir ay ötür -
Türkiyədə baş verən 15 iyul qiyamının bu gün bir ayı tamam olur. Keçən müddət ərzində qardaş ölkə ciddi siyasi böhran yaşasa da, artıq bulanıq sular durulmağa başlayıb. Xüsusilə, 7 avqustda 5 milyona yaxın insanın iştirak etdiyi “Demokratiya və Şəhidlər” mitinqinin keçirilməsi türk xalqının iradəsini ortaya qoymuş oldu. 
 
Hərbi çevriliş cəhdində iştirakları ehtimal olunan şəxslərin həbsləri davam etsə də, bu mərhələ də getdikcə yekunlaşır. Hər keçən gün yaranan problemləri geridə qoyur. Doğrudur, 15 iyul gecəsindən sonra Türkiyə hökumətinin Qərblə münasibətləri pisləşdi, amma əvəzində aylarla davam edən Rusiya ilə gərginlik tam olaraq aradan qalxdı. Ekspertlər bunu qiyamdan sonra türk hökumətinin ən böyük uğurlarından biri kimi qələmə verirlər. 

Sabiq MTN-çi, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, bu hadisələrdən sonra ilk dəfə olaraq, türk xalqı demokratiyaya və demokratik hakimiyyətə sahib çıxdı: “Bu hadisələr yalnız bir qiyam kimi qiymətləndirilməməlidir. Dövlət çevrilişinə uğursuz cəhd Türkiyəyə olan uzunmüddətli strateji hücumun bir tərkib hissəsidir. Bu hadisələrə belə baxmaq lazımdır. Dar çərçivədə baxsaq, yanlış qənaətə gələ bilərik. Hərbi çevrilişin uğursuzluqla nəticələnməsində həlledici rolu türk xalqı oynadı. Bu, Türkiyə tarixində yeni hadisə idi. Bütün bunlar türk xalqının azadlıq və demokratiyanı haqq etdiyini göstərir. Türk xalqının demokratiyaya sahib çıxması, medianın hökumətin yanında yer alması, müxalifətin eyni mövqedə olması Türkiyə cəmiyyəti üçün ilk idi. Buna görə böhrandan çıxış uzun zaman almadı. Dövlət çevrilişinə uğursuz cəhddən bir ay keçib və baxsaq görərik ki, böhranın kəskin dövrü arxada qalıb. Burada hakim komandanın liderinin liderlik keyfiyyətləri, xalqın və medianın gücü, eləcə də müxalifətin birliyi mühüm rol oynadı. Amma kəskin dövr geridə qalsa da, əvvəldə qeyd etdiyim kimi, bu strateji hücumdur və zamana hesablanıb. Bu hücum hələ başa çatmayıb. Bunu Türkiyə hakimiyyəti də anlayır. Ona görə də, daim hazırlıqlı formadadır. Həbslər və saxlanmalarla yanaşı, böyük təmizləmələr aparılır. Hər zaman Azərbaycan üçün qeyd etdiyim ”Beşinci kolon" təmizlənir. Bunlar Türkiyə hökumətini tam əhatə ediblər. Görünən odur ki, onlar təkcə silahlı qüvvələrlə deyillər. Polis, kəşfiyyat və əks-kəşfiyyat xidmətində, prokurorluq və məhkəmə sistemində, eləcə də başqa orqanlarda təmsil olunurlar. Qardaş ölkədə elə bir sistem yoxdur ki, orada “Beşinci kolon”un nümayəndəsi olmasın. Bu şəbəkənin sıradan çıxarılması uzun zaman alacaq. İrəlidə görüləsi çox işlər var. Təmizləmə prosesində böyük boşluqlar yaranacaq. Bunun qısa zamanda doldurulması tələb olunur. Burada ciddi kadr islahatından söhbət gedir ki, bunu da Türkiyə hökuməti anlamamış deyil. Hazırda bütün sahələrdə ciddi islahatlar aparılır. Bizim Azərbaycan üçün dediyimiz modeli artıq Türkiyə tətbiq edir, yəni “Beşinci kolon”un təmizlənməsi və vətənpərvər, peşəkar kadrların önə çəkilməsi. Təcrübə göstərdi ki, böhranlı və ekstremal vəziyyətdə bu kadrlar öz sədaqətlərini nümayiş etdirirlər. Vətənini, millətini sevən heç bir məmur dövlətə xəyanət edə bilməz". 

S.Əkbərə görə, bunu Azərbaycan hakimiyyəti də nəzərə almalı və ciddi nəticə çıxarmalıdır: “Onu da nəzərə almaq lazımdır ki, qarşı tərəf, yəni dövlət çevrilişində iştirak edənlər də boş durmayacaqlar. Strateji hücum davam edəcək. Diqqət edirsinizsə, son günlərdə PKK-nın hücumları artıb. Kəşfiyyat xəbərləri var ki, Gülən camaatı ilə İŞİD və PKK arasında əlaqələr var. Hazırda danışıqların getdiyi və onların sui-qəsd planına cəlb oluna biləcəkləri bildirilir. AKP-nin yaranmasının ildönümüdür və bu günlərə də hər hansı bir hadisənin təsadüf edəcəyi gözlənilir. Yaxın vaxtlarda dövlət çevrilişinə cəhd halları olmasa da, iqtisadiyyata hücum, saray çevrilişləri cəhdləri, sui-qəsd hadisələri və bu kimi hallar gözləniləndir”.
 
Təhlükəsizlik üzrə ekspert son bir ayda Türkiyənin hansı nöqtədən haraya doğru getdiyini də sadaladı:“Siyasi sahədə böyük açılım oldu. Siyasilər anladılar ki, Türkiyənin gələcəyi demokratiya ilə bağlıdır. Müasir dövlət həmişə dediyim kimi, demokratikləşmiş və sənayeləşmiş dövlətdir. Müasir dövrdə inkişaf demokratiyadan keçir. Bu sahədə yeni açılımlar olmalıdır. Türkiyə cəmiyyəti haqq etdiyi rifaha qovuşmalıdır. Türkiyə hökuməti bu istiqamətdə ciddi addımlar atacaqsa, cəmiyyətdə sosial və siyasi rifah yaxşılaşacaq. Eyni zamanda Türkiyə strateji həmlələr qarşısında daha dayanıqlı vəziyyətə gələcək”.

S.Əkbər qardaş ölkədə baş verənlərin regiona nə vəd etdiyinə də toxundu: “Bütün region, həmçinin türk-müsəlman dövlətləri gördülər ki, demokratiyasız inkişaf mümkün deyil. Bir növ demokratiya anlaşılmağa başladı. O cəmiyyətlər ki, demokratiyanı dərk edirlər, onun gücünü də görürlər. Türk xalqı 15 iyuldan əvvəlki xalq deyil. Artıq özləri ilə fəxr edirlər. Qonşu türk-müsəlman xalqları da onlarla fəxr edirlər. Qərb deyirdi ki, İslamla demokratiya bir arada mümkün deyil. Amma indi Qərb şokdadır. Onlar gördülər ki, türk xalqı nəinki demokratiyaya, hətta bunun üçün canından keçməyə hazırdır. Bu, böyük hadisədir. Baş verən hadisələrin ən böyük nəticəsi kimi türk xalqının yeni bir mərhələyə yüksəlməsini göstərmək istərdim. Türkiyə Cümhuriyyəti müasir dövlət quruculuğuna başlaya bilər. Bütün sahələrdə demokratik islahatlar aparılmalıdır. Bundan ötrü də siyasi iradə olmalıdır. İlk mərhələdə bu iradəni görürük. Amma bu uzun bir prosesdir. Bunu AKP iqtidarının müxalifətlə birlikdə aparıb-aparmayacağını görəcəyik. Türkiyənin bu hadisələrdən güclənərək çıxması, bunun regiona təsiri, yaxud strateji hücumlar qarşısında geriləməsi, qarşı tərəfin güclənməsi başqa-başqa variantlardır. İndiki halda bunun xarici təsirləri görünməyə başlayıb. Türkiyə hökuməti və cəmiyyəti Qərbdən ciddi narazıdır. Nə ABŞ, nə də Avropa Birliyi bu sınaqdan uğurla çıxa bilmədilər. Onların çevriliş cəhdinə mövqeləri birmənalı olmadı. Demokratik hakimiyyətin yanında olmadılar. Əksinə hərbi çevrilişin uğursuzluğundan məyusluq yaşadılar. Bu da Türkiyəni regional oyunçularla işbirliyinə getməyə vadar etdi - ilk növbədə də Rusiya və İranla. Avqustun 13-də Türkiyənin baş nazirinin maraqlı açıqlaması oldu ki, qarşıdakı 6 ayda Suriya məsələsində ciddi nəticələr əldə olunsa, təəccüblənməyin. Bu, deməkdir ki, Türkiyənin Rusiya və İranla Suriya məsələsində ön razılaşması var. Bu həyata keçərsə, regionumuza ciddi təsiri olacaq. Qarabağ problemi ətrafında danışıqlar daha da intensivləşəcək. Qarşı tərəfin, yəni ABŞ, NATO və Avropa Birliyinin reaksiyaları mütləq olacaq. Düşünürəm ki, bu da geopolitik məkanda ciddi qarşıdurmalara səbəb olacaq. Münaqişə ocağı və onun ətrafında qarşıdurmalar gözləniləndir. Bu da Azərbaycan, Gürcüstan və Ermənistanda yeni siyasi gərginliyə səbəb ola bilər”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Hurriyyet.az xəbər verir ki, sərəncamda bildirilib ki, 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib. Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.