banner
banner

İqtİsadİyyat

“Vətəndaşlar son bir ildə öz boğazlarından kəsib, hökuməti saxladılar”

“Vətəndaşlar son bir ildə öz boğazlarından kəsib, hökuməti saxladılar”
Enerji məsələləri üzrə ekspert, Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şabanın “Yeni Müsavat” qəzetinə müsahibəsini təqdim edirik. 

- İlham bəy, son 10 ildə ilk dəfə idi ilə neftin qiyməti ilə bağlı bədbin proqnozlarla başladıq. Artıq ilk 9 ay geridə qalıb. Bu müddətdə ölkənin enerji satışından əldə olunan gəlirləri nə qədər azaldı? Nəticələri necə qiymətləndirirsiniz? 
 
- Neftin ucuzlaşması 2014-cü ildən başlasa da, 2016-cı ildə lap dibə vurdu. Yanvar ayının 20-də “Brent” markalı neft 27 dollar həddinə düşmüşdü. Ondan sonra belə bir göstəriciyə rast gəlməmişik. 2014-cü ilin iyun ayının 7-dən neft ucuzlaşmağa başlayıb. Onda ən maksimal hədd 117 dollar idi. Ancaq 2014-cü ildə ən maksimal hədd mart ayında olmuşdu, o zaman neftin qiyməti 125 dollara çatırdı. Artıq deyə bilərik ki, neftin qiyməti dibdən yuxarıya doğru qalxır. Bu, neft ixrac edən ölkə kimi Azərbaycan üçün pozitiv bir siqnaldır. Hökumət dərk elədi ki, neftin qiyməti yaxın zamanlarda 100 dollar səviyyəsinə çatmayacaq. Ona görə qeyri-neft sektorunda, ümumiyyətlə, iqtisadiyyatda nə isə etmək lazımdır. Biz heç vaxt hökumətin bir ayın içində 3 dəfə iclas keçirdiyini görməmişdik. 
 
Bu ilin yanvar ayında hökumət 1 ayda 3 dəfə iclas keçirdi ki, nə isə etsin. Bunun real nəticəsi isə özünü neftdə göstərdi. Hökumətin planına görə, bu il 40,7 milyon ton neft hasil edilməli idi. 2015-ci ildə hasilat 41,69 milyon ton olmuşdu. Yəni hasilat 1 milyon ton aşağı enməli idi. Bu isə o deməkdir ki, hasilat 7,4 milyon barel azalmalı idi. Faktiki olaraq, cari ilin 9 ayı yekunlaşır. Neftin orta ixrac qiyməti 43 dollardır. Maliyyə Nazirliyinin açıqladığı rəqəmə görə, ötən il Azərbaycan neftinin orta ixrac qiyməti 54,31 dollar olub. Yəni ötən ilin ixrac qiymətindən aşağı bir rəqəmdir. Həm hasilat azalıb, həm də neftin qiyməti 12 dollar aşağı düşüb. Ölkənin neft gəlirləri ötən il 7,6 milyard manat olmuşdu. Bu minvalla olsaydı onda Neft Fonduna gələn gəlir heç 40 milyard olmayacaqdı. 
 
Bu halda hökumət çox ciddi bir böhrana gedirdi. Ona görə də xarici neft şirkətlərinin, əsasən də BP şirkətinin qarşısında 2016-cı ildə dönüş yaratmaq üçün bir plan qoyuldu. Bu şirkətinin payına Azərbaycan neftinin 75 faizindən artığının hasilatı düşür, “Azəri Çıraq-Günəşli” yatağında neft hasilatını aparır. Bu yataqlardan gələn gəlir Dövlət Neft Fondunun gəlirlərinin 90 faizdən çoxunu təşkil edir. Bu plan ondan ibarət idi ki, BP şirkəti hər il hasil etdiyi səmt qazının təxminən 3 milyard kubmetrini Azərbaycan tərəfinə verirdi. İndi onu yarıbayarı azaldır və əvəzində onu yataqlarda neft quyularına vurur və hasilatı artırır. 

- Yəni qazla müqayisədə hökumət neftə üstünlük verdi? 
 
- Neft istənilən halda qazdan bahadır, neft bazarda satılır, gəlir gətirir. Neftin gəlir gətirməsi həm şirkətlərin, həm də dövlətin marağındadır. 2011-ci ildən başlayaraq hasilat aşağı düşməyə başlamışdı. Bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” blokunda  neft hasilatının 300 min ton artmasına nail olundu. Hökumət maraqlı bir addım atdı. O da ondan ibarət idi ki, enerji layihələri Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşsin. Hökumət bu layihələrə xarici maliyyə mənbələri cəlb etdi, Neft Fondu burada qənaət etmiş oldu. Neft Fondu həmçinin büdcəyə transferlərini azaltmış oldu. Neft Fondunun 9 ayın yekunlarına dair hesabatından da məlum oldu ki, cari il üçün DNF-nin büdcədə nəzərdə tutulmuş öhdəliyi 7 milyard 615 milyon manat olduğu halda, 9 ayın nəticələrinə görə bunun 43 faizi icra edilib. Yəni bu, öhdəliyin heç yarısı da deyil. Ümumilikdə isə Dövlət Neft Fondunun əsas yükü məhz dövlət büdcəsinə transferlərdir. Ona görə də Neft Fondu həm vəsaitlərinə qənaət edə bildi, həm də hasilat artdı. Hava şəraiti də bizə imkan verdi ki, elektrik enerjisinin istehsalı aşağı düşdü. Qış ayları mülayim keçdi, yay nisbətən sərin oldu, payız da normal keçir. O baxımdan qaza və elektrikə ciddi şəkildə qənaət oldu, daxili bazarda qaza tələbat o qədər böyük deyil. 
Yenə neft sektorunun töhfəsi hesabına hökumət özünü dirçəldir. Cari ilin sonunda da gözləntilər ondan ibarətdir ki, Neft Fondundan transferlərə qənaət olunacaq. Bundan əlavə, neftin qiyməti də qalxır. Bu isə onu deməyə əsas verir ki, növbəti rübdə neftin qiyməti ən azı 20 faiz artmış olacaq. Belə olan halda, Neft Fonduna gələn gəlirlər də artacaq, ümumi gəlir 5 milyard dollar civarında olacaq. İlin sonuna Neft Fondunun aktivləri 34 milyard dollara yaxınlaşacaq. Ancaq ilin əvvəlində bu, 33 milyarddan bir qədər artıq idi. İlin sonunda isə fondun gəlirləri azalmadı. 
 
- İlham bəy, yəni hökumətin siyasətini uğurlu hesab edirsiniz? 
 
- Xeyr, bunu vurğulamaq lazımdır ki, bu qənaət və artım hökumətin qeyri-neft sektorundakı uğurları hesabına olmadı. Bu hələ ki büdcəyə edilən transferlərin azalması hesabına baş verdi. Hökumət etiraf etməsə də bu qənaət birbaşa sosial layihələrə xərclərin azaldılması hesabına oldu. Vətəndaşlar son bir ildə bahalaşmadan əziyyət çəkdilər, öz boğazlarından kəsib hökuməti saxladılar. Hökumət insanlara iqtisadi böhranı hiss etməmək üçün yardım etmədi. Heç bir təhlükəsizlik kəməri olmadı və insanlar böhrandan sığortalanmadı. Əksinə, insanlar hökumətin dadına çatdı. Hökumət bunu hər zaman yadında saxlamalıdır. Manat dollara qarşı 1.59-a düşübsə, burada hər bir Azərbaycan vətəndaşının xidməti var, hökumətin xidməti yoxdur. Hökumət vaxtında tədbir görsəydi, ölkədən 5 milyard dollar vəsait çıxmazdı. 
 
- Gələn il üçün neftin qiymətini necə proqnozlaşdırırsınız? Büdcədə neftin qiymətinin 40 dollardan götürülməsinə münasibətiniz necədir? 
 
- Bu, normal yanaşmadır. Çünki gələn il üçün həm beynəlxalq enerji agentliklərinin, həm maliyyə institutlarının proqnozları 50 dollardan yuxarıdır. Neft gələn il pessimist ssenariyə görə, 45 dollar, optimist ssenariyə görə 53-55 dollar arasında olacaq. Hökumət isə qiyməti ən pis ssenari üzrə götürüb. Reallıq isə onu  göstərir ki, 50 dollardan aşağı olmayacaq. Belə bir şəraitdə hökumət 25 faiz artıq gəlir götürür. Bunun nəticəsində 2017-ci ildə hökumətin manevr imkanları artır. Bu zaman artıq həm cəmiyyətlə bölüşür, həm xərcləmələrini artırır və daha çevik siyasət yürütmək imkanı qazanır. 

- OPEK ölkələri neftin ucuzlaşmasının qarşısını almaq üçün hasilatın azaldılması məsələsini gündəmə gətirirlər. Sizcə, gələn il bu kimi addımlar neftin kəskin bahalaşmasına səbəb ola bilərmi? 
 
- OPEK və OPEK-ə daxil olmayan digər ölkələr sentyabrdan çox yaxşı addımlar atırlar. Mən bu addımları bazarın qızdırılması kimi dəyərləndirirəm. Sentyabrın 28-də Əlcəzairdə olan razılaşmanın heç bir hüquqi öhdəliyi olmasa da bazara müsbət təsir göstərdi, nəticədə 45 dollar ətrafında olan qiymətlər 50 dolları keçdi. İstanbul sammiti çərçivəsində də bir görüş oldu və Rusiyanın energetika naziri açıqlama verdi ki, növbəti görüş oktyabrın 29-da olacaq. Vyana toplantısına qədər bir neçə görüş olacaq və son görüşdə bu öhdəliklər hüquqi əsasını tapacaq. Bu görüşlər bazara impuls vermək, bazarı daim diqqətdə saxlamaq məqsədi daşıyır. 
 
- Gələn il Azərbaycanı qaz layihələrindən nə qədər gəlir gözləyir?
 
- Qaz layihəsi deyərkən “Şahdəniz” layihəsi nəzərdə tutulur. Biz 2007-ci ildən bu layihədən gəlir götürməyə başlamışıq. İndiyədək ən yaxşı halda 2013-cü ildə 550 milyon dollar mənfəət əldə etmişik. Sonradan isə getdikcə azalıb. Azalmanın səbəbi isə odur ki, əldə olunan mənfəət “Şahdəniz 2" layihəsinə yönəldilib. Bu il və gələn il də ”Şahdəniz 2" layihəsinin reallaşması ilə əlaqədar olaraq Azərbaycanın mənfəəti minimum olacaq. 
 
Cari ilin birinci yarısında Azərbaycan “Şahdəniz” layihəsindən cəmi 64 milyon dollar mənfəət əldə edib. Ancaq bunun bu qədər aşağı  səviyyəyə düşməsinin bir səbəbi də var. Azərbaycan “Şahdəniz”dən təkcə pul şəklində mənfəət əldə etmir. Həm də oradan daxili bazar üçün qaz alır. OPEK ölkələri və digər hasilatçı ölkələrin enerji nazirləri, hökumət başçıları pozitiv informasiyalar səsləndirirlər. Bu informasiyalar da neftin qiymətini müəyyən qədər qaldırır. Lakin OPEK-in sentyabrda açıqlanan hesabatı göstərdi ki, hasilat 33, 64 milyon bareldir. Bazarda bu qədər neft varsa, qiymət necə arta bilər? 
 
Amerikada neft buruqlarının sayı artır, hasilat artır. OPEK-də hasilat artır, Rusiya 11 milyon barelə çatır. Neftin qiyməti isə avqust ayında 42 dollar idi, indi 52 dollardır. Yəni bazarı diqqətdə saxlayan onu bilər ki, neftin qiyməti tələb-təklif əsasında formalaşmır, bu, sırf siyasətdir, bazarın süni yolla qızdırılmasıdır. Bunu bacarırlarsa, onlara yalnız “sağ ol ” düşür. 

- “Cənub Qaz Dəhlizi” layihəsinin perspektivini necə görürsünüz? Sizcə, bu layihə qoyulan yatırımlar özünü doğruldacaqmı? 
 
- “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı iki cür yanaşma var. Bunun biri sırf Azərbaycan xüsusiyyəti ilə bağlıdır. Biz bazarda hər zaman ucuz mal axtarırıq. Paradoksal hal odur ki, hökumət hansısa layihənin əhəmiyyətini artırmaq üçün dəyərini çox göstərməyə çalışır. Məsələn, “Cənub Qaz Dəhlizi” 45 milyard dollarlıq layihə deyil, heç 40 milyard da deyil.  Hazırda o layihənin dəyəri 39 milyard dollardır. İnsanlar isə bahalı layihəni istəmirlər. Lakin əsas məqam odur ki, “Cənub Qaz Dəhlizi” layihəsini “Şahdəniz” layihəsindən ayırmaq lazımdır. Biri qazı hasil edir, digəri isə nəql edir. Bunlar bir-birindən ayrıdır, hərəsinin ayrı mühasibatlığı var. “Şahdəniz” layihəsində qaz çıxarılır, müqavilə bağlanır və “Cənub Qaz Dəhlizi” layihəsi ilə nəql edilir. Alıcı isə Türkiyə və Avropadır. Qaz satılır və hərə öz payını alır. Söhbət Azərbaycandan və burada iştirak edən şirkətlərdən BP-dən, TAP və TANAP-da pay sahibi olan şirkətlərdən gedir. Həmin şirkətlərin həm də nəqletmədən qazancı olacaq. Yəni ixracat prosesində  qazanc həm qazdan gəlir, həm də nəqletmədən. 
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda siqaretin qiyməti bahalaşacaq?

Mən bir vətəndaş kimi siqaret və alkoqollu içkilərin qiymətinin artmasının tərəfdarıyam. Çünki bu məhsulların istifadəsi bilavasitə insanların səhhəti üçün zərərlidir.

Rubl görün neçəyə oldu - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.