banner
banner

Sİyasət

“Krizislərin cəmiyyətləri silkələməsi bir tərəfdən yaxşıdır”

“Krizislərin cəmiyyətləri silkələməsi bir tərəfdən yaxşıdır”
Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova “Yeni Müsavat”a geniş müsahibə verib. 
- Bahar xanım, cəmiyyət referendumdan sonra yeni mərhələ intizarındadır. Bu mərhələyə keçid nə zaman olacaq və həmin mərhələdə hansı Azərbaycanı görəcəyik? 
 
 - Azərbaycan artıq müstəqilliyinin bərpasının 25 illiyi ərəfəsində doğrudan da vacib bir dönəmə qədəm qoyur. Bunun da əsas əlaməti əlbəttə ki, konstitusiya islahatlarıdır, referendumun keçirilməsi, uğurla nəticələnməsi və artıq onun təsdiq olunmasıdır. O ki qaldı islahatların hansı sahələrdən başlanacağına, onun çərçivəsi referenduma çıxarılan məsələlərlə müəyyənləşib. Burada dəyişikliyə məruz qalan maddələrin hərəsi hansısa bir sahəyə aiddir və o sahədəki islahatların da ilkin əlaməti elə o məsələnin referenduma çıxarılmasıdır. Bilirsiniz ki, bu yaxınlarda cənab Prezidentin müvafiq sərəncamı oldu.  Yəqin ki, verilmiş müddətdə bununla əlaqədar lazımi addımlar atılacaq. Vaxt və məzmunla bağlı hansısa bir proqnoz vermək istəmirəm. Hər halda, məzmun da referenduma çıxarılan məsələlərin çərçivəsi ilə müəyyənləşdirilib. Hesab edirəm ki, biz o sahələr üzrə də dəyişiklikləri həyatımızda hiss edəcəyik. 

- Dəyişikliklərdə parlamentə aid maddə də var idi. Bu arada növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyi barədə də xəbərlər yayılıb. 
 
- Bunlar cəmiyyətdə gedən müzakirələrdir. Əlbəttə ki, reallığa uyğun yanaşmalar öz yerində... Əsassız fikirlər də bu və ya digər qruplar arasında müzakirə mövzusu ola bilər. Eyni zamanda bunun absurd, yaxud həqiqəti əks etdirməsi ilə bağlı fikirlər də ola bilər, bunlar təbiidir. Amma parlamentin buraxılacağı və yaxud erkən seçkilərin keçiriləcəyi ilə bağlı fikirləri isə şərh etmək istəməzdim. Çünki bunlar, sadəcə, müxtəlif qrupların, dairələrin fikirləridir. Gördünüz, mən cənab prezidentin sərəncamına istinad etdim. Çünki konkret məsələlər bu sənədlə təsdiq olunub, orda hansı tapşırıqların verildiyi açıq-aşkar göstərilir, onun ətrafında fikir yürütmək olar. Amma gələcəkdə nələr, necə olacaqla bağlı ehtimallarla danışmaq, hesab edirəm ki, bizə düşməz və ona ehtiyac da yoxdur. 
 
- Son zamanlar Bakı ilə Avropanın demokratik institutları arasında münasibətlər normallaşır. Avropa Parlamentindən sonra ATƏT-lə də körpülərin bərpa olunması, Bakı Ofisinin bərpası gözləniləndirmi?
 
- Bizim mövqeyimizdə hansısa dəyişiklik yoxdur. Bu prosesdə dəyişiklik zamanında bizimlə anlaşmağı məqsədəuyğun bilməyən  dairələrin fəaliyyətində özünü büruzə verir. Ona görə də biz əvvəllər ATƏT-lə, Avropa İttifaqı, onun müxtəlif qurumları ilə hansı münasibətdə idiksə, hansı aspektdə mövqeyimizi ortaya qoyurduqsa, bu gün də həmin mövqedən çıxış edirik. Ona görə də əgər bu, anlaşmaya getmək kimi dəyərləndirilirsə, buna gedən tərəf əlbəttə ki, dünənə qədər Azərbaycanın mövqeyini qəbul etməyən tərəfdir. Əgər onlar artıq bu qənaəti bölüşürlərsə ki, Azərbaycanla danışıqlar, müzakirələr yolu ilə anlaşmaq olar və əməkdaşlıq da qarşılıqlı hörmətə, hər iki tərəfin maraqlarına xidmət əsasında olmalıdır. Onda biz istənilən beynəlxalq təşkilatla münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyıq.  
 
Hər iki təşkilatla münasibətlərdəki problemlərə isə onların səbəbləri və çıxış yolları haqqında hörmətli cənab Prezidentimizin açıqlamalarının bütün bu problemlərin mövcud olmasında maraqlı olan dairələrin hamısına çox ciddi mesaj olduğunu vurğulamaqla münasibətimi bildirərdim. 
 
- Əlaqələrə yenidən baxılması zərurəti haradan yarandı? Bəlkə Rusiya təhlükəsi buna tərəfləri vadar etdi, Kreml yenidən Azərbaycanı öz çətiri altına ala bilər deyə, narahatlıqları var? 
 
- Çox şükür ki, Azərbaycanın öz başını qorumaq üçün özünün çətiri var və biz heç zaman heç bir çətirin altına girmək niyyətində olmamışıq. O ki qaldı bunun nədən qaynaqlanmasına, əgər bu gün bizim avropalı dostlarımız qəbul edirlərsə ki, Azərbaycan beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü olaraq öz mövqeyini davam etdirir və düşünürlərsə ki, onunla qarşıdurmaya yox, əməkdaşlığa üstünlük vermək lazımdır, biz bunu dəyərləndiririk. Biz hər zaman əməkdaşlığa hazırıq. Bunu da hansısa bir üçüncü səbəbə bağlamaq niyyətində deyilik. Ola bilər ki, onlar bu müddət ərzində bizi o qədər də yaxşı tanımayıblar. Yəni düşünüblər ki, bizə hansısa məsələni təzyiq yolu ilə qəbul etdirə bilərlər. Siz bilirsiniz ki, bütün beynəlxalq təşkilatlarda nəinki Azərbaycana, eləcə də bəzi digər ölkələrə qarşı təzyiq üsulu ilə davranmağa üstünlük verən dairələr var. Onlar ən müxtəlif səbəblərdən bu yola gedirlər. Əlbəttə ki, iqtisadi maraqlara söykənən yanaşmalar da var, Azərbaycana erməni düşmənçiliyini həyata keçirən dairələrə məxsus adamlar da var. Eləcə də hansısa bir ambisiyalardan yenicə demokratiya yoluna qədəm qoymuş, öz mövqeyinə, siyasi iradəsinə sahib ölkələrin elə bu sahibliyini qəbul etməyərək, bundan qıcıqlanan dairələr də var. Həmçinin özünü daha ağıllı bilib öz təcrübəsini başqasına inandırmaq, əməkdaşlıq və çox vaxt tələb edən yolla yox, amiranə bir tonda, diktə və zorla qəbul etdirmək niyyətində olan dairələrin nümayəndələri də var ki, onlar Azərbaycan kimi dövlətləri sevmirlər. Amma biz bununla dəyişməli deyilik. Biz Azərbaycanı addım-addım irəliyə apardığımız, heç bir halda suveren hüquqlarımızı hansısa bir beynəlxalq mexanizmin mənafeyinə qurban verməmək yolu ilə getdiyimiz üçün inanırıq ki, doğru yoldayıq. Əgər onlar da bunun doğru olduğunu qəbul edirlərsə, biz bunu dəyərləndiririk və əməkdaşlıq üçün uzanan əlləri heç zaman geri qaytarmırıq. Biz bərabərhüquqlu, ikitərəfli və qarşılıqlı, faydalı maraqlara söykənən əməkdaşlıq çərçivəsində istənilən beynəlxalq təşkilatla münasibətlərimizi bundan sonra da davam etdirəcəyik. 

“Biz istənilən beynəlxalq təşkilatla münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyıq”

- Belə yanaşmalar da var ki, Azərbaycanın hazırkı iqtisadi vəziyyəti bu əməkdaşlığı zəruri edir. Neftin qiymətinin aşağı düşməsi, devalvasiya halında ölkədəki mövcud durumdan çıxış yolunu parlament rəhbərliyi nədə görür? Vətəndaşların bank soyğunçuları ilə üz-üzə qaldığı halda hökumətin müvafiq addımlar atmaması, hətta ölkə başçısının sərəncamlarının icrası istiqamətində də ləng davranılması barədə çoxsaylı fikirlər var. Maliyyə, sosial-iqtisadi vəziyyəti müzakirə etmək üçün Milli Məclisin qapalı toplantısının keçirilməsi təklifi gündəlikdədirmi?  
 
- Bunlar müxtəlif fikirlərdir. Azərbaycanda demokratik cəmiyyət mövcuddur, fikir plüralizmi var. 
 
- Amma mövcud vəziyyət sizin aldığınız maaşa da təsirsiz ötüşmür...
 
- Əlbəttə... Baş verən proseslərə müxtəlif yöndən qiymət vermə, dəyərləndirmə var. Ona görə də bu cür fikrilərin olması  normaldır, təbiidir.  Mən bir çox hallarda belə fikirlərin ortada olmasını hansısa addımların atılması, qərarların qəbulu üçün hətta təkan verəcək amil kimi də dəyərləndirirəm. Amma bu, heç də real həqiqi səbəbləri kölgədə qoyub, onu əsas səbəb kimi ortaya gətirməyə imkan verməməlidir. Devalvasiya, iqtisadi çətinlik, böhran təkcə Azərbaycanda başlamayıb. Bu, bütün dünyadakı mövcud böhranın Azərbaycana təsiridir. Böhran bütün dünyada başlayıb, neft istehsal edən və ondan istifadə edən ölkələrə də eyni dərəcədə təsirə malikdir. Bəlkə də Azərbaycana  təsirini biz hələ indi hiss etməyə başlayırıq. Devalvasiya imkan verdi ki, bəzi sahələrdəki boşluqlar, narahatlıqlar ortaya çıxarılsın. O baxımdan, “krizis”lərin, ümumiyyətlə, cəmiyyətləri silkələməsi bir tərəfdən yaxşıdır. Ki, qeyri-neft sektorunun inkişafı üçün daha çevik hərəkət edək, sahibkarlığın, kənd təsərrüfatının inkişafı, ərzaq, enerji, digər başqa təhlükəsizliklərimizi təmin etmək üçün daha çevik və dinamik olaq.    

- Bəlkə 2008-ci ilin qlobal böhranı baş verəndə “bu böhran Azərbaycandan yan keçdi” deməyib, əksinə, preventiv addımlar atılsaydı, daha az itkilər verərdik, razılaşırsınız?
 
- Bizdə hər zaman preventiv addımlar atılıb. Elə o zaman böhranın təsirini o qədər də hiss etmədən və problemlərlə üzləşmədən də biz o problemlərin qarşısını ala biləcək addımlar atmışdıq. Xatırlayırsınızsa, o zamankı müzakirələrdə bu fikirlər səslənirdi ki, bank-maliyyə sistemi lazımi addımları zamanında atması səbəbindən biz 2008-ci il böhranından yan keçə bildik. Ona görə də mən 2016-cı ildə oturub özümüzü 2008-ci ildə günahlandırmağın tərəfdarı deyiləm. Mənə görə biz həm iqtisadiyyatın inkişafı, onun şaxələnməsi üçün, həmçinin də qeyri-neft sektorunun inkişafı və neftdən asılılığın aradan qaldırılması məqsədinə xidmət edən tədbirləri məqamında görmüşük.

- Amma belə yanaşmalar var ki, hökumət prezidentin sərəncamlarını, qarşıya qoyduğu proqramları icra etməkdə acizdir, ləng davranır. Ümumi rəy belədir ki, bu ahıl komanda dövlət başçısının sürəti ilə ayaqlaşa, prosesi apara bilmir. Bu iddialarda həqiqət varmı? 
 
- Bu da müxtəlif fikirlərdən biridir. Hər il biz həm hökumətin fəaliyyəti barədə hesabatı parlamentdə dinləyirik, həm də büdcə paketini müzakirə edirik. O müzakirələrin gedişində aparıcı rəy nədən ibarət olur? Ondan ibarət olur ki, Azərbaycan hökuməti büdcə siyasəti vasitəsilə Azərbaycan xalqının və dövlətinin qarşısında duran hədəflərə çatmaq üçün lazım olan addımları atıb, əlbəttə, müəyyən problemləri vurğulamaqla...Yekunda da biz o fəaliyyəti dəstəkləmişik, bunu müsbət qiymətləndirmişik və qənaətbəxş hesab etmişik. Bu, hər il iki dəfə baş verir. İndi həmin müzakirələr getdiyi vaxt dediyimiz sözü biz başqa bir halla üzləşəndə niyə dəyişməliyik ki? Bunlar parlamentdə qəbul olunan qərarlardır. Parlamentdə bu qərarları qəbul edənlər də bu xalqın seçdiyi millət vəkilləridir. Bu millət vəkilləri də seçicilərin üzləşdiyi problemləri səsləndirməklə bərabər, görülən işin miqyasını, məzmununu və o işi görənlərin fəaliyyətini dəyərləndirib qərarlarını veriblər. İndi qarşıdan yenə də büdcə müzakirələri gəlir.   
 
- Bu dəfə də elə olacaq?  
 
- Bu, ötən illərdəki, indi böhran saydığımız dövrdəki qərarları, o qərarların yerinə yetirilməsini, hökumətin, ayrı-ayrı nazirliklərin, komitələrin, konkret şəxslərin fəaliyyətini dəyərləndirmək üçün növbəti bir imkan olacaq. Hansısa neqativ bir fikrin ortada olması çoxluğun pozitiv mövqeyini ört-basdır edə bilməz. Bu da var, bu da. Mən əlbəttə, bu cür dəyərləndirmənin də olduğunu qəbul edirəm və ona əsas verən halların da olduğunu inkar etmirəm. Amma ümumilikdə biz hər zaman Azərbaycan hökumətinin ali icra orqanının rəhbərliyi altında atdığı addımları, gördüyü işləri, büdcə vasitəsilə iqtisadi tənzimləməni doğru həyata keçirdiyi barədə qərar qəbul etmişik. Hesab edirəm ki, doğru etmişik.      
 
- Bahar xanım, siz yəqin ki, bankdan kredit götürmüşünüz.
 
- Bəli. 
 
- Sirr deyilsə, bu gün nə qədər kredit borcunuz var?
 
- Bu gün mənim hansısa banka kredit borcum yoxdur. Sovet dönəmində, müstəqilliyin ilk illərində müəyyən istehlak mallarını kreditlə götürmüşəm, vəssalam. Bir məqamı vurğulamaq istəyirəm. İndi bir az müraciətlər azalıb. Əvvəllər qəbul etdiyimiz vətəndaşların təqribən yarısı kredit almağa yardım göstərmək xahişi ilə müraciət edirdi. Əlbəttə, onların bir çoxu bu kredit bumunda öz imkanlarını və tələbatlarını təhlil etmədən onları doğru-düzgün dəyərləndirmədən qərarlar verməyə üstünlük verənlər idi. Amma bu, o demək deyil ki, bu sistemdə problemlər olmayıb.   
 

“Bu gün mənim bank kreditim yoxdur”

 
- Lakin cavab verən yoxdur...
 
- Niyə yoxdur ki. Cavab verən var. Hazırda müəyyən hərəkətlərə görə istintaq gedir, araşdırmalar aparılır. Siz baxın ki, bizim prezidentimiz nə qədər böyük iradə və mövqe sahibidir. Bu mövqelər 2005-ci ildə də, ondan sonrakı dövrdə də olub. Çox böyük müzakirələrə səbəb olan və ziddiyyətli mövqelər ortaya qoymağa imkan verən qərarlar verib, qətiyyətli addımlar atıb, bu gün də belədir. Müəyyən dövlət orqanlarında baş verən hadisələrlə bağlı addımlara, həyata keçirilən ciddi, köklü islahatlara baxın! Bunun arxasında prezident, onun mövcud nöqsanlara barışmaz mövqeyi və qərarları dayanır. Və mən əminəm ki, sizin dediyiniz hərəkətlərə rəvac verən fəaliyyət, o fəaliyyəti göstərən şəxslər, onların rəhbərlik etdiyi qurumların mütləq hüquqi cəhətdən qiymətləndirilməsi olacaq.  

- Yəni yeni, gənc və enerjili hökuməti görə biləcəyik?
 
- O, cənab prezidentin səlahiyyətidir. Bir də ki, gənc olmaq enerjili olmaqdır, bu, birmənalıdır. Amma enerjili olmaq hər zamanmı müdrik olmaq, xalqın, dövlətin maraqlarına xidmət edən siyasət yeritməyi bacarmaq deməkdir? Bunu mütləq şəkildə vurğulamaqdan isə çəkinmək lazımdır. Ona görə ki, siyasi qərarlar və dəyərləndirmələr ehtimallara əsaslananda çox zaman yanlış ola bilir. 
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.