banner
banner

Sİyasət

25 illik müstəqilik: nə qazandıq, nə itirdik?

25 illik müstəqilik: nə qazandıq, nə itirdik?
Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından 25 il keçdi. Bu tarixi günlərdə “25 ildir müstəqil dövlət olan Azərbaycan bu illərdə nə qazandı, nə itirdi” sualı aktuallıq daşımaya bilməz.

Müstəqilliyimizin əldə olunmasında böyük rolu olan şəxslərdən biri də milli azadlıq hərəkatının liderlərindən olan xalq şairi, VHP sədri Sabir Rüstəmxanlıdır. Sabir Rüstəmxanlı bildirdi ki, 25 ildir müstəqil dövlət olaraq yaşamağın özü böyük uğurdur: “Azadlıq, müstəqillik heç bir maddi dəyərlə ölçülən deyil. Müstəqilliyimiz dövründə xalqımızın qazandıqları da, itkiləri də çox olub. 
25 ildə çətinliklərimiz də çox oldu - müharibədəki məğlubiyyətlər, iqtisadi problemlər, qaçqın-köçkün problemləri və sair. Bütün ağır faciələrinə baxmayaraq Azərbaycan dünya dövlətləri sırasında yer alıb və bu, xalq üçün başucalığıdır, bunu dəyərləndirmək lazımdır. Bunun üçün əlbəttə ki, çalışmaq, mübarizə aparmaq lazımdır. Bu ölkədə demokratiyanın, haqqın, ədalətin bərqərar olunması uğrunda bundan sonra da vuruşmalıyıq. Çünki o vaxt imperiyaya qarşı vuruşmaq, bəlkə də daxildəki qüvvələrə qarşı vuruşmaqdan daha asan idi. Bütün qüsurları ilə birlikdə müstəqil Azərbaycanı böyük bir qazancımız hesab edirəm. Onu qorumaq üçün çalışmalıyıq".
 
S.Rüstəmxanlı qeyd etdi ki, müstəqillik yolunda xidmətləri olmuş şəxsləri bu gün unutdurmağa çalışırlar:“Müstəqillik hər xalq üçün birinci şərtdir. Ona görə də o günlərdə iştirakımdan, 1988-ci ildə başlayan meydan hərəkatının əsas aparıcılarından, liderlərindən biri olmağımla, 1991-ci ilin 17 martında keçirilən referendumda SSRİ-nin əleyhinə səs verən cəmi 42 nəfərdən biri olmağımla, sonra da ”Müstəqillik Aktı"nı hazırlayıb ona qol çəkdirməyimlə qürur duyuram. Bəzən deyirlər ki, SSRİ onsuz da dağıldı və başqa respublikalar, hətta bizdən də əvvəl müstəqillik əldə etdilər. Ancaq onu nəzərə almaq lazımdır ki, SSRİ-ni dağıdan əsas qüvvə Azərbaycan Xalq Hərəkatı oldu".
 
“Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın mətninin müəllifi, istiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov bildirdi ki, müstəqillik bizim üçün çox qiymətlidir: “Bu illər ərzində torpaq itkilərimiz olub, şəhidlər vermişik, ölkəmizdə arzulamadığımız siyasi sistem bərqərar olub. Bütün bunlara rəğmən, müstəqillik ən böyük nemət, ən böyük qazancdır. Azərbaycan xalqının hər bir övladı, o cümlədən müstəqilliyin əldə edilməsində xidmətləri olan bizlər həmişə qürur duyuruq və duymalıyıq ki, Azərbaycan xalqı müstəqil ölkədə, müstəqil dövlətdə yaşayır. Dünya da bizim müstəqilliyimizi, ərazi bütövlüyümüzü qəbul edib - baxmayaraq ki, ərazimizin bir hissəsi Rusiya imperialistlərinin köməyi ilə Ermənistan tərəfindən işğal olunub. Amma bütövlükdə götürəndə bütün dünya Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və Azərbaycanı müstəqil dövlət kimi tanıyır. Bu, əlbəttə, bizim fəxrimizdir, uğurumuzdur. Çünki 70 ildən çox Azərbaycan Sovet İttifaqı deyilən bir imperiyanın əsarəti altında yaşamışdı. Bu müstəqillik də ona görə bizim üçün çox dəyərli, çox qiymətlidir”. 
 
H.Əzimov da müstəqilliyimizdə zəhməti olan şəxslərə göstərilən biganəlikdən, diqqətsizlikdən narazılıq etdi: “Bu müstəqilliyin əldə edilməsində xidmətləri olan istiqlalçı deputatların, o cümlədən Azadlıq hərəkatında müstəqillik naminə fədakarlıqla mübarizə aparanların, bu yolda canlarını fəda edən ”20 Yanvar" şəhidlərinin, ərazi bütövlüyümüz uğrunda mübarizə aparan Qarabağ şəhidlərinin xidmətlərini unutmaq olmaz. Təəssüflər ki, bu gün Azərbaycanda mövcud hakimiyyət müstəqilliyimizin doğrudan da böyük bir sərvət, dəyər olduğunu sözdə qəbul etsə də, əməldə buna lazımi diqqət yetirilmir. Müstəqilliyin əldə edilməsində xidməti olan ziyalılara qarşı təqiblər olub, onların xidmətlərinə dəyər verilməyib - xüsusilə də müstəqilliyin əldə edilməsində çox böyük çabalar, mücadilələr göstərmiş istiqlalçı deputatlara, həmin deputatlara ki, SSRİ dağılmasaydı, hər biri güllələnəcəkdi. İndi dövlət müstəqilliyi günü münasibətilə keçirilən dövlət tədbirinə istiqlalçı deputatlar dəvət edilmir. Bu, acı təəssüf doğurur. Biz nə üçün həyatımızı müstəqilliyin qazanılmasına qurban verirdik, riskə atırdıq? Ona görə ki, Azərbaycan xalqı neftdən, qazdan, digər sərvətlərdən gələn böyük gəlirlərdən faydalanıb, varlı bir həyat yaşasın, dünyada öndə gedən ölkələrdən olsun. Təəssüf ki, bu sərvətləri Azərbaycan xalqına yad nəzərlərlə, düşmən gözüylə baxan məmurlar mənimsəyir, hər cür vasitələrlə, xalqa qarşı müxtəlif təzyiqlər etməklə onu əsarətdə saxlamağa çalışırlar. Ən böyük itkilərdən biri budur. Arzumuz odur ki, müstəqilliyimizə yad olan meyllər, cərəyanlar aradan qalxsın. Azərbaycan xalqı özündə güc tapıb bu hallara son qoymaq üçün cidd-cəhdlə çalışmalıdır. Nə qədər ki, bu hallar aradan qalxmayıb, Azərbaycan xalqı özünü tam azad bir ölkədə hiss edə bilməz, etmir də". 

Xatırladaq ki, 1991-ci il 18 oktyabrda dövlət müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. 31 deputat  əleyhinə səs verib, digərləri isə iclasa qatılmayıb.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.