banner
banner

Sİyasət

“Human Rights Watch”un son hesabatına Bakıdan kəskin reaksiyalar

“Human Rights Watch”un son hesabatına Bakıdan kəskin reaksiyalar
Rəsmi Bakının Avropa Parlamenti ilə bir ildir kəsilmiş əlaqələrini bərpa etməsindən, ATƏT-lə əməkdaşlığın daha da yaxşılaşdırılması istiqamətində qarşılıqlı addımların atılmasından sonra bəzi təşkilatlarla münasibətlərdə yenidən gərginlik müşahidə olunur. 
 
“Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatının Azərbaycan haqda oktyabrın 20-də açıqladığı son hesabatda kəskin tənqidlər əksini tapıb. “Hökumət tənqidçilərin və müstəqil qrupların sərt şəkildə susdurulması və təqibini davam etdirir,”- sənəddə iddia olunur. 

“Təqib, həbs, sürgün: Azərbaycan hökumətinin tənqidçilərinə, hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyətinə davamlı basqısı” başlıqlı 75 səhifəlik hesabatda qurum hökumətin vətəndaş cəmiyyətinin dağıdılması istiqamətində göstərdiyi cəhdlərdən bəhs edib (AzadlıqRadiosu). HRW Azərbaycanda həbslərin artmasını ölkədəki iqtisadi böhran, devalvasiya, inflyasiya, eləcə də prezidentin səlahiyyətlərini artıran konstitusiya dəyişiklikləri ilə bağlı narazılığın güclənməsi ilə izah edir.
 
“HRW araşdırmalar nəticəsində üzə çıxarıb ki, 2016-cı ildə Azərbaycan hökuməti, ən azı, 20 siyasi fəalı, o cümlədən gəncləri həbs edib. Siyasi fəalları, eləcə də jurnalistləri məhkəməyə çəkmək üçün qondarma, siyasi motivli inzibati və cinayət ittihamlarından yararlanıb. Fikirlərinə görə tutulanlar qanunsuz narkotik maddə saxlamaqda, ya da qanunsuz biznes fəaliyyətində günahlandırılıblar. Bəzi fəallar isə Türkiyədə çevrilişə cəhddə ittiham olunan ilahiyyatçı Fəthullah Gülənlə əlaqədə təqsirləndirilərək həbs edilib” - hesabatda deyilir.
 
Təşkilat Azərbaycan hökumətini təcili ölçü götürməyə, siyasi məhbusları, ictimai fəalları, jurnalistləri və hüquq müdafiəçilərini azad etməyə, hökuməti tənqid edənlərin və onların yaxınlarının təqibinə, vətəndaş cəmiyyətinin susdurulmasına, Azərbaycan xalqının sərbəst birləşmək azadlığına müdaxiləyə son qoymağa, QHT-lərlə bağlı qanunlara düzəliş etməyə çağırır.
 
Beynəlxalq aləmə gəlincə, HRW bəzi ölkələrin Azərbaycanın strateji mövqeyi və resurslarına üstünlük verdiyini, ona görə də hökumətin insan haqları öhdəliklərinə əməl etməməsinə göz yumduğunu vurğulayır. HRW Avropa Birliyi və Birləşmiş Ştatları Azərbaycan hökumətinə qarşı ciddi tədbirlər görməyə, Azərbaycan rəsmilərinə viza qadağası qoymağa, maliyyə institutları da daxil olmaqla, müxtəlif vasitələrdən istifadə edərək hökumətin vətəndaş cəmiyyətinə hücumunu dayandırmağa səsləyir.

Deputat, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa hesabatı “Yeni Müsavat”a şərh edərkən deyib ki, əslində bu tənqid mətnləri ildən-ilə bir-birindən köçürülərək paylaşılır: “Faktiki olaraq son dövrlərdə xüsusi olaraq siyasət və mətbuatla əlaqəli həbs olunan adamlar barədə məlumatlar dolaşmır. Bu, çox güman ki, ötən illərin hesabatlarındadır, çünki amnistiya ilə bir çox məhbuslar azadlığa çıxdı. Bir-iki nəfər üzərində mübahisələr qalır. Ümid edirəm hakimiyyət bu qurumun rəyinə əhəmiyyət vermədən özü onları həbsdən azad edəcək ki, bunu bəhanə edib ölkəmizin üzərinə mənfi niyyətlərlə gəlməsinlər”.
 
Bəzi Avropa qurumları ilə münasibətlərin normallaşdığı bir vaxtda belə bir hesabatın ortaya çıxması təsadüfdürmü? F.Mustafa: “Təbii ki, təsadüfi deyil, bu qurum ölkəmizin Avropa Birliyi ilə əlaqələrinin yaxşılaşmasında heç vaxt maraqlı olmayıb”.
 
“Bir sıra qurumlar var ki, onlar Azərbaycana qarşı ənənəvi, xoşagəlməz, qərəzli, böhtan dolu münasibətlərini verməkdə, hesabatlar yaymaqda, ölkəmizə qarşı neqativ münasibətini ortalığa gətirməkdə davam edirlər. Görünən budur ki, onların Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutmaq, ölkəmizə qarşı iftira dolu bəyanatlar hazırlamaq və onu ictimailəşdirmək bir adətə çevrilib. Bunlar həm də onlara verilən xüsusi tapşırıqlardır”. 
 
Bu fikirləri isə AVP sədri, deputat Fəzail Ağamalı qəzetimizə söyləyib. Onun sözlərinə görə, həmin təşkilatların erməni lobbisi ilə sıx bağlılığı, onlarla maliyyə əlaqələri var: “Bu təşkilatlar erməni lobbisinin maliyyəsi əsasında fəaliyyətlərini qururlar. Eyni zamanda təəssüflər ki, bu gün dünyada bir xristian təəssübkeşliyi də var. Azərbaycana qarşı bu xristian təəssübkeşliyinin aparıcı adamları da, Azərbaycanı zəif görmək istəyənlər də, ən müxtəlif düşüncələrlə Azərbaycana mənfi münasibət bəsləyənlər anti-Azərbaycan qüvvələri deyilən bir koalisiya yaradıblar. Bu təşkilatlar da o koalisiyanın içindədirlər. Bunların hesabatlarında bir neçə abzas da müsbət fikir görməmişəm”. F.Ağamalı buna baxmayaraq, hesab etmir ki, belə hesabatlar Azərbaycanla Avropa strukturları arasında normallaşan əlaqələrə mənfi təsirini göstərə bilər: “Çünki Avropa Parlamentinin yetərincə nüfuzlu nümayəndə heyəti Azərbaycanda oldu. Onlar Azərbaycanla münasibətlərində yol verilmiş haqsızlıqları etiraf etdilər və münasibətlərin bərpa olunması və inkişafında maraqlı olduqlarını dedilər. Azərbaycanın da prinsipial mövqeyi ortadadır. 
 
Ona görə də güman etmirəm ki, Avropa Parlamenti kimi nəhəng bir qurum, Avropa İttifaqı kimi dünya siyasətində həlledici imkanlara malik olan bir ittifaq belə bir QHT-nin hansısa bəyanatının təsiri altına düşsün. O cümlədən də nə ATƏT, nə Avropa Şurası. Çünki onlar bu cür təşkilatlardan tamamilə üstün səviyyədədirlər. Böhtan və iftira dolu bəyanatlar bizim ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosu ilə düzəlməkdə olan münasibətləri korlaya bilməyəcək. Bəzi QHT-lər belə addımları ilə qısqanclıq göstərərək Azərbaycana mənfi və düşmən münasibəti sərgiləməkdən özlərini saxlaya bilmirlər. Bu bəyanatların proseslərə hansısa mənfi təsir göstərmək imkanı olmayacaq”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.