banner
banner

Sİyasət

Kreml Azərbaycana təzyiqlər üçün yeni metodlara əl atır

Kreml Azərbaycana təzyiqlər üçün yeni metodlara əl atır
Qarabağ danışıqlarının dalana dirənməsinin, “nə hərb, nə sülh” vəziyyətinin davam etməsinin təhlükəli olduğunu anlayan beynəlxalq qurumlar yenidən tərəfləri bir araya gətirmək istiqamətində cəhdlər göstərir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü ATƏT-in Xarici İşlər Nazirləri Şurasının dekabrın 8-9-da Almaniyanın Hamburq şəhərində keçiriləcək toplantı çərçivəsində baş tuta bilər. 
 
Rəsmi məlumata görə, sözügedən tədbir ATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin dəvəti ilə keçiriləcək. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun toplantıda iştirakı artıq təsdiqlənib. E.Məmmədyarovun sözlərinə görə, ATƏT XİN Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkilatçısı Minsk Qrupunun həmsədrləridir. 

Qeyd edək ki, aprel döyüşlərindən sonra Ermənistan rəhbərliyi “hətta Madrid prinsipləri əsasında belə danışıqlar aparmağa hazır olduğunu” dəfələrlə açıqlamışdı. Lakin sonrakı dönəmlərdə, xüsusilə də Rusiyanın Ermənistanın hava məkanına nəzarət etməsini nəzərdə tutan sənədin ratifikasiyasından, Kremlin İrəvana “İsgəndər” raket komplekslərini hədiyyə etməsindən, işğalçı ölkə ilə birgə hərbi birləşmələr yaratmağa qərar verməsindən sonra erməni rəhbərliyi müxtəlif bəhanələrlə danışıqlardan imtina mövqeyini sərgiləməyə başladı, paralel olaraq cəbhəboyu təxribatlar artdı. Bunun qarşılığında isə Azərbaycanın genişmiqyaslı hərbi təlimlərə başlaması, düşmənə sarsıdıcı zərbələr endirməyə hazır olduğunu deməsi təsirsiz qala bilməzdi. Xüsusilə də Azərbaycan prezidentinin qapalı danışıqlarda Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması üçün Bakıya təzyiqlərinə baxmayaraq, Qarabağ ermənilərinə muxtar respublika statusundan əlavə güzəşt edilməyəcəyini qəti şəkildə bəyan etməsi, apreldə azad olunmuş yüksəkliklərə səfər edərək Ermənistana və onun havadarlarına sərt xəbərdarlıqlar etməsi prosesi izləyənləri yenidən rahatsız edib. Məhz bu ərəfədə “Bloomberg” agentliyinin Azərbaycanın silah arsenalını gücləndirmək üçün böyük vəsaitlər xərclədiyini açıqlaması da təsadüfə bənzəmir. 
 
Image result for Stratfor
 
Görünən budur ki, beynəlxalq təşkilatlar Azərbaycanın torpaqlarını hərbi  yolla azad etməsini “qəbulolunmaz” saymaqda davam edirlər. Necə ki, “Stratfor” Ermənistana “İsgəndər” raketlərinin verilməsini “balansın yaranmasına xidmət” kimi təqdim etmişdi. İşğalçı Ermənistana “İsgəndər” verilməsini sakit qarşılayan Qərb Rusiyanın Kalininqrad vilayətində yerləşdirdiyi “İsgəndər”lərə dərhal qarşılıq verdi. Hansı ki, ABŞ-dakı nüfuzlu “The National İnterst” nəşri Ermənistana “İsgəndər M” raket komplekslərinin verilməsi ilə bağlı sensasion yazı ilə çıxış etmişdi. Qeyd olunurdu ki, işğalçı ölkə ərazisində peyda olan “İsgəndər M”lər nüvə silahıdır. NATO-nun hətta öz sərhədlərində baş verən bu olaya da diqqət yetirməməsinin şahidi olduq. 
 
Image result for Ermənistanın Müdafiə naziri
 
Hər halda, ikili standartlar göz önündədir. Bu arada qardaş Türkiyə dövləti növbəti dəfə ortaya prinsipial mövqe qoyub Ermənistandan təcavüzə son qoymağı tələb etdi.
 
“Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır” - bəyanatını verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  bir daha xatırladıb ki, Qarabağın əsl sahibi azərbaycanlılardır və onlar öz torpaqlarına qayıdıb məskunlaşmalıdırlar. Lakin bu da var ki, Türkiyənin danışıqlara təsir imkanı böyük deyil, Ankaranın həmsədr kimi fəaliyyəti göstərməsinə isə hər cür maneçiliklər var. 
 
Bu mənada ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin də fransız həmkarının ardınca vəzifə səlahiyyətlərinə vida etməsi və estafet çubuğunu digər diplomata verməyə hazırlaşması prosesə yaxşı heç nə vəd etmir. Xatırlayırsınızsa, Uorlik bölgəyə son səfəri zamanı Kəlbəcərə qar yağmasından danışmaqla diqqəti özünə cəlb etmişdi. Hansı ki, Xankəndinə gedən həmsədrlər separatçı rejimlə ən azı 2 il 5 ay əvvəl Kəlbəcərdə girov götürülən iki azərbaycanlının taleyi ilə maraqlanmalı idi. Ancaq diplomatdan çox, turist kimi yadda qalan həmsədrlər bu müddətdə heç bir irəliləyişə nail ola bilmədi, bundan sonra gələnlərdən də nə isə gözləməyə dəyməz. Qarşıdakı Hamburq görüşündən də həmçinin.       
 
Image result for Politoloq Arzu Nağıyev

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Hamburq görüşü ilə bağlı razılıq əldə edilsə də , danışıq naminə danışığa getmək Azərbaycan tərəfini heç cür qane etmir: “Təbii ki, biz diktə edən və şərt qoyan tərəf kimi ərazi bütövlüyümüz çərçivəsində, işğalçı qüvvələrin ərazilərimizdən çıxacağı halda qarşı tərəfin fikirlərini öyrənməyə hazırıq. Lakin erməni tərəfinin son qeyri-adekvat addımları bir daha göstərir ki, ATƏT-in təzyiqləri artmalıdır və əsasən də Rusiya münaqişənin həlli ilə bağlı konkret addımlar atmalıdır. Yəni düşünmürəm ki, bu görüşdə müsbətə doğru irəliləyiş olacaq, ancaq erməni tərəfin fikrini bilmək də vacib məsələdir”.
 
Bu arada Rusiya prezidenti Vladimir Putin Rusiyanın xarici dövlətlərlə hərbi texniki əməkdaşlığı barədə məlumatların dövlət sirri təşkil etməsi ilə bağlı əmr imzalayıb. Əmrdə bu informasiyaların vaxtından əvvəl yayılmasının dövlət təhlükəsizliyinə zərər gətirəcəyi bildirilib. Putinin yeni əmrinə əsasən isə artıq Ermənistanla silah sövdələşmələri barədə heç bir məlumat əldə etmək mümkün olmayacaq. 
 
Politoloq Arzu Nağıyev Kremlin bu qərarını şərh edərkən bunları söylədi: “Rusiyanın belə bir addım atması düşünürəm ki, tək Cənubi Qafqazla bağlı deyil, söhbət 58 dövlətdən gedir. Yəni məlumdur ki, bununla eyni zamanda həm də Ermənistana və Azərbaycana da satdığı silahların sayını və müqavilələrin ümumi məbləğini gizlətməyə çalışır. Bundan başqa, Rusiya dünyada demək olar ki, bütün münaqişə ocaqları olan dövlətlərə də silah satır. 
 
Əgər statistikaya nəzər salsaq görərik ki, 2016-cı ilin səkkiz ayında Rusiya 8 milyard dollarlıq silah və sursat satıb, ilin sonuna qədər də ”Rosoboroneksport" 5 milyard dollarlıq da silah satmağı planlaşdırır. Bu hələ o biri illərdən qalan sifarişlərdən əlavədir. Əsas satılan silahlar da hərbi təyyarələr, helikopterlər, hava müdafiəsi sistemləri, zirehli texnika və dənizdə istifadə edilən məhsullarıdır. Yəni bu göstəricilər ancaq ABŞ-dan azdır. Ən çox Rusiya silahını alan dövlət Hindistandır, bu rəqəm təxminən 39 faizdir. Başqa dövlətlərdən İraq-11, Çin 9, Vyetnam 7, Venesuela 6 faizdir. Demək olar ki, dünyanı silahlandıran iki ölkədən biri Rusiyadır. Məhz buna görə də bu rəqəmləri gizli saxlamağa çalışır, ABŞ, ümumiyyətlə, bu rəqəmlərdən heç vaxt danışmır".
 
Qeyd edək ki, bugünlərdə Ermənistanın müdafiə naziri Viqen Sərkisyan Rusiya-Ermənistan birgə hərbi birləşməsinin yaradılmasını nəzərdə tutan sənədi imzalamaq üçün Moskvaya gedəcək. Azərbaycan bu duruma görə təbii narahatlıq keçirir. Üstəlik də Rusiya Ermənistan ordusuna məxsus tankları təmir etməyi üzərinə götürüb. Aprel döyüşlərində texnikanın bərbad vəziyyətinin üzə çıxması düşməni və havadarını hərəkətə gətirib ki, bu da Azərbaycanı təhdid edir. İndiyədək ordusundan 11 min nəfər fərarilik edən Ermənistan üçün Azərbaycan qarşısında dayanmaq təbii ki, asan məsələ deyil. 
 
Ona görə də işğalçı ölkə nəyin bahasına olursa-olsun Rusiyanın köləsi olaraq qalmağa üstünlük verir. 
 
Image result for Politoloq Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğluna görə, Rusiya ikili oynayır: “Bir tərəfdən deyir ki, hərbi sirlər qorunmalıdır, kimə və nə qədər silah verdiyimizi gizli saxlamalıyıq, digər tərəfdən də Ermənistana bağışladığı ”İsgəndər" raketləri ilə Azərbaycana mesaj yollayır. Mesajın da mahiyyəti bundan ibarətdir ki, Ermənistana nə qədər lazımdır, silah və sursat veriləcək. Moskva Ermənistanla müqayisədə hərbi balansın Azərbaycanın xeyrinə pozulmasını istəmir. Ona görə də Moskva “İsgəndər” raketlərini Ermənistanda yerləşdirib və bu faktın aşkarlanmasına şərait yaradıb. Buna cavab olaraq rəsmi Bakı hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişməsinə çalışır. Hazırda Bakı yeni və modern silahların alınması məqsədilə Pakistan, İsrail, Türkiyə və Ukrayna ilə danışıqlar aparır. Bu ölkələrdən alınacaq yeni silahlar hərbi baxımdan yenidən Azərbaycanın Ermənistan üzərindəki üstünlüyünü əyani nümayiş etdirəcək. “İsgəndər” raketləri müvəqqəti olaraq Ermənistana müəyyən üstünlük qazandırıb". 
 
Bununla belə, ekspert əmindir ki, hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişəcəyi vaxt uzaqda deyil: “Azərbaycanın maliyyə gəlirləri ötən illə müqayisədə azalsa da, rəsmi Bakı əvvəlki illərdə olduğu kimi, silah və hərbi texnikanın alınmasına milyardlarla dollar xərcləyəcək. Ermənistan bu yarışda Azərbaycanla ayaqlaşa bilmir. Bunu Ermənistan prezidenti Serj Sərkisyan da Rusiyanın ”Sputnik" agentliyinə verdiyi son müsahibədə etiraf edib. Ermənistanın silah almağa pulu yoxdur. Silah almağa pulu olmayan Ermənistan daha çox Rusiyaya sığınmalı olur və bu onun müstəqlliyini məhdudlaşdırır. 
 
Image result for Qarabağ
 
Belə çıxır ki, illərlə Dağlıq Qarabağın “müstəqilliyi” uğrunda savaşan, Azərbaycan və Türkiyə ilə düşmən olan, vətəndaşlarını ölümə göndərən Ermənistanın özü müstəqilliyini itirib. Rusiyanın əlavəsi olacaqdınızsa, apardığınız bu “mübarizə” nəyin naminə idi? Dağlıq Qarabağ Azərbaycana deyil, Rusiyaya “tabe” ediləcəyi halda çoxmu “müstəqil” olacaq? Abxaziya və Cənubi Osetiya Rusiyanın əlavələrinə çevrilib. Moskvanın diktəsi ilə hərəkət edir. Moskvanın bu bölgələri inkişaf etdirmək fikri yoxdur, boş yerə pul xərcləmək istəmir. Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsi nizamlanacağı halda, bölgəyə böyük investisiyalar yatırmağa hazır olduğunu bildirib. Nə İrəvanın, nə də Moskvanın belə planı var".
 
Politoloq bildirdi ki, Azərbaycan silahlanmaya iri məbləğlər xərcləmək məcburiyyətindədir: “Bunun əsas səbəbi torpaqlarımızın işğal altında qalmasıdır. Faktiki Azərbaycan özünü gələcək hərbi toqquşmaya hazırlayır. Çünki hamıya aydın oldu ki, bu münaqişənin masa üzərində həlli mümkün deyil. İşğalçı gücümüzü görməyənə qədər danışıq yoluyla torpaqlarımızı qaytarmayacaq. Ancaq Azərbaycanın silahlanmasını yalnız işğal altındakı torpaqlarla əlaqələndirmək də düzgün olmazdı. Azərbaycan elə mürəkkəb bölgədə yerləşir ki, Dağlıq Qarabağ münaqişəsi olmasaydı belə, güclü orduya və modern silahlara malik olmalı idi”.
 
Hər halda, erməni müdafiə nazirin Moskvaya Hamburq görüşü ərəfəsində çağırılması da təsadüfə bənzəmir. Şübhəsiz ki, Rusiya işğalçı ordunun başçısına növbəti təlimatlarını verəcək. Moskva aylardır bir araya gələ bilməyən prezidentlərin görüşü ilə bağlı onun iradəsindən kənarda razılığın əldə olunmaması üçün cəbhədə növbəti gərginliyə nail olmaq istəyə bilər.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ermənistan Rusiyanı "satqınlıq"da ittiham edir

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli İctimi Televiziyanın efirindəki çıxışında Rusiyanın Ermənistanı müharibəyə cəlb eləməyə çalışdığını və bunda məqsədinin "sonradan "xilas edib" erməni xalqının və dövlətçiliyinin boynuna ilgək keçirmək" olduğunu deyib. Simonyan deyib: "Bizi müdafiə eləmək zamanı gələndə Rusiya bizi müdafiə etmədi". Simonyan gileylənib: "Bəli, mən bəyan edirəm ki, müttəfiqimiz olan Rusiya ən böhranlı məqamda bizi tərk elədi və bu, faktdır".

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.