banner
banner

Sosİal

İşığın qiyməti ilə bağlı yeni qaydaların tətbiqinə başlandı

İşığın qiyməti ilə bağlı yeni qaydaların tətbiqinə başlandı
Dekabrın 1-dən Tarif Şurasının işıqla bağlı yeni qaydalarının tətbiqinə başlanıb. Bildirilir ki, elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında qəbul edilmiş qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.
 
Həmçinin qeyd edilir ki, təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
 
Başqa sözlə desək, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün heç nə dəyişməyib. Amma aylıq enerji istehlak 250 kilovat-saatdan çox olan abonentlərin xərcləri artıb. Məsələn, ayda 400 kilovat-saat enerji istehlak edən abonent buna görə 34 manat ödəniş etməli olacaq. Halbuki əvvəl o, bu göstəriciyə görə əvvəl indikindən 6 manat az, yəni 28 manat ödəyirdi. Ayda 1000 kilovat-saat enerji istehlak edən abonent buna görə 100 manat ödəniş etməli olacaq. Göründüyü kimi, istehlak artdıqca və xüsusilə də limitdən artıq sərfiyyat abonentə baha başa gələcək. Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib. Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib. (APA)

Ekspertlər isə bildirirlər ki, limit çox aşağı həddir və əhalinin əksər hissəsi bu həddi keçəcək. Ekspert Qubad İbadoğlu musavat.com-a açıqlamasında bildirib ki, vətəndaşlar qiymət artımının təsirini qısa müddət sonra hiss edəcəklər: “Qiymətlərin təsirini həmin gün hiss etmək mümkün olmayacaq. Minimal səviyyə müəyyənləşdirilib və bu səviyyə az müddətdə bitəcək. qaz üçün illik limiti əhali bir neçə aya dolduracaq. İşıqla bağlı aylıq limit də qısa müddətdə bitəcək. Bir ayda vətəndaşlar hiss edəcəklər ki, büdcələrində artıq xərcləmələr var, xərcləri artıb. Xüsusilə də qış aylarında qazın daha çox təsirli olacaq, yay aylarında isə elektrikin artımının təsiri daha çox hiss olunacaq”.
 
Ekspertin sözlərinə görə, qazın qiymət artımı qış dövründə təsirli olsa da, onun yaratdığı xərclər orta azərbaycanlının büdcəsində 3-4 aydan sonra hiss olunacaq: “Tarif Şurasının məlum qərarı ilə baş verən qiymət artımlarının təsirlərinə dair hesablamalar göstərir ki, qış dövründə evlərini qaz yandırmaqla isidən əhalinin büdcəsinə daha çox təsiri təbii qazın qiymətinin bahalaşması göstərəcək. Bu, xüsusilə də ölkə paytaxtında və ətraf rayonlarda qazla işləyən qızdırıcı sistemlərin, kombilərın sərfiyyat göstəricilərindən asılı olacaq. Hazırda mənzilin sahəsindən asılı olaraq ən çox işlədilən kombilərin gücü 24-lə 40 arasında dəyişir. Texniki parametrlərinə görə, 24-lük kombinin 1 saatlıq qaz sərfiyyatı 2,2 kubdur, belə olan halda 10 saat işləyən kombi gündə 22 kub, ayda isə 660 kub qaz yandırır. Bu isə o deməkdir ki, həmin istehlakçı 2,5 aydan sonra yalnız istilik məqsədilə istifadə etdiyi qaza görə minimal normasını ödəyərək, ilin qalan 9,5 ayında əvvəlkindən 2 dəfə yüksək tariflərlə ödəniş etmək məcburiyyətində qalacaq. Evlərinin isidilməsində 28-lik kombilərdən istifadə edənlər üçün isə bu müddət 2 ay təşkil edəcək və həmin ailələrin də xərcləri ilin 10 ayında bahalı tariflərlə hesablanacaq. 32 və 36-lıq kombilərin istifadəçiləri 1,5 aydan, 40-lıq kombinin isifadəçiləri isə 1 aydan tez minimal normanı, yəni illik 1500 kubmetri qaz istehlak edib, yerdə qalan müddətdə əvvəlki kimi hər 1 kuba görə 10 qəpik deyil, 2 dəfə çox- 20 qəpik ödəyəcəklər. Nəzərə alanda ki, ailə təsərrüfatında təbii qaz yalnız isitmə məqsədilə deyil, həm də digər məqsədlər üçün istifadə edilir, onda yuxarıda qeyd olunan müddətlər daha da tezləşəcək və nəticədə istehlakçıların böyük əksəriyyəti köhnə qiymətlə hesablanacaq illik 1500 kub qaz sərfiyyatını 2-3 ayda bitirəcəklər, yerdə qalan dövrlərdə də yuxarı tarifləri ödəyəcəklər. Ona görə də qazın qiymətinin bahalaşması orta azərbaycanlının büdcəsində 3-4 aydan sonra hiss olunacaq”.

Q.İbadoğlu vurğulayıb ki, artan qiymət yalnız elektrik və qazı əhatə etmir: “Tarif Şurasının qərarı ilə beş adda məhsul və xidmət bahalaşıb. Onlardan əhaliyə ən çox təsir edən işıqla qazdır. Eyni zamanda dərman preparatlarının qiymətinin bahalaşması da əhaliyə təsir göstərəcək. Amma məsələ bundan ibarətdir ki, qiymət artımı davamlı şəkildə digər bazarlarda da müşahidə olunacaq. Əhali bunu o zaman daha ciddi şəkildə hiss edəcək”. 
 
Əhalinin reaksiyasına gəldikdə isə ekspert vurğulayıb ki, bunun üçün müəyyən qədər gözləmək lazım gələcək: “Əhali görəcək ki, istixanalarda yetişdirilən tərəvəzin, çörəyin, qənnadı məmulatlarının qiymətində bahalaşma var. O cümlədən əhali görəcək ki, əsas ərzaq məhsulları bahalaşıb, bunun büdcəsinə elektrik və qazın qiymətinin ayrıca təsirindən çox təsirlər müşahidə olunacaq. Mümkündür ki, yaxın zamanlarda nəqliyyatda gediş haqları bahalaşsın. Metroda gedişhaqqı bahalaşsa, avtomatik olaraq avtobuslarda da bahalaşmanı şərtləndirəcək. Qiymət bahalaşmasının geniş spektri əhatə etməsi gözlənilir. Azərbaycan hökuməti çox uğursuz bir vaxt seçib. Çünki ölkənin yaxın 5-6 ayında həm resursları məhduddur, həm də vətəndaşların və sahibkarların fəaliyyət imkanları getdikcə daralır. Bu halda, qış aylarında qiymət bahalaşması əhalinin büdcəsində kəskin izlər buraxacaq. Müəyyən müddətdən sonra reaksiyaları hiss edəcəyik. 
 
Etirazların geniş, kütləvi olacağını ehtimal etmirəm. Lokal olacaq, eyni zamanda az sayda iştirakçıların mövqeyini ifadə edən narazılıq olacaq. Durumları çox pis olsa da, çox insanlar etirazlara qoşulmayacaq. Amma istənilən halda, düşünürəm ki, yaxın zamanlarda sosial narazılıqları biz həmin müstəvidə görəcəyik. Çünki sosial narazılıqların dairəsi genişlənir. Hakimiyyət özü bunu genişləndirib. Əvvəllər baş verənlər aztəminatlı təbəqənin bir qrupuna təsir göstərirdi, indi demək olar, əksər hissəsinə, 70 faizinə təsir göstərəcək, 70 faiz ziyan çəkəcək. Tarif Şurasının hesablamasında verilən rəqəmlər düzgün deyil. Bu qiymət artımı əhalinin 60-70 faizinə təsir edəcək, kifayət qədər böyük miqyasda neqativ təsiri şərtləndirir. Son qiymət artımından ilk növbədə əhalinin 60-70 faizi ziyan çəkəcək”. 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb. Bəs hansı ərazilərdə yerləşən sənədsiz evlər söküləcək?

Ekspertdən Xəzər dənizi ilə bağlı SOS

“Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı deyiləm. Çünki bu, Xəzər dənizinin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq”.