banner
banner

Nağıl kimi DOSTLUQ

Nağıl kimi DOSTLUQ
Yazar: Pərvin

Yazıçı-publisist Novruz Nəcəfoğlunun “Nağıl adam” romanı insanı təkcə bu nağıl, təkcə bu Adam, təkcə bu dostluq yox, ümumiyyətlə nağıllar, dostluqlar və Adamlıq haqqında düşündürür. 

XXI əsrin bu xaosunda, dinamik və gərgin həyat şəraitində əsl, gerçək insan hissləri, dostluq, sevgi, bağlılıq doğrudan da nağıla, mifə çevrilməkdədir. Bir zaman gəlib ki, dostun sayı minlərlə, beş minlərlə ölçülür, tanımadığın adamın yazısın sosial şəbəkədə bəyəndiyin üçün “dost” sayılırsan, “dostluğu” təklif kimi göndərə bilirsən, birini görəndə “dostluğumda varsız?” deyə soruşmaq da gəlir ağlına... Təəssüf! Beləliklə, bir tərəfi inkişafla, müasirliklə bağlı olan internet, sosial şəbəkələr real insan hisslərinə, sehrli, ruhsal bağlılıqlara qənim kəsilib. Amma nə yaxşı ki, tam sıradan çıxara bilməyib. 

Novruz Nəcəfoğlunun “Nağıl adam” romanı məhz belə sıradan çıxarılmayan, itməyən, zamana, zəmanəyə təslim olmayan hisslər, insanlıq, dostluq haqqındadı. Əsər yazıçı Aydın Tağıyevə həsr olunub. Daha doğrusu “Nağıl adam” elə Aydın Tağıyevin özüdür. Kitab “ATV-Yaddaş” layihəsi çərçivəsində çapdan çıxıb. Naşiri Səlim Babullaoğlu, redaktoru Seyfəddin Hüseynlidir. Bu sanballı əsərin məndə oyatdığı təəssüratlara keçməzdən öncə onu vurğulamaq istərdim ki, Novruz Nəcəfoğlunun indiyədək bədii əsərlərdən ibarət “Bir qış gününün xatirəsi”, “Yollar uzanan gün”, “Çarəsiz yolçu”, “Keçən cavan çağım ola...”, “Atüstü bir nağıl”, “Bir mən oyaqdım...” və digər kitabları işıq üzü görüb. “Dünya duracaq yer deyil...”, “Sinqapur - böyük dünya şəhəri, iddialı ölkə”, “Eşitdiyim və gördüyüm Yaponiya” kitabları isə onun İsveçrəyə, Almaniyaya, Malayziyaya, Yaponiyaya səfərlərinin təəssüratlarını, publisistik qeydlərini əks etdirir. Ədibin bir sıra əsərləri ingiliscəyə, ruscaya və digər dillərə çevrilərək çap edilib, Türkiyədə ayrıca kitab halında nəşr olunub. Lakin mənə görə yazıçının bütün bu yaradıcılıq uğurlarının, maraqlı əsərlərinin içərisində “Nağıl adam” romanının özəl yeri var. Roman “525-ci qəzet”də parçalarla çap olunub və elə o zamandan oxucular tərəfindən maraqla qarşılanıb. Hələ o vaxtlardan ayrı-ayrı hissələri qəzetimizdə oxuyanda nədənsə bu əsəri dost zarafatı, yaxud Aydın Tağıyevin başına gələn məzəli əhvalatların şərhi kimi qəbul etmişdim. Amma əsəri bütöv oxuyanda yanıldığımı anladım. 

“Nağıl adam” ciddidən-ciddi əsərdir və bu zarafatla deyilən sözlərin, məzəli şəkildə danışılan əhvalatların arxasında son dərəcə dərin, düşündürücü mətləblər durur. Həm kitabın, həm də bizim (qəzetimizin!) istedadlı (və güzəştsiz!) redaktorumuz Seyfəddin Hüseynli əsərə yazdığı kiçik girişdə bunu qısaca olaraq belə izah edir: “Romanın ana teması, leytmotivi dostluqdur. Əsərin yaranmasına da dostluq anlayışına ehtiram, dostluğa, dostlara məhəbbət təkan verib. Müəllif dostluğun fərqli zamanlardakı, müxtəlif mühitlərdəki, romanın obrazlarına çevrilmiş ayrı-ayrı insanlar arasındakı parlaq təzahürlərini qələmə almaqla, əslində, bu ali insani duyğuya sözdən abidə ucaldıb, çağdaş bir dostluq dastanı yaradıb”. Seyfəddin müəllimin bu qənaətini əsərin hər bölümü, kitabın hər səhifəsi təsdiqləyir. Lakin burada dostluq, Novruz Nəcəfoğlu - Aydın Tağıyev dostluğu, bağlılığı bütöv mühitin fonunda və əksinə mühit bu dostluğun fonunda göstərilib. Məhz elə buna görə də əsər sadəcə esselər toplusu, yaxud povest kimi yox, bitkin bir roman kimi dəyərləndirilir. Çünki burada sadəcə qəhrəmanın özünün xarakteri, başına gələn əhvalatlar, yaşadığı olaylar deyil, bütöv zaman, zəmanə, ölkə, mühit iri planda göstərilir. Ancaq bununla belə əsərin yaranma səbəbi dostluqdur. Novruz Nəcəfoğlu da əsərin yazılmasını bununla izah edir:

“Müdriklərdən tövsiyədir: “Dostlarının olması üçün gərək özün dost olmağı bacarasan...” Mən bunu bacardımmı?! Sevdiyim insanlara - dost bildiklərimə və məni özünə dost bilənlərə ithaf etdiyim bu romanla həmin suala cavab tapmağa çalışmışam”.

Görəsən dostluğun, sadiqliyin, vəfanın, etibarın bundan gözəl nümunəsi, göstəricisi ola bilərmi? İnsan dostunun hər halına, hər gününə, hər hissinə belə həssaslıqla yanaşıbsa, hər sözünü dastana, adi bir zarafatını da, elə-belə sözgəlişi dediklərini də tarixə çevirməyə çalışıbsa, ayrı hansı sübuta ehtiyac qalır?!

Bu dostluğu hələ 2012-ci ildən müşahidə etmək imkanım olub. Xatırlayıram ki, o zaman Şabranda dünyadan vaxtsız köçmüş gənc yazıçımız Zərdüşt Şəfinin “Başqa adamlar”, mənim “Qar yağacaq” kitablarımızın imza günü keçirilirdi. Aydın Tağıyevi də, Novruz Nəcəfoğlunu da ilk dəfə onda görüb tanıdım. Novruz müəllim Şabran rayon İcra hakimiyyətinin başçısıdır. Onda o, bizim gənc yazıçı olaraq tanıdığımız ilk icra başçısı idi. Və yaxşı yadımdadı ki, Şabrandakı mühiti, sözə, ədəbiyyata münasibəti, səviyyəni görüb sevinmişdik, düşünmüşdük ki, elə belə olur yəqin... Amma! Saf hisslərdən, ülvi duyğulardan söz açdığım yerdə “amma”lardan danışmağı yersiz bilib bu məsələni burda dayandırıram... Lakin 4 il öncəyə aid bir müşahidəmi də bölüşmək istərdim. Yadımdadı onda hələ heç yaradıcılığına bələd olmadığım, yaxından tanımadığım yazıçı Aydın Tağıyevlə icra başçısı Novruz Nəcəfoğlunun münasibəti, dostluğu qəribə görünmüşdü mənə. Axı belə alışmamışıq?! Məmurluğun qoyduğu çərçivələrlə yazıçılığın tələbi olan azadlıq bir yerdə necə yola gedə bilər? Özünün dünyası olan, real aləmdən çox-çox uzaqlarda yaşayan yazıçı ilə səhərini-axşamını real problemlərin, dünya işlərinin həllinə sərf edən vəzifəli adam nə cür dil tapa bilər? “Nağıl adam” romanı bütün bu sualların cavabını verir. Və romanı mütaliə etdikcə bu sualların cavabını tapıb bir yandan təəccüblənir, amma daha çox sevinirdim. Deməli belə də olurmuş!

Məsələ burasındadır ki, Şabran rayon İcra hakimiyyətinin başçısı vəzifəsi yazıçı Novruz Nəcəfoğluna “mane” ola bilmir. Yəni Novruz müəllim işini, vəzifəsini öz sevimli peşəsi ilə, yazıçılıqla qəribə şəkildə yaxınlaşdırmağı, doğmalaşdırmağı bacarıb. Ona görə də müəyyən çərçivələrin, ölçü-biçinin onun hisslərinə, dostluğuna, ələxsüs Aydın Tağıyevə heç bir aidiyyatı yoxdu. Və böyük sevgiylə, sayğıyla, heyranlıqla yazılmış bu əsərdə yazıçının qəhrəmanına səmimi bağlılığı gözdən yayınmır. Əsəri oxuduqca isə bu bağlılığın real səbəblərini başa düşürsən.

Əsərin ən böyük uğurlarından biri onun adıdır. Çünki Aydın Tağıyevi dəqiq ifadə edən bundan gözəl ad tapmaq olmazdı. Özü də bu, sadəcə kitabın cəlbedici olması, oxucu diqqətini çəkməsi üçün belə deyil. Doğrudan da qəhrəmanın həyatı, başına gələnlər nağıl təsiri bağışlayır. Məsələn, Lerikdə onunla eyni adda, eyni soyadda adamla tanış olması. “Təsadüf”ə bax ki, bu Aydın Tağıyevin də yazı-pozu adamı olması... Sonralar bu iki Aydının bir-biriylə məktublar vasitəsiylə əlaqə saxlaması, bir-birini izləməsi, Şabranlı Aydının uğurlarına lerikli adaşının sevinməsi, ona şeirlə zarafatlar göndərməsi və s. Bütün bunlar doğrudan da nağıla bənzəyir və mənə görə, romanın ən təsirli bölümü məhz budur. Əsərin digər əsas məziyyəti də, “Nağıl adam” haqqında hadisələrin nağıl dilində yazılmasıdır. Yazıçı danışdığı olayları uyğun bir dillə, təhkiyə ilə oxucusuna çatdırır ki, bu da əsəri oxunaqlı edir.

Artıq vurğuladığım kimi müəllif Aydın Tağıyevin simasında, onun yaşadığı olaylar vasitəsiylə mühiti də ön plana çəkir. Əslində daha dərin yanaşanda AYB, Şabran, Bakı, Tofiq Mahmud, Ələkbər Salahzadə, Elçin Hüseynbəyli, “Şamaxinka sosisoçnısı”, dördstolluq “Dəyirman” hamısı bir növ elə əsərin qəhrəmanıdır. Aydın Tağıyevin də bütün bu “qəhrəmanlarla” ünsiyyəti, münasibəti nə qədər realdırsa, bir o qədər qeyri-adidir. Amma daha düşündürücü olan, daha qəribə olan Aydın müəllimin özünün varlığı, xasiyyəti, necəliyidir. Əslində, bəlkə də müəllif özü də fərqində olmadan maraqlı bir yazıçı xarakteri yaradıb. Daha dəqiq desək, maraqlı bir yazıçının - Aydın Tağıyevin xarakterik cizgilərini oxucusuna göstərib. Axı yalnız incədən-incə yazıçı ruhu olan adam sərçələrin qarışqaların yeməyinə şərik çıxmasından, heç kəsin diqqətini çəkməyən ruhi xəstənin qəfil faciəvi ölümündən kövrələ bilər, məsum uşaq kimi ağlayar da hətta. Məhz yazıçı - ziyalı qəbiristanlıq divarının sökülməsini millətinə yaraşdırmaz, tez bu qəbahəti düzəltmək istəyər. Yalnız yazıçı çox-çox illər öncə daşqalaq olunmuş sevgililərə görə üsyan edər, köks ötürər, indi elə-belə simvola çevrilmiş təpələrə belə daş atmağa qıymaz. Bütün bu əsərin bölümlərindən oxuduğum  kiçik hadisələrlə, bəzən məzəli olaylarla, bəzən yazıçının təbirincə desək “saf su” məclislərinin təsviriylə göstərilən mətləblər çox düşündürücü, ibrətamizdir. Görünür, Novruz müəllimin də məqsədi Aydın Tağıyevin şəxsiyyətində gördüyü qeyri-adilikləri göstərmək, açmaq, izah etməkdir.

Bir sözlə “Nağıl adam” müəllifi bizi öz dövrümüz, öz zamanımız haqqında düşündürür və bu zamanda belə yaşamağın, bu cür saf, kirlənməmiş qalmağın mümkünlüyünə inandırır. Və ən əsası - “Nağıl adamı”, yəni Aydın Tağıyevi oxuyun - deyir.

525.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əli Əsədov qərar imzaladı

Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibi genişləndirilib.

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR - elektron sistem vasitəsi ilə...

Avtomobil almaq istəyən şəxsləri ən çox düşündürən suallardan biri də həmin nəqliyyat vasitəsinin qəzaya düşüb-düşməməsidir. Bəzi hallarda bunu öyrənmək üçün vətəndaşlar kifayət qədər vaxt itkisi ilə üzləşirlər. Amma bunun daha asan yolu var. Nəqliyyat vasitələrinin qəza tarixçəsi haqqında məlumatları icbari sığorta bürosunun elektron sistemindən əldə etmək olar. Proses necə həyata keçirilir. Bunun üçün şərtlər nələrdir?

Xarici işlər naziri virusa yoluxdu

İraqın xarici işlər naziri Fuad Hüseyn koronavirusa yoluxub. Cia.az xəbər verir ki, bu barədə XİN rəsmisi Əhməd əl-Sahhaf bildirib.