banner
banner

Mədənİyyət

Musa Yaqub od püskürdü - “Ana dilimizi...”

Musa Yaqub od püskürdü -
Azərbaycanın görkəmli şairi Musa Yaqub dilimizdə tez-tez alınma sözlərin işlədilməsinə etirazını bildirib. Bu barədə “Yeni Müsavat”a danışan şair xüsusən də “gündəm”, “dəstək”, “yazar” və digər bu kimi sözlərin vaxtaşırı mətbuatda istifadə edilməsinə narazılıq edib.

“Gündəm sözü bizim sözümüz deyil. Bizdə ”dəm" şəkilçisi yoxdur, “lıq-lik-luq-lük” şəkilçiləri var. Yəni “gündəm” deyil, “gündəlik” olmalıdır. Əgər “gündəm” olsaydı, onda olardı “aydəm”, “dünəndəm” və sairə. Səsimizi, sözümüzü qorumalıyıq. 
 
Məsələn, “yazar” yazırlar. Türklər belə deyir, amma bizdə yazıçıdır. Yəni sözlərimizin çox hissəsi, o cümlədən “dəyirman”, “kotan”, “xırman”, kənd təsərrüfatına aid olan bir çox sözlərin əksəriyyəti sıradan çıxır.
 
Məsələn, “Saman altdan su yeritmək”. İndikilər nə saman, nə də xırman görür, ona görə də bilmir ki, o söz nə deməkdir. Gərək onların kökünü, ilkini biləsən. Son vaxtlar “axıntı”, “görüntü” sözlərini başqa sözlərlə dəyişirlər. Və yaxud “dəstəklədim” sözü. Bizdə zəifə dəstək verərlər. Misal üçün, bizdə deyirlər, “a bala, get o ağaca dəstək ver, budağı qırılmasın”. Dəstəyi zəifə verirlər. Beləliklə dilimizi korladıq, xüsusilə də reklamlarla. O vaxt reklamlar rusca yazılanda biz gənclər üsyan edirdik. Məsələn, mənim yadımdadır, köhnə “26-lar bağı”nda qırmızı qazlı su satırdılar. Bir də görürdüm yazıblar ki, “voda net”. 
 
Dedim ki, niyə bu cür, “su yoxdur” yazmayıblar?" Ona görə düşdülər üstümə ki, niyə belə deyirsən. Ordan zorla qaça bildim. Amma indi reklamlar ingiliscə, rusca yazılır, heç kim də səsini çıxartmır. 

“Torqovıy” küçəsi deyirik, o küçəni əvvəldən axıracan düşüb baxın, görün orda Azərbaycan dilində söz tapa bilirsiz? 
 
Bütün şirkətlərın hamısı xarici dildə qeyd olunub. Amma qanunumuz var ki, xarici dil ilə yazılanda altından Azərbaycan dilində izahı olmalıdır. Bir dəfə televiziyada bu barədə deyəndə verilişin o hissəsini kəsdilər. Dedilər ki, qadağandır, şirkət bizi öldürər. Şirkət deyir ki, mən bu adla çıxmışam. A bala, olmaz axı. Gətirsin bu adı, amma altından izahı olsun. 
 
Yazırlar “petrol”, onu “neft” yaz. Nabranda bir yer var, adı “Elforum”. Bu söz nə deməkdir axı?.. Biz öz ana dilimizi qorumalıyıq", - deyə şair sərt şəkildə etirazını bildirib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər